Onun üçün qəzetdən kənarda həyat yoxdu
Əməkdar jurnalist Elman Telmanoğlu 45 ildir özünün
«qəzetli dünyasında» yaşayır
«Deyirlər, jurnalistlər ən az ömür yaşayan peşə sahiblərindəndirlər. Mənim fikrimcə, bu ona görə belədir ki, jurnalist hər hansı materialı hazırlamağa başlayandan yazıb qurtarana qədər özünü bu yazıya, təbii ki, müxtəlif nöqteyi-nəzərdən yanaşacaq oxucuların yerinə qoyur, xəyalən onlarla «söhbət edir», ən çoxu isə «eşitdiyi» iradları ürəyinə salır. Sonra qaralmış vərəqləri büküb bir kənara atır, yenidən işləyir, çalışır ki, yazısı oxucusunun və jurnalistikanın tələblərinə cavab verə bilsin… Beləcə, ömrünü saatbasaat, günbəgün əridir bu ağ vərəqlər üzərində. Nikbinliyini də gizlətmir, bilir ki, yaratdığı yaxşı yazılar həyat üçün, insanlar üçün, bütövlükdə bu aləm üçün həmişəyaşardır və yaşadıqca müəllifini də yaşadacaq...».
Bu fikirlər «Şərurun səsi» qəzetinin redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Naxçıvan Mətbuat Şurası idarə heyətinin üzvü Elman Telman oğlu Məmmədovundur. Bəs necə olub ki, Elman Telmanoğlu «az ömür yaşayan» peşə sahiblərindən biri olub?
Sualıma dərhal cavab vermədi. Alnını ovuşdura-ovuşdura bir xeyli fikrə getdi və nəhayət, yaddaşında oyanan xatirələri ağır-ağır, ardıcıllıqla dilə gətirdi:
- 1961-ci ildə Culfa rayonunun Əbrəqunus kəndindəki internat məktəbin V sinfində oxuyurdum. Bir gün dedilər ki, «Şərq qapısı» qəzetindən müxbir gəlib, məktəbdəki şahmat dərnəyinin fəaliyyəti ilə bağlı yazı hazırlayacaq. Düzünü deyim, məktəbdə idmanın bu növü üzrə yarışlarda daha fəal olan şagirdlər çox idi. Lakin, nəyə görəsə, şəkil çəkdirmək üçün «əllərinə mən keçdim» və Tünzalə adında bir sinif yoldaşımla birlikdə şahmat taxtası arxasında əyləşdirdilər və müxbir foto-aparatını işə saldı. Bir neçə gündən sonra şəklimiz qəzetdə çıxdı və «Bacarıqlı şahmatçılar» (təəssüf ki, bu gün də bəzi qəzetlərdə belə şablon sərlövhələrə rast gəlirik) adlı yazıda hər ikimiz «perspektivli idmançı» kimi təqdim edilmişdik. Əvvəlcə sevindim, ona görə ki, valideynlərim oxuyacaq və mənimlə fəxr edəcəkdilər. Elə ki, şagird yoldaşlarımın kinayəli baxışlarını hiss elədim, tənəli sözlərini eşitdim, Tünzalə ilə məni «bacarıqlı şahmatçı» kimi təqdim edən müəllimə də, məlumatı hərtərəfli araşdırmadan, dəqiq öyrənib-bilmədən şəkilaltı sözlər yazan müxbirə də acığım tutdu. Özümü də, onları da qınadım ki, oxucunu niyə aldadırıq axı... O vaxtdan əlimə keçən hər bir qəzet və jurnalı acgözlüklə vərəqləyir, əslinə qalsa, təzə məlumat əldə eləməkdən daha çox «Bacarıqlı şahmatçılar» kimi uydurma faktları axtarırdım. Beləcə, mətbuat özümdən xəbərsiz iç dünyama daxil oldu, qəzet-jurnal oxumayanda rahatlıq tapa bilmirdim…
Söhbət o qədər maraqlı, o qədər şirin keçirdi ki, Elman müəllimin sözünü yarımçıq kəsmək istəmirdim. Həm də müxbirə insanın ömür yolunu incəliklərinə qədər qələmə almaq üçün dolğun həyat hadisələrindən savayı nə lazımdır ki? Buna görə də dinləməyə üstünlük verdim:
