Bədii və elmi söz yaratmaq sahəsi dolanacaq vasitəsinə çevrilib 

 

 

 Arif Əmrahoğlu: Bədii və ya elmi sözün həyatın hansısa problemini dəyişəcəyinə, hansısa ağrısını nisbətən yüngülləşdirəcəyinə o qədər də inanmıram

 

Arif Əmrahoğlu 1954-cü ildə Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. Orta məktəbi Ermənistanın Noyemberyan rayonu Ləmbəli kəndində bitirib. Azərbaycan Dövlət Univertsitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. Azərbaycan EA Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi, Azərbaycan EA-nın Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini, Prezident Aparatında milli siyasət şöbəsində işləmişdir. Hazırda Azərbaycan Yazıçılar Birliyinin katibi, Bakı Dövlət Universitetinin müəllimidir. İlk mətbu hekayəsi "Axali Marneuli" qəzetinin 8 mart 1974-cü il tarixli sayında dərc edilib. Klassik və müasir Azərbaycan nəsrinin bədii axtarışları, sənətkarlıq məsələləri ilə ardıcıl məşğul olur. "Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun ədəbi-tənqidi, elmi məqalələrində bədii ədəbiyyatın poetik özünəməxsusluğunun, təhkiyə probleminin tədqiqi başlıca yer tutur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. İndiyədək “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü”, “Mirzə Fətəli Axundzadənin söz dünyası” və s. kitabları çap olunub.

– “Cini şüşədə saxlamağın vaxtıdır” məqaləniz belə bir cümlə ilə bitir: “Bütün etnoslar, xalqlar və millətlər ədəbiyyat yaratdı, kiminin ədəbiyyatı ağ, kiminin ki, qara oldu. Bu baxımdan Azərbaycan klassikası xalqa, xalqı isə ədəbiyyatına bənzəyir”. Bugünkü ədəbiyyatın mənzərəsiylə öz tezisinizi necə qiymətləndirərdiz, durum necədir və bu ədəbi durum xalqa hansı kriteriyalara görə bənzəyir?

– Kriteriyalar subyektiv olur. Kütləvilik mədəniyyətin və həqiqi yaradıcıların killeridi. M.Füzulinin O.Pamukdan və ya X.Hüsenidən az oxunması birincinin zəifliyi, ikincilərin güclü olması demək deyil. Yeri gəlmişkən deyim ki, mənim kitabxanamın çoxu xarici ölkələr əbəbiyyatından ibarətdi, yəni mən ən yaxşı əsərlərin oxunmasının, öyrənilməsinin birmənalı tərəfdarlarındanam. Vaxtilə T.Eliot kütləvi mədəniyyəti xalqa sırınmış mədəniyyət adlandırır və bildirirdi, onlar nə vaxtsa aldandıqlarını başa düşəcəklər. Bəzən kriteriya mənafe və maraqla birbaşa bağlı olur.

Hər bir ölkənin himni var. Biz hamısına hörmətlə və ehtiramla qulaq asırıq, çalınanda ayağa dururuq. Ancaq öz himnimiz çalınanda yaxşı mənada ətimiz ürpəşir, içimizdən bir iftixar ilıqlığı keçir. Ədəbiyyatda belədi. Təbii ki, səviyyəli ədəbiyyat. X.Abovyanın anti-türkçü "Ermənistan yaraları" ermənilər üçün, İ.Şıxlının "Dəli Kür" romanı bizim üçün tarixi bir əsərdi. Etnik-milli varlığı qorumaq üçün hər bir dövlətin, xalqın himni yarandığı kimi, ədəbiyyatı da yaranıb, yaranır və yaranacaq. Milli bayramlarda "Dədə Qorqud", "Dəli Kür", "O olmasın, bu olsun" və s. göstərilir və göstəriləcək. Dünyada bütün analar gözəldi, amma hər bir adamın anası özü üçün dünyanın ən gözəl anasıdı. Bu mənada ədəbiyyatımız özümüzə bənzəyir.

