Yaşıl Bursa
Bu şəhəri
görənlər ora
yenidən
dönmək istəyirlər
Bursaya İstanbuldan quru yolla, dəniz yolu ilə və hava yolu ilə getmək mümkündür. Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət Müşavirliyinin və TİKA-nın təşkilatşılığı ilə ərsəyə gələn infotur çərçivəsində bir qrup media və turizm şirkətinin nümayəndəsi isə Bursaya çatmaq üçün dəniz yolunu – İstanbul-Yalova arabalı yapurunu seçdi. Yalovadan saat yarımlıq yol boyunca yaranan ilkin təəssüratlar bizi qarşıda maraqlı səfərin gözlədiyindən xəbər verir. Ətrafı seyr edib bu yerlərin təsadüfən Yaşıl Bursa adlanmamasını hiss edirsən.
Açıq hava muzeyi
Osmanlı imperiyasının ilk paytaxtıdır Bursa. 130 il Osmanlıya paytaxtlıq edən şəhər altı sultanın məzarını qoruyur. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin onun adını daşıyan mavzoley var. Şəhərin ilkin görkəmi uzaq keçmişlərdən bu yana böyük mədəniyyətlərin beşiyi olan bir şəhəri tanıdır ziyarətçiyə. Asiya və Avropa arasında bir bölgədə yerləşməsi səbəbindəndir ki, hər iki qitənin mədəniyyətindən yararlanıb. Bu üzdən şəhərdə Roma, Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinin izləri qalmaqdadır. Təbiət zənginliyi, tarixə tanışlığı və bir çox mədəniyyətlərə ev sahibliyi etməsi ilə Uludağın ətəklərində qurulmuş bir şəhərdir Bursa. Tarixi kimlik və memarlıq baxımından şəhər açıq hava altında muzeyi xatırladır.
Bursa önəmli termal şəhəridir. Roma və Osmanlı dönəmindən qalan termal qaynaqları indi daha çox üzə çıxarmaq, dünyaya tanıtmaq üçün cəhdlər göstərilir. Səfərimiz boyunca gəzdiyimiz otellərdə, xəstəxanalarda termal qaynaqların möcüzəsi ilə tanış olacaqdıq...
Türkiyə iqtisadiyyatında sənaye mərkəzi kimi tanınan Bursa eyni zamanda önəmli turizm mərkəzi sayılır. Üç milyona yaxın əhalisi ilə Türkiyənin 4-cü böyük şəhəridir. İpək yolu üzərində yerləşməsi Bursanı dünyanın başlıca ticarət, sənaye və mədəniyyət şəhəri kimi tanıdıb. Türklər bu şəhəri əzizləyərək “Yaşıl Bursa” adlandırırlar. Şəhər buna görə, yaşı qərinələrlə ölçülən nadir ağaclara və bitkilərə - bir sözlə, zəngin floraya borcludur.
Məhz bu şəhərin mədəniyyətinə, tarixinə və təbii zənginliyinə görə Bursaya ziyarət edənlərin sayı ildən-ilə çoxalır.
Əzəmətli İldırım minarəsi İldırım Bəyazid tərəfindən 1390-cı illərdə tikilib və Bursanın ən görkəmli abidələrindən sayılır. Memarlıq anlamında Osmanlı dövlətinin mədəniyyətini və sənət tarixini özündə yaşadan önəmli yerdir. Cami, mədrəsə, imarət, xəstəxana, saray, məktəb, mətbəx, hamam və sonradan əlavə edilən türbədən ibarət olan İldırım qülləsi bəylikdən dövlətə keçidin ən mühüm nümunələrindən sayılır. “Ulu Cami” isə 1396-1399-cu illər arasında inşa edilib.
Erkən Osmanlı memarlığının Bursada yaşayan ən görkəmli abidələrindən biri Yaşıl Məsciddir. 1422-ci ildə Sultan II Murad zamanında tamamlanıb.
Əmir Sultan minarəsi
də
məşhur
dini ziyarət yeridir. Hazırda ən çox ziyarət edilən məsçid
və
türbələr arasında İstanbuldakı
Eyüp Sultan türbəsindən sonra ikinci yerdədir.
Muradiyyə qülləsi
Bursada Osmanlı sultanları tərəfindən tikilən
son minarədir. Bursa həmçinin
öz bazarları (çarşı) ilə məşhurdur.
Qapalı Çarşı,
Açıq Çarşı,
Uzun Çarşı
və
Xanlar bölgəsi adları ilə tanınan
çarşılar həm yerlilərin,
həm
də
şəhərin qonaqlarının ən çox üz tutduqları yerdir. Bu bazarlarda
şəhər sənayesinin
rəngarəng məhsulları
ilə
qarşılaşmaq mümkündür.
Zamanla genişlənən çarşı bölgəsi bu gün önəmli ticarət
mərkəzinə çevrilib. İstanbulla müqayisədə qiymətlər də münasibdir.
