Əbədi şəhidlik zirvəsində
Bu il oktyabrın 16-da Qusar rayonunda vəzifə
borcunu yerinə yetirərkən həlak olan polis mayoru Qabil
Quliyevin xatirəsinə
Polis mayoru
Polis olmaq böyük arzusu imiş Qabilin. Bəlkə də
heç düşünmürdü ki, elə bu arzusu onun
Əzrayılı, bu arzuya çatmaq üçün etdiyi
çabalar ömrünün baltası olacaq. Sevə-sevə, sevinə-sevinə əldə etdiyi
polis mayoru rütbəsi onun bu dünyada son, şəhidlik isə
o dünyada əbədi rütbəsi olacaq. Vətən yolunda canından keçən Quba rayon
Çiçi kənd sakini Qabil Quliyev haqda yazmaq çətin
olduğu qədər də asan oldu. Çətin
idi, çünki artıq bu həyatda olmayan, bu dünyada ona
çoxlarının ehtiyacı olan bir insanın
ölümü haqda dönə-dönə düşünməli
olduq. Həmkəndliləri Sadiq və Nərmin
onu o qədər gözəl anlatmışdılar ki,
haqqında yazmaq üçün xoş sözlər tapmaqda
heç bir çətinliyimiz olmadı.
Bu il oktyabrın 16-da Qusar rayonunda polislə vəhabi
olduğu bildirilən və özlərini “Meşə
qardaşları” adlandıran bir qrup silahlı şəxs
arasında baş verən atışmada həlak olub Qabil. Söylənənlərə görə, bir dəfə
yaralansa da, əməliyyat yoldaşlarını tək
qoymayıb, silahlı şəxslərə qarşı
atışmaqda davam edib. Lakin ikinci dəfə
yaralananda onun həyatını xilas etmək mümkün
olmayıb.
Bulaq suyu-dağ havasının
yetişdirdiyi qəhrəman
1971-ci ildə Quba rayonunun dağ kəndi olan
Çiçidə anadan olub Qalib Quliyev. Dağ kəndi,
dağ havası, dağın təmiz suyu və qidası onun
dağ ürəkli, dağ cüssəli, igid bir oğlan kimi
yetişməsində, boya-başa çatmasında öz təsirini
göstərib. Qabil Çiçi kənd
məktəbini əla qiymətlərə bitirdikdən sonra əmək
fəaliyyətinə başlayıb. Kənd
uşaqları əmək fəaliyyətinə 4-5
yaşlarından başlayırlar. Ailənin
təsərrüfat içlərini yerinə yetirirlər.
Bu da onlarda əməksevərlilik,
dözümlülük və çeviklik əlamətlərinin
yaranmasına səbəb olur. Qabil də hələ
uşaqlığından çətinlikdən və zəhmətdən
qorxmayan bir gənc kimi yetişir. Onun tərbiyə
alıb böyüyü ailə, başda atası Əkrəm
kişi olmaqla, əməksevər, zəhmətkeş
adamlardır. Bu da Qabilin sağlam ruha, əməyə,
vətənə məhəbbət ruhunda tərbiyə
alıb, böyüməsinə öz təsirini göstərməyə
bilməzdi. Az müddətli əmək
fəaliyyətindən sonra Qabil hərbi xidmət borcunu yerinə
yetirmək üçün Quba hərbi
komissarlığına çağırılır. Onu Türkmənistanın dağlıq sərhəd
zonasında yerləşən çox məsuliyyətli qaynar
zonaya göndərirlər. Qabil öz
doğma kəndində qazandığı hörməti orduda
da qazanır. Xidməti borcunu şərəflə
yerinə yetirir. Ordu rəhbərlərinin,
əsgər yoldaşlarının hörmətini qazanır.
Xidmət etdiyi hissədən valideynlərinə
saysız-hesabsız təşəkkür məktubları
göndərilirir. Qalib arıq, uzun,
sarışın olduğundan və xidmət zonasında ona
at verildiyindən yoldaşları və komandirləri ona
zarafatla “Don Kixot” ləqəbi veriblərmiş. O, sərhəddə
igidlik nümunəsi olur.
