8 ƏDƏBİ FAKT
ZAMANIN TABLOSUNU CIZAN ROMAN-SALNAMƏ
(Əbdülrəhmanlı N. Yolçu. Roman. Bakı, Qanun nəşriyyatı, 2013, 560 səhifə)
Kiçik bir ekskurs və ya “Yolçu”ya qədər keçilən yola bir baxış
Keçən əsrin 80-ci illərində yaradıcılığa
hekayələrlə başlayan, imzası Azərbaycan oxucusuna kifayət qədər yaxşı tanış
olan yazıçı Nəriman Əbdülrəhmanlının yeni “Yolçu” romanı işıq
üzü görüb. Bu yeni romanına qədər müəllif oxucularına müxtəlif janrlarda
yazılmış əsərlər təqdim edib ki, onların arasında sanballı üç
roman da var. “Yalqız”, “Könül elçisi, yaxud Xuan de
Persiya – Oruc bəy Bayatın hekayəsi” və “Yolsuz” romanları. Bir-birindən dil və üslub xüsusiyyətlərinə,
eləcə də mövzusuna görə kəskin şəkildə fərqlənən bu əsərlər
barədə zamanında müxtəlif səpkili fikirlər söylənmiş,
yazıçının bu əsərləri müxtəlif
mükafatlar da alıb.
Yazıçının indiyədək çap olunmuş hekayələri, sənədli nəsr nümunələri, povestləri, ssenariləri, etnoqrafik incələmələri, tərcümələri, publisistikası oxucular tərəfindən maraqla qarşılanıb,
onun yaradıcılığının bu sahələrinin hər biri ayrıca tədqiq olunmağa layiqdir. Rus,
gürcü və
türk dillərindən etdiyi tərcümələr Azərbaycan
oxucusunun ədəbi
dünyagörüşünün genişlənməsində mühüm rola
malikdir.
“Yolçu”nun
üslub-struktur düzəni
Nəriman Əbdülrəhmanlının yeni romanı tarixi-salnamə janrında yazılıb. Salnamələrin ta¬rixi ədəbiyyat kimi biçimlənib-şəkillənməsinin orta əsrlərlə bağlılığı bəlli gerçəklərdəndir.
İllik yazıları qələmə alan xronistlərin hadisələrin baş vermə səbəblərini göstərmək istəməmələri də bəllidir. Bu isə onunla bağlı
idi ki, onlar hər
bir hadisənin
baş verməsini
göylərin iradəsi hesab edir və hadisənin baş vermə səbəbindən danışmaqla
Tanrının işinə
qarışdıqlarını güman edib, çox vaxt bu məsələdə sükuta daha
çox üstünlük verirdilər.
Böyük gürcü mütəfəkkiri İlya Çavçavadzenin
təbirincə desək, biz “əvvəlcə
zəmanənin cildinə girməli, sonra isə həmin dövrün insanları ilə
maraqlanmalı”yıq. N. Əbdülrəhmanlı
“Yolçu”da məhz
bizi belə
yaşamağa və
düşünməyə yönəldə bilmişdir.
Salnamələrin quruluşu və strukturu barədə geniş informasiyaya malik olan müəllif romanı salnamə biçimində qələmə almışdır. Dörd kitab
şəklində yazılmış
roman Mirzə Yusif
Tiflisinin tərtib
etdiyi salnamə
şəklində oxucunun ixtiyarına
verilir. Salnaməçinin
ömrünün hər
ilinə uyğun
olaraq kitab 76 sərlövhə-fəsildə
birləşmiş
və hər fəsildə yeddi səhifə-yarpaq yerləşdirilmişdir.
Üstəgəl, romanın dörd
kitab biçimində
təqdimatı həm də insan
ömrünün dönəmləri ilə ilgili ömrün fəsilləri kimi
düşünülmüş olmalıdır.
Romanın quruluşunda diqqət çəkən məqamlardan biri də hər fəslin, əsasən, orta yüzilliklərin böyük şair və filosoflarının fikirlərinin, folklordan alınan
nümunələrin epiqraf kimi verilməsi ilə bağlıdır. Bu epiqraflar
özlüyündə
hər fəslin açarı
rolunu oynamaqla, həmin
fəsildə oxucunu nələr gözlədiyinə hazırlamaq məqsədi güdür. Hər fəslin ümumiləşdirici bir fikirlə yekunlaşması
isə, əsərin ədəbi-bədii mahiyyətini yüksəltməklə yanaşı, həm də
ayrılıqda götürülmüş hər hansı fəsli kiçik həcmli bitkin bir nəsr parçası,
deyək ki, novella
kimi təqdim etməyə imkan verir.
