Bir daha
“Arşın mal alan” haqqında
(Tezliklə ekranlarda filmin rəngli variantı)
Bakı kinostudiyası. 1945-ci il. Azərbaycan variantı 10 h., 2715
m., 99,23 dəq. Rus
variantı 10 h., 2695 m., 96 dəq.,
Azərb. dilində
rəngli variant 10 h., 88 dəqiqə.
* * *
Ssenari
müəllifi Sabit Rəhman, quruluşçu rejissorlar Rza Təhmasib, Nikolay Leşşenko,
quruluşçu operatorlar Əlisəttar Atakişiyev, Muxtar Dadaşov,
quruluşçu rəssam Yuri Şvets, səs operatoru Ağahüseyn Kərimov, II rejissor İsmayıl
Əfəndiyev, musiqi redaktoru və tərtibatçısı Niyazi, II rəssam Ağamehdi Qumriyev, geyim rəssamı İsmayıl
Axundov, xoreoqrafiya müəllifi Əlibaba Abdullayev.
* * *
Rolları
ifa edirlər: Rəşid Behbudov (Əsgər), Leyla Bədirbəyli (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy), İsmayıl Əfəndiyev (Süleyman), Münəvvər Kələntərli (Cahan xala), Lütfəli Abdullayev (Vəli), Fatma Mehrəliyeva (Telli), Rəhilə Məlikova (Asya), Mirzəağa Əliyev (Məşədi İbad).
* * *
1946-cı
ildə bəstəkar Ü.Hacıbəyli, rejissor R.Təhmasib, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, M.Kələntərli, L.Abdullayev, Ə.Hüseynzadə SSRİ Dövlət mükafatına layiq
görülmüşlər.
Rusiya
kinosunun 100 illiyi ilə əlaqədar aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun
inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici
ölkə filmlərinin arasından “100 sevimli film” seçilmişdir. Həmin
filmlər
üç hissəyə - “Qızıl,
gümüş və
bürünc siyahılara ayrılmışdır.
1945-ci ildə istehsal olunmuş
“Arşın mal alan” kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə “Qızıl siyahı”ya
daxil edilmişdir.
(“Oqonyok”
jurnalı, yanvar, ¹2, 1996)
* * *
“Arşın
mal alan” musiqili kinokomediyası
dünyanın 136 ölkəsində nümayiş etdirilmiş, 86 xarici dilə dublyaj olunmuş, milyonlarla
tamaşaçının sevimli filmi kimi şöhrət qazanmışdır. Filmin büdcəsi
5 mln 807 min rubl olmuş, filmdən
prokat gəliri isə 5 mlrd rubl rəqəmini keçmişdir.
* * *
“Arşın
mal alan” 1945-ci ildə 8-ci yeri tutaraq prokatın
lideri olmuşdur. 16.27 mln tamaşaçı bu
filmə baxmışdır
(Nəzərə almaq lazımdır ki, film ilk dəfə Moskvada 1945-ci ilin sentyabr ayında
ekranlara çıxarılmışdır. – A.K.).
(Äîìàøíÿÿ ñèíåìàòåêà. Îòå÷åñòâåííîå êèíî. 1918-1996. Ìîñêâà, 1996)
XX əsrin əvvəli. Gənc tacir Əsgər evlənmək fikrinə düşür. Lakin dövrün köhnəlmiş adət-ənənələrinə − bir-birini görmədən kəbin kəsdirib evlənmək qaydalarına ciddi müqavimət göstərir. O, sevdiyi qızı toydan qabaq görüb sonra evlənmək istəyir. Elə bəy qızı gözəl Gülçöhrə də kor-koranə, görmədiyi, tanımadığı, sevmədiyi adama ərə getmək istəmir. Dostu Süleymanın məsləhəti ilə Əsgər arşınmalçı paltarı geyib evləri gəzir, öz gələcək sevgilisini tapır.
Bu əhvalat məşhur “Arşın mal alan” musiqili kinokomediyasında baş verir.
Azərbaycan dramaturgiyasında nadir
nümunələr hesab olunan Ü.Hacıbəylinin komediyaları, zəngin xalq musiqisi xəzinəsindən qidalanan, xəlqliyi, oynaq musiqisi və qüvvətli yumoru ilə fərqlənən “Arşın mal alan” və “O olmasın, bu olsun”
operettaları kinematoqrafçıların da daim diqqət mərkəzində olmuş və onlar müxtəlif dövrlərdə bu musiqili komediyaları
ekranlaşdırmışlar.