Uşaqlıq arzusu-polislik
Hələ orta məktəbdə oxuyandan ən
böyük arzusu polis işçisi olmaqmış. Hərbi xidmət
zamanı sərhəd zonasında olduğu üçün
onu dessant kimi hazırlayırlar. Bu
hazırlıq onun polis olmaq arzusuna da uyğun idi. Hətta vətənə qayıdıb kənd təsərrüfatı
fəaliyyətinə başlayanda da bu arzuya çatmaq
üçün çalışır. O, bu məqsədlə
Quba rayon Daxili İşlər Şöbəsində
sıravi polis kimi işləməyə başlayır. Böyük arzusuna çatmaq üçün məsuliyyətlə
çalışır. Bütün
tapşırıqları qüsursuz yerinə yetirir, vəzifə
öhdəliklərini layiqincə həyata keçirir. Çox keçmədən savadlı və
bacarıqlı işçi olduğunu görən rəhbərlik
onun ixtisas təhsili alması üçün Azərbaycan
Daxili İşlər Nazirliyinə namizədliyini verir.
Nazirlikdə Qabilin tərcümeyi-halı və xidmət sahələri
ilə tanış olduqdan sonra, o,
qeyri-şərtsiz Mərdəkan Milis Məktəbinə
göndərilir. İmtahanı müvəffəqiyyətlə
verən Qabil tələbələr sırasına qəbul
edilir. Beləliklə arzusuna
çatmağa ilk addımını atmış olur. Qabil burada da qabiliyyətini nümayiş etdirir.
Dərslərini yaxşı oxuyur, çox
çalışıb əla qiymətlər alır, müəllim
və tələbə kollektivinin hörmətini qazanır.
Təhsilini başa vurduqdan sonra Daxili İşlər
Nazirliyinin göndərişi ilə Qusar rayon Polis Şöbəsinin
sərəncamında xidmətə başlayır. Tezliklə təmizliyi,
namusluluğu, qorxmazlığı, qanunları pozanlara, zəhmətkeş
xalqı incidənlərə qarşı qətiliyi, Azərbaycanın
müstəqilliyinə xələl yetirmək istəyənlərə
qarşı sərtliyi ilə Qabil təkcə iş
yoldaşlarının deyil, Qusar rayon sakinlərinin də
hörmətini qazanır. Qusar rayon PŞ-nin rəhbərliyi
çətin əməliyyatları Qabilə həvalə
edir. Ona göstərilən etimadı
doğrultmaq üçün Qabil ciddi-cəhdlə
çalışır və bu məsuliyyətinin
müqabilində ona tezliklə mayor rütbəsi verilir.
İşinə verilən yüksək qiymət
ona daha da irəli getmək üçün qüvvə verir.
Üstəlik, qəlbindəki Vətən
sevgisi, dövlətə xidmət, vətəndaşların
təhlükəsizliyinin keşiyində dayanmaq istəyi Qabilə
əlavə ruh verir.
Lakin
xaricdən dəstəklənən qüvvələr özlərini
rahat hiss etmirdilər. Onlar Azərbaycanın bu
gözəl şimal bölgəsində yuva salıb, özlərinə
“Meşə adamı” adını vermişdilər. Yanlış yola sapmış insanlar kimin
çaldığına oynadıqlarını, kimə, nəyə
xidmət etdiklərini bəlkə də bilməyə-bilməyə
qan tökməkdən çəkinmirlər. Havayı yerə dinc insanların
rahatlığını pozur, onlara maddi və mənəvi
ziyan vururlar. Qusar rayonunda yerləşən
neqativ ünsürlər tez-tez polis işçilərini əməliyyat
keçirməyə məcbur edirlər. Qabil
bu əməliyyatlarda fəal iştirak edirmiş. Bir
neçə il əvvəl Qusar rayonunun
özündə onun rəhbərliyi ilə keçirilən əməliyyatda
üç güllə yarası alsa da, geri çəkilməmiş,
əməliyyatı davam etdirmiş və nəticədə
cinayətkar dəstə məhv edilmişdi. Qabil
də cərrahiyə əməliyyatı ilə sağalaraq vəzifə
başına qayıtmışdı.
Qusar sevgisi...
Ona dəfələrlə
başqa rayonlarda iş təklif olunub. Lakin Qabil
“mənim Qusar camaatına böyük hörmətim var, mən
Qusarı sevirəm” deyib bu təkliflərdən imtina edib.
Birinci əməliyyatdan 3-4 il keçsə
də, cinayətkarlar tam yox edilməmişdi. Onlar
meşəyə çəkilərək öz məkrli
planlarını həyata keçirmək üçün
növbəti hiyləyə əl atmış, Qurban
bayramı günü polis işçilərinə qəfil həmlə
edib atışmaya səbəb olmuşdular. Səhəri
gün cinayətkarları zərərsizləşdirmək
üçün keçirilən əməliyyat zamanı
Cinayət Axtarış Şöbəsinin rəisi Əliyev
Mövlud ağır yaralanıb, polis mayoru Quliyev Qabil həlak
olub, digər iki polis məmuru da yaralanıb xəstəxanaya
düşüblər.