- Tətildən sonra daha internata getmədim və təhsilimi müəyyən səbəblərdən müvəqqəti olaraq aralandığım Cəlilkənd məktəbində yenidən davam etdirməyə başladım. Məktəbdə «Pioner» jurnalına abunə yazılmışdım, «Azərbaycan pioneri» qəzetini isə şagird yoldaşlarımdan alıb oxuyurdum. 1966-cı ildə rayonumuzda qəzetin yenidən nəşrə başlaması xəbəri bəlkə də mənim qədər heç kəsi sevindirməmişdi: qəzet oxumağa daha bir fürsət keçmişdi əlimə. Həm də elə bir qəzet ki, rayonumuzun aynasıdır, əsasən yerli xəbərlər, şəkillər çap olunur. Həmin il orta məktəbi bitirdim, lakin hələlik ali təhsil dalınca getmədim. Ən əvvəl ixtisas seçməkdə valideynlərimlə mənim fikrim üst-üstə düşmürdü. Onlar tikinti mühəndisi olmağımı istəyirdilər, mənimsə fikrim qəti idi: mütləq jurnalist olacağam! O vaxtlar respublikamızda təkcə Azərbaycan Dövlət Universitetində (indiki BDU) jurnalistika ixtisası üzrə kadrlar hazırlanırdı və belə bir qayda da var idi ki, jurnalistika fakültəsində qəbul imtahanlarına buraxılmaq üçün mütləq mətbuat səhifələrində ən azı 5-6 yazın çap olunmalı, redaksiyadan xasiyyətnamə-zəmanət almalı idin ki, «səndən jurnalist ola bilər». Bunlar olmadığına görə məktəbi qurtaran kimi istəyimin dalınca gedə bilmədim. Attestatı alandan sonra bir müddət rayon pambıqtəmizləmə zavodunda fəhlə, sonra kəndimizdəki Dimitrov adına kolxozda pambıqçı işlədim. 1968-ci ilin oktyabr ayında isə rayon qəzetinin mətbəəsində mürəttib köməkçisi kimi işə başladım. Beləcə, çoxdan arzusunda olduğum qəzetli dünyama girdim. Qəzetdə birinci imzam ay yarımdan sonra göründü. Dəmiryol təmiri məntəqəsindən yazdığım balaca xəbəri Çingiz Nağıyev redaktə eləməmişdən qabaq məni yanına çağırdı, bəlkə də ruhdan salmamaq üçün bəyəndiyini dedi, həm də tapşırdı ki, bundan sonrakı yazılarda tələsməyim…
Bir müddətdən sonra məni baş çapçı, eyni zamanda mətbəənin briqadiri vəzifəsinə irəli çəkdilər. Boş vaxtlarımda redaksiyanın müxtəlif əməkdaşlarından tapşırıqlar alır və yeni xəbərlər axtarışına çıxırdım. İşləyə-işləyə imtahanlara da hazırlaşırdım. 1969-cu ildə sənədlərimi BDU-nun jurnalistika fakültəsinin qiyabi şöbəsinə təqdim etdim. İmtahanların nəticəsi uğurlu oldu və bugünədək davam edən, özüm üçün şərəfli və mənalı saydığım həyat yolumun ilk pilləsinə qədəm qoydum. Universitet illərində Nurəddin Babayev, Nəsir İmanquliyev, Əliş Nəbili, Şirməmməd Hüseynov, Bəxtiyar Vahabzadə, Nəriman Zeynalov, Ağababa Rzayev, Qulu Xəlilov, Əli Fəhmi, Famil Mehdi, Cahangir Məmmədli… kimi tanınmış simalardan aldığım dərs həyatda həmişə gərəyim olub, yoluma işıq salıb. 1970-ci ildən bu günədək jurnalistlik fəaliyyətim isə rayon qəzetinin məsul katibi kimi daim sənin gözlərin qarşısında cərəyan edib. Odur ki, bu dövr üçün mənim yox, sənin fikir söyləmən daha maraqlı olar. Özü də obyektiv olmaq, ifrata varmamaq şərti ilə.