İnqilabdan
əvvəl “Arşın mal alan” filmi (1916) çəkilmiş, lakin müəlliflərinə uğur qazandıra bilməmişdir. XX əsrdə “Arşın mal alan” iki dəfə - 1945 və 1965-ci illərdə istehsal olunmuşdur. Bir dəfə də
operettanın süjeti Amerikada ermənilər tərəfindən
təhrif olunmuş
şəkildə 1937-ci ildə lentə alınmış,
hətta filmdə operettanın müəllifinin, yəni bəstəkar Ü.Hacıbəylinin adı belə göstərilməmişdir.
Azərbaycanda “Arşın mal alan”ın ikinci variantının
yazılmasından (1940) ta onun ekrana
çıxarılmasına qədər (1945) keçdiyi yol heç də hamar və asan olmamışdır. Bu filmin istehsalı 1942-ci ilin avqustunda başa
çatmalı idi. Lakin ədəbi ssenarinin uzun müddət və dəfələrlə müzakirə olunması, filmi çəkmək üçün Moskvada rejissor
axtarışı, digər tərəfdən Böyük Vətən müharibəsinin başlanması - bütün bunlar filmin çəkilişini bir neçə il gecikdirmişdir.
Ssenarinin müzakirəsi və filmin çəkilişi üçün rejissor axtarışı ilə bağlı iki fakta
müraciət edək.
1941-ci il iyunun 18-də ssenari xüsusi dövlət komissiyasının
müzakirəsinə verilir. Müzakirə zamanı çıxışlardan bəzi sətirlər:
Ə. – Bizə elə gəlir ki, bu əsər kinematoqrafiya baxımından yaxşı olacaq və sovet
tamaşaçısı ürəkdən güləcəkdir. Biz
keçmişin detallarını göstəririk. Biz deyirik
ki, keçmişi xatırlamaq, ona gülmək və
onunla vidalaşmaq lazımdır. Mən
düşünürəm
ki, sovet tamaşaçısı bizim məişətimizin
keçmiş cəhətlərinə
ürəkdən güləcəkdir.
S. –
Ssenari bizim bugünkü həyatımız üçün aktual
deyil. Və
ssenarinin mövzusu adamı cəlb
etmir. Ona görə
də, əgər bu filmi çəkmək
istəyiriksə, başqa cür etmək lazımdır –
musiqili film çəkmək lazımdır.
Çünki bu vəziyyətdə film uğur qazana bilməyəcəkdir.
Mən
bu filmin nüvəffəqiyyət qazanmağına
şübhə edirəm. Ona görə
ki, bizim bugünkü həyatımız
baxımından ssenari aktual deyil. Bu film
bizim kinostudiyanın aparıcı işi olmayacaqdır.
Hacıbəyli – Mən də bu fikirdəyəm.
S. – Yaddan
çıxarmaq olmaz ki, bu, sınaq imtahanıdır...
Digər bir fakt.
1941-ci il mayın 10-da filmə quruluş vermək rejissor Ağarza Quliyevə tapşırılır.
Lakin görünür, A.Quliyev bir rejissor kimi studiyanın rəhbərliyini təmin etmədiyinə görə kinostudiyanın direktoru həmin il
iyunun 1-də moskvalı rejissor Qriqori Vasilyeviç Aleksandrova
geniş məktub və “Arşın mal alan”ın ədəbi ssenarisini göndərir. Məktubda deyilirdi: “Dərin hörmətli Qriqori Vasilyeviç!
Bakı kinostudiyası SSRİ xalq artisti Ü.Hacıbəyovun populyar və şən “Arşın mal alan” operettası əsasında eyni adlı musiqili
komediyanın ssenarisini hazırlamışdır.
Sizə məlum olduğu kimi, bu komediya Moskvada Azərbaycan İncəsənəti ongünlüyündə göstərilmişdir. Həmin tamaşanı
Siz şəxsən
görmüşsünüz. Ssenari
studiyanın bədii
şurası tərəfindən qəbul olunmuş və kino komitəsi onu ümumən bəyənmişdir.
