“Hələ də isti
yağışlar yağır...”
Unudulmaz
Nüsrət Kəsəmənli haqqında
Çapıb öz atını
ağatlı getdi,
Atları şimşəktər
qanadlı getdi,
Uşaq yaddaşımı qapatdı
getdi,
Daha nağıllara inanmıram mən...
Nüsrət
Kəsəmənlinin şeridi və bu unudulmaz misraların
söz düzümü, səmimiyyəti bir yana
qalsın, sadəcə yaddaşda, ruh hicrəsində dikəldib
ayağa qoyduğu, göz önünə gətirdiyi
ovqatın özü bir ayrıca, özü də ifadəsi
mümkün olmayan, yalnız iç dünyanda közərən
və hər an alovlanmağa hazır olan alov kimi
düşüncələrini izləyən aləm kimidi.
Nənəmin inamı, dərdi
nağıllar,
Namərddi, aldatdı mərdi
nağıllar.
Bizi yuxulara verdi
nağıllar,
Daha nağıllara
inanmıram mən.
Cəmiyyətdə baş verən hadisələrin, məkrli,
unutqanlığa hesablanmış siyasi gəlişmələrin
gedişatına öz şair etirazını, təpkisini
Nüsrət Kəsəmənli belə ifadə edirdi. Bu dirəniş,
etiraz onun yaradıcılığından ötəri bir yaz
küləyi kimi gəlib keçmirdi; daha çox sistemli,
ardıcıl və dayanıqlı idi. Pərdəarxası
oyunların gerçək üzünü Nüsrət Kəsəmənli
şeirin zərif diliylə son dərəcə
dolğunluğu ilə cəmiyyətə bəyan edə
bilirdi:
Elə yuxularda atlar kişnədi,
Divləri qazana saldım, bişmədi.
Gözlədim, göylərdən alma düşmədi,
Daha nağıllara
inanmıram mən.
İstedadlı,
poetik fəhminin bəsirət gözü ilə cəmiyyətdə,
beynəlxalq aləmdə baş verən hadisələrin nədənliyini
bütün anlamı ilə görə bilən və bu
gördüklərinin SOS işarəsini elə vaxtındaca
öz soydaşlarına yetərincə verə bilən
şairin söz dünyasının sevgi
çalarlarını önə çəkən ədəbi
tənqid nədənsə bu vacib tərəfin üstündən
həmişə nəzərə çarpmayan bir ustalıqla
keçməyi üstün tuturdu. Halbuki, ötən əsrin
70-80-ci illərində Nüsrət Kəsəmənlinin nəhəng
sovet imperiyasına qarşı xalq etirazının iradəsi
olan “qəhrəman şəhərlər sırasına siz
yazın, Bakımın da adını yazın!” tələbi
“Getmək istəyirsən bəhanəsiz get” mətləbindən
daha populyar şəkildə təbliğ olunmalıydı. Bir zərif, dil əzbəri olan şeirin yayım
dairəsi vətəndaş etirazının dolğun ifadəsi
olan digər bir dəyərli şeirin populyarlıq
haqqını üstələməməli idi. Bu o zaman
idi ki, Nüsrət Kəsəmənli ”mənim göy Xəzərim
geri çəkilir bir az torpağımız çoxalsın
deyə” misraları ilə bədnam
qonşularımızın zaman-zaman, əbədi-əzəli
torpaqlarımızı qayçılayıb, sərhəd
sınırlarımızı daraltmalarının
savaşını aparırdı, incə şəkildə həmin
mətləbə diqqət yönəldirdi.
Qələm
dostlarımdan birinin tez-tez xatırladığı gerçəklik
Nüsrət Kəsəmənli vətəndaşlığının,
şair mövqeyinin hansı dəyərlərlə
hesablandığını bütöv şəkildə həmişə
nəzərlərimdə canlandırır: “1982-ci ildə
Nüsrət Kəsəmənli Gəncəyə gəlmişdi.
Pedaqoji Universitetdə onunla görüş
keçirildi. Sonra Gəncəli qələm
dostları onunla birlikdə Gəncə çayı boyunca gəzintidə
bir yerdə oldu. Şeir oxumasını
xahiş etdik. Qəribə bir kədər, nisgil hissilə
“İrəvanda xal qalmadı, İrəvanda kim
qaldı ki?” misrası şeirini oxudu. Şeir
bitdi və uzun müddət arada ağır bir sükut
yaşandı. Hər kəs öz içinə çəkilmişdi...”
