Atatürk üstün TÜRK deyildi, o, sadəcə əsl TÜRK idi!

"Mən hər şeydən əvvəl bir Türk millətçisiyəm. Belə doğuldum, belə öləcəyəm. Türk birliyinin bir gün həqiqət olacağına inanıram. Mən görməsəm də onun xəyalları ilə bu dünyaya gözlərimi yumacağam. TÜRK birliyinə inanıram, onu görürəm! Dünənin tarixi, yeni fəsillərini Türk Birliyilə açacaqdır. Dünya öz sakitliyini bu fəsillərdə tapacaq. Türkün varlığı bu köhnə aləmə yeni üfüqlər açacaq, Günəşin, üfüqün nə demək olduğunu dünya ancaq o vaxt görəcək!

Yüksəl TÜRK!

Sənin yüksəlişin sərhəddsizdir!"

Mustafa Kamal Atatürk!!!

...bəzi nüanslar var ki, onun haqqında nəsə yazmaq çox çətindir hətta deyərdim ki, imkansızdır. Mənə Atandan bəhs et desələr, susmağı seçərəm, çünki atam mənim səssizliyimdə böyükdür. Yazılmayan qanunların kağız üzərindəkilərdən daha güclü olduğu kimi. Ya da bir millətin üstünlüklərindən danış, onu öy desələr yenə də eyni reaksiyanı verərəm əgər sözügedən millət TÜRK adını daşıyırsa.

Və... mənə ATATÜRKdən yaz deyirlər. Səssizlik qədər böyük bir millətin ATAsı olan bir qəhrəmandan...

Susmaq haqqım yoxdur. Danışmalı və ya qələmə almalı, MƏNdəki ən dərin yerdə olan bir qəhrəmanı dilimə gətirməyə cəsarət etməliyəm. Yox, yox mən özümə cəsarətsiz dedirtmərəm. Tək çarə yazmaqdır, ey qələm, kömək ol!

Zaman və məkan anlayışının yolunu azdığı bir məqamı xüsusi vurğulamadan keçmək olmaz. Sözün düzü, mən ATAtürk haqqında yazıma Çanaqqaladan başlamaq istəyirəm. Çünki Mustafa Kamal Paşa imzalı Türkiyə Cümhuriyyətinin varoluş tarixçəsi Çanaqqaladan başlayır. Çanaqqala da 57-ci alaydan...

Bu gün böyük Türkiyə Ordusunda 57 nömrəli bir alay var amma əsgərsiz. Nə əsgəri, nə cavuşu, nə də komandiri var. Bu günün özündə də 57-ci alay dünyanın ən qəhrəman alayı hesab olunmaqdadır. Alay komandirindən əsgərinə qədər hamısı savaşda şəhid olub. Buna hörmət əlaməti olaraq bu nömrəli hərbi hissə beləcə qorunub saxlanır.

Mən vətənpərvərliyin, milləti sevməyin konkret bir qaydası olmadığını düşünürəm. Necə ola bilər ki, heç bir savadı olmayan Anadolu qadını öz oğlunun ağ alnına qan qırmızısı xına yaxıb qurbanlıq qoç kimi savaşa göndərir? Bu hansı məntiqə sığar, hansı ağıl alır bunu? Necə olur ki, bir alay qırılır, tək qalan son əsgər bütün gücünü əlindəki bayrağı gözünün gördüyü bir budağa sancıb gözünü yumur. Sevda budur! vətənpərvərlik budur! və bunun qaydası olmaz! Bu, südlə gəlib sümüklə çıxar. Qan olub dolaşar türk olanın damarlarında.

Atatürk bax o sözünü etdiyim əsgərin asdığı bayraqdır. Yerə düşməz! O əsgərin alnına yaxılan xınadır, alın yazısı kimi...

Silinməz!

