Rolumun arxasında dayanıram

Günel Məmmədova: “Elə tamaşaçılar var ki, mənfi obrazlarıma görə əlimdən yanıqlıdırlar”

Səhnədə qəhrəman olmaq asandır, amma həyatda vəziyyət heç də səhnədəki kimi deyil. Səhnə hər kəsin sehrli dünyasıdır. Tamaşaçılara nəyisə təqdim etmək, onun real olduğuna inandırmaq isə çox çətin məsələdir. Müsahibim teatra gəldiyi gündən bu günə kimi baş rolların qəhrəmanı Günel Məmmədovadır. Güneli tamaşaçılar daha çox çəkildiyi seriallardan, filmlərdən tanıyır. Aktrisa “Kişiləri qoruyun”, “Yalan”, “Yuxu yaddaşı”, “Ci-Mi” və sair filmlərdə rol alıb.

Aktrisa son dönəmlərin ən çox sevilən seriallarında baş rolların qəhrəmanlarını canlandıraraq, qəribə də olsa, tamaşaçıların nifrətini qazanıb. Belə ki, “Ləkə”, “Həyat çiçəyi” seriallarında mənfi obraz qəhrəmanı olan Günel Məmmədova bizimlə söhbətində “İfritə” olmaqdan imtina etdiyini söylədi. Dediyinə görə, Məhsəti Gəncəviyə həsr olunmuş “Sirli Bənövşə” filmində də rol alıb.

Teatra gəlmək fikrim yox idi

- Neçə ildir ki, teatrda çalışırsan. Amma seriallara çəkildikdən sonra daha çox sevilməyə və tanınmağa başladın.

- Bu fikrinlə razıyam. Əslində mən kinodan teatra gəlmişəm. Teatra gəlməmişdən əvvəl 3-4 filmdə və bir neçə reklamda rol almışdım. Qəbul edirəm ki, efir insanı daha çox məşhurlaşdırır. Əfsuslar olsun ki, indi gənclər teatra çox az hallarda gəlirlər. Bəlkə də teatra maraqları yoxdur. Teatra üz tutanların əksəriyyəti İncəsənət Universitetində oxuyan, oranı bitirən tələbələrdir.

- Səncə, niyə gəlmirlər?

- Deməzdim ki, aktyor, aktrisa olmaq istəyən gənclərimiz azdır. Əksinə, indi hamı aktrisa olmaq istəyir. Mənə görə, aktyorun inkişafı elə teatrdan başlayır. Teatr canlı ünsiyyət növüdür. Aktrisanın yetişməsi üçün teatr böyük imkanlar yaradır. Amma teatrın öz çətinlikləri var. Teatrda tamaşaçıları aldatmaq olmur. Çünki səhnədə tamaşaçı ilə qarşı-qarşıya oluruq. Serialdakı sistem teatrdan tamam fərqlənir. Kinoda isə hər şey tamam fərqlidir.

- Qeyd etdin ki, kinodan teatra gəlmisən. Sənin üçün bu, çətin olmadımı?

- Xeyr. İlk dəfə 7-ci sinifdə oxuyarkən “Ad gününün peşmançılığı” adlı filmdə çəkilmişdim. Hələ o vaxtlar verilişlər aparıb, rəqslə, bədii qiraətlə, solo oxumaqla məşğul idim. Nəzərinizə çatdırım ki, indi akrobatika ilə məşğulam, gözəl rəqs edirəm, fortepianoda ifa edə, rəsm çəkə bilirəm, bacarıqlı qızam, amma bircə səsim yoxdur (gülür). Nə isə, mövzudan yayınmayaq. Deməli, mənim teatra gəlmək, orada çalışmaq niyyətim yox idi. Ağlımın ucundan da keçirməzdim ki, nə zamansa teatrda işləyərəm. Düşünürdüm ki, teatr pafoslu bir yerdir. O zamanlar kinonu daha çox sevirdim. Teatra gəldim, buradakı şəraiti, iş rejimini gördüm və bütün fikrim dəyişdi. Hər şey insanın özündən asılıdır. Aktrisa istəsə, obrazını pafoslu da oynayar, təbii də.

Rejissorlar çəkinirdilər

- Teatrda uzun müddətdir ki, çalışırsan. Orada iş sistemi elədir ki, tamaşa bir neçə il repertuarda qalır. Belə olan halda, hər dəfə eyni obrazı canlandırmaqdan bezmirsənmi?