Elmanın mətbuat aləmində atdığı addımlar, özünün də dediyi kimi, rayon qəzeti mətbəəsində çapçı köməkçisi, çapçı, mətbəə briqadiri işləyə-işləyə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alarkən bərkidi. 1974-cü ildə rayon qəzetində müxbir, bir il sonra şöbə müdiri işləyərkən qələmi get-gedə püxtələşdi. Gözəl üsluba, geniş əhatə dairəsinə malik Elman Telmanoğlu çox çəkmədən məqalələrində ciddi problemlər, zəruri məsələlər qaldırmağa başladı. Az vaxtda peşəkar jurnalist kimi tanındı. Curnalistlər Birliyinin sıralarına qəbul edildi, mətbuat sahəsindəki səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fəxri Fərmanına layiq görüldü. Ən nəhayət, 2010-cu ildə, ömrünün 60-cı baharında ən yüksək ad - Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adını almağa müvəffəq oldu.
Elman Telmanoğlu yüzlərlə sanballı məqalənin müəllifidir. Onun publisist yazılarını oxuyarkən əvvəldən-axıradək belə bir nəcib həqiqətlə yol yoldaşı olursan: «İnsan öz bilik və bacarığını, zəhmət və səyini el yolunda sərf etməli, doğma torpağı göz bəbəyi kimi qorumalı, qəlbinin sönmək bilməyən ehtirası ilə insanları sevməlidir. Yalnız belələrinin ömrü əbədiləşir və ölümsüzləşir».
Elman Telmanoğlu jurnalistikanın bütün janrlarında özünü təsdiqləmiş qələm sahiblərindəndir. Uzun illər qəzetdə yer tutmuş «Mirzə Cəlilsayağı» rubrikasının aparıcısı olub. Lakin «Anam mənə kor deyib, gəlib gedəni vur deyib» kimi ölçülərdən, qərəzli fikirlərdən uzaq durub. Günlərlə, həftələrlə axtarışlar aparıb, dəlil-sübut toplayıb, sonra sözünü deyib. O, sovet dönəmində tənqidi yazılara, ən çox jurnalistikanın felyeton janrına meyilli idi. Nəqliyyat xidmətində, mədəniyyət və tikinti sahələrində olan problemləri, ticarətdə, ictimai iaşədə əliəyriliyi, səhiyyədə oğurluğu və rüşvətxorluğu ifşa edən serial məqalələri, felyetonları bu gün də maraqla xatırlanır.
Saxta və qondarma «Dağlıq Qarabağ problemi» təzə-təzə ortaya atılan vaxtlar idi. Həmkarlarla demək olar ki, hər gün bu mövzuda söhbətləşir, dərdləşirdik. Bax, elə onda Elman müəllim bu günümüzü -- milli satqınlarımızın xəyanəti sayəsində torpaqlarımızın işğalını, başımıza açılan faciələri elə bil hamımızdan daha aydın görürdü. Bunun üçün də məyus, qanıqara, sinəsi ağrılı idi. Elə hey yanıqlı-yanıqlı danışır, köks ötürürdü. Üzü payız günəşi tək tutulub-açılırdı…
Çətin ərəfə idi, respublika rəhbərliyi camaatdan həqiqəti gizlədirdi. Bəzən elə yazarlar olur ki, böyük bir ordunun görmədiyi işi görür. Xalqı səfərbər etmək üçün o çağlarda, xüsusilə qanlı Sədərək döyüşləri zamanı belə yazılara daha böyük ehtiyac var idi. Amma haqq səsi elə boğazdaca boğulurdu. Görən gözlər qara örpəklə qapanırdı. Bir sözlə, kor ol -- görmə, lal ol -- danışma, kar ol - eşitmə! (Allah sənə rəhmət eləsin, böyük Sabir!) Bütün qadağalara baxmayaraq, Elman müəllim gördü də, eşitdi də, danışdı da, yazdı da. Amma necə?