(bu haşiyəni çıxmadan keçə bilmərəm, avstriyalılar həmin bayrağı Malborna aparıb muzeydə nümayiş etdirirlər. Bayrağın altında bu sözlər yazılıdır: "bu alay sancağı döyüş meydanından gətirilib. Amma heç cür əsir edilə bilməyib. Çünki türklərin kültüründə ən son növbətçisi şəhid olmadan bir bayrağı əsir ala bilməzsiniz. Ona görə də bu bayrağın altından lütfən sayğıyla əyilərək keçin.")

...hansı birindən bəhs edəsən ki. "Bədəli Çanaqqalada qanla ödənəcək" deyən əsgərdənmi, oğluna xına yaxıb savaşa göndərən anadanmı, "o əsgərin üstündən çıxan əlbisələri mənə gətirin, çünki onun atası mənəm" deyən savaş həkimindənmi...

Mənə elə gəlir ki, Atatürkü tanımaq üçün ən əvvəl Çanaqqalanı öyrənmək lazımdı. Çünki "xınalı mehmetciklər"in (mehmetcik-Məhəmmədin əsgərləri deməkdir. N.İ) hər birinin ayrı-ayrılıqda əfsanələr yaratdığı bu savaş bu qəhrəman adamın Türkiyə tarixinə atdığı imzadır.

Niyyətim kimsəyə bildiklərini təkrarlatmaq deyil. Sadəcə mənim mənəviyyatımda Atatürkü var edən bir neçə hadisəni dilə gətirməklə onu, onun böyüklüyünü sizin düşüncənizin aliliyinə əmanət eləməkdir:

"-1918-ci ildə Çexiyanın Karlovı Varı şəhərində yerləşən sanatoriyaların birində müsalicə alan Mustafa Kamal qəribə bir hadisəylə rastlaşır. Ölkədə un qıtlığı var, yadellilərə çörək satılmır. Mustafa Kamal özü ilə bir kisə un gətirib. Bundan xəbərsiz olan həkimi burda ona çörək verilməyəcəyini bildirir. Qıtlıq olduğundan çörəyin sadəcə özlərinə yetəcəyini və qonaqlara verilməyəcəyini deyir. Atatürksə bunun müqabilində özü ilə gətirdiyi un kisəsini həkimə hədiyyə edir və deyir ki, "bizdə əvvəlcə qonağı doyurarlar, əgər qalarsa özümüz bölüşərik".

İsbata ehtiyacı olmayan həqiqətlər təkcə bir insanın yox, bir millətin taleyini həll edir. Bu hadisə, bütöv bir Çexiya xalqına Türkün kimliyini tanıtmaq, bir millətin heysiyyətini nümayiş etdirməkdir. Deməkdir ki, baxın, biz buyuq! Biz Türkük! Və bizim mədəniyyətimizin ölçüsü boğazımızla deyil, adamlığımızla ölçülür!

...

"Xalq evlərindən birində Atatürkün Ankaraya ayaq basmağının ildönümü qeyd olunur. Ankaralıların qonaqpərvərliyindən həyəcanlanan Atatürk seymenleri (efe-savaşçı deməkdir. Seymen də Ankara efelərinə deyilir) oyundan sonra yanına dəvət edib, masadakıları təqdim etməyə başlayır:

- "...bu filankəs böyük alim, tarixçidir. Tarixi həm yazıb həm də oxudur. Bu, çox böyük bir yazıçıdır, olanları və olacaqları qələmə alar".

Beləliklə süfrə ətrafındakıların hamısını özünə məxsus kübarlıqla təqdim elədikdən sonra növbə seymenlərə gəlir və Ata üzünü onlara tutub:

"- bunlar da, bu dünyanın ən qəhrəman millətinin ən igid adamlarındandır. Mənə gəlincə isə, əgər bundan daha yaxşı tariximizi bilməsəm, bundan daha yaxşı dərdlərimizi dilə gətirməsəm, bundan daha yaxşı əsgər, bundan daha yaxşı natiq və sizdən bir az daha çox igid olmasaydım başınız olmazdım" deyir...

