Qara Dənizə Krımdan baxanda...

Krım Ukraynanın tərkibində muxtar respublikadır. Əhalisi 2 milyon nəfəri təşkil edən, Qara dəniz sahillərində yerləşən yarımada ilə coğrafiya dərsliyindən, internet üzərindən qiyabi tanışlığım olsa da, heç zaman bu yerlərdə olmamışdım. Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev deyəndə ki, - “Krıma info-tur var, bir nəfər bizi orada təmsil etməlidir” - ən çox sevinən mən oldum. Çünki 1 həftəlik info-tur zamanı media nümayəndələri Krımın müxtəlif şəhərlərini gəzəcək, buradakı sanatoriya, kurort və digər turizm obyektləri ilə yaxından tanış olacaqdılar. Belə fürsəti əldən qaçırmaq olmazdı. Elə bu səbəbdən qəzetimizin baş redaktoru Natiq Məmmədlinin icazəsini alıb yol hazırlığına başladım.

Noyabrın 25-i səhər tezdən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 20 nəfərlik nümayəndə heyəti ilə Ukraynaya yola düşdük. Heyətinin tərkibinə 12 turizm şirkəti təmsilçisi ilə yanaşı, müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən jurnalistlər, o cümlədən “Xəzər TV”də yayımlanan “Yolçuverilişinin aparıcısı və rejissoru Yusif Kərimli, operator Zahid Qurbanov, “Baku Weekly”dən Gülnarə Məmmədova, “Palitra”, “Bizim yol” qəzetlərindən İlkin Ağayev, Gülnarə Məmmədova, “Trendİnformasiya Agentliyindən İlahə Xəlilova, “Səs TV”dən Bəxtiyar Məmmədov, “Kaspi” qəzeti, “Azadinformİnformasiya Agentliyi və “Kəlam” jurnalından isə bəndəniz qatılmışdı.

Təxminən 2 saat 20 dəqiqədən sonra təyyarəmiz Krımın paytaxtı Simferopol Beynəlxalq Hava Limanında yerə endi. Nümayəndə heyətini muxtar respublikanın turizm və kurortlar nazirliyinin imic siyasəti şöbəsinin baş mütəxəssisi Oleq Savenokv qarşılayaraq, azərbaycanlı qonaqları öz məmləkətində görməkdən məmnun olduğunu, bir həftə boyunca bizə yoldaşlıq edəcəyini, şəhərləri gəzdirəcəyini bildirir. İnfo-tur iştirakçıları üçün ayrılmış avtobusda gəzintiyə başlayarkən, səfərin mahiyyəti barədə danışan nazirlik rəsmisi qeyd edir ki, Azərbaycan və Krım Muxtar Respublikası arasındakı əlaqələr 2011-ci ildən etibarən daha da inkişaf etməyə başlayıb. Həmin il Krımın bir sıra rəsmi şəxsləri, həmçinin turizm və kurortlar naziri Bakıda səfərdə olublar. Səfər iştirakçıları bəzi dövlət qurumlarında əhəmiyyətli görüşlər keçiriblər. Hətta onları Azərbaycan dövlət başçısı da qəbul edərək, Krım və Azərbaycan əlaqələrinin inkişafı üçün mövcud imkanlardan istifadə edilməsi barədə qısa fikir mübadiləsi aparıb. O zaman əldə olunan razılıqdan 1 il sonraSimferopol” Beynəlxalq Hava Limanı ilə Azərbaycan Hava Yolları arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən AZAL 2012-ci ildən Bakı-Simferopol sərnişin reysi üzrə daha ucuz qiymətə birbaşa uçuşlara start verib. Bu isə Azərbaycan vətəndaşlarının Qara Dəniz sahillərindəki sanatoriya, kurort və digər turizm obyektlərdə müalicə olunmasına, istirahət etməsinə yaxşı şərait yaradıb, onların gediş-gəlişini asanlaşdırıb, yol xərcini bir qədər azaldıb. Tək Azərbaycanla deyil, Ukraynayla sərhəd olan digər respublikalarla da aparılan düzgün turizm siyasəti nəticəsində təkcə 2012-ci ildə Krıma 6 milyon 100 mindən çox turist gəlib.

