MƏŞƏDİ İBAD LƏZGİ DİLİNDƏ DANIŞDI

Noyabrın 29-da Qusar Dövlət ləzgi Dram teatrında Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının ləzgi dilində ilk tamaşası nümayiş etdirilməli idi. Bu barədə teatrın direktoru Faiq Qardaşov Azərbaycan Teatr Xadimləri İttifaqına teleqram vurub, tamaşaya baxmaq üçün mütəxəssis göndərilməsini xahiş etmişdi. İttifaqın sədri, xalq artisti, professor Azər Paşa Nemətov ləzgi qardaşların tamaşasına baxmağa məni məsləhət gördü.

... Noyabrın 29-da saat 11.30-da mən Qusar şəhərinə çatdım. Sonra başqa bir maşına əyləşib, Mədəniyyət Evində yerləşən Dövlət ləzgi Dram teatrına yollandım. Kollektivlə, Mədəniyyət şöbəsinin müdiri David İbramxəlilovla və teatrın direktoru Faiq Qardaşovla görüşdüm.

Tamaşa başlandı. İllərlə, on illərlə canımıza, qanımıza hopmuş Üzeyir bəyin tanış obrazları student Sərvər, onun sevgilisi Gülnaz, qulluqçu Sənəm, Rüstəm bəy, Məşədi İbad, Qoçular və başqaları gözümüz önündə canlandı. Obrazlar danışmağa başladılar. Az qala əzbər bildiyim mətn qardaş ləzgi dilində səslənirdi. Deməliyəm ki, dahi Üzeyir bəy Hacıbəylinin Məşədi İbadı bütün dillərdə olduğu kimi ləzgi dilində də anlaşılan, maraqlı və möhtəşəm idi.

Məşədi İbad rolunun ifaçısı və tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur. O, həm tamaşanın ümumi yozumunda həm də Məşədi İbad rolunun təsvir və təqdimində olduqca maraqlı idi. Rejissor haqlı olaraq bütün tamaşanı Məşədi İbad, Sərvər və Gülnaz üçbucağı üzərində qurub. Məşədi İbad (B.Əhmədov) Rüstəm bəylə (Q.Nəsrullayev) görüşdüyü səhnədə özünə inam ifadə edir. Məşədi İbadla Rüstəm bəy tərəf müqabili kimi bir-birini tamamlayırlar. Dramatik hadisənin aparıcısı Məşədi İbad (B.Əhmədov) olsa da Rüstəm bəy (Q.Nəsrullayev) hadisənin inkişafında müstəsna rol oynayır. O, həm qızı Gülnazı (E.Paşayeva) ürəkdən sevən ata, həm də düşdüyü acınacaqlı vəziyyətdən çıxış yolu axtaran müflisləşmiş bəy obrazını müəllif ideyasına və rejissor yozumuna uyğun təsvir edir. Sərvər (Z.Qaraxanov) və Gülnaz (E.Paşayeva) obrazları bir-birini sevən, məhəbbətləri uğrunda mübarizə aparan gənclərdir. Hər iki obraz maraqla baxılır, onların ifaları vizual və daxili təqdimat baxımından müəllif ideyasına tam uyğundur.

Üzeyir bəy Hacıbəylinin rəngarəng Sənəm (R.Qasımova) və Hambal (A.Hüseynov) obrazları da aktyor ifalarında dramatik- komik situasiyaya xüsusi rəng qatır.

Tamaşanın ideya-quruluş həllində həlledici obrazlardan danışırıqsa, qoçu surətlərindən danışmaya bilmərik. Çünki qoçular tamaşanın ideya həllində, tərəflər arasında münaqişənin bu və ya digər tərəfin xeyrinə inkişafında əsas rol oynayırlar. Əsgər bəy (P.Pirverdiyev), Rza bəy (V.Qaraxanov), Həsənqulu bəy ( R.Salmanov), Həsən (L.Kərimov) obrazlarını ifa edən aktyorlar hadisələrin mahiyyətində oynadıqları rolu düzgün anlayıb, komik vəziyyətə uyğun dəqiq ifa nümayiş etdirirlər. Qoçu Əsgər bəyin (P.Pirverdiyev) bığlarını eşib, tez-tez belindəki tapançaya əl uzatması obrazın vizual görüntüsünə tam uyğundur. Aktyor Rza bəy obrazının (V.Qaraxanov) xarici və daxili hərəkət toplusunuəllif ideyasına müvafiq oynayır. Həsənqulu bəy (R.Salmanov) və Həsən (Z.Kərimov) obrazlarını da aktyorlar maraqlı və tamaşanın ümumi rejissor həllinə uyğun ifa edirlər. Tamaşanın daha üç obrazı hamamçı Məşədi Qəzənfər (T.Şahbazov), Kərbalayı Nəsir (Ç.Ramazanov) və Usta Məhərrəm (İ.Sadiyev) surətləri də tamaşanın rejissor yozumunun tamlığına xidmət edir.

Hamamda kisəçilərin rəqsi və ümumən tamaşanın kütləvi səhnələri ustalıqla və diqqətlə işlənib.

Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının tamaşasını Qusar ləzgi Dövlət Dram teatrının uğuru adlandırmaq olar. Tamaşanın aktyor ifalarından, rejissor yozumundan yazdıq, ancaq hadisənin cərəyan etdiyi məkandan və musiqi həllindən də yazmalıyıq. Çünki həm maraqlı rəssam tərtibatı, həm də musiqi həlli hadisənin düzgün qavrayışına yardımçı olub. Tərtibatçı rəssamlar İlqar Burziyev ilə Marina Mahmudovanın təqdim etdikləri məkanlar mətnə və dövrə uyğundur.

Biz inanırıq ki, Məşədi İbad, Gülnaz və Sərvər üçbucağının cərəyan etdiyi məkan məhz bu səpkidə, bu formada və bu rənglərdə ola bilər. Tərtibat səhnə ölçülərinə görəəyyən qədər, böyük və ağır olsa da, aktyorların mizan-hərəkət toplusuna maneçilik törətmir. Amma yaxşı olardı ki, tərtibat eyni qalmaqla bir qədər yüngül və asan açılıb-yığılan formada qurulsun. O zaman bu tamaşanı qastrol səfərinə aparmaq da bir o qədər çətinlik törətməz.

Dahi Üzeyir Hacıbəyli musiqisi və ariyaların ifası olduqca peşəkardır. Tamaşanın musiqisi və ifalar Fərhad Xəlilov tərəfindən ustalıqla həll olunub.

Ümumilikdə isə, tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovun, yaradıcı kollektivin və xüsusən teatrın direktoru Faiq Qardaşovun çox böyük zəhməti öz layiqli bəhrəsini verib.

Nəticədə dahi Üzeyir bəy Hacıbəylinin dünyalarca məşhur “O olmasın, bu olsunəsəri ləzgi dilində də öz təravətini və gözəlliyini saxlayıb. Bu müvəffəqiyyətə görə teatrın bütün kollektivini ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

 

ÇİNGİZ ƏLƏSGƏRLİ

Teatrşünas

Kaspi.-2013.-7-9 dekabr.-S.11.