SÜKUTUN «monoloq»u
Nərgiz
Cabbarlı
(«Ədəbi
portretlər» silsiləsindən)
Şeir (həm də istənilən bir bədii mətn, amma daha çox şeir) öz mahiyyəti, strukturu, intonasiyası, məzmunu, ruhu, ovqatı ... ilə çox şey ifadə edir. Şeir duyğudur, hissdir, ağrıdır, göz yaşıdır, nadir hallarda sevincdir, əksər hallarda pıçıltıdır, bəzən bağırmaq istəyidir, hətta kindir, nifrətdir… Amma daha çox bütün bunların cəmi olaraq qurtuluşdur. Özündən də, ağrından da, kinindən və nifrətindən də, sevginin içini dağıdan iztirabından da… qurtulmaq üçün dəfələrlə sınanmış ən uğurlu vasitədir… Məsələn, Ruhunu doldurmuş hisslərin fırtınasını bircə şeir yazmaqla dindirə bilərsən. İçindəki təlatümü bircə şeirlə sakitləşdirə bilərsən… Şairlər bunu daha yaxşı bilir. Və kimsə ədəbiyyata – şeirə ədəbiyyat (şeir) naminə gəlmir (deyilənlərə inanmayın!!!), yazmaq naminə yazmır, daha çox Özündən qurtulmaq naminə yazır…
Onun da bu qurtuluşu «dərd bolluğu» içində «baş verir»… Hətta bu dərd o qədər boldur ki, çeşidlənir də… «Mənim dərdlərimin çeşidi bəlli»… - Ağır ifadədir…
Hətta bu dərd o qədər boldur ki, bütün şair yaradıcılıqlarında olduğu kimi «sevgili» cildinə də girə, sevgili obrazına da sığışa bilir: «Mənim də dərd ilə çıxıbdı adım»… Amma o da bütün şairlər kimi bu dərdi sevgi ilə, məhəbbətlə qarşılamağı bacardığını bir az qürurla, bir az «özü ilə barışıq» halında etiraf edir:
Bu da bir
qismətdi – buna
da şükür
Tanrı
verən paydan
küsmək günahdı
Allah
sevdiyinin üstə dərd tökür
Mənim də yaxşı ki, hər günüm ahdı…
Səbəbi? Niyə şairlər bu qədər dərdə vurğundular soruşmaq istəsəniz, səbəbi bəlli… Ruhundakı
ağrılardan qurtulmaq üçün «sevgili» mütləqdir. «Dərddən» yaxşı
şairi danışdıracaq bir «sevgilimi» olar? Boş
yerə ədəbiyyatda (istər bizim, istərsə də başqa xalqların) dərdin min bir çalarına
rast gəlmirik ki…
Qovuşub
olmuşuq canda bir ürək
O məndən aralı yaşaya bilməz
Dərd də hər ürəyə girmədiyi tək
Dərdi də hər ürək daşıya bilməz.
Amma bu
şairin «bağırmayan», «gözə girməyən», qəfil bir şillə kimi «sarsıtmayan», sadəcə içdən gələn, səmimi bir «utancaqlıqla» ruhdan
süzülən şeirlərini oxuduqca istər sevgi, istər itki, istər Torpaq dərdi, /Qarabağ arğırsı, istər qaçqınlıq, istər vüsal həsrəti – hansı mövzuda olursa
olsun, insanı ağrıdan, silkələyən, təəccübdə qoyan bir cəhət var. Bütün bu misralar
sanki bir «aktyorun monoloqu»dur - qarşılıq gözləmədən, həmsöhbət aramadan və ya eşidiləcəyinə ümid etmədən, duyulacağına inanmadan
yazılıb. Özü ilə danışırmış,
özü ilə söhbətləşirmiş kimi qəribə bir susqunluqla, qəribə bir sükutla cızılıb… Hətta «ikilikdə» yaşanan bir təəssüratın,
qarşılıqlı duyulan bir məhəbbətin içində, bətnində belə bu «daxili monoloqun»
varlığı duyulur, mövcudluğu boy verir:
Çəkilərək özümə
Sükutla
danışıram
O
sükuta elə bil
Daha
çox qarışıram –
İkimiz
olanda…
Bir az dərdi unudur
Bir az qəmi atıram
Əlimdən sükut tutur
İstəyimə çatıram –
İkimiz
olanda…
Xəyallardan qopmadan
Dörd tərəfi gəzirəm
Birtəhər qaçan vaxtın
Qarşısını
kəsirəm –
İkimiz
olanda…
Özümə çəkilməyim
Sənlə söhbət etməkdi
Sükutdansa
istəyim
Uzaqlara
getməkdi –
İkimiz
olanda…
Bizim ədəbiyyatın bu cür «susqun
monoloq»la səhnəyə gələn də, səhnədən gedən də - şairləri az olmayıb. Sanki
onların yaradıcılıqları yalnız bu monoloqun
ifası üçün nəzərdə tutulub. Və sanki onların özləri də «içlərindən başqa» «həmsöhbət» tapmadıqlarından
heç də rahatsız olmadan, heç də qıcıqlanmadan bu
hallarından razı qalaraq öz sözlərini deməyə,
«çıxışlarına» davam edərək öz rollarını
oynayıb başa vurmağa çalışırlar. (Məsələn, mən
rəhmətlik Ələkbər Salahzadənin
şeirlərində hər zaman belə
bir daxili monoloqun varlığını duyurdum. İstənilən bir müqayisə qüsurludur, amma bu şerlər ikinci dəfə məni belə bir qəribə təəssüratla üz-üzə qoymuş oldu…).
