Neft-kimya Azərbaycanını dünyada
tanıdanlar
Bu sırada “Petkim”də
çalışan ilk azərbaycanlılardan
biri - professor Füzuli Nəsirov da
var
Türkiyə Respublikasının neft-kimya sənayesinin aparıcı qüvvəsi, İzmir şəhərində yerləşən “Petkim Petrokimya Holdinq A.Ş.”in baş direktoru Sadettin Qorqud şirkətdə çalışan həmyerlilərimizi belə tanıtdı: “Petkim”də azərbaycanlılar uğurla çalışır və çox məsuliyyətli vəzifələr yerinə yetirirlər. Onların hər biri öz sahəsində yaxşı mütəxəssis, işlərini inkişafa uyğun quran, zəhmətkeş insandır. Azərbaycanlı mütəxəssislər xarici dil bilmələri ilə də, şirkətdə əcnəbilərlə ünsiyyət yaradılması istiqamətində də çox böyük işlər görürlər. “Bir millət–iki dövlət”in mənsubları olaraq şirkətimizin gələcək hədəflərinə çatması üçün bizlərə verilən imkanlarla var gücümüzlə çalışırıq”.
Baş direktorun qürurla danışdığı və güvəndiyi bu insanlar sırasında uzun illərdir ki, Türkiyədə fəaliyyət göstərən kimya elmləri doktoru, professor Füzuli Nəsirovun adını çəkməmək mümkün deyil. Füzuli müəllim “Petkim”də çalışan və kifayət qədər geniş tanınan, önəmli bir nüfuza sahib olan həmyerlimizdir. “Füzuli müəllim bütün petkimlilərin ağsaqqaldır!”- bu sözləri isə şirkətin mətbuat katibi Sərxan Aksuyek söyləyir.
“Petkim” ailəsində ilk
azərbaycanlı...
Elə ilk andan hiss edirsən ki, üstün insani keyfiyyətləri ilə olduqca səmimi və sadə görünən bu elm adamı, dərin biliyi və mülahizələri ilə ətrafdakılardan daim seçilir və sıravi insan olmadığını ortaya qoyur. İlk tanışlığımız hələ iki il əvvəl azərbaycanlı jurnalistlərin İzmirə səfəri zamanı başlamışdı. “Petkim”i də bizlərə ilk tanıdan, Türkiyənın bu sənaye nəhəngini soydaşlarına təqdim edən baş direktorun elmi məsələlər üzrə müşaviri Füzuli müəllim idi. O, 1952-ci ildə Azərbaycanın qədim paytaxtlarından olan Bərdə şəhərində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyasını) bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna təyinatla göndərilmiş və o zamandan da burada elmi fəaliyyətini davam etdirməkdədir.
Bu dəfə də onu “Petkim” ailəsində görməyim məni çox sevindirdi. Qardaş Türkiyənin bu kimya nəhəngini Azərbaycanın xaricdə ən böyük layihəsi kimi dəyərləndirən Füzuli müəllim buradakı işlərdən ürəkdolusu danışır:
- Mənim “Petkim” şirkətilə əlaqələrim 1991-ci ildən–elmi ezamiyyətdən sonra başlamışdır. Hələ o zamanlardan Türkiyənin tək və ən böyük neft-kimya məhsulları istehsal edən “Petkim” şirkətinin özəlləşdirilməsi haqqında danışılsa da, bu, 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qismətinə düşdü. “Petkim”in özəlləşdirilməsi olduqca məsuliyyətli, riskli və zəhmət tələb edən bir iş idi. Bu özəlləşdirmə açıq, olduqca şəffaf surətdə həyata keçirildi və SOCAR qalib gələrək şirkətin 51 faizinin sahibi oldu. Sonradan bu pay 67 faizə qədər yüksəldildi ki, bu da SOCAR-ın və Azərbaycan dövlətinin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir.
“Petkim”in özəlləşdirilməsi layihəsində Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın qalib gəlməsi həm Türkiyə, həm də Azərbaycan üçün önəm kəsb edən hadisə oldu. Belə ki, Azərbaycan dövləti öz ərazisindən kənarda yüksək vəsait yatıra bilmək imkanlarını dünyaya bəyan etməsilə yanaşı, SOCAR da öz meqalayihələriylə artıq transmilli bir şirkət olduğunu sübut etdi. SOCAR-ın Türkiyəyə yatıracağı sərmayənin miqdarı 17 milyard dollar həcmində nəzərdə tutulmuşdur ki, bunun da 8 milyard dolları “Petkim”-ə yönəldilir. Bir sözlə, “Petkim”in SOCAR-ın tərəfindən alınması Azərbaycan dövlətinin Türkiyə Cümhuriyyətinə qoyacağı yatırımlar zəncirində ilk, eyni zamanda iqtisadi çəkisinə və dəyərinə görə olduqca mühüm bir həlqə oldu.
“Azərbaycanın
böyük qayğısını hər zaman
hiss edirik”
- “Petkim”dəki fəaliyyətiniz necə qurulub, hansı qayğılarla yaşayırsınız? Bu gün qardaş Türkiyənin bu neft-kimya nəhəngində çalışmağınız ölkəmizə nə verir?
-Yuxarıda qeyd etdiyim kimi mənim “Petkim”lə
tanışlığım 1991-ci ildən
başlamış və
davam edir. Məhz bu
tanışlıq imkan verdi
ki, SOCAR rəhbərliyinin etimadı ilə “Petkim”də şirkətin təmsilçisi olaraq işə
başlayım. Demək
olar ki, “Petkim”ə gələn
ilk azərbaycanlılardan
biriyəm və gəldiyimiz ilk
gündən
petkimlilərdən sevgi
və sayğı görmüşük. Burada
özümüzü evimizdəki kimi
hiss edirik. Məhz bu
səbəbdən də
azərbaycanlılar
buraya ailələri ilə birlikdə gəlmişlər.
Həm SOCAR, həm SOCAR-Türkiyə, həm də, “Petkim”
rəhbərləri tərəfindən
qarşımızda qoyulan bütün
məsələlərin
zamanında və
yüksək