Bu o zaman idi ki, Sovetlər məkanında
“qardaşdır ellərimiz” şüarının, təbliğatının
sürəkli alqışlar dövrü yaşanırdı. Ancaq Nüsrətin şair
fəhmi 9-10 il sonra baş verəsi milli fəlakətin
poetik obrazını dil ucuna gətirə bilirdi. “İrəvanda
kim aldı ki?!” kədərimizə aparan
yolun bədnamlığını cilovlamağa səsləniş
edirdi. Millətimizin başına zaman-zaman gətirilmiş
və hələ də gətirilməkdə olan, gətiriləcək
bəlaların ağırısından doğan
etirazını “Dəli bir ağlamaq keçir könlümdən!”
üsyankarlığı ilə önə çəkirdi.
Və bu çabaları ilə azərbaycançılıq
düşüncəmizin gerçək ifadəçilərindən
biri olaraq ədəbi məkanımızda öz mövqeyini sərgiləyirdi.
Və bu mövqeyini dərin vətəndaşlıq
durumu ilə ortaya qoyduğu məqamalrın özündə
belə Nüsrət Kəsəmənli başlıca olaraq
son dərəcə duyğulu, zərif məhəbbət
şairi olaraq qalırdı. Ədəbi
ustadı Hüseyn Cavidin “Mənim Tanrım gözəllikdi,
sevindi” mücadiləsinə aşinalığı ilə
daha çox seçilirdi. Dil əzbəri idi ki:
Ən görümlü, bilinən təbiət hadisələrinə
belə Nüsrət Kəsəmənlinin özünəməxsus,
yeni poetik baxışı var idi. Onun üçün həyatın və
cəmiyyətin, təbiətin hər bir predmeti dolğun,
xüsusi fikir yönü daşıyan şeir mövzusu ola bilirdi. Bu, hər şeydən əvvəl
Nüsrətin poetik fəhminin diriliyindən, həssaslığından
irəli gəlirdi, müşahidələrinin itiliyiylə
şərtlənirdi:
Əllərini yelləyib, “əlvida”
dedin getdin,
Görürsənmi, hələ
də isti yağışlar yağır.
Hönkürüb
ağlaımağı göylərə sən öyrətdin,
Görürsənmi, hələ də
isti yağışlar yağır...
İsti göz yaşlarının dünya üzünə
təbiətin bağrından yağıb da gəlməsini
Nüsrət Kəsəmənli bu cür özünəməxsus
bir duyğuyla ifadə edirdi. Eyni zamanda Əli Kərimin yağan
yağışlar “Mənim göz yaşımdı,
qaydıb gəlir“ müşahidəsini
yeni bir biçimdə ortaya qoyurdu. Son dərəcə
orijinal, yaddaqalan bir biçimdə! Nüsrət
yaxşı bilirdi ki, bu dünyada nə varsa köhnənin
köhnəsi, keçmişin keçmişidi. Ancaq sevgiləri, gülüşləri təzədi
və o dərin bir səmimiyyətlə həmin o təzə
olan sevgilərə, gülüşlərə könül
verir, onların rəsmini şeirin şirin dili ilə
varağa, oradan da yaddaşlara köçürürdü.
Nüsrət
Kəsəmənli istər cismani həyata, istərsə də
poeziya hücrəsinə, özünün yazdığı
kimi, qar kimi ağ gəldi, ləkəsiz gəldi,
yağdığı yollara və könüllərə qar
kimi səssizcə yağdı, harada oldusa “bəlkə”siz
oldu. Eyni zamanda, onun qopub gedənlərin də
haçansa üstünə qar kimi ləkəsiz, pak
qayıtmaları umağağını da gizlətmədi.
Mərdi-mərdanə deyə bildi ki:
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm
ikimizin yerinə.
