Göygölə gəl, Göygölə...
Rayonda turizmin inkişafı
üçün böyük işlər görülür
Göygöl şəhərinə daxil olanda ilk diqqəti çəkən eyni cərgədə düzülən balaca, təmirli evlər olur. Qırmızı kirəmitli, çöl divarı, balkonu taxta ilə bərpa edilən evlərin çoxu vaxtilə burada yaşayan almanlar tərəfindən tikilib. Şəhərin əsaslı şəkildə yenidən qurulan, təmir və bərpa olunan küçə və prospektlərini gəzdikcə, yeni tikintilərlə tanış olduqca, milli arxitektura elementlərini seyr etdikcə park və xiyabanlarda dolaşdıqca bu füsunkar diyarın adının dillərdə dastan olmasının səbəbini anlayırsan.
Sənətkarlıq
paytaxtı
Göygöl rayonunun Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilməsi rayonda müxtəlif sənətkarlıq növlərinin inkişafı və təbliği ilə bağlıdır. Göygöl rayonunda 80-dən çox sənətkar çalışır. Mədəniyyət Evində təşkil edilən sərgidə nümayiş etdirilən əl işləri arasında yaşlı sənətkarların işləri ilə yanaşı orta məktəb şagirdlərinin də hazırladığı tikmə, toxuculuq, rəssamlıq və s. əl işləri maraq doğurur. Hiss olunur ki, rayonun “Sənətkarlıq paytaxtı” elan olunması sənətkarlarda ruh yüksəkliyi yaradıb. Onlar öz işlərinə qarşı sonsuz maraq hiss ediblər. Göygölün “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilməsi ilə əlaqədar olaraq ilboyu rayonda mədəniyyət, incəsənət və sənətkarlıq sahəsində müxtəlif yerli və beynəlxalq tədbirlər keçirilib. Əl işlərindən ibarət sərgilər, festivallar, konfranslar, konsert proqramları təşkil edilib. “Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən "Xalq Yaradıcılığı Paytaxtları" proqramı çərçivəsində Göygölün 2013-cü ildə respublikanın "Sənətkarlıq paytaxtı" elan edilməsi də məhz mədəni irsin qorunmasına, sənətkarlığın daha da inkişafına və təbliğinə yönəldilib”- deyə onlar fərəhlə bildirirlər.
Almanların izi
Göygöl rayonunda tarixi əsrlərlə ölçülən abidələr var. Çaykənd kəndində yaşayış evi, Ağ körpü (12-ci əsr), Qabriel kilsəsi, Türbə (12-ci əsr), Üç tağlı körpü (Gəncə çayı üzərində), İki tağlı körpü, Şərabçılıq zavodunun zirzəmisi, Anahid məbədi, Birtağlı körpü, Qala (12-ci əsr) və s. kimi 31 yerli əhəmiyyətli tarixi abidə var. Abidələr 12-16-cı əsrləri əhatə edir. Bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir. Göygöl Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova bildirdi ki, rayonda abidələrin bərpası istiqamətində işlər görülür.
1854-cü ildə tikilən Lüteran kilsəsi isə hazırda Tarix Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Kilsə almanlar tərəfindən tikilib. 1982-ci ildən isə rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeyin 2000-dən artıq eksponatı var. Muzeyin ekspozisiyası qədim zamanlardan indiyədək Göygöl rayonunun tarixini və milli mentalitetini əks etdirir. Muzeyin ekspozisiyası 6 salondan ibarətdir. Buraya «Göygölün təbiəti. Göygöl qədim dövrdə», «Göygöl orta əsrlərdə», «Göygöl yeni dövrdə», «Hərbi vətənpərvərlik tərbiyəsi», «Azərbaycanda demokratik hərəkat. Kommunist rejiminin iflası», «Azərbaycan son 10 ildə» daxildir. Muzeyin fonduna 456 ədəd məişət əşyası, 190 ədəd foto şəkil, 236 ədəd sənəd, 85 ədəd digər eksponatlar daxildir. Balçılı kəndinin sakinlərinin köməyi ilə 500-ə qədər tarixi əşyalar toplanıb, həmin əşyalar muzey eksponatı kimi inventarlaşdırılıb. Muzeydə müxtəlif tədbirlərlə bağlı sərgilər, foto-stendlər, vaxtaşırı xarici qonaqlar üçün musiqili tədbirlər təşkil olunur. Muzey binası 2008-ci ildə bərpa edilib.