– “Min illərdir insanlar şeir oxuyurlar, ancaq arzuladıqları kimi yox, bacardıqları kimi yaşayırlar”. Bu cümlə Əli Kərim haqqında yazdığınız “Olduğu kimi görünən sənətkar” məqaləsindəndir. Arif müəllim, niyə ədəbiyyat həyatın qarşısında gücsüzdür və bunu bilə-bilə yazmaq istəyinin qarşısıalınmazlığını yaradan səbəblər nədir? Bu aldatmaca kimə nə verir?

– Fərid, məncə, ədəbiyyat yox, insan həyatın qarşısında gücsüzdü. Tarixən ilk növbədə insan özünü məhz bu gücsüzlükdən xilas etməyə çalışıb. Mifologiya da, məncə, müəyyən mənada buna görə yaranıb. Bəndə dərk edə və razılaşa bilmədiyi halların qorxusundan, xofundan azad olmaq üçün yozumlar verib və bu yozumları tədricən inama çevirib. Əbədilik, yoxluq, ruh və s. kimi anlayışlar beləcə formalaşıb.

Mifoloji sistem, əslində, həyat və yaşamaq normalarıdı. Yazılı ədəbiyyat həyatın, inkişafın gedişinə uyğun nə qədər dəyişsə də, fərqli təzahürü ilə mifoloji sistemin müəyyənləşdirdiyi normalar daxilində mövcuddu. Məsələn, sufizmi götürək. Ən ümumi şəkildə desək, sufizm müəyyən mənada həm də insanı Tanrının yaratdığı kosmosu xaosa çevirməməyə çağırışdı və bəndəni əbədi yoxluq qorxusundan azad etməkdi. Bu təlimə görə, nəfsli insan kimi ölüb nəfsinə qalib gəlməyi bacaran bəndə kimi dirilən varlıq zərrəciyi olan Tanrısına qovuşmaqla əbədi dirilik tapır və bununla da, qorxu hissi aradan qalxmış olur.

Fikir versək görərik ki, əksər mifoloji və yazılı mətnlərdə Xaosun mümkün səbəbkarı Tanrı deyil, ilk növbədə insan göstərilir. Ədəbiyyat həyatın qarşısında gücsüz qalan insanı ən sonda xaosa səbəbkar olmamağa səsləyir. Amma və lakin insan görür də, oxuyur da, oxumağını qurtaranda düşünür də, sonra da özünə qalib gəlməklə Tanrıya qovuşmaq və əbədi dirilmək yolunu yox, cənnətə düşmək yolunu seçir. Çünki birinci çətindi, bəndənin özünün özü ilə mübarzəsini tələb edir. Söz sənəti yenidən işinə başlayır.

– Mərhum yazıçı Eyvaz Əlləzoğlu haqqındakı fikriniz çox dəqiqdir, hansı ki, onda o vəfat etməmişdi. Qeyd edirsiniz ki, o yaşadığı kimi yazmır, ancaq yazdığı kimi yaşayır. Yaxud Əli Kərim haqda yazınızda deyirsiniz ki, onun iç dünyası ilə gerçək dünyası arasında uyğunluq yaranmadı. Bu cür hallar, belə olmaq yazar üçün indiki reallıqda hansı faciələrə gətirib çıxarır?

– Bir dəfə Əli Kərim Yazıçılar Birliyində bir məşhur sənətkarı görür və yanından keçir. Həmin sənətkar ona deyir ki, niyə salam vermirsən. Əli Kərim cavabında bildirir ki, əlimdən gələn elə budu. Əli Kərim içi ilə danışan şair və bəndələrdən idi. İçində bir gözəl dünyası vardı ki, orada ancaq və ancaq əlindən gələnləri edirdi. Reallıqla iç dünyası arasındakı ziddiyyət gözlənilən sona gətirib çıxartdı, çünki barışmaqla ziddiyyəti reallığın hesabına həll edə bilmədi və etmək istəmədi.

Eyvaz səfirlikdə işlədi, amma diplomat ola bilmədi. O da içi ilə danışırdı, eyni zamanda heç nəyi dəyişə bilməyəcəyinə əmin olduğu halda hirsini də tökürdü. Töküb qurtara bilmədi. Yazdıqdarı, yazmaq istədikləri daha güclü çıxdı.