Deməyinə deyir də, yenə də qızaran yanaqlarını gizləmək üçün başını bir anlığa aşağı dikir və sonra seymenin birinə üzünü tutub:

- Gəl bunları bir qırağa qoyaq. Elə təsəvvür elə ki, mən nə Mustafa Kamalam, nə də cümhuriyyətin rəisi. İkimizdə Türkük, ikimizdə efeyik. Nə sən məni tanıyırsan, nə də mən səni. Tutaq ki, bir dağda rastlaşdıq, məndən qorxarsanmı?

Efenin cavabı gecikmir:

-Niyə qorxum? Sayəndə düşməndən qorxmadıq ki, səndən də qorxum."

Cavab Atatürkün xoşuna gəlmir. Üzünü efeyə tutub, "təbii ki, düşməndən qorxmamalısan, axı o Türk deyil, amma indi gəl görüm mənimlə bacararsanmı?"

Bunu deyib efenin başını öz dizinə doğru əyir, "mənə dayaq ol, görüm" deyir. Silahın lüləsini onun boynuna dayayıb, divarın hər hansı bir yerinə atəş açmağa başlayır. Güllənin saçlarını yalayıb keçdiyi seymən qımıldanmır, ordakılar onun qorxudan öldüyünü zənn edirlər. Atəş kəsilir, Atanın gülləsi bitir.

Efe yerindən dirçəlir, üzündə nə həyəcan, nə də qızartı var. Səsində azca da olsun titrəmə yoxdur, əksinə, gurultulu səslə gülümsəyərək Paşaya yönəlir:

"Qurşunlar bitdimi, Paşam?"

Efenin üzündəki məğrurluq və əminlik dolu ifadəni bir baxışda sezən Atatürk seymenin "Ata gülləsi bizi öldürməz" inamı ilə elə dik dura bildiyini başa düşmüşdü. Və qəfildən tapançanı yerə atıb, hıçqıra-hıçqıra bu kəlmələri dilinə gətirir:

"- bayaq dediklərimin hamısı yalandı! mən bir heçəm, heç kiməm! Mən bir HEÇ olardım əgər bu millət mənə belə inanmasaydı! bu millət gözünü qırpmadan mənim uğrumda canını verməyə hazır olmasaydı mən heç nə eləyə bilməzdim... "

Bütün müharibələr bir gün başa çatır. Amma məqamlarda gizli qalan detallar gec-tez özünü göstərir. Çanaqqala savaşında vuruşan əsgərin fövqəl davranışı Türklüyün öz gücünü İslam dinindən aldığının ən bariz nümunəsidir. Hamımızın bildiyi 250 kiloluq top mərmisini qaldıran əsgər hansı imana sığınıb yüksəlir? təbii ki, bu onun Allah sevgisinin mükafatıdır.

O Allah sevgisini müsəlmanın ən müsəlmanından da uca yaşayan Atatürkə nanəcib xislətlilərin dil uzatmağl heç kimdən gizli deyil. Ateist olduğunu iddia edənlər belə var. Lakin unudurlar ki, Atatürk yanında özü ilə hafiz gəzdirirmiş, hər gün bir saat Quran oxuması üçün. Atatürkün imanına şübhə edənlər onun ölərkən "aleykum-salam" dediyindən xəbərdardılarmı görəsən?!

Həqiqət nədir, bilirsizmi? Həqiqət bir millətə sahib çıxmaqdır. Bir millətə qanad gərib onu bir nazlı hilal altında toplamaq, o millətə Ata olmaqdır! Bu gün yüz minlərlə adam bayraq önündə diz çökürsə bunu ona borcludur! ey ona imansız deyənlər, sizinçün hansı din hansı iman Atatürkün Anasına olan sevgisinə əvəzdir?! (Anasını ziyarət edən Atatürk onun əlini öpmək üçün əyilir, Anası yerindən qalxıb Atatürkün əlini öpür. Səbəbini soruşanda cavab gecikmir: "mən səni doğdum, sən isə böyük bir Cümhuriyyəti!")

Mən bir gerçəyə inanıram, rus rejiminin bütün gücü ilə qırmağa cəhd etdiyi, müəyyən mənada da nail olduğu milli iradəmiz vaxtında Atatürkə əsaslansaydı, bu gün Qarabağ əlimizdə olardı. Bilərək bizə ən əvvəl kim olduğumuzu unutdurmağa çalışdılar ki, uduzmağımız asan olsun.

