Balaca Paris
Zaqatala şəhəri Folklor paytaxtı kimi yekun
tədbirlərini keçirdi
Vaxtilə bu şəhəri “balaca Paris” adlandırıblar. Zaman-zaman
“Alınmaz qala”, “Qızıl güllər
diyarı” da deyiblər
bu gözəl şəhərə.
Qədim
küçələri ilə irəlilədikcə, səliqəli, tər-təmiz, rahat yollar,
tikilişi ilə
maraq doğuran evlər
diqqət çəkir. Burda hündür mərtəbəli, modern binalara rast gəlməzsən.
Köhnə
binalar və evlər bərpa olunub, müasirləşdirilib.
Hər addımda tarixiliyini qoruyub
saxlayan, sənətkarlığın, folklor nümunələrinin inkişaf etdiyi, adət-ənənəsinin, milli-mənəvi dəyərlərinin qorunduğu bu şəhərin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü il
üçün Azərbaycanın Folklor paytaxtı elan olunması da təsadüfi deyil. Nazirliyin “Xalq yaradıcılığı
Paytaxtları” proqramı çərçivəsində təşkil etdiyi media turu ilə Zaqatalada Folklor
İlinin yekun tədbirlərinə qatılarkən soyuq,
şaxtalı havada mehriban, isti münasibətlərlə
qarşılaşdıq.
Folklorun
qorunduğu yerlər
Rayonun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hazırladığı tədbirlər planı il
ərzində uğurla həyata keçirib. Belə ki, respublika səviyyəli tədbirlər, konfranslar, konsertlər, xalq
yaradıcılığı sərgiləri, sərgi yarmarkalar və s. tədbirlər nəinki rayon mərkəzində, həmçinin kənd və qəsəbələrdə də təşkil edilib. Zaqatalalılar
bunu milli-mədəni dəyərlərinə verilən qiymət kimi dəyərləndirirlər. Şəhər və kəndlərdəki insanların əhval-ruhiyyəsindən də bunu duymaq çətin deyil.
Rayonun ayrı-ayrı kəndlərində yaşayan sakinlər folklor nümunələrinin təbliğ olunmasında maraqlıdırlar. Ən diqqət çəkən məqam isə mədəniyyət evlərinin sovet dövründəki kimi öz
funksiyasını qoruyub saxlamasıdır. Elə bu üzdən yerli sakinlər mədəniyyət
ocaqlarına həvəslə üz tuturlar. Zallardakı
sıralar arasında gəzişən balaca uşaqlardan
tutmuş ixtiyar qocalara qədər - insanlar
keçirilən
bütün tədbirlərdə iştirak edirlər. Qışın
şaxtasında köz salan odun sobasının istisi isə insanları sanki bir
ocaq başına toplayır. Bu ocağın ətrafında
danışırlar, gülürlər, musiqi dinləyirlər, dərdləşirlər... Kəndlərdə və
rayon mədəniyyət evində keçirilən tədbirlər həmçinin sakinlərin öz folklor
nümunələrini nümayiş
etdirmək
üçün gözəl
imkandır. “Biz öz ənənələrimizi təbliğ
etmək istəyirik”- deyə onlar həvəslə
bildirirlər.
Zaqatalada 20-yə yaxın azsaylı xalqın nümayəndəsi yaşayır. Məsələn,
Yengiyan kəndi
inqiloyların kompakt yaşadığı yerdir. Kənd Mədəniyyət
Evində olarkən Folklor İlinin
yekunu ilə
bağlı maraqlı proqramlar hazırladıqlarının
şahidi olduq. Mədəniyyət Evinin direktoru Əhmədiyyə Musayev dedi ki, burda həm Azərbaycan, həm də gürcü mədəniyyətinin izləri var. Belə ki, Yengiyan öz adət-ənənəsi ilə digər kəndlərdən fərqlənir. Özünəməxsus yeməkləri, folkloru, rəqsləri, öz
ansamblları var. Yerli əhali
mədəni tədbirlərə çox maraq göstərir. “Bizdə ənənələr yaxşı qorunur”-
deyə Mədəniyyət
Evinə
yığışan kənd
sakinləri də bildirdilər.
Əliabad kəndində də olarkən eyni qələbəliklə qarşılaşdıq. Öyrəndik ki, ümumiyyətlə, bütün azsaylı xalqlar
yaşayan kəndlərin öz folklor
kollektivləri və fərqli proqramları var. Onlar əsasən həvəskar ansambllar və ifaçılardır.