O.Savnekovun söylədiklərini dinləyə-dinləyə Simferopolun mərkəzinə çatırıq. O, bildirir ki, bu şəhərin tarixi ilə bağlı Krımda müxtəlif fikirlər mövcuddur. Tarixçilərin bəzisi Simferopolun 1874-cü ildə yarandığını qeyd edirlər. Tədqiqatçıların böyük bir hissəsi isə şəhərin əsasının qoyulmasını eramızdan əvvəlki əsrlərdə Skif tayfalarının Krım ərazilərinə gəlişi ilə əlqələndirir, 1874-cü ili müasir Simferopolun yaranma tarixi kimi qələmə verirlər. İkincilər bu fikirlərini müdafiə etmək üçün Krım ərazisində aşkarlanan çoxsaylı Skif xəzinələrini əsas gətirirlər. Arxeoloji qazıntılar zamanı tapılan belə xəzinələrdən biri hətta “Ermitajda da nümayiş etdirilir.

Müasir Simfropol inzibati mərkəz olduğu üçün muxtar respublika əhalisinin xeyli hissəsi burada yaşayır. Bakıdakı kimi bu şəhərdə sıxlığı, uzun-uzadı avtomobil tıxaclarını, “qaynar” həyat tərzini müşahidə etməsək də, evə, işə tələsən insanlar tez-tez diqqət çəkirdi.

Simferopolda ziyarət etdiyimiz ilk mədəniyyət müəssisəsi Tavrida Mərkəzi Muzeyi olur. Burada Krımın, eləcə də Simferopolun ən qədim tarixini özündə əks etdirən eksponatlar nümayiş etdirilir. Muzeyin birinci mərtəbəsində zəngin elmi kitabxana yerləşir. Həmçinin bu mərtəbədə arxeoloji qazıntılar zamanı aşkarlanan nəhəng daş yazılar, küplər, heykəllər, dəyirman daşları, qəbirüstü abidələr sərgilənir. Skif və Qott tayfalarının xəzinəsinə aid qızıl-zinyət əşyaları, müxtəlif dövrlərdə işlənən qızıl-gümüş pul sikkələri isə birinci mərtəbədə xüsusi mühafizə olunan otaqda saxlanılır. Muzey işçisi Marina Rudolfovnanın bələdçiliyi ilə həm bu xəzinə ilə, həm də ikinci və üçüncü mərtəbədə sərgilənən digər eksponatlarla yaxından tanış oluruq. Zalları gəzədikcə, simferopolluların öz keçmişinə necə hörmətlə yanaşdığının əyani şahidinə çevrilirik.

Ekskursiyanın davamı kimi muzeydən çıxıb avtobusla Simferopolun kənarına doğru yol gedirik. İkinci ziyarət edəcəyimiz ünvan Skif Neopolu Muzey Kompleksidir.

Səfərimizin ikinci günündən başlayaraq əsas işimiz Evpatoriya, Saki, Aluşta, Yalta, Baxçasaray, Sevastopol şəhərlərindəki müalicə sanatoriyalarını, pansionatları, otelləri gəzmək, onların insanlara təklif etdiyi xidmətlərlə tanışlıq olur. “Evpatoriya uşaq sanatoriyası”nda, həmçinin “Zolotoy bereq”, “Sakropol”, “Saki”, “Poltava-Krım”, “Zolotoy kolos” sanatoriyalarında daha çox Saki şəhəri ərazisindən gətirilən palçıqla müalicə geniş tətbiq edilir.

İnfo-turun 3-cü günü jurnalistlərin Aluşta şəhərinə gəzintisi planlaşdırılmışdı. İlk baş çəkdiyimiz ünvan Krım Miniatür Parkı oldu. Əslində bura parkdan daha çox açıq səma altında muzeyi xatırladırdı. Parkda Krımın ərazisində müxtəlif vaxtlarda inşa edilmiş 50-yə yaxın memarlıq abidəsinin, o cümlədən inzibati binalar, xan sarayı, qədim qala divarları, kilsələr, məscidlər, sinaqoqlar, dünyaca məşhur adamların villaları və sairlərin maketləri nümayiş olunur.