Süjetin
çoxşaxəliliyi
Mənim Mirzə Yusif Tiflisi ilə ilk tanışlığım keçən əsrin 80-ci illərində onun əl boyda bir kitabından
başlayıb. Kimə
verdiyimi və ya hara
qoyduğumu unutduğum həmin
kitabda mənim diqqətimi çəkən Mirzə
Yusifin Tiflisdən
olması idi. Onun bəhs
etdiyi məsələlər
isə mənim ilgimi çəkmədiyindən
unutduqlarım sırasına düşmüşdü ki, bunu
N. Əbdülrəhmanlının
“Yolçu” romanı vasitəsilə yenidən bərpa edə bildim.
Nə gizlədim ki, səhv etmirəmsə, Mirzə Yusifin Səfəvi səltənətinin son dönəmlərindən bəhs edən həmin əl boyda kitabçasından konkret nəyisə əxz elədiyimi belə xatırlamıram. Və günlərin bir günü Nəriman bəyin “Yolçu”
romanının masamın üstündən
mənə baxmasından sonra,
mənim M. Y. Tiflisi
ilə ikinci
görüşüm başladı. Elə ilk cümlələrdən
mən hələ Yusif adlanan balacanın qibtə doğuran
uşaqlığına vuruldum. Onun yeddi
yaşında başına gələn tragik olayları
onunla birgə
yaşadım. Onun İosif Eliqulaşviliyə çevrilməsi və bundan sonrakı
sıxıntılı həyatının şahidi olmaq, insaflı Görgü ağanın
onu himayə etməsi, talesiz aysor qadını Dariyanın ona ana nəvazişi göstərməsi, nəhayət, soyundan gələn bir istəklə on dörd yaşında
Tiflisdən çıxıb Avropaya getməsini izləmək qismətimdə var imiş. Və Parisdə
yaşadığı acılı-şirinli günləri biçarə Yusif başqa bir ad
– Jozef Qrenyö adı ilə
keçirmiş və
bu ad ona otuz yaşınadək
yoldaşlıq etmişdir. Qəhrəmanımız
ömrünün təxminən iyrimi ilini də,
iş elə gətirir ki, Cozef Tiflisi kimi yaşamaq məcburiyyətində qalır və qırx doqquz yaşından
– bu dəfə tale onun üzünə gülür, təkrar öz ilkinliyinə qayıdaraq Yusifə, ancaq bu dəfə Mirzə Yusif Tiflisiyə çevrilə bilir. Və dünyaya gəldiyi bu adla da,
dünyadan köçür.
Onun
ömrünün Paris həyatı, Venesiyada keçirdiyi illər, İstanbul
yaşantıları və ömrünün sonunadək doğulduğu şəhərə – Tiflisə qayıtmaq arzusu ilə İstanbulla
vidaşaşaraq, yollara düşməsi N. Əbdülrəhmanlının təhkiyəsində o qədər ustalıqla təqdim edilir ki, biz Mirzə Yusifin Tiflisə gedib çata bilməməsini taleyin, qismətin işi, bəlkə də bunu Allahın lütfü
kimi qəbul etməyə vadar oluruq. Və
biz Mirzə Yusifin Səfəvi səltənətinə
gedib çıxmasına çox təbii
baxırıq. Son dönəmlərini
yaşayan Səfəvi
hökmranlığının məhvinin
labüdlüyü nəql
olu¬nan hadisələr fonunda çox
gerçək
görünür. Şah Sultan Hüseynin
səriştəsizliyi ucbatından
çıxılmaz duruma düşən
səltənəti xilas etmək
mümkün olmur və
sonunda həmin Sultan
Hüseyn şahlıq tacını Mir Mahmuda öz əlilə təqdim etmək
məcburiyyətində qalır.
Mirzə Yusif İsfahandan çıxana qədər dəfələrlə ölümlə üzləşsə də, Tanrı onu hifz edir, qisməti onu yenidən İstanbula aparıb
çıxarır. O, dünyanın gözü olan bu şəhəri nə qədər sevsə də, doğma yurd-yuva istəyi daim onu doğma Tiflisə çəkir. Tiflisə qayıtmaq amacıyla təkrar yola çıxan Mirzə Yusifi, bir təsadüfmü deyək, zərurətmi deyək, bu dəfə Muğan çölünə gətirib çıxarır ki,
o, burada Səfəvi səltənətinin rəsmi məhvinin və Əfşarların hakimiyyətinin rəsmiləşdirilməsini öz gözləri ilə görür. Nadir şahdan
dövlət görəvi alan Mirzə Yusifin Təbriz həyatı başlayır. Burada keçirdiyi rahat günlər belə
həyatının
məqsədinə çevrilmiş
Tiflisi görmək
arzusunu bir gün də
olsa ona unutdurmur. Bir dəfə dəhşətli vəba onu Tiflisin lap
qulağının dibindən geri qaytarırsa, ikinci dəfə dağlı
qoşunlarının qələbəsi onun bu ülvi istəyinin gerçəkləşməsinə mane olur. Sonuncu cəhdində isə tale onun Tiflisdə ömrünü
başa vurmaq istəyinin
üstündən xətt çəkməyə
və bu istəyi içərisində gömməyə vadar edir.