çoxmu boynu bükük duraq,
baxaq
ağlayan dağlara?
əlimizlə sığal vuraq
sinə dağlayan dağlara.
udaq dəli hönkürtünü
çıxaq yağı söndürdüyü-
ocaqdakı son kötüyü
girov
saxlayan dağlara.
gəzək, tapaq
izimizi
vuraq yerə dizimizi
qurban
deyək
özümüzü
qara
bağlayan dağlara.
alovlanaq,
oda dönək
kola,
kosa, ota dönək
ölək, amma
ora dönək
bizi
haylayan dağlara.
Bu daha çox onun Qarabağ itkisi ilə bağlı şeirlərində müşahidə olunan haldır. Görsən, bu itkinin
ağırlığını yaşamış olmaq bu
şeirlərdəki səmimiyyətin səbəbidirmi? Yəqin ki… İtkinin
nə olduğunu
bilməyən onun
varlığından necə
yaza bilər axı?
Bəlkə də elə bu səbəbdəndir ki, «Qarabağ şairləri» deyə bir ifadə yarandı ədəbiyyatımızda… Və
Qarabağ itkisindən
daha çox «Qarabağlı», «sinəsi
dağlı» olan şairlər
yazdılar?! Eynən bu şair kimi… Ya da elə susqunluğun,
«çığırtısızlığın» və iddasızlığın səbəblərindən biri də bu itkidir bəlkə?!
Qəfəsdə yaşayan quşlar
Halınıza mən yanırdım.
Sizin
azadlıqda olmaq
Haqqınıza inanırdım.
Amma əksinə oldu hər şey
Özüm də qəfəsə düşdüm.
Sizlər tora dimdiyindən
Mən ürəyimdən ilişdim.
Amma nə yazıq ki, «Azadlıq haqqına» inam hələ azadlıq demək deyil. Olması mümkün də… Amma bunun üçün nələrsə qurban verilməlidir…
Nə qədər qəribə də olsa, hətta şair həyatındakı ən ağır dərdin, ən ağır itkisinin mətnə gəlişi belə bu sükutun sərhədlərini dağıda bilmir,
«dialoq» baş tutmur, söhbət alınmır. Daha doğrusu alınır
– yalnız şairin özü ilə, öz içi ilə aparılır… Və ən əsası hər şeyi qəbullanmaq, taleyə yazılan hər şeylə barışmaq səviyyəsində baş verir… Nə etirazı duyursan, nə «istəmirəm» nidasını, nə də «mənə gərək deyil!»
çığırışını… Nədəndir bu? Qəbullanmaq
böyüklüyündənmi,
Tale deyilən bir
şeyin varlığına inamdanmı? Hər nədirsə, bu şairin
yaradıcılığında daha çox üzdə olan, daha çox
özünü göstərən həmin bu
«barışıq» məqamı,
«qəbulumdur»
etirafıdır.