Krım Miniatür Parkının yanında yerləşən Delfinariya da olduqca maraqlı idi. Delfinariyada iki delfin və iki dəniz pişiyi hər gün saat 15:00-da Aluştaya gələn qonaqlar, həmçinin şəhər sakinləri üçün şou göstərirlər. Fürsət tapıb onların şousunu izləyib, xatirə şəkli çəkdiririk. Ardınca aluştalıların fəxarətlə adını tez-tez çəkdikləri Aluşta Akvariumuna baxmağa yollanırıq. Öncədən qeyd edim ki, 2003-cü ildə istifadəyə verilən Aluşta Akvariumu Ukraynanın ən böyük kolleksiyasının tplandığı məkandır. Burada 250 növ balıq, 8 növ tısbağa, 3 növ timsah, eləcə də köpək balıqları xüsusi akvaruimlarda ziyarətçilərə nümayiş etdirilir. Ümumilikdə canlıların sayı isə 1200-dən çoxdur. Bələdçi ilə söhbətimizdən o da aydın olur ki, akvariumdakı canlılar dünyanın müxtəlif ölkələrindən gətirilib.

Akvariumdan sonra jurnalistləri Aluşta şəhərinin sahil kənarındakı turizm obyektləri ilə də yaxından tanış edirlər. Şəhər merinin təmsilçisi Aluştanın rəmzlərindən birinə çevrilən “Aluşta Kurorttikilisi barədə məlumat verərək qeyd edir ki, bu abidə 1950-ci illərdə inşa edilib. Şəhərin sahili boyu uzanan 6 kilometr məsafədə qonaqlar 1 iyun-1 noyabr tarixində pulsuzwi-fidan yararlana bilərlər. Bu ərazidəki çoxsaylı mağaza və dükanlar, istirahət mərkəzləri, geniş, səliqəli çimərlik də insanların xidmətindədir.

Ekskursiya rəhbəri O.Savenokvun müşayiəti ilə Aluştada baş çəkdiyimiz daha bir ünvanMaqlivKonyak Zavodu oldu. Zavodun direktoru Mixael Aleksandroviç jurnalistlərə verdiyi məlumatda bildirdi ki, “Maqliv” Krımdakı 5 eyni funksiyalı istehsaləssisəsindən biridir. 1987-ci ildə əsası qoyulan bu zavodda istehsal olunan konyaklar keyfiyyətinə görə fərqlənir, dünyanın müxtəlif ölkələrinə, ən çox da MDB respublikalarına ixrac olunur.

Növbəti gün bütün nümayəndə heyəti ilə birgə Aluşta və Yalta şəhərləri arasında yerləşən Partinent qəsəbəsinə baş çəkirik. Burada müxtəlif növ bitkilərin, xüsusən də ağacların qorunduğu böyük bağ var. “Ayvazovskoeadlanan bağ bir çox məşhurların, o cümlədən tanınmış rus şairi Aleksandr Sergeyiviç Puşkinin, Ukraynanın eks prezidenti Leonid Kuçmanın baş çəkdiyi məkanlardan biri olub. Bağda Puşkinin xatirəsinə ucaldılan nəhəng heykəl, bir neçə fəvvarə, yaşlı ağaclar, İtalyan və Yapon bağçaları, yaşıllıq örtüyü, gül-çiçək kampazisiyaları bura gələn hər kəsin eynini açır.

Krımda səfərdə olarkən daha bir neçə memarlıq abidəsini ziyarət etmək imkanımız da oldu. Bunlardan biri 1782-1856-cı illərdə yaşamış və Novorossiysk bölgəsinin general-qubernatoru olmuş qraf M.S.Voronçovun qəsridir. Qəsr XIX əsrin məşhur ingilis memarı Eduard Bloranın layihəsi əsasında inşa edilib. Bunun üçün Voronçov özü karandaşla ərazinin relyefini, yaşıllığı əks etdirərək eskizi Londona aparıb. Qəsr inşa edilərkən qədim memarlıq üslubuna müraciət edilib. Qəsrin önündə bir neçə şir heykəlləri ucaldılıb. Binanın giriş hissəsində isə ərəbcəAllahdan başqa qalib yoxdur”, - sözləri yazılıb. Bu memarlıq abidəsi ilə tanış olduqca heyranlığını gizlədə bilmir, insan zəkasının nələrə qadir olduğunu anlayırsan.