– Mirzə Fətəli Axundzadə haqqında “Mirzə Fətəli Axundzadənin söz dünyası” kitabınızda onun müəyyən əsərlərində, xüsusən “Aldanmış Kəvakib” povestində naməlum müəllif kimi çıxış etməsindən yazırsınız. Sizcə, naməlum müəllif kimi görünmək onun əsərlərinə hansı üstünlükləri gətirirdi və ya nələrdən edirdi?

– Mirzə Fətəli Axundzadə istedadlı olduğu qədər də mütaliəli bir insan olub. O, şərhçiliklə qiymətləndirməni fərqləndirirdi və nəzərə alırdı ki, hər bir oxucu funksiyasının əlindən alınmasına dözməyən potensial şərhçidi, şərhləri qiymətləndirməyə çevirməklə onu daha da hikkələndirmək olmaz. Buna görə də L.Tolstoy deyirdi ki, mənim uşaqlığım heç kəsə maraqlı deyil, mən, ümumiyyətlə, uşaqlıq haqqında yazmışam. Təhkiyənin naməlum müəllifə tapşırılması bədii ədəbiyyatda yeganə vasitə deyil, amma ən optimal vasitələrdən biridi. Bu isə oyun qaydalarının, ən vaciblərindən birinə əməl etməyə çalışan M.F.Axundzadənin əsərlərinə obyektivlik verdi, inanmağa zəmin hazırladı. Unutmayaq ki, bədii yaradıcılıq da bir oyundu.

– Arif müəllim, bügünkü tənqid, sizcə, ədəbiyyatın mənzərəsini yarada bilirmi?

– Məncə, hazırda ədəbi prosesdə hələ tənzimlənməyən bir pərakəndəlik var. Ən inadkar peşəkardan tutmuş fəal oxucuya qədər heç kəs ədəbi prosesi tam şəkildə nəzərdən keçirə bilmir. Çap imkanları – müxtəlif saytlar, qəzetlər, dərgilər və s. artıb, çoxsaylı nəşriyyatlar var. Kitabların tirajını əksər hallarda mümkün oxucu sayından daha çox maddi imkan müəyyənləşdirir, yəni tiraj az olur. Belə bir vəziyyətdə ədəbi məhsulları oxuculara çatdıran bütün mənbələri əhatə etmək, yumşaq desək, çətinləşir. Tənqidçi də istər-istəməz mənzərəni olanlar əsasından daha çox, tapa bildikləri əsasında yaratmalı olur. Digər tərəfdən, tənqidçinin özünün obyektivliyini, səviyyəsini, potensialını nəzərə almaqla mənzərə yaratmaqdan yox, mənzərə yaratmağa cəhddən söhbət gedə bilər. Tənqidimizin aparıcı simaları bu cəhdi göstərirlər.

– Qəribədir, müxtəlif kitablar çıxır, əsərlər yazılır, ancaq ümumi mənzərə görünür ki, sanki proses görünmür?

– Proses dayam edir və görünür. Sadəcə olaraq, bədii və elmi söz yaratmaq sahəsi dolanacaq vasitəsinə çevrilib və bu da prosesin gedişinin görünməsinə kölgə salır. İki fakta diqqət yetirmək istəyirəm. Məsələn bu günlərdə ümummilli lider Heydər Əliyevin əbədiliyə qovuşmasını həm acı ilə, həm də fəxrlə bir daha xatırladıq. Acı ilə ona görə xatırladıq ki, aramızda yoxdu. Fəxrlə ona görə xatırladıq ki, belə bir tarixi şəxsiyyət olub və var. Heydər Əliyevə həsr olunmuş nə qədər kitab, məqalə çap olunub və olunur. Anar, Elmira Axundova kimi peşəkarların əsərlərini çıxmaqla işıq üzü görən yazıların böyük əksəriyyəti "xalturadı".