Xahiş
edirəm, ssenari
ilə tanış olasınız və əgər vaxtınız və imkanınız varsa, bu
filmin quruluşunu öz öhdənizə götürəsiniz. Bununla da
Azərbaycan
xalqına öz qardaşlıq və
yaradıcılıq köməyinizi
göstərmiş
olardınız.
Bakı kinostudiyasının müdiriyyəti Sizə təkcə rejissor-komediya
janrının ustası kimi deyil, həm də sovet
kinematoqrafiyasının novator-sənətkarı kimi müraciət edir. Sizin zəngin biliyiniz və təcrübəniz
Bakı studiyasının yaradıcı kollektivinə böyük xeyir gətirə bilərdi. Sizin bizim studiyaya gəlişiniz
və film üzərində işiniz təkcə ən
xoş təəssürat
yaratmaqla kifayətlənməyəcək. Həm də Sizin ənənələriniz və təcrübəniz burada iz qoyacaqdır. Buna isə
biz xüsusi əhəmiyyət veririk.
Əminik ki, bizim təklifimizi qəbul edəcəksiniz və diqqətinizlə bizə ehtiram göstərəcəksiniz. Sizin cavabınızı gözləyirik. Sizə hörmətlə, Bakı kinostudiyasının
direktoru Ş.Abbasov. 1 iyun 1941-ci il.”
Lakin rejissor Q.Aleksandrov işinin çoxluğunu bəhanə gətirərək, filmə quruluş verməkdən imtina edir. Bunun
ardınca Bakı kinostudiyasının ssenari şöbəsinin müdiri Əbülhəsən Moskvadan bədii
filmlərin
istehsalı üzrə
idarənin
redaktorları Çernyak və
Meyeroviçdən
məktub alır.
1941-ci il iyunun 5-də yazılmış məktubda ssenari barədə, xırda düzəlişlər haqqında söhbət gedir. Axırda
moskvalıların məktubu
yazmaqda əsas məqsədləri
aydınlaşır. Diplomatik bir dillə yazılmış bu məktubdan açıq-aydın
görünür ki, Moskva hələ 1941-ci ildə “Arşın mal alan” filminin çəkilməsi əleyhinə fikir yaratmağa
başlamışdı.
Ssenari bu dəfə Azərbaycan K (b) P MK-nın kino üzrə komissiyasında müzakirə edilir və filmin istehsalı üzrə qərar qəbul edilir. Nəhayət, filmin
quruluşçu rejissorları R.Təhmasib
və
N.Leşşenko təsdiq
olunurlar. Yalnız 1944-cü il
martın 22-də rejissor ssenarisi Moskvada təsdiq edilir. Bundan sonra
film iki dildə - Azərbaycan və rus dillərində istehsal olunur.
1945-ci il iyulun 5-də film Moskvada təhvil verilərkən komissiya üzvləri arasında böyük
qalmaqal düşür.
Komissiyanın bir üzvü filmi nəinki möhkəm tənqid atəşinə tutur, hətta yaradıcı qrupun
üzvlərini Sibirə sürgün etməklə hədələyir. Film
haqqında müxtəlif fikirlər deyilir: “Xan, bəy məişətinin idealizəsi”, “Reklam şəkillərinə bənzər çəkiliş”, “Bu filmi çəkməkdə nə məqsəd güdmüsünüz?”, “Yəni demək istəyirsiniz ki, inqilabdan əvvəlki həyat ekrandakı kimi gözəl olub?”, “Aktyorların
başına brialin çəkib par-par parıldatmaqla alverçiləri sovet adamlarına
qarşı qoymaq istəmisiniz?” və s. və i.
Bütün
bu maneələrə, dedi-qodulara baxmayaraq, “Arşın mal alan”
kinokomediyası 1945-ci il sentyabrın 18-də Moskvanın əvvəlcə iki, daha sonra demək olar ki, digər bütün
kinoteatrlarında anşlaqla nümayiş etdirildi və qısa müddət ərzində dəyərli sənət əsəri olduğunu sübut etdi.