Almanların əraziyə köçmələrinin
də maraqlı tarixi var.
Belə ki, 1818-ci ildə almanlar
Vyutenburq knyazlığından mühacir kimi bura köçürülərək onlar üçün
ayrılan ərazilərdə yerləşdiriliblər. 124 ailə
Helenendorf şəhərində - indiki Göygöldə 600 ev,
6 küçə salıblar. Almanlar burada maldarlıqla, əkinçilik
və üzümçülüklə məşğul olublar. 1860-cı ildə Fohrer
qardaşları şərabçılıq zavodu
yaradıb. 1870-ci ildə bu müəssisə
“Kristofer Fohrer və
oğlanları” adını daşıyır. 1892-ci ildə
isə Fohrer öz təsərrüfatını
dörd oğluna verir. Həmin ildən müəssisə
“Fohrer qardaşları” adını
daşıyır. Sonra qardaşlar
pivə istehsal edən zavod
tikir. Hazırda həmin zavod
rekonstruksiya olunaraq fəaliyyət
göstərir. Zavodda bir
neçə çeşiddə alkoqollu içki istehsal olunur. Bir neçə gündən sonra
müəssisədə alkoqolsuz
içkilərin də istehsalına başlanacaq.
1912–ci ildə Fohrer
qardaşları dəyirman da tikdiriblər.
Şərabçılıqdan sonra burada ikinci əsas rol faytonçuluğa məxsus
idi. 1877-1878–ci illərdə
Türkiyə ilə başlanan müharibə
faytonçuluğun sürətlə
inkişafına təkan verib.
1890-ci ildə almanlar tərəfindən
Gəncə çayı yaxınlığında dörd mərtəbəli su
dəyirmanı tikilib, müxtəlif növ un növləri istehsal olunub. 1903-cü ildə
13 km məsafədən Köşkü
kəndi ilə Üçbulaq (Murud) kəndi arasında yerləşən meşədəki
bulaqlardan şəhərə su çəkilib. 1911-ci ildə Azərbaycan ərazisində
ilk su elektrik
stansiyası Helenendorfda almanlar
tərəfindən Gəncə çayının üzərində
tikilib. Bu tikinti ilə əlaqədar sənaye inkişaf etməyə başlayıb, keramit və kərpic istehsalı zavodları,
pivə zavodu, Mədəniyyət Evi tikilib.
Digər alman mühaciri Y.İ.Hemmel isə elmin inkişafına xidmət göstərib. O, arxeologiya elminin əsasını qoyanlardan biri olub. Hemmel 1927-ci ildə Helenendorf Diyarşünaslıq Muzeyini təşkil edib. 1941-ci ildə o da Qazaxıstana sürgün edilib və orada vəfat edib. Şəhərdə “Viktorun evi” kimi tanınan daha bir ev var. Göygölə gələn qonaqları bu evi də ziyarət etməyə aparırlar. Mənzil o zaman Qazaxıstana sürgündən yayınan bir alman ailəsindən qalıb. Onların Viktor adlı oğulları 2007-ci ildə vəfat edib. Ev təmirsizdir, amma ailənin istifadə etdiyi bütün əşyalar evdə saxlanılıb. Ş.Hümmətova mənzilin yaxınlarda təmir olunacağını bildirdi. “Şəhərimizdəki bir çox yaşayış evləri XIX əsrdə alman memarlıq üslubunda inşa olunduğuna görə gələn xarici qonaqların diqqətini cəlb edir. Hazırda həmin evlərin yerləşdiyi ərazinin qoruq elan edilməsi istiqamətində işlər aparılır”.