Bursaya gələn ziyarətçilər muzeylərə baş çəkməsələr geri dönməzlər. Bursa Şəhər Muzeyi, Hünkar Köşkü Muzeyi, Türk İslam Əsərləri Muzeyi, Tofaş Bursa Anadolu Arabaları Muzeyi, Atatürk Evi Muzeyi, Bursa Osmançılıq
Muzeyi, Arxeoloji Muzey, Basın Muzeyi, Karaköz Evi Muzeyi və s. maraqlı və nadir eksponatları
ilə
diqqət
çəkir.
Bursa bir çox
şəhərlərin yaşadığı
tramvay “nostaljisi”nə də
son qoyub. Şəhərin küçələrində insanları daşıyan qırmızı tramvaylar
elə
Bursada istehsal olunur. Küçələri bəzəyən tramvay şəkilləri ilə
şəhərin bu nəqliyyat
növündən
qürur duyduğunu bildirir.
Bursa toxuculuq sektorunun
tarixi 1500 illik bir dövrü əhatə edir. Osmanlı imperatorluğu zamanında
da ipəkçilik, toxuculuq
mərkəzi olmaqda davam edən şəhər ümumilikdə
Türkiyənin
toxuculuq paytaxtıdır.
Şəhərin küçələrində, bazarlarda, mağazalarda toxuculuq fabriklərinin çeşidli
məhsullarına
rast gəlinir. Bursada qida
sənayesi
ilə
bağlı fəaliyyət göstərən firmalar da çoxdur.
Meyvə
suyu, alkoqolsuz içkilər,
konserv və s. də rəqabət qabiliyyətlidir.
Dünyanın ən
böyük 10 qida firmasından 3-ü Bursada
istehsalla məşğuldur.
Bursada tibbi və
sağlamlıq turizmi
son 10 ildə
sürətlə inkişaf edib. Dünyanın hər
yerindən
insanlar müalicə və
müayinə
olunmaq, həmçinin istirahət etmək
üçün Bursanı
seçirlər.
Termal suların möcüzəsinə inanalar əliboş
qayıtmırlar. Osmanlı imperatorluğunun
ilk xəstəxanası və
tibb fakültəsi Bursada qurulub. Mövcud sağlamlıq şərtlərini bir araya gətirməklə və xidmət
genişliyi ilə Bursa Türkiyənin
sağlamlıq üzrə xidmət
bölgələrindən biri kimi tanınır.
“Qar cənnəti”
Bursaya yolu düşənlər qədim
dövrlərdən bəri
maraq doğuran Uludağa tələsirlər. Adına əfsanələr qoşulan
Uludağ ilin bütün fəsillərində ziyarətçilərə qucaq açır. Uludağın çəkici
özəlliklərindən biri də
Osmanlı memarlığının
beşiyi olaraq qəbul
edilən
Bursaya yaxınlığıdır.
Ta Bizans dövründən gündəlik
həyatdan
və
qələbəlikdən
uzaqlaşaraq öz-özü
ilə
baş-başa qalmaq istəyən zahidlərin
rəğbət etdiyi yer olub
Uludağ. Osmanlılar zamanında
“Keşiş Dağı”
adlandırılan Uludağ
günümüzdə
Türkiyənin
ən
çox ziyarət edilən
turizm məskənidir.
Həmçinin qış idman
növünün mərkəzi kimi tanınır.
Səfər boyunca bizi müşayiət edən
Bursa vilayətinin
Mədəniyyət və
Turizm şöbəsinin müdiri Doğan Çiçək
dedi ki, qış ayları deyilən
kimi ilk ağıla gələn yer Uludağ olur. Dekabrdan aprel ayının
sonlarına qədər başı
qarlı təpələri
ilə
xizəkçilərin sevimli məkanına
çevrilir Uludağ.
İnsanlar qış idmanının
qəlbi
sayılan bu yerlərdə xizəkləri və
idman paltarlarını
kirayələyə və öyrənmək üçün müəllimlərdən dərs ala bilir. «Qar
cənnəti» adlandırılan Uludağda
cürbəcür
əyləncələr
üçün şərait var. Qarlı ormanlar arasında gəzinti də mümkündür. Uludağ sadəcə, bir idman mərkəzi deyil, həmçinin
insanların ailəlikcə istirahət
edə
biləcəkləri yerdir.
Uludağ ilin hər mövsümündə
ayrı bir gözəlliyə bürünür. Yaz aylarında
burada insanlar piknikə
gəlir
və
dağ yürüşləri edirlər.
Buzlugöl, Kilimgöl,
Karagöl və Aynalıgöl istirahətə gələnlərin
ən çox sevdiyi yerlərdir.
İnsanlar bu yerlərdə çadırlar
qurub vaxt keçirirlər.
Uludağ eyni zamanda, zəngin
bir bitki məskənidir. Dağın ətəklərindən
zirvəsinə qədər dəyişən iqlim üzündən ilk bahardan yaz aylarının
sonlarına qədər dağın
fərqli
yüksəkliklərində mindən
çox bitki və
çiçəyi
tapmaq mümkündür.