* * *
Sovet dövründə müttəfiq respublikalarda çəkilən filmlərin rus variantının bir
nüsxəsi, neqativi ilə birgə Moskvadakı SSRİ Dövlət Film Fonduna təhvil verilirdi. Azərbaycan variantı isə müttəfiq respublikaların
kinostudiyalarında saxlanılırdı. Sovetlər dağılandan sonra məlum oldu ki, “Arşın mal alan”ın neqativi haçansa itibmiş. Bundan heç kimin xəbəri belə olmayıb.
“Arşın mal alan”dan yalnız bir
nüsxə yararlı pozitiv kinolent qalıbmış. Sonradan bu pozitiv kinolent də
yoxa çıxdı. Bir müddətdən sonra daha bir nüsxə tapılıb
Dövlət Film
Fonduna təhvil
verildi. Ancaq bu nüsxə istifadəyə yararsız halda idi.
1 oktyabr
1996-cı il tarixli “Azərbaycan” qəzetində dərc olunmuş “İlk “Arşın mal alan” filmi ekrana
qayıdır” (Əslində bu II variant idi – A.K.) başlıqlı yazıda “Azərkinovideo” İstehsalat
Birliyinin baş direktoru Oqtay Mirqasımov Azər TAC-ın müxbirinə bildirmişdi ki, filmin Azərbaycan dilində olan variantı müxtəlif yerlərdən əldə edilən ayrı-ayrı hissələrdən toplanaraq bərpa olunmuş və Minsk şəhərində bütöv halda surəti çıxarılaraq
yenidən Dövlət Film Fonduna daxil edilmişdir...
Məsələ burasındadır ki, bu “bərpa olunmuş” kinolent Film
Fondda yoxlanılarkən, ayrı-ayrı epizodlarda təxminən on dəqiqədən artıq kəsiklər, yəni kadrların
çatışmamazlığı üzə
çıxarılmışdır.
“Ayna” qəzetinin 4 oktyabr 2002-ci il tarixli nömrəsində “Arşın mal alan” filminin
orijinalı tapılacaqmı? adlı məqalə dərc olundu. Həmin qəzetin 29 noyabr 2002-ci il tarixli nömrəsində isə “Arşın mal alan” filmi bərpaya yararsızdır”
başlıqlı yazıda bu sözlərə rast gəlirik: “Əgər yeganə surət tapılmasa, filmin aqibəti pis olacaq.” Bəli, bu gün Dövlət Film Fondunda qorunub
saxlanılan köhnə
nüsxədə
ifaçıların danışığı və oxumaları
çox yerdə
bütöv səslənmir.
Bəli, biz Azərbaycan kinosuna
başucalığı gətirən “Arşın mal alan”
musiqili kinokomediyasının (1945) texniki baxımdan qorunub gələcək nəsillərə saxlanması
qayğısına qalmamışıq.
* * *
Məhz 1945-ci ildə çəkilmiş “Arşın mal
alan” bədii filminin möhtəşəm uğur qazandığını və böyük maliyyə gəliri gətirdiyini görən Moskvadakı “Soveksportfilm”
dövlət təşkilatı 20 ildən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına filmin
yeni rəngli genişekranlı variantını istehsal etməyi sifariş verir. Beləliklə,1965-ci ildə bəstəkar Ü.Hacıbəylinin bu operettası Azərbaycanda
üçüncü dəfə rejissor T.Tağızadə tərəfindən ekranlaşdırılır. Lakin bu sonuncu variant əvvəlki qədər uğur qazana bilmir.
* * *
Bu il ölkəmizdə və xaricdə “Arşın mal alan” operettasının 100 illiyi
böyük təntənə ilə qeyd olundu. 2015-ci ildə isə
eyni adlı bədii
filmin 70 yaşı tamam olacaq, həmin
filmdə Əsgər rolunda çəkilmiş
böyük sənətkar Rəşid Behbudovun 100 illik
yubileyi keçiriləcəkdir.
Ulu
öndərimiz Heydər Əliyev 2001-ci il oktyabrın 13-də Rəşid Behbudovun xatirə gecəsində çıxış edərək demişdir: “Arşın
mal alan” əbədi yaşayacaqdır. Mən indi bu filmdən kadrlara baxdım. Mən
çox təəssüf
edirəm ki, zaman
keçir və bu
kadrlar köhnəlir.