Digər bir fakt: Biri gəlmişdi yanıma, Prezident təqaüdü istəyirdi, güclü "arqumenti" vardı: öz sözü ilə desək, "kişi haqqında poema" yazmışdı. 7 il bu tarixi şəxsiyyətin rəhbərliyi altında işləmiş bir bəndə kimi əsərə ötəri nəzər salanda gördüm ki, bu əsər Heydər Əliyev kimi azman bir dahinin ömrünün bir gününün bir saniyəsindən də aşağıda durur. Poema, sən demə, təqaüd almaq üçün yazılıbmış.

Azərbaycanda ali məktəblər az deyil. Orada savadlı, – və təəssüf ki, savadsız, – vicdanlı, peşəkar alimlər, pedaqoqlar çalışırlar. Ali məktəbdə onların əmək haqlarının artırılması namizədlik, doktorluq dissertasiyası müdafiə etməkdən, baş müəllim, dosent, professor adı almaqdan keçir. İstər-istəməz namizədlik və doktorluq dissertasiyası bir çox hallarda elmi marağa görə yox, maaşa görə yazılır. Müdafiədən sonra absurd bir mərhələ başlayır: namizəd dosent olmaq üçün hökmən proqram, metodik vəsait hazırlamalıdı, doktor isə professor olmaq üçün hökmən dərslik yazmalıdı.

Dövlət və özəl ali məktəblərdə isə təxminən eyni kafedralar, – məsələn, Azərbaycan ədəbiyyatı, xarici ölkələr ədəbiyyatı və s. fəaliyyət göstərir və təxminən eyni fənlər tədris olunur, istisnalar da var. İndi təsəvvür edin ki, bizdə heç kəsə lazım olmayan, bir-birini təkrarlayan nə qədər proqramlar hazırlanır, nə qədər metodiki vəsaitlər, dərs vəsaitləri, dərsliklər yazılır. İnandırım ki, bir sıra xarici ölkələrdə olduğu kimi, bizdə də dosent, professor adı almağın başqa mexanizmi hazırlansa, müəllimlərin ən azı 70 faizi bu mənasız işdən imtina edər.

Deməli, proses gedir, sadəcə olaraq onun görünməsinə mane olan səbəblər aradan qaldırılmalıdı.

– Rəsmi işlər sizdən nələri aldı, istədiyiniz hansı mövzuları yaza bilmədiniz və ədəbi tənqiddə hansı yerləri boş görürsünüz?

– Heç bir rəsmi işdə məni zorla işlətməyiblər ki, durub indi vay-şivən salım, itən günlərdən, saçlardan, volidolun gündəlik həyatımın bir parçasına çevrilməsindən narazılıq edim. Xahişlə qələmə aldığım yazılarım var, zəifləri var, amma kimisə vurmaq məqsədi güdən və elə buna görə də utanacağım yazım yoxdu.

Mən illüziyalarla yaşayanlardan deyiləm. Bədii və ya elmi sözün həyatın hansısa problemini dəyişəcəyinə, hansısa ağrısını nisbətən yüngülləşdirəcəyinə, hansısa dərdini qaldıracağına o qədər də inanmıram. Biz ulu əcdadlarımızın taleyini, yaranma və yaradılma səbəbi, vasitəsi dəyişməklə onların yaşadıqları dərdi, ağrını yaşayırıq. Dərd, ağrı qurtarsaydı bədii sözə bəlkə də ehtiyac qalmazdı.

Bəs onda Fərid, Arif niyə yazır? Orteqa-i Qasset deyirdi ki, hər bir mədəniyyət həyatın interpretasiyasıdı, şərhidi, izahıdı. Həyat isə əbədi mətndi. Mədəniyyət-şərhdi. M.Haydeqqer isə əmin idi ki, insan yaradıcı deyil, o yalnız varlığın çobanıdı. Deməli, biz şərhçilərik. Şair, yazıçı həyatın şərhçisidi. Tənqidçi, ədəbiyyatşünas da şərhçidi. Amma ya mövcud şərhin şərhçisi, ya da mövcud şərh bazasında özünün tanıdığı, bildiyi həyatın şərhçisi rolunda çıxış edir. Əbədi mətn qaldıqca, Fəridlər, Ariflər də şərhlərini verəcəklər.

 

Fərid Hüseyn

Kaspi. - 2013.-14-16 dekabr.-S.14.