Zaqatala
qalası
Zaqatala tarixi abidələrlə zəngindir. Rayonun ərazisində dövlət tərəfindən
qorunan 100-ə
yaxın abidə
qeydə
alınıb. Bunlardan ən qədimi Pəriqala, Armatay, Cingözqala, Şeytan
qalası, Zaqatala qalası və s. abidələr hesab edilir. Kənd yerlərində VI-VIII əsrlərdən yadigar qalan 10-dan çox Alban abidəsi mövcuddur.
Rayonda Mamrux (Mamrux kilsəsi), Mazıx, Muxax, Qəbirzadə, Yuxarı Tala (Yuxarı Tala məbədi) və Yuxarı Çardaxlar kəndlərində 6-7-ci əsrə aid çoxlu Alban abidələri, qalaları vardır ki,
maliyyə çətinlikləri üzündən onların yenidən bərpası mümkün olmasa da qismən də olsa qorunması sahəsində müəyyən işlər görülür. Yerlərdə mövcud olan məscidlərin isə hamısında
yenidənqurma, bərpa işləri aparılıb, tarixi
abidə kimi
onların qorunması təmin
edilir.
Rayonun tarixi abidələrinin çoxu ən qədim vaxtlardan indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. Gözparaq və Halal kəndlərində 18-ci əsrə aid məscidlər, Keloba kəndində XV əsrə aid iki qüllə, Mazıx kəndində XII əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala, Car kəndində XIV əsrə aid Çingizqala və rayon Tarix
Diyarşünaslıq Muzeyi, Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban qülləsi (XII əsr), rayonun müxtəlif kəndlərində, o cümlədən Əliabad və Mosul kəndlərində XIX əsrdə tikilmiş məscidlər salamat qalıb.
Zaqatala qalası kimi tanınan Tarix Mədəniyyət Qoruğunun yaşı
üç əsrə yaxındır. Qala 1830-cu ildə
tikilib. Qalanın direktoru Hümmət Bayramovun dediyinə görə, qalanın sahəsi 11 hektar ərazini əhatə edir. Qalanın arxa tərəfindən çay
axdığından qala divarlarını aşınmaya məruz qoyur. Qalanın 3 giriş qapısı olmaqla
yanaşı, ərazisində dövlət qeydiyyatında olan
17 abidə var.
Qalanın
maraqlı tarixi var. 1804-1813-cü il Rusiya-İran
müharibəsindən sonra Gülüstan sülh müqaviləsinə əsasən Azərbaycanın bir hissəsi Rusiya ərazisinə daxil olub. Rus
ordu generalı Paskeviçin qərarı
ilə Zaqatala
qalası müdafiə
məqsədi ilə tikilib. Üçbucaqlı formada inşa edilən qalanın
tikintisində yerli
xammaldan istifadə
olunub. Ərazidə 2500 nəfərlik rus ordusu yerləşdirilib və onlardan üsyanları
yatırmaq üçün istifadə olunub. O cümlədən, İmam Şamil hərəkatının və 1863-cü ildə baş verən Zaqatala üsyanını
yatırmaq üçün həmin ordu hissələri cəlb edilib.
Sovet dövründə isə qala əhəmiyyətsiz abidə kimi diqqətdən kənarda qalıb. Ərazisi müxtəlif obyektlərdən ötrü istifadə olunub. Rus-yapon müharibəsi
dövründə
Patyomkin gəmisindən sürgün edilən 400 matros qalanın
həyətindəki həbsxanalarda
saxlanıb. Ən maraqlısı isə, “Yenilməz batalyon” filminin və “Cavad xan” filminin bəzi fraqmentlərinin qala ərazisinə çəkilməsidir.
Qala 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa edilərək qorunur və qoruq kimi fəaliyyət göstərir.