 

Yarımadanın dünyaca məşhur daha bir memarlıq abidəsi Baxçasaray şəhərində Krım xanının özünə tikdirdiyi saraydır. Baxçasaray vaxtilə Krım Xanlığının paytaxtı olduğundan xan bütün məmləkəti buradan idarə edib. Sarayın “Xan türbələri”nin yanınca inşa edilən “Hərəmxana”, “Xan Camisi”, “Göz Yaşı Çeşməsi” memarlıq üslubuna görə hər kəsin diqqətini cəlb edir. Saray bələdçisinin məlumatından o da aydın olur ki, Krım Xan Sarayının dünyaca məşhurlaşmasında rus şairi A.S.Puşkinin də özünəməxsus rolu var. Beləki Puşkin sürgün illərində buradakı “Göz yaşı çeşməsi”ndən təsirlənərək, məşhur “Bağçasaray fontanı” şeirini yazıb. İllər sonra rus orduları Krımı istila edərkən, Puşkinə bəslədikləri hörmətə görə saraya vəGöz yaşı çeşməsi”nə toxunmayıblar. Ona görə də tarixi abidə kimi bu günümüzə gəlib çatan sarayda, çeşmənin yanında Puşkinin büstü ucalır.

Səfərin sonuncu günü həmkarlarımla birlikdə Sevastopol şəhərinə yollandıq. Adı “təzimə, səcdəyə layiq, müqəddəs; pol” mənası daşıyan bu şəhərdə Azərbaycanın diaspor təmsilçiləri ilə görüşüb Qırmızı Bayraqlı Suvorov ordenli Serqo Ordjonikidze adına 77-ci Simferopol aticı diviziyası hərbiçilərinin şərəfinə ucaldılmış xatirə abidəsini ziyarət etdik. Abidə önünə gül dəstələri düzdükdən sonra bizə məlumat verildi ki, bu atıcı dviziya 1920-ci illərdə Bakıda yaradılıb. Azərbaycanlılardan ibarət hərbi birləşmə ikinci cahan müharibəsində Ukraynanın, Qafqazın, Baltikyanı ölkələrin düşməndən azad edilməsində iştirak edib. Azərbaycanlı hərbiçilər 1944-cü ildəSapun dağ” yüksəkliyinin alınmasında isə xüsusi rəşadət göstəriblər. Ona görə də Sevastopolda Azərbaycanın mərd oğul və qızlarının xatirəsinə belə bir abidə ucaldılıb.

Səfər müddətində jurnalistlərin qaldığı “İmperiya”, “Redisson”, “Palmira-Palas”, yaxud sadəcə tanış olduğumuzVilla Yelena” vəYalta-İnturist” otellərində istirahətini Qara Dəniz sahillərində keçirmək istəyən şəxslər üçün hər cür şərait yaradılıb. Bütün bu turizm obyektlərində dənizə açılan mənzərə, istirahət, əyləncə, hətta müalicə bir ünvanda cəmləşdirilib. Ümumiyyətlə Krımdakı turizm obyektlərinin, o cümlədən sanatoriya və otellərin özlərinin ayrıca çimərliyi var. Onu da əlavə edim ki, yarımadadakı çimərliklərin sayı 582-dir. Bunlardan 82-si müalicəvi, 225-i şəfa vericidir. Çimərliklərin 66-sı uşaqlar, 209-u ümumi istifadə üçün nəzərdə tutulub. Eyni zamanda Krımda 4 minə yaxın mehmanxana, hərtərəfli möhkəm tibbi bazaya malik 140 sanatoriya, 7 aquapark, sağlamlığı bərpa etməyin müasir metodu sayılan 85 SPA kompleks var. Bütün bu imkanlar yay aylarında tək və ya ailəli şəkildə yarımadaya təşrif buyuran turistlərə öz istirahətlərini səmərəli keçirməyə imkan verir.

Rufik İSMAYILOV

Bakı-Krım-Bakı

Kaspi.-2013.-6 dekabr.-S.9.