Və son. Əfşarlar gəldikləri kimi də, tarix səhnəsindən köçlərini sürüb gedir, tariximizin yeni bir dönəmi – xanlıqlar dönəmi başlayır.
Gözləri işıqdan kəsilən Mirzə Yusif Şəkidə bir karvansaray hücrəsində düşündüklərini Nişat Şirvaniyə diqtə etməklə yazıya alır, elə həmin karvansaray hücrəsində də ömrünü başa
vurur. Əlli ildən çox həsrətini çəkdiyi doğma Tiflisdən üç-dörd
günlük bir məsafədə...
Obrazlar
qalereyası
“Yolçu”da rastlaşdığımız hər bir qəhrəman, hətta ən kiçik epizodik obraz belə yaddaqalan, özünəməxsus xarakterləri ilə fərqlənib, oxucunun rəğbətini qazana bilir. Müəllif obrazları təqdim edərkən, onların daxili aləmlərini açmaq üçün
çeşidli təsvir
vasitələrinə əl atır ki, bu da həmin obrazların əsərdəki
rolunu, əsərin həm bədii siqlətini, həm də tarixi rolunu dəqiqləşdirməkdə müstəsna
rola malik olur. Obrazların daxili aləmini açmaqda, onların
iç dünyasında baş verən həyəcanları olduğu kimi verməkdə müəllifə tarixi-etnoqrafik bilgisi kömək edir. N. Əbdülrəhmanlı əsərin qəhrəmanı Mirzə Yusifin keşməkeşli ömür
yolunu olumundan ölümünədək izləməklə
xalqımızın həyatında
ən həyəcanlı bir dönəmin tarixini bədii dillə verə bilmişdir. XVIII yüzilliyin ilk yarısında baş verən mürəkkəb tarixi proseslər müxtəlif
tarixi sənədlər, etnoqrafik materiallar, linqvistik dəlillərlə təsdiqləndikdən sonra təqdim edilir.
Birinci şəxsin dilindən nəql edilən hadisələr oxucunu tariximizin ən mürəkkəb və qanlı-qadalı illərinə aparıb çıxarır. Müəllifin
inandırıcılıqla təsvir etdiyi hadisələrin dolğunluğu, fikrimizcə, oxucunun diqqətini ilk cümlələrdən cəlb etdiyindən, az qala
oxucu özünü hadisələrin cərəyan etdiyi yüzilliklərdə hiss etməklə, həmin hadisələrin iştirakçısına
çevrilir. Mirzə Yusifin dilindən nəql edilən hadisələrin fonunda böyüklüyündən və kiçikliyindən asılı olmayaraq,
bütün obrazlar canlı və parlaq boyalarla təqdim olunur ki, oxucu həmin obrazların
yaşantılarını – sevgi, sevinc, nifrət, həsəd, paxıllıq, iddia,
lovğalıq, xəyanət, təkəbbür, məkr, hiylə kimi hisslərini özününküləşdirə bilir, özündən asılı olmaya¬raq, hadisələrin burulğanına
düşür.
Romandakı obrazlar öz fərdi xüsusiyyətləri, fərdi düşüncəyə sahib olmaları ilə yaddaşlara
köçür, oxucu məhəbbəti qazanır. Elə
əsərin qəhrəmanı Mirzə
Yusifin ilk fəsildən başlayan dinamizmi
bunu söyləməyə əsas
verir. O, təkcə səyyah olub dünyanı gəzmək istəmir, gördüklərini kitab biçimində təqdim etməyi düşünür. Bundan əlavə sevən, nifrət edən, sarsıntılar keçirən, yaradana
şükürlər
edən bir obraz kimi
diqqəti cəlb edir. Sanki yazıçı obrazları necə var elə təqdim etməyi
qarşısına məqsəd qoyduğundan,
onların işıqlı və
qaranlıq tərəflərini, savab və
günahlarını üzvi şəkildə oxucunun gözləri
qarşısında canlandırır.
