Şair - pedaqoq Ağa Laçınlı 

 

Ağa Laçınlı imzasını hələ tələbə olanadək tanıyırdım. Şeirlərini, publisist yazılarını qəzetlərdə, ədəbi jurnallarda çox görmüşoxumuşdum. Həyat elə gətirdi ki, Bakı Dövlət Universitetində oxuyarkən adlı-sanlı, həm də sevimli müəllimlərimdən biriAğa Laçınlı oldu. Ağa müəllim xarici ədəbiyyat kafedrasının müəllimi işlədiyindən bizə dünya ədəbiyyatından dərs keçirdi. Xüsusilə, yunan ədəbiyyatından, Homerin poemalarından saatlarla danışmaqdan doymazdı. Diqqətli, qayğıkeş, səmimi və sadə insan idi. Nurani baxışları vardı. Dərsə başlamamışdan deyərdi: “Kim qulaq asmayacaqsa, çıxıb gedə bilər. Mən öz dərsimdən icazə verirəm. Qorxmayın, bundan ötrü kimsədən inciyən deyiləm.”

 

Qiymət məsələsinə gəldikdə isə, o, heç bir tələbəni kəsməzdi. Ən azı söylədiyi mühazirələrdən, öyrətdiyindən sorğu-sual edib qiymət yazardı. Hər müəllimdə olmayan bu sayaq xeyirxah insani xüsusiyyətlərinə görə onu bütün tələbələr sevirdilər.

Laçın rayonunun Oğuldərə kəndində dünyaya gələn Ağa Laçınlı təhsilini Ağdam kənd təsərrüfatı texnikumunda davam etdirmiş, sonra xidməti borcunu ödədiyi ordudan göndəriş alaraq Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olmuşdur.

Altımışıncı illər ədəbiyyatının öncül şairlərindən biri sayılan Ağa Laçınlı ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayon qəzetində çap olunan “Çoban” adlı ilk şeiri ilə başlamışdır. 1966-cı ildə isə, “Ümid” adlı ilk kitabı nəşr edilmişdir:

Sözün kəsərini, itiliyini

Qılıncdan, nizədən, oxdan almışam.

Bəzən ilham üçün sevinc olmayıb,

Sevinci, ilhamı yoxdan almışam.

Ağa Laçınlıyam, Haqq aşığıyam,

Həmişə ilhamı Haqqdan almışam...

 

Azərbaycan Yazıçılar Birliyində, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında müxtəlif vəzifələrdə işləyən şair 1970-ci ildən ömrünün sonunacan, otuz yeddi ilədək Bakı Dövlət Universitetinin müəllimi kimi çalışmışdır. Universitetin filologiya fakültəsində əvvəl baş müəllim, daha sonra kafedranın dosenti olan Ağa Laçınlı zaman ötdükcə pedaqoq, tərcüməçi, tədqiqatçı, şairpublisist kimi püxtələşmiş və tanınmışdır. 1980-ci ildə “Azərbaycan bayatılarının bədii xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İşlədiyi müddət ərzində universitetdə ədəbiyyat dərnəyinin təşkilatçısı və rəhbəri, eyni zamanda dünya xalqları ədəbiyyatının yorulmaz təbliğatçısı olmuşdur. Antik yunan ədəbiyyatı üzrə ixtisaslaşan alimHomer dastanlarında türkçülükmövzusunda da doktorluq işini başa çatdırmışdır. Elmi işlə yanaşı Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, vyetnam, slovak, yapon, koreya, argentinabaşqa xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib. Milli Mədəniyyətin Təbliği Mərkəzi ədəbi və elmi xidmətlərinə görə ona “Uğur”mükafatı vermişdir.

Şairin sağlığında on iki kitabı işıq üzü görüb. Əsərləri dünyanın on beşədək ölkəsində çap olunub. Ağa müəllim onu tanıyanları daim yüksək insani keyfiyyətləri ilə yanaşı böyük istedadı, mənalı şeirlərilə də heyran edirdi. O, şeirlərini əsasən el deyimlərilə dolu zəngin poetik dildə yazırdı:

Ay insafsız, məndə gözün vardısa,

Barı bunu bəxt yanmamış deyəydin.

Adın ada qaynaq olub bitməmiş,

Əlin ələ toxunmamış deyəydin...

 

Altı il əvvəl hörmətli müəllimimin vəfat etməsi xəbərini eşidəndə çox kədərləndim. Xalqına, elmə, təhsilə qulluq eləməkdən savayı ayrı bir iddiası olmayan, gözəl şair, alim pedaqoq Ağa Laçınlının işıqlı xatirəsi minlərlə oxucusunun, tələbəsinin qəlbində həmişə yaşayacaqdır:

Ölüm görüşü var ömrün sonunda,

Axı qalasıyam yadında sənin.

Bir ağac donunda, çiçək donunda

Yenə bitəsiyəm yanında sənin...

 

Kaspi. - 2013.- 14-16.- S. 15.