Öyrəndik ki, rayonda məskunlaşan almanlar
1941-ci ildə Stalinin əmri ilə
Qazaxıstana sürgün ediliblər. İndi almanlar bu yerlərə turist kimi gəlir, qohum-əqrəbalarının
yaşadığı yerləri, onların məzarlarını
ziyarət edirlər. Almanlar “siz fəxr edə bilərsiniz ki,
Azərbaycanda alman şəhəri var” deyirlər.
1938-ci
ildə qəsəbə Xanlar adlandırılıb, 2008-ci ildə
Milli Məclis Xanların Göygöl adlandırılması
barədə qərar qəbul edib.
Turizmin inkişafı üçün
Rayonda Heydər Əliyev Mərkəzi 2007-ci ildə yaradılıb. 2009-cu ildən etibarən mərkəzin nəzdində ulu öndərin həyat və fəaliyyətinin tədqiqi və təbliği ilə məşğul olan xüsusi tədqiqat qrupu fəaliyyət göstərir. Mərkəzdə mövcud olan 93 ədəd foto şəkil, 28 sənəd, 80-dən çox kitab sərgilənir. Burada müxtəlif istiqamətli dərnəklər fəaliyyət göstərir ki, bu da mərkəzin daim gediş-gəliş obyektinə çevrilməsinə, rayon ictimaiyyətinin diqqətini cəlb etməyə nail olub.
Son
illər rayonda turizm infrastrukturunun inkişafı istiqamətində
də addımlar atılır. Rayon İH-nin başçısı Arif Seyidov bizimlə
görüşdə bildirdi ki, artıq beş xətt
üzrə turizm marşrutu
müəyyənləşib. Ancaq rayonun turizm potensialı böyük olsa da turizm obyektlərinin
sayı yetərincə deyil. ”Rayonun yerləşdiyi mühit
turizm üçün
əhəmiyyətlidir. Bəzi yerlər turistlər üçün təqdim oluna
bilməyəcək ərazilərdə yerləşir.
Hacıkənddən bir qədər kənarda
hərbi hissə var. O hissəyə qədərki
yerlərdə də görməli ərazilər çoxdur. O əraziləri inkişaf
etdirmək lazımdır. Hazırda turistlər gələndə
fərdi evlərdə daha çox
qalırlar. Mehmanxana
çatışmır”. Göygöl qoruğuna daxil olmaq üçün yaranan çətinliklərə gəlincə,
İH başçısı bildirdi ki, hazırda Göygöl
Milli Park statusu qazanıb. Bunun üçün qoruğun
ərazisinə əlavə sahələr daxil
edilib. Qoruq ərazisi statuslara bölünüb.
Gələn qonaqların ərazidəki gölləri görmək
imkanı var. Amma Göygöl qoruğunun ərazisində
hərbi hissə olduğundan ora daxil olmağa
icazə verilmir. “Torpaqlarımız
düşməndən azad olunana qədər vəziyyət belə davam edəcək”. İcra
başçısı bəzi obyektlərin və xidmətin baha olmasını “partizan”
qaydasında fəaliyyət göstərmələri ilə izah etdi. “Bu,
onların sahibkarlıq fəaliyyəti ilə
bağlıdır. Onların lisenziya alana qədər fəaliyyəti
yoxlanılır. Özəl sektora sanksiya tətbiq olunmur. Onlarla ictimaiyyətin köməyi ilə
tövsiyə xarakterli iş
aparmaq lazımdır”.
Göygöldə yaşayan sakinlər mehribanlıqla insanları öz bölgələrinə dəvət edirlər. Xüsusən yay aylarında yamyaşıl olan rayonun təmiz havasını udmaq, çayların, göllərin sərinliyini hiss etmək, zəngin mətbəxini dadmaq, insanlarının gülərüzlüyünü, qonaqpərvərliyini görmək üçün....
Təranə Məhərrəmova
Kaspi.- 2013.-
25 dekabr.- S. 9.