Əsərdə bütün şəxslərin bu cür təqdimatı oxucunu tariximizin ən mürəkkəb dönəmində baş vermiş hadisələrin labüdlüyünə inandırır. Ən epizodik surətlər belə təbii biçimini qoruyub saxlaya
bilir. Ziddiyyətli Nadir şah Əfşardan tutmuş
qulluqçu Kərimədək, üzündə-gözündə cin-şeytan oynayan, öz məqsədini həyata keçirməkdən yana cilddən cildə girən erməni xəlifəsindən tutmuş
israfçılığı ilə yaxınlarını faciəyə düçar edən fransız Jozef Qrenyöyədək bütün obrazlar məhz bu qaydada təqdim edilməklə əsərə əlavə dəyər qazandırır.
İsfahan
hadisələri zamanı insanların aclıq, ölüm
qarşısında keçirdiyi hisslərmi olsun, Muğan
çölündəki total səhnələrdə təqdim olunan insanların daxili aləmində baş verən təlatümlərmi olsun, - o qədər canlı, o qədər koloritli təsvir edilmişdir ki, oxucu istər-istəməz özünü həmin insanların arasına
düşmuş hesab edir, orada baş verənləri öz gözləri ilə görən şahidin
yaşantılarını yaşayır desək, güman edirəm ki, çox da böyük
mübaliğəyə yol vermiş sayılmarıq.
Ailəcanlı Mirzə Hüseyn, sədaqət timsalı Mirzə Kəmaləddin, ilk eşqin
çırpıntılarını ya¬şayan Məhəmməd Kazım, vəfalı Qütbəddin və daha kimlər-kimlər inanırıq ki, oxucunun
yad¬daşından silinməyəcəklər.
Romanın
dil xüsusiyyətləri barədə bir neçə söz
N. Əbdülrəhmanlı romanın
dil-üslub xüsusiyyətlərinə böyük önəm vermiş, belə demək mümkünsə, az qala hər sözün üstündə əsmişdir. Onun
təsvirləri o qədər canlıdır ki, oxucu istər-istəməz özünü baş verən hadisələrin iştirakçısı,
azından şahidi hesab edə
bilir. Hər
bir obrazın daxili aləmi
onun fərdi nitqi ilə üzə çıxır.
Müəllif
hər bir obrazı
öz dilində
danışdırmağı bacarır. Onların
fərdi xüsusiyyətləri, ictimai mövqeləri məhz nitqləri vasitəsilə müəyyənləşir.
Yazıçı bəhs edilən dövrün
danışıq dilini, habelə rəsmi yazılı dilini mükəmməl şəkildə təqdim edə bilir. Romanda verilən rəsmi yazı nümunələri – məktublar,
fərmanlar,
buyrultular bəhs
olunan dövrün ab-havasını almaqda
yardımçımız olur. Üstəgəl tarixi gerçəkliyin canlandırılmasında,
zamanın böyük tablosunun cızılmasında, onun
müasir oxucu tərəfindən qavranılmasında
həmin dövr
yazı üslubunun saxlanması əvəzsiz rola malikdir.
Bədii mətnlə üzvi ilişgisi olan rəvayətlər, müdrik kəlamlar, pritçalar, şeir
nümunələri oxucunu hadisələrin cərəyan etdiyi dövrün ab-havası ilə qovuşdurmaqda müstəsna rol oynayır. Xalq
danışıq dili nümunələrinin yerli yerində işlədilməsi romanın
oxunaqlı olmasını təmin
edir. Və
orasını da deyək
ki, N. Əbdülrəhmanlı
xalq danışıq dilindən
gətirdiyi nümunələri işlədərkən, əndazəni aşmamağa, əsərin üslubuna xələl
gətirməməyə
də xüsusi diqqət yetirir.
Son
söz yerinə
Mirzə Yusifin salnaməsi təkcə yaşanmış hər il ərzində baş verənləri əks etdirməklə işini bitirmir, həm də yollar yormuş, az qala
bütün dünyanı ayaqlamış bir insanın
ömürlüyünü, onun zaman barədə düşüncələrini və ən əsası da onun qəlb
çırpıntılarını özündə əks etdirir. Nədən ki, səyyah Mirzə Yusif “dış aləmin yox, iç aləmin” səyyahına çevrilməklə bizi bunları söyləməyə vadar edir. Onun salnaməsi, Hegelin sözləri ilə desək: “...əslində sualdır, onun səsinə səs verən ürəyə müraciətdir, ruhlara və ağıllara xitabdır”.
Elə bu ümidlə də qeydlərimizi nöqtələyirik.
Afiq MUXTAROĞLU
Kaspi.-2013.-7-9 dekabr.-S.20.