Tanrıya şükür ki, bəşəri azadlığın simvolu olan Bozqurd ulamağı bacardı. Ruhumuza, qanımıza, yuxularımıza bir Qurd ulartısı səsləndi və nə xoşbəxt bizə ki, kim olduğumuzu, hardan gəldiyimizi xatırlaya bildik. Bu gün bir Azərbaycan türkü olaraq əlimə qələm alıb Atatürkdən bəhs edə bilirəmsə və hər sətrimdə o qüruru damarlarımdakı qanda duya bilirəmsə demək ki, Sarı Bozqurd ölməyib! məndə, səndə, onda, bizdə üzü Tanrıya bir ulartıya dönməyi bacarıb!

Ruhun şad, məkanın cənnət olsun, Türkün ATASI!

Göytürk İmperiyasını Çin əsarətindən qurtaran Kürşad andlı 40 igid misali xəyalını qurduğun o Türk Birliyini qurmaq üçün dünyanın min bir yerindən qurdbaşlı Türklər boy göstərib tarixə hökm edəcək və Turan qurulacaq!

...Atatürk Türk millətinə şərəfin, ləyaqətin, milli heysiyyətin nə olduğunu aşıladı. Bir Türk doğulmağın, Tanrının adını daşıyan bir millət olmağın əslində nə qədər böyük bir anlam və məna ifadə etdiyini sərgilədi. Bir kral sarayında zeybək oynamağın, ingilis məmuruna "mən millətimə hər şeyi öyrətdim, qulluq eləməkdən başqa" deməyin şərəfini yaşatdı. Atatürk Türkiyənin tarixinə TÜRK adını qızıl hərflərlə yazdırdı Türkiyə torpağında əli toza bulaşan bir avropalı dövlət adamına təmiz əlini uzadıb "narahat olmayın, mənim torpağım təmizdir, əlimi çirkləndirməz" deməklə.

Mənim şüurumdakı Türkçülük budur!

Milli əxlaq budur! bu cür olmalıdır.

Türkçülük bir millətin yaşam tərzi, var olma əxlaqı və milli kimliyin, özünütəsdiqin Mustafa Kamal Paşa təqdimatında ortaya qoyulmasıdır. Rus imperiyası Türkün gücünü bildiyindən bizi məhz bu məqamdan vurmağa çalışdı və elə məhz buna görədir ki, bu gün bütün inkişafımızla bərabər biz Türkiyə türklərindən bir addım geridə gəlirik.

Bizə sirr olsa da düşmənə sirr deyil ki, nə malından, nə mülkündən, məhz qürurundan, heysiyyətindən vurulur Türk doğulan.

Bir Türk üçün

Qürur - Atatürk!

Şərəf - Atatürk!

Ləyaqət - Atatürk!

CÜMHURİYYƏT- ATATÜRK!!!

"Varlığımız varlığına ərmağan olsun, Paşa!!!"

Və son olaraq...

...mənə Atatürkün üstün cəhətlərini vəsf et desələr, cavabım:

ATATÜRK ÜSTÜN TÜRK DEYILDI, O SADƏCƏ ƏSL TÜRK KİŞİSİYDİ!

Çanaqqalada Başbuğ Mustafa Kamala

Ərdəbildə Şah BABAMA

Göy Qübbədə Oğuz ATAMA

Malazgirtdə Alparslana,

İstanbulda FaTehə

Misirdə Yavuza

Ötükəndə Almılaya

Çin səddində qırx igidli Kür ŞADA

Tanrı dağlarında ismini bizə verən GÖK TENQRİYƏ SALAM OLSUN!!!

 

Nigar İsfəndiyarqızı

P.S. Yazı "ATEV" təşkilatının "Atatürk və türkçülük" mövzusundakı yazı müsabiqəsində birinci yerə layiq görülüb.

Kaspi.-2013.-10 dekabr.-S.10.