Bunların arasında 26-ı sadəcə, Uludağa məxsus, 78-i isə Türkiyədən başqa heç yerdə
insanların görə bilməyəcəyi bitkilərdir. Dağın ətəyində isə
böyük milli parkın tikintisi davam edir.
Uludağın ətəklərindəki Cumalıkızık kəndi də
çox məşhurdur. Osmanlı memarlığının
örnəklərini ən
çox yaşadan köy kimi tanınır.
700 il öncə qurulan kənddə heç bir daşa-divara toxunulmayıb.
Kənd özünəməxsus adət-ənənələrini əsrlərdən bəri qoruyub saxlayır. Köhnə
küçələr, qədim
evlər,
alaqapıda oturub dərdləşən ixtiyar qocalar, iş-gücə
tələsən cavanlar...
Köyün küçələrində at arabalarına da rast gəlmək mümkündür. İnsanlar öz
evlərinin
qarşısında əllərinin əməyi ilə hazırladıqları məhsulları və
suvenirlər
satırlar.
İnkaya Çinarı Türkiyənin ən yaşıl çinarı sayılan təbii ağacdır. 600 il yaşı var. Uludağ yolunda, Osmanlı dövlətinin ilk kəndlərindən olan İnkaya kəndindədir. Yay aylarında yol gedən yolçular ağacın altında ayaq saxlayır, dincəlir, xatirə şəkilləri çəkdirirlər. Burada zəngin Bursa mətbəxinin təamlarını da dadırlar.
Bursanın yaxınlığındakı İznik şəhərini isə şərab tanrısı Dionisin şəhəri adlandırırlar. Eramızdan əvvəl 4-cü yüzillikdən bu yana varlığını qoruyan bu kiçik və maraqlı şəhərin İstanbulu Anadoluya bağlayan yola yaxın bir nöqtədə yerləşməsi bu yerlərə önəmli bir canlılıq gətirib. Əfsanələrlə dolu olan İzniki heyranlıqla dolaşırıq. Sənət, ticarət və mədəniyyət mərkəzinə çevrilən şəhərdə Davud Kayseri, Ebul Fadil Musa, Əşrəfoğlu Abdullah Rumi kimi ünlü təsəvvüflər İznikdə yaşayaraq özlərindən sonra önəmli əsərlər qoyublar. Osmanlı dönəminin ilk məscid, mədrəsə və imarəti İznikdə inşa edilib. 14-16-cı yüzilliklərdə İznik önəmli bir sənət mərkəzi olub. Dünyaca ünlü çini və keramika növləri burada hazırlanıb. İznik hazırda Roma, Bizans və Osmanlı dönəmindən qalan qədim tikililəri ilə tarixi şəhər ənənəsini qoruyur.
İznikdə hazırda muzey kimi tanınan və 1388-ci ildə I Murad Sultanın anası üçün tikdirdiyi Nilufər Xatun abidəsi çox məşhurdur. 19-cu əsr Osmanlı memarlığının ən gözəl örnəklərindən biri sayılan abidə 1960-cı ildə bərpa edilərək muzey kimi xalqın ziyarətinə açılıb. Nülufər Xatun Muzeyi vaxtilə hər gün yoxsullara yemək verən bir xeyriyyə qurumu kimi tanınıb. Muzeyin bağçasında yunan, Roma, Bizans və Osmanlı dövrünün əsərləri yer alıb. Ayasofya muzeyi, Yaşıl Məsçid, Mahmud Çələbi Məsçidi, Süleyman Paşa Mədrəsəsi və s. kimi tarixi tikililər maraq doğurur. İznik həmçinin tarixi qapıları ilə məşhurdur. İznikin 4 ana qapısı İstanbul Qapı, Levkə Qapı, Yeni şəhər Qapı və Göl Qapı əslində Zəfər tağıdır. Qapılar Roma dönəmi memarlığının özəlliklərini yaşatması baxımından önəmlidir.
İznik özünün zeytunu ilə məşhurdur. Bəşəriyyətin 8 min illik mətbəx mədəniyyətindəki önəmini qoruyan zeytun bu şəhərdə bol yetişdirilir və insanların yaşayışını təmin edir. İznikə gələnlər İznik muzeyini və məzar daşlarını, İznik divarlarını və qapılarını, ünlü məscidləri görmədən, Ayasofya kilsəsini ziyarət etmədən, İznik çinisindən və zeytunundan almadan geri dönməzlər. Bursa Azərbaycana yaxınlığı ilə də seçilir. Gəncə, Abşeron bələdiyyəsi və Nizami rayonu ilə qardaşlaşıb. Bursada ulu öndər Heydər Əliyevin adını daşıyan park şəhər sakinlərinin sevimli istirahət yeridir.
Bursalılar deyirlər ki, bu şəhəri görənlər yenidən dönmək istəyirlər. Bəlkə tarixi şəhərə olan maraq həm də burada yaşayan insanların öz ölkələrinə sevgiləri ilə də bağlıdır...
Təranə
Məhərrəmova
Bakı-Bursa-Bakı
Kaspi.-2013.-12 dekabr.-S.9.