Beləliklə, uşaqlıq arzusuna böyük
uğurla çatan Qabil bu uğurlarının davamını
yaşaya bilmədi. O, Vətən yolunda şəhid oldu. Qusarda
və digər sərhəd zonalarda yerləşən
quldurların və onların arxasındakı qüvvələrin
məqsədi müstəqilliyimizə,
bütövlüyümüzə mane olmaq, biz məhv etmək
olsa da, onlar bilməlidirlər ki, Qabil kimi, Mövlud kimi minlərlə
vətənsevərlərimiz canları bahasına olsa da, buna əsla
yol verməyəcəklər. Ulu öndərimiz
Heydər Əliyev “Azərbaycanın müstəqilliyi
daimidir, əbədidir, dönməzdir” deyərkən də məhz
Azərbaycanın bu cür igid, qorxmaz övladlarının
olduğunu düşünərək bu əminliyini ifadə
edirdi.
Millətimiz Vətən uğrunda savaşan mərd
oğul və qızlarımızı layiqincə qiymətləndirə
bilir. Vətən yolunda ölmək bizim üçün
şərəf işidir. O gün Qabil bu şərəfli
işin qurbanı oldu. İndi Qabilin doğmaları, əzizləri
prezidentimiz İlham Əliyevin bir ifadəsinə xitabən
rahatlıq tapırlar: “Asayiş orqanları əməkdaşlarına
əl qaldıranlar layiqli cəzalarını alacaqlar”. Azərbaycan daxili işlər naziri Ramil Usubovun
göstərişi ilə cinayətkarlar axtarılır.
Qabili sevənlər ümidlə gözləyirlər
ki, onun canını alanlar layiqli cəzalarına
çatacaqlar.
Şəhidlik zirvəsi...
Qabil şəhid oldu, şəhid kimi dəfn edildi. Onun dəfn mərasimi
üç rəngli bayrağımız və yaylım atəşləri
altında, şəhidlərə layiq şəkildə
keçirilib. İgid vətən oğlu
Quba rayonunun Çiçi kəndində - öz dədə-baba
yurdunda dəfn edilib.
Tarix boyu bütün xalqlar xainlərə, zülmkarlara
nifrət bəsləyib, xeyirxahları, qəhrəmanları
isə böyük hörmət və sevgiylə yad ediblər. Məsələn,
Yəhudi Uskaryot İsa peyğəmbərə xəyanət
etdiyinə görə xristian dünyasında ən iyrənc
şəxs hesab olunur. Heç kim
onun adını uşaqlarına qoymur, onu yad etmir. Müsəlman
aləmində Yezid qəddar və alçaq adam
hesab edilir. Heç kəs onun adını belə
çəkmək istəmir. Müsəlman
aləmində bir nəfər də onun adını
daşımır.
İndi
asayişi qoruyan, müstəqillik uğrunda canlarından
keçən şəxslərə əl qaldıran qatilləri
kim yad edəcək? Öldükdən
sonra onları kim və necə dəfn edəcək?
Əlbəttə ki, heç kim.
Özündən
sonra qalanlar
Qabil ailəli idi. İki oğlu var. Oğlanları da
ataları kimi polis olmaq istəyirlər. Atalarının
qanını almaq istəyirlər. Neçə-neçə
oğulu onlar kimi atasız qalmaqdan qorumaq istəyirlər.
Bu məqsədə çatmaq üçün
onlara dəstək lazımdır.
Qabilin ölümü ailəsi, yaxınları və
Çiçi camaatı üçün ağır olsa da,
hamı onlunla fəxr edir. O, ölümü ilə də
düşmənlərə qalib gəldi. Qabilin babası
Əhəd kişi də Azərbaycanın
müstəqilliyi uğrunda mübarizədə həlak olub.
O, sovetlərə xidmət etməkdən cəsarətlə
imtina edib, Məhəmməd Əmin Rəsulzadənin Hitlerdən
müstəqillik üçün razılıq ala biləcəyinə
inam bəsləyib. Bu mümkün olmadıqdan
sonra ümidini itirib təslim olub və cəza yerində həlak
olub.
Vətənimizin Qabil kimi övladları bizdə bir daha
düşmənlərimizə qələbə
çalacağımıza ümid yaradır. Onun həyatı
gənclərimiz üçün əsl vətənpərvərlik
məktəbidir.
Allah rəhmət
eləsin!
Hazırladı:
Həbibə Abdulla
Kaspi. - 2013.- 7-9 dekabr.- S. 7.