Nüsrətin “əlvida demirəm, görüşəcəyik”
təsəllisini onun dilindən alıb “əlvida, gələcəkdə
görüşənədək”-deyə ədəbi mühitə
gələnlər oldu. Darılmadı. Çünki
bilirdi ki, onun söz gülşəninin meyvələri
özünü uzaqdan, uzaqda n, çox-çox uzaqdan nəm-nişan
verir. Nüsrətin şeirləri
artıq yabançı mədəniyyətlərin
yabançı hallarıyla sovetlər məkanına daxil
olduğu, saf duyğuların küncə qısılmağa
məcbur olduğu zamanlarda Füzuli yadigarı, Leyli, Məcnun
əmanəti eşqin, əhin-vəfanın yeni bir biçim
və ovqatda yaşadıcısı oldu. O illərdə
bir çox türk və hind filmlərinin gənclərimizə
aşıladığı saf sevgi duyğularının
alternativi, eyni missiyanın daşıyıcısı kimi
oxundu, yadda qaldı Nüsrətin şeirləri. O, sevgi
duyğularına, eşq məktublarına Kərəmin mənəvi
varisləri kimi baxa bildi və yazdı ki:
Məktubun içində nəyim, nələrim,
Alovlu sətirlər gizli qəm
kimi.
Yandır xatirəmi, o məktubları,
Yanıb külə
dönsün qoy Kərəm kimi.
Hər cür üzü dönüklük, mənəmlik,
özünəvurğunluq hissləri onun poetik
dünyasına yad, uzaqdan-uzaq oldu, daxili etirazını,
gileyini “Nəyimi sevmişdin, deyə bilmərəm, indisə
min eyib görürsən” məndə, sakitcə öz
mövqeyini ortaya qoiydu. O, görməməzliyə, görə bilməzliyə
qarşı, çox həssas idi, ancaq bu münasibətini zərifdən-zərif,
adamın iliklərinə işləyəcək qədər
duyğusallıqla ifadə etməyin də dilini bilirdi:
Bəzən büdrəmişəm,
düzü yanında,
Sevgidən salmışam sözü
yanında,
Min dəfə keçmişəm
azı yanından,
Məni görməmisən, görməmisən
sən.
Və bu görünməzliyin günahını
qarşı tərəfdə görməyi də belə
qıymırdım. Günahı özündə
görürdü, günəş axtararkən duman
tapmısan təsəllisilə əslində öz poetik qəhrəmanını
ayağa verməmək məqamı tapırdı.
Hüsrət “hörümçək tor qurub pəncərəmizdə,
həsrətim o torda çırpınır mənim”,
“tülıü də qıymadıq pəncərələrə”
misralarının iç göynəyi,
duyğusallığı qədər oxucuya, onun könül
dünyasına hakim kəsilə bilirdi. Onun
şeirlərinə maraq bu gözlənilməz ifadə,
münasibət və səmimiyyət üzündən
doğulurdu. Bu maraq sevginin özü qədər
əbədi, bitimb-tükənməzdir və Nüsrətin
poeziya, sənət ömrü də elə oradan gəlir.
Nüsrət yaradıcılığı sevgidən
alovlanan kibrit çöpü kimidir və həmin kibrit
çöpünün həmişə özgələrini də
atəşə qalaması ənənəsi xoş olub.
Elə bu şeirimin ruhu da haradasa Nüsrət
poeziyasının qançəkərindən gəlir:
Səni kiritməyim min bir yolu var-
Dərdini dərdindən
bilməkdir biri.
Ölüncə dərdini,
dönüb başına
Dolana-dolana bölməkdir
biri.
Səni kiritməyin min bir yolu var,
Ölən
gümanını qaytarın diri.
Hamının gedəni gəlsin, sevdiyim,
Gedib də yenidən gəlməkdir
biri.
Səni kiritməyin min bir yolu var –
Həm dardı, həm edam, həm ilmək yeri.
Hökmün ölüm doğsa
anın içində,
Sorğusuz-sualsız ölməkdir
biri.
Səni kiritməyin min bir yolu var –
Ağrım ağrın çəkir,
ağlama, kiri.
Gedib ağladanın özünə
qədər,
Ağlaya-ağlaya gülməkdir
biri.
Səni kiritməyin min bir yolu var –
Bir sən biləcəksən, bir mən
bu sirri.
Yolunda gedib də Allaha qədər,
Sonra da, bax, sənə dönməkdir
biri.
Gülayə
Kaspi. - 2013.- 14-16 dekabr.-
S. 24.