- Xeyr, əsla. Yaratdığım obrazları çox sevirəm. Həmin obrazlar mənim üçün çox doğmadır. Səhnədə hər dəfə o obrazı canlandıranda, ona özümdən nələrsə əlavə edirəm. Özümdə elə hesab edirəm ki, sanki hər dəfə başqa bir obraz canlandırıram. Ümumiyyətlə, səhnədə şablon hərəkətləri edəndə istər-istəməz insan bezir. Mən hər dəfə həddi aşmamaq, yəni rejissorun göstərişlərindən çıxmamaq şərti ilə obrazımı oynayanda yeni bir şey tapıb təqdim etməyə çalışmışam. Ona görə də işimdən heç zaman yorulmuram.

- İndi çəkildiyin seriallarda daha çox mənfi obrazlar canlandırırsan. İnsanların nifrətini qazanmaqdan qorxmursanmı?

- Əslində rejissorlar “Ağarmayan saçlar” serialına qədər mənə ancaq müsbət qəhrəman obrazları verirdilər. O zamanlar mənfi obrazlar yaratmağı çox istəyirdim. Mən bir aktrisa kimi, rolumun vəkili kimi istəyirəm ki, öz rolumun arxasında dayanım, onu müdafiə edim. Həyatımda mənfi obrazı ilk dəfə “Ağarmayan saçlar” serialında canlandırdım. Kənan MM mənə “Ləkə” serialında mənfi bir obrazı oynamağımı təklif etdi, daha sonra bunun ardı gəlməyə başladı. Hətta bu yaxınlarda mənə yenə də mənfi bir obrazı yaratmaq üçün serial təklifi gəlib. Ancaq burada çəkilib-çəkilməyəcəyimi hələ də fikirləşirəm. Bilmirəm, rejissorlar niyə məni mənfi obrazlarda görürlər. Mənfi obraza çəkilməmişdən əvvəl rejissorlar bu tip rolları mənə həvalə etməyə sanki çəkinirdilər. Bilmirəm, mənim üz cizgilərimmi buna imkan vermirdi və ya burda başqa bir səbəb vardı, bu barədə bir söz deyə bilmərəm. Ancaq teatrda indiyə kimi mənfi bir obrazım yoxdur. Dekabrın 21-də teatrda “Hasarın o biri üzü” tamaşasında rol aldım. Bu obrazımda cüzi miqdarda mənfilik var.

- İstərdim premyeradan yeni çıxmış “Hasarın o biri üzü” tamaşası barədə danışasan.

- Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur. Mənim oradakı obrazım müasir, Allahı inkar edən azad bir qızdır. O, bir oğlanı sevir. Sevdiyi şəxs onu aldadır. Qız oğlandan hamilə qalır, əsas hadisələr də ondan sonra başlayır. Qızın atası ona görə dünyasını dəyişir, anası onu düzgün yola gətirməyə çalışır, ancaq xeyri olmur. Tamaşanın mövzusu ailənin içindəki konfliktlər, münaqişələrdən ibarətdir.

 

Pis olmaq istəmirəm

- Qəbul edək ki, sən tamaşaçıların yaddaşında daha çox “Ci-Mi” kinosu ilə qalmısan.

- Vay, vay, vay (gülür)... O qədər obrazlar canlandırmışam, nədənsə hər kəs məni “Ci-Mi” filmindəki obrazıma görə xatırlayır. Mənim ondan qabaq da filmlərim olub. Amma həmin filmdə insanların diqqətini çəkən nəsə olub.

- Günel, xarici filmlərə dəvət almısanmı?

- Bəli. Türkiyənin “Dağ kartalları” serialına dəvət almışdım. Hətta bu barədə bizim mətbuata da məlumat verilmişdi. Serialda müəyyən problemlər olduğu üçün bağlandı. Orada mənə Sara obrazını vermişdilər. Sara baş rollardan biri idi. Hər şey qismətdən asılıdır. Başqa xarici filmlərdə də çəkilişlərim olub. Misal üçün, italyanlarla “About love” filmində çəkilmişəm. Hazırda filmin montajı gedir. Gürcüstanda, Moskvada, Qazaxıstanda filmlərdə rol almışam. Hazırda isə Azərbaycandayam.

- Buradakı işini yarımçıq qoyub, xaricdə kinoya çəkilməyə gedərdin?

