Lənkəran teatrı üç ölkə teatrı ilə birgə tamaşa
hazırlayacaq
İslam Həsənov : “Bölgə teatrları birləşərək bir tamaşanı öz yozumlarına uyğun
hazırlayacaqlar”
1973-cü ilin dekabr ayının 6-da Mirzə İbrahimovun “Yaxşı adam” komediyası ilə Lənkəran teatrı yenidən öz pərdələrini tamaşaçılarının üzünə açdı. Həmin hesabla dünən teatrın 40 illik yubileyi tamam oldu. Bu münasibətlə, N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənovla əlaqə saxladıq.
Öncə qeyd etmək lazımdır ki, Lənkəran Dövlət Dram Teatrı yenidən fəaliyyətə başladığı gündən yeni yaradıcılıq dövrünə qədəm qoymuşdur. Biz də həmin tarixlə hesabladıq ki, dekabrın 6-sı teatrın 40 illik yubileyinə təsadüf edir. Lakin teatrın direktoru İ.Həsənov heç bir yubiley hazırlıqlarının keçirilmədiyini, teatrın 40 deyil, 125 illiyinə hazırlaşdıqlarını söylədi: “Təbrikinizə görə təşəkkür edirik, ancaq ötən ay Mədəniyyət və Turizm Nazirliyindən bizə bildirdilər ki, Elmlər Akademiyasının araşdırmasına görə, bizim teatrın yaşı 1973-cü ildən deyil, 1891-ci il yanvarın 18-dən hesablanır. Ona görə də biz bu gün teatrın 40 illik yubileyini keçirməyəcəyik. Biz artıq teatrımızın 125 illiyinə hazırlaşırıq. Əgər qismət olsa, təbii ki. Bilirsiniz ki, Lənkəran teatrı dəfələrlə açılıb, bağlanılıb. Bir sözlə, bəxti gətirməyib. Ona görə teatrda heç bir yubiley tədbiri nəzərdə tutulmayıb”.
Teatrın direktoru qeyd etdi ki, yubiley keçirilməsə də teatrda bir-birindən maraqlı tamaşalar nümayiş olunur: “Son günlərdə teatrımızda iki yeni tamaşa hazırlanıb. İtalyan dramaturqu Aldo Nikolainin “Dəmir sinif” əsəri əsasında Tural Mustafayevin quruluşunda teatrımızın üç sayılıb-seçilən aktyorları – Böyükxanım Əliyeva, Qabil Quliyev, Təvəkkül Əliyevin təqdimatında tamaşa hazırlandı. Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatı isə Fərahim Qələmoğluna məxsusdur. Bilirsiniz ki, biz teatrımıza Ukraynadan rejissor Arkadi Nepitalyuku dəvət etmişdik. O, Qoqolun “Ölü canlar” əsərinə quruluş verdi. Çox maraqlı və baxımlı bir tamaşa alınıb. Tamaşa artıq hazırdır və daxili baxışdan da keçib. Tamaşanın quruluşçu rəssamı Yevgeniya Nepitalyuk, musiqi tərtibatçısı Sərdar Fərəcovdur”.
İslam Həsənov teatrda hazırlanan tamaşalardan əlavə, teatrın kollektivinin qastrol səfərinə hazırlaşdığını da dedi: “Artıq yaradıcı heyətlə İran səfərimiz barədə müzakirələr aparmışıq. Növbəti səfərimiz isə Türkiyənin Tarsus və Ərzurum şəhərlərinə olacaq. Bizim daha bir proyektimiz də var – Azərbaycan, Makedoniya, Bolqarıstan və Türkiyədəki bölgə teatrları birləşərək bir tamaşanı öz yozumlarına uyğun hazırlayacaqlar. Dörd teatrın hazırladığı əsər Slovamir Mrojekin «Mühacirlər» tamaşası olacaq. Bu tamaşanı dörd dövlət ayrı-ayrılıqda hazırlayacaq. Sonda “Bir tamaşanın festivalı” adı altında onu nümayiş etdirəcəyik. Bu layihəyə görə Bolqarıstan, Makedoniya və Türkiyədə səfərlərdə olacağıq. Səfər təxminən sentyabr ayında nəzərdə tutulub. Bundan əlavə biz Bolqarıstan ilə yerdəyişmə edəcəyik. Bolqarıstan bizdə, biz isə Bolqarıstanda tamaşa göstərəcəyik”.
Yaxın günlərdə Lənkəran
tamaşaçılarına gözəl
tamaşalar nümayiş
etdirəcəklərini deyən
İslam Həsənov vurğuladı ki, teatrda italyan
dramaturqu Eduardo do Flipponun “Ruhlar”
əsərinin son
məşqləri gedir:
“Tamaşanın quruluşçu rejissoru Tural Mustafayevdir. Bundan əlavə, biz
Əhməd
Orucoğlunun “Mehriban
ailə”sinə müraciət etmişik.
Tamaşaya mən
quruluş verəcəm. Yeni
tamaşalar hazırlamaqla
çalışırıq ki, teatr daim işlək olsun.
Onu da nəzərinizə
çatdırım ki, bu
gün teatra
Sumqayıt Dövlət
Dram Teatrının baş
rejissoru Firudin Məhərrəmov
gəlib. O, burada Aqşin Babayevin “Xilaskar”
tamaşasını hazırlayacaq. Tamaşanın rəssamı Məmmədyar Cəfərov, musiqi
tərtibatçısı
Fərahim Qələmoğludur”.
Xəyalə
Rəis
Kaspi.-2013.-7-9 dekabr.-S.10.