Mən
hesab edirəm ki,
bizim Mədəniyyət nazirliyi və bu sahə ilə məşğul olan digər təşkilatlar bu
cür ölməz əsərləri
bərpa etməlidirlər. Kitab əbədi yaşayır və film də əbədi
yaşamalıdır. Müasir texnika,
texnologiya köhnə
lentləri
bütünlüklə
bərpa edə bilir. Bunu mütləq
etmək
lazımdır.
“Arşın
mal alan” Azərbayacan mədəniyyəti tarixinin ən möhtəşəm nailiyyətlərindən biridir. Ona görə bu film
yaşamalıdır...”
Bakıda
fəaliyyət göstərən “Peachline”
kompaniyasının gənc, qeyrətli, öz milli mədəniyyətini sevən və qiymətləndirən kreativ adamları, əlbəttə, bu şirkətin rəhbəri Elruz müəllim başda olmaqla, əfsanəvi “Arşın mal alan” musiqili kinokomediyasının bərpası və rənglənməsi, bu filmin məhz kinoplyonkada yenidən Azərbayacan cəmiyyətinə qaytarılması barədə düşünürdülər.
Bu filmin lenti uzun illər lazımi şəraitdə qorunmadığı üçün demək olar ki, yararsız vəziyyətə düşmüşdü. Düzdür,
yuxarıda deyildiyi kimi, film bir dəfə “bərpa olunmuşdu”.
Lakin onun əsaslı
şəkildə bərpaya ehtiyacı var idi. Bundan ötrü isə
xeyli vəsait tələb olunurdu.
Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin ən aparıcı holdinqlərindən biri olan Ata Holdinqin dəstəyi ilə bu məsuliyyətli iş baş tutur. Rəhbərlik Ata Holdinqin 10 illik
yubileyi, eyni zamanda Ata Bankın 20 illiyi ərəfəsində filmin bərpa və rənglənməsini birdən-birə üç vacib hadisəyə
uyğunlaşdırmağı qərara alır.
Beləliklə də, “Peachline” rəhbərliyinin ABŞ-da filmlərin bərpası və rənglənməsi üzrə aparıcı kompaniya ilə uğurlu
danışıqlarından sonra rəngləmə rejissoru və kolorit ustası
İ.Lopatenok, aparıcı rəssam C.Hiks və vizual effektlər, rəng, kompozisiya, redaktə üzrə mütəxəssis, prodüser, “Titanik”
filminə görə “Oskar” mükafatına layiq görülmüş
P.Pitçel və başqalarından ibarət yaradıcı heyət müəyyən edildi. Bu komanda
“Arşın mal alan”ın bərpa olunması və rənglənməsi üzrə mövcud layihəni həyata keçirməyi öhdəsinə götürdü.
Azərbaycan tərəfindən “Peachline”nin işgüzar kollektivinə bu işlə əlaqədar Respublikanın əməkdar mədəniyyət işçisi, kino rəssamı Elçin Axundov və məsləhətçi kimi bu sətrlərin müəllifi cəlb olundular.
Həqiqəti gizlətmədən söyləməliyik ki, “Arşın mal alan”ın kinoplyonkası pis vəziyyətdə idi. Bunu amerikalı mütəxəssislər də təsdiq etdilər. Çünki vaxtilə kinoteatrlarda filmin nümayişi zamanı lent qırılarkən, kinomexaniklər kinoplyonkanın qırılmış kadrlarını istədikləri kimi kəsib atmışdılar (200-dən artıq kinokadr çatmır – A.K.). Bununla belə, xoşbəxtlikdən, filmin rus variantından istifadə etməklə bəzi kadrları bərpa etmək mümkün olmuşdur. Hollivudda amerikalı peşəkar mütəxəssislər hər halda bir ilə yaxın davam edən bu məsuliyyətli işi öhdələrinə götürüb, azərbaycanlı həmkarları ilə birlikdə qarşılarına qoyduqları vəzifəni uğurla yerinə yetirdilər.
Bərpa olunmuş və rənglənmiş “Arşın mal alan” musiqili kinokomediyası (1945) artıq hazırdır. Bu günlərdə məşhur bədii film özünün ikinci həyatını yaşamağa başlayır. Ömrün daha uzun olsun, “Arşın mal alan”!
Aydın
Kazımzadə,
Azərbaycanın
əməkdar
incəsənət
xadimi,
kino tədqiqatçısı,
dosent
kaspi.-2013.-14-16 dekabr.-S.16-17.