- Əlbəttə. Əslində burada elə də böyük işim yoxdur. “Ləkə” serialı bitir, yeni bir serial təklifi var, ancaq hələ ki düşünürəm. Bilirsiniz, tamaşaçılara dalbadal mənfi obraz canlandıraraq özümü pis təqdim etmək istəmirəm. Həm də bu məni çox yorur. İstəyirəm ki, tamam fərqli bir obraz canlandırım. Mən bildiyim qədər ilə, elə də çox işim olmamalıdır (gülür). Teatrda da inanmıram ki, mənə bu barədə mane olsunlar. Çünki teatr rəhbərimiz bizə həmişə bütün məsələlərdə kömək olub.

- Teatrda oynadığın bütün tamaşalarda baş rolları canlandırırsan. Rejissorlarla qohumluğun yoxdur ki?

- (Gülür) Yox. Mən teatra 2006-cı ildə gəlmişəm. Həmin gündən indiyə kimi də teatrda baş rolları canlandırıram. Mənim simamda Avropa xanımlarına məxsus cizgilər var. Bəlkə də bu, rejissorların daha çox diqqətini çəkir. Yerli dramaturqların əsərləri ilə bərabər, həm də Avropa əsərlərində də rol alıram. Bizdə belə simalar çox azdır. Bəlkə ona görədir ki, rejissorlar hər zaman məni baş rola layiq görürlər. Bu o demək deyil ki, mən ikinci, üçüncü dərəcəli obrazları canlandırmaram və yaxud da qəbul etmərəm. Bu mənim işimdir. Rolun mənim üçün böyüyü, kiçiyi yoxdur. Hətta “masovka” kimi oynayacağım tamaşaları elə canlandıra bilərəm ki, o birinci və ya ikinci dərəcəli rolları geridə qoya bilər. Hər şey aktyorun, aktrisanın öz əlindədir, hətta “masovka” olsa belə. Yəni mən heç zaman özümdən razılıq edib rejissorlara deməmişəm ki, mən yalnız baş rollara çəkilirəm. Mənə nəyi həvalə edirlərsə, mən də onu sevə-sevə oynayıram.

Mənə “ifritə” deyirlər

- Mənfi obrazlar həyatda psixoloji olaraq sənə təsir etmir ki?

- Əslində “Ləkə” serialına baxan xanımlar məni öldürmək istəyir (gülür). Film barədə dostlarımla danışanlar obrazımın adını çəkib deyirlər ki, “o qız necə ifritədir”. Həmin serialda Xəzər obrazını canlandıran Rövşənə bir qadın tamaşaçı deyib ki, “o ifritə var a, o yaman oynayır”. Tamaşaçılar adımı artıq “ifritə” kimi səsləndirirlər. İndi yaxşı bir obraz axtarıram ki, mənfi obrazlarımdan sonra tamaşaçılara özümü sevdirim. Elə tamaşaçılar var ki, “Ləkə”, “Həyat çiçəyi” seriallaındakı obrazıma görə əlimdən yanıqlıdırlar.

- Əslində komedik obrazlar sizdə daha maraqlı alınır.

- Mənim teatrda cəmi bir normal obrazım olub ki, o da “Çimnaz xanım yuxudadır” tamaşasıdır. Ondan sonra mənə romantik qəhrəman obrazları həvalə olunub.

- Bəlkə bizim vasitəmizlə rejissorlara “sizdən komik bir obraz istəyirəm” deyə mesaj göndərirsiniz.

- Mən artıq onlara sözümü demişəm (gülür). Ancaq yenə də mənə qəhrəman obrazları verirlər. İstəyərdim xarakterli obraz oynayım. Hətta filimdə belə. Mənə gələn təkliflər kinoda mənfi, teatrda isə qəhrəman obrazlarla bağlıdır.

- Günel, həm gözəlsən, həm məşhursan, bəs...

- Yox, həyatımda özəl biri yoxdur (gülür).

- Nə bildin ki, o sualı verəcəm?

- Adətən elə suallar təriflə başlayır. Buna vaxtım yoxdur. Mən sənətimə çox bağlıyam. Demirəm ki, ömür boyu subay gəzəcəyəm, xeyr. Həyatı bilmək olmur. Bəlkə sabah qarşıma elə bir insan çıxdı ki, mən ona bir könüldən min könülə aşiq oldum.

 

Xəyalə Rəis

Kaspi.-2013.-25 dekabr.-S.13.