“İnsan
balası…” - (hekayə)
Rövşən
Yerfi
Axşam yaxınlaşırdı. Metronun qarşısı həmişəki kimi qələbəlik idi. Hərə bır yana tələsirdi. Ətrafdakı köşklərin, xüsusilə tum satanların alverinin qızğın vaxtıydı. Onların yanında dayanmış balaca boylu, qıyıq gözlü xarici tələbə gəlıb-gedənə əlində tutduğu bir-neçə elektron qol saatını, uşaq oyuncağını nümayiş etdirirdi. Hava qaraldıqca, kölgələr böyüdükcə, heç nə sata bilməyən tələbənin ürəyi də sıxılırdı. Çünki, nəinki saat almaq istəyən, hətta maraqlanıb ona yanaşan da yox idi. Bircə tez-tez zəhləsini tökən polisdən başqa…
Küçədən keçən hər kəsə aydın idi ki, tələbə aldığı təkcə cüzı təqaüdlə yaşayışını ödəyə bilməzdi, özü də ürəyin nə istəsə tapa biləcəyin Bakı adlanan belə bahalı şəhərdə. Sıxıntı ilə yaşamağın da həddi vardı. Odur ki, tətildən qayıdanda vətənindən hər dəfə özü ilə satılası xirda-para əşyalar, paltarlar gətirərdi. Gətirdiklərini tələbə dostları arasında satıb yalnız dolanacağının qayğısına qalardı. Daha bəzi həmvətənləri sayaq xarici etiketdən ötrü yaxınlıq edən gözəlçələrə sərf etməzdi. Bu gün isə onu ilk dəfə metronun qarşısına gətirməyə məcbur edən ad gününə az qalmış pulunun qurtarmasıydı.
Bayaqdan bəri tələbəni ən çox narahat edən çiynində iki ağ zolağı olan polisin ona sarı kənardan göz qoyub qəzəblə baxması idi. Polis hər vəchlə ondan metronun qabağından uzaq durmağı tələb edirdi. Yanaşı duran tumsatanları, xırda-xuruş alveri edənləri elə bil görmürdü, sanki, yolu daraldan təkcə o idi. Əgər belə qələbəlikdə əlindəkiləri sata bilmirdisə, sakit küçədə dayanıb müştəri gözləməyinin mənası olacaqdımı?
Hərdən təşvışlə ətrafına göz gəzdirirdi ki, görsün polis yaxındadımı, gizlənib gözündən yayınsın. Çox keçmədi ki, acıqlı polis yenə gəlib durdu gözünün qabağında:
-Alə,
sluşi, tı mne ni ponil? Şas ya tebya zaberu, toqda poymyoş.
Zdes ni
prodovay, ni zakonnı, idi otsuda, lyudam meşayeş. Predipejdayu, get burdan, itil,
- deyib uzaqlaşdı.
Tələbənin qanı
tamam qaraldı. Bilmədi neyləsin,
necə
yalvarsın ki, polis rəhmə gəlib
onu incitməsin, durduğu
yerdə
bir qədər
dayanmağa imkan versin. Metronun hansı çıxışına
getsəydi,
polislər
qovacaqdılar. Bəs nə
etsin, kimdən kömək istəsin?
Yanındakılardan da kimsə
ona fikir vermirdi. Təkcə yaxınlıqdakı səkidə oturub dilənən qoca arvadın Allahın bu çarəsiz,
qərib
bəndəsinə yazığı gəlirdi. Polisə əhəmiyyət verməyib
dilənməyində olan qadın mülayim baxışlarla
xeyli süzdükdən sonra, tələbəyə
ürəyi
yandığı üçün
yanına çağırdı.
Dilini bilmədiyinə görə
əl-qolu
ilə
nə
isə
başa salmağa çalışdı. Heç nə anlamadığını gördükdə isə
ağzını onun qulağına çatdırıb
yad dildə bir-neçə söz pıçıldadı.
Tələbə nəsə başa düşdüyündən
dodaqları qaçdı,
gözlərinə təbəssüm yayıldı:
-O.., yest, taks…
Dalısıyca öz dilində təşəkkür edib, durduğu yerə
qayıtdı. Bir azdan yenə ona tərəf gələn polisi görəndə
tələbə, daha gizlənməyə yer axtarmadı. Qoca dilənçi arvadın tapşırığını
xatırladı. Poliisə danışmağa imkan vermədi.
Görüşürmüş kimi əlindəki manatı polisin ovcuna ötürdü…
Polis tələbənin “anlaqlı”
oğlan olduğunu görüb ürəyi yumşaldı, acıqlı
sifətinə mərhəmət qondu. ”Xoroşo”,
- deyib, başını
tərpədərək
razılığını bildirdi. Bir anın
içində
fikirləşdi
ki, “alə, bu insan balası imiş… Mən yazıq maaşı
ay tamam olana çatdıra bilmirəm, bu binəva
necə
dolansın? Adamın Allahı
olar. Tələbəlik,
qəriblık…
Xarici olanda nə
olar, bir para özümüzünkülərdən ağlıkəsəndir. Ağlıkəsən, fərasətli millətdir
ki, “interesni” saatlar, oyuncaqlar yaradıblar. Belə qanacaq yiyəsi olsa, burda, lap elə həmişə dayansın, müəlliminə bərəkəllah!..“
Polisin ona dəyməyib sakitcə
uzaqlaşmasından rahatlıq
tapan tələbə “müəlliminə” – cavanlığında müəllimə işləmiş,
səkidə dilənən qoca arvada tərəf dönüb
gülümsəyərək təşəkkür anlamında əlini sinəsinə
qoyub səmimi hisslərlə baş əydi:
-Yest, yest, danke…
O, sadəlövhcəsinə
tapıntısına ürəkdən sevinirdi:
daha bundan sonra qanqaraçılıq olmayacaqdı. Nəhayət ki,
dünyanın bu qeyri-adi
ekzotik şəhərində “insan
balası” kimi yaşamağın yolunu dərk
etmişdi…
Kaspi.-2013.-7-9 dekabr.-S.19.