Turistləri cəlb edən məkan
“Rayonda
inkişaf üçün hər cür imkan var. Əhali də inkişafa meyillidir”- deyən rayonun icra
başçısı Mübariz Əhmədzadə bizimlə görüşdə qeyd etdi ki, nazirlik tərəfindən təsdiq edilən “Xalq
yaradıcılığı Paytaxtları Proqramı” bölgələrdə xalq yaradıcılığına
yeni münasibət formalaşdırmaqla yanaşı, turizmin
inkişafına da təkan verib. Belə
ki, 125 minə
yaxın əhalisi
olan rayonda 29 bələdiyyə və 29 ərazi
nümayəndəliyi fəaliyyət göstərir. M.Əhmədzadə keçən il may
ayında baş verən zəlzələyə də toxunub: “Prezident İlham Əliyevin zəlzələdən dərhal sonra bölgəyə etdiyi səfər sakinləri ruhlandırdı. Ölkə başçısı əhali ilə görüşdü, təbii fəlakətin nəticələrinin aradan
qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verdi. O vaxtdan bəri 4000-ə yaxın fərdi ev
tikilərək zərərçəkən sakinlərin istifadəsinə verilib. Üç minə yaxın evdə bərpa-gücləndirmə işləri aparılıb.
22 məktəb və uşaq
bağçası tikilib. Təbii fəlakətin fəsadlarının
aradan qaldırılması işləri
davam etdirilir”. İcra başçısının
sözlərinə görə, rayona il yarım ərzində 500 milyona yaxın investisiya
qoyulub.
Rayonda “Köhnəliyin bərpası” layihəsi əsasında keçmiş memarlıq nümunələri bərpa edilərək yenidən xalqa qaytarılır. Rayonda qaz,
işıq və su
ilə bağlı
problemin olmadığını söyləyən
icra başçısı bildirib ki, yeganə çətinlik
su-kanalizasiya sistemi ilə
bağlıdır. Belə ki, hazırda bu istiqamətdə işlər
həyata
keçirilir. “Rayonda pambıqdan başqa
bütün kənd
təsərrüfatı məhsulları
yetişdirilir. Rayonda istehsal edilən çay
yaponiyalı mütəxəssislər tərəfindən
analiz ediləndən sonra “zərərsiz çay kimi” birincilik
qazanıb.
Zaqatalada
tikilən yeni Heydər Əliyev Mərkəzi isə gələn ilin may ayında - ulu öndərin doğum günü ərəfəsində istifadəyə veriləcək.
İcra başçısının sözlərinə görə, Milli Covqan Oyunu
üçün Əliabad qəsəbəsində baza və komanda yaratmaq planlaşdırılır.
Zaqatala zəngin təbiətinə görə turistləri cəlb etdiyindən rayonda turizmin inkişafı ilə bağlı işlər genişləndirilir. Turizm
infrastrukturunun inkişaf etdirilməsi,
obyektlərin
sayının artırılması və
xidməti səviyyəsinin yüksəldilməsi üçün
addımlar atılır. Rayonda çoxlu
sayda turizm obyektləri,
otellər, istirahət mərkəzləri
istifadəyə verilib. Düzdür, bəzi
obyektlərdə xidmət səviyyəsi o qədər yüksək
deyil, ancaq çatışmazlıqların aradan
qaldırılması istiqamətində işlər görülür.
Rayonda yerli medianın fəaliyyəti də diqqətdən kənarda qalmayıb. “Aygün” yerli telekanalı
ilə bərabər gələn il 90
illik yubileyi qeyd ediləcək “Zaqatala” qəzeti də fəaliyyət göstərir.
Zaqatala xarici ölkələrlə də əlaqələrini genişləndirir. Rayon bələdiyyəsi ilə İzmir şəhər bələdiyyəsi
qardaşlaşıb. Bundan əlavə, Pribaltika ölkələrindən
biri də Zaqatala ilə turizm əlaqələrini inkişaf etdirmək üçün
maraq göstərib.
Həmçinin
rayonun Yaponiya və
Hollandiya ilə
sıx əlaqələri yaranıb.
“Sənətkarlıq paytaxtı”na doğru...
Zaqataladan xoş ovqatla ayrılırıq. Yadımızda
qalan isə şəhərin özünəməxsus
görkəmi,
insanlarının mehribanlığı və adət-ənənələrinə olan hörməti, milli
azlıqların nümayiş və
qonaq etdikləri zəngin mətbəxləri
qalır.
Tarixi
Zaqatalanın folklor aləminə səyahəti başa vurub Göygölə - ölkənin “Sənətkarlıq paytaxtı”na yollanırıq...
Təranə
Məhərrəmova
Bakı-Zaqatala
Kaspi.-2013.-24 dekabr.-S.9.