İndiki kimi yadımdadır, 1990-cı il yanvar ayının 21-i idi. Səhər-səhər rayon qəzeti redaksiyası kollektivinin ümumi yığıncağı keçirildi. Yığıncaqda qəzetin o vaxtkı redaktoru Mikayıl Əliyev Sədərək və Kərki kəndlərindəki vəziyyətdən ətraflı danışdı və dedi:
- Məlumunuz olduğu kimi, yanvarın 18-dən Sədərək və rayonumuzun digər kəndləri top atəşinə tutulmuş, ermənilər rus əsgərlərinin köməyi ilə ərazimizə basqın etmiş, dağıntılar və qırğınlar törətmişlər. Lakin istər respublika, istərsə də mərkəzi hökumət tərəfindən heç bir tədbir görülmür, əliyalın əhalimizə qarşı erməni vəhşiliyinin qarşısı alınmır. Dünən axşam yenə də Elmanla birlikdə Sədərəkdə olmuş, müdafiə mövqelərinə getmiş, şəhid vermiş ailələrə baş çəkmişik, sonra rayon mərkəzi xəstəxanasına gəlmiş, yaralılarla görüşmüşük. Elman bütün gördüklərimizi, eşitdiklərimizi qeyd edib və bilirəm ki, yazını da hazırlayıb. Lakin bilirsiniz ki, bu səpkili məqalələri Kommunist Partiyasının inhisarında olan qəzetimizdə olduğu kimi dərc eləməyə, şərh verməyə qoymurlar. Odur ki, etiraz əlaməti olaraq qəzetin çapını dayandırmaq qərarına gəlmişik.
Doğrudur, qəzetin çapı dayandırıldı. Lakin başqa bir məsələ ortaya çıxdı, Elman Telmanoğlunun fikirləri mübahisə mövzusuna çevrildi. O, dedi:
- Yaxşı, qəzet buraxmadıq. Bəs, belə bir ağır məqamda Bakıdan tam təcrid olunan rayon əhalisi informasiyasız qalmalıdırmı? Bu boşluğu doldurmaq üçün bəlkə gündəlik bülleten buraxaq?
Daha bir sual ortaya çıxdı: Bəs, qeydiyyatdan keçməmiş bu bülletenin buraxılmasına kim məsul olsun? Heç kimdən səs çıxmadı. Bu yükü qəzetin şöbə müdiri Elman Telmanoğlu öz üzərinə götürdü. Qeyd edək ki, həmin vaxt oxucularına mövcud ictimai-siyasi vəziyyət, müdafiə mövqeləri barədə operativ məlumat çatdırılmasında və əhalinin səfərbərliyə alınmasında hər gün kiçik formatda, 8-12 səhifə həcmində buraxılan bu bülletenin çox rolu oldu. Bülleten kənd-kənd, səngər-səngər, əl-əl gəzirdi. Bu nəşrə görə bülletenin məsul redaktoru olan Elman müəllimi (məsul redaktorun şərti imzası Mirzə Namləm idi) çox sıxdılar, lakin inadından dönmədi, fəaliyyətini qəzetin nəşri bərpa olunana qədər davam etdirdi.
Ümumiyyətlə, qorxmaz əməllərinə, cəsarətli yazılarına görə Elman Telmanoğlu istər hökumətdən gizli nəşr olunan bülletenin məsul redaktoru, istərsə də qəzetin şöbə müdiri kimi bir çox təzyiqlərə məruz qalmışdır. AXC üzvləri dəfələrlə redaksiyanın, eyni zamanda onun kabinetinin qapısını mismarlamış, onu təhdid etmiş, hətta fiziki işgəncələrə məruz qoymuşlar. Amma mətin jurnalist heç vaxt təqib və təzyiqlərdən qorxub çəkinməmiş, tutduğu düzgün yoldan, öz əqidəsindən dönməmişdir.