Bir də fikir vermisinizsə, şairlər bir xüsusiyyəti ilə də bir-birindən fərqlənirlər. Misra
kimi yaddaşa çökənləri var, ifadə olaraq xatirədə qalanları var, bir cümlə ilə ruhumuzu
«cırmaqlayanları» var, amma bu şair… misralara
bölünmür, ifadələrə parçalanmır, heç cümlələr kimi də yadda qalmır. Təəssürat
və ovqat
halında yaşanır və
bitir. Duyğular toplusu kimi oxunur və bir Tam olaraq təəssüratının
izini, tozunu, ləkəsini qoyub keçir.
Bağışla,
mən gedirəm
Özümdən uzaq yerə
Özümü
dəfn edirəm
Gözündən uzaq yerə…
Bağışla
olmağımla
Söz-söhbətə yol açdım,
Sənə vurulmağımla
Məhəbbətə bulaşdım
…bağışla,
bu gəlişi
Yatmadığın
yuxu bil
Bağışla,
bu gedişi –
Yaşadığın
qorxu bil!
Bir şairin yaradıcılığı insanı
çox səbəbdən «dindirə» bilər. Səmimiyyəti ilə, yaşatdığı
sarsıntılarla, ruhuna köz basması ilə… Hamısı
mümkündür. Amma həyat və həqiqət qarşısında bu qədər barışıq olması
ilə dindirməsi nadir hallarda olur… İnsan da (Şair də)
bu qədər Tale
qarşısında susqun və
barışıq olarmı heç?
İnsan da (Şair də) bu qədər özünü «qurban» vermək üçün təklifdə bulunarmı heç? Bu susqunluq bir
şair qəlbinin
harayına büküləndə necə olur görəsən? Amma… bu susqunluq həm də daxili bir harayın
boğulmuş səsidir – unutmayaq… daxildə boy verən etirazların
batırılmış nəfəsidir – unutmayaq… Heç
övlad yasında qol qaldırıb oynayan ana
gördünüzmü? Heyrəti bu mənzərənin heyrətini andıracaq bir
ağrı qədər böyük olur belə susqunluqların…
Dəli oynatmaq asandır
Oynadın,
dəli
oynadın
Fırlanın
böyür-başına
Dəli tək əli oynadın
Topuğu
dizdən
yuxarı
Çapığı
üzdən yuxarı
Dəlilik yüzdən yaxarı
Dəli yüz ili
oynadın
Hamının
ünü göydədir
Qisməti, günü göydədir
İnamı,
dini göydədir
Yerdəki şəri oynadın
…Qəm dolu min bir dəm keçsə,
Bu Əbülfət də dəmkeşsə
Könlünüzdən dəli keçsə
Gəlin mən dəli, oynadın.
Bir həqiqəti bilirəm: Şeiri oynmaq da olar,
yaşamaq da, dillərdə oynatmaq da olar, yaşatmaq da… amma nə yazıq ki (həm də nə yaxşı ki) şeir
qeyri-səmimiliyi də səmimiyyət kimi gizlədə bilmir, «su üzünə» çıxarır. Və məncə bu
yaradıcılıqdakı sükut həm də bir az
xarakter məsələsidir… Şair xarakteri… Bir yaradıcılıqda
gördüyüm hay-küyü, çılğınlığı,
dünya ilə dialoqda olmaq cəhdini və bu reallaşmanı, bu hayı, harayı başqa bir
yaradıcılıqda görmürəmsə bunun səbəbi nə ola bilər axı? Şəxsiyyətdən uzaq bir şey deyil hər halda…
Beləcə, bu şairin Tam olan, Bütöv olan, sükut dolu Monoloq
olan, Tale ilə Barışıq olan
yaradıcılığını başqa heç cür
adlandıra bilmədim.
«Sükutun monoloq»u dedim. O monoloqu dinləmək isə…
Mən bir az
uzaqları
Yaxın
etmək istədim,
Mən bir az
yaxınlara
Yaxın
getmək istədim –
Deyəsən alınmadı.
Mən könlümdə cücərdib
Sözü
səməni etdim
Ürəyimi sevginin –
Çölü,
çəməni etdim –
Deyəsən alınmadı.
Mən qapıya dəymədim –
Pəncərəyə toxundum
Gül
budağın əymədim
Çiçək-çiçək oxundum –
Deyəsən alınmadı…
Mən özümdən özümə
Nərdivanam, bacayam,
Düşündüm
ki, içimdə
Çölümdən çox ucayam –
Deyəsən alınmadı!
P.S. Söhbət
şair Əbülfət Mədətoğlunun
yaradıcılığından gedirdi
Kaspi.-2013.-7-9 dekabr.-S.14.