Elman müəllim 1992-ci ildən «Şərurun səsi» qəzetinin redaktorudur. Bu elə bir vaxt idi ki, maliyyə imkanlarının məhdudluğu üzündən qəzetin bağlanmaq təhlükəsi var idi. Redaksiya işçiləri aylarla zəhməthaqqı ala bilmirdilər. Nəşriyyat xərci ödənmədiyinə görə mətbəədə də işi müxtəlif bəhanələrlə yubadır, yaxud, ümumiyyətlə qəzeti çap etmirdilər. Hətta o vaxtkı rayon rəhbərliyi də, «Bu ağır vəziyyətdə bizə qəzet lazım deyil», - deyə yaxasını kənara çəkmiş, mətbu orqanı taleyin ümidinə buraxmışdı. O illər üzləşdiyimiz bu və digər çətinliklərə baxmayaraq, Elman müəllim kollektivimizə mənəvi dəstək, dayaq oldu, bizi ruhdan düşməyə qoymadı, rayon qəzetinin nəşrinin dayanmaması üçün, sözün əsl mənasında, dəridən-qabıqdan çıxdı.
Bəli, çətin və şərəfli peşə sayılan qəzetçiliyin bütün ağrı-acılarını dadmış Elman müəllim ibrətamiz həyat yolu keçmişdir. Onun üçün redaksiyadan kənarda həyat, demək olar ki, yoxdur. İşinin çoxluğu bəzən ailə qayğılarını da unutdurur. Dəfələrlə onu işdən sonra evdə axtarmışam, amma yenə də redaksiyada tapmışam. Demə, başı sabah qəzetdə dərc olunacaq məqalələri təkrar-təkrar oxumağa, çapa hazırlamağa qarışıb. İndiyədək kiçik bir xəbərin belə o, baxmadan qəzetdə getdiyini görməmişəm. Bütün yazıları dönə-dönə işləyir, yenidən kompyüterdə yazdırır, yaxud özü yazır, nəhayət, «Bu yazı bayaqkı şəkildə qəzetdə getsə idi, oxucu adama nə deyərdi?», -- ifadəsi ilə bir saat əvvəlki materialdan daha mükəmməl yazı ortaya qoyur. Gözündən eynəyinin birini götürəndə o birini taxır. Amma, dediyim kimi, hansısa kənddən, yaxud bir təşkilatdan redaksiyaya göndərilən 4-5 cümləlik xəbəri də çox böyük məsuliyyətlə işləyir. Ümumiyyətlə, redaktorumuz vəzifə borcuna vicdanla yanaşmağı xoşbəxtlik sayır.
Elman Telmanoğlunun
fikirləri
ilə
başladığım yazımı onun
sözləri ilə də
tamamlayıram:
- Müqəddəs kitabımız Qurani-Kərimin 68-ci surəsi «And olsun Qələmə və yazdıqlarıma…» kəlamı ilə başlanır. Bu, Tanrının öz bəndələrinə birbaşa müraciəti, tövsiyəsi, Allah-Təalanın Qələmi də müqəddəs Torpaq, Səma, Su və digər varlıqlarla bir cərgəyə qoyduğuna işarədir. Bir də, «Hər şey Sözdən başlanıb» deyilir səmavi kitablarda. Ona görə də Sözə xəyanət, müqəddəs Qələmə hörmətsizlik günahların ən böyüyü, xəyanətlərin ən qorxulusudur. Dünyanın digər böyük günahları - Vətənə, Anaya, Dosta xəyanət buradan qaynaqlanır. Əlinə qələm alan hər kəs bu məsuliyyəti dərk etməlidir. Ömrüm boyu bu amala sığınmış, bu həqiqətə tapınmışam. Odur ki, keçmişimə boylananda, dünənimə baxanda həyatda düzgün mövqe tutduğumu, ən çətin məqamlarda belə səhv etmədiyimi, bu gün özüm, ailəm, 4 övladım, 9 nəvəm, dost-tanışlarım üçün utanc gətirməyəcək bir ömür yaşadığımı göz önünə gətirir və sonsuz qürur hissi keçirirəm…
Cəfər
ƏLİYEV,
Naxçıvan Muxtar Respublikasının Əməkdar
jurnalisti, Şərur rayonu
Kaspi.-2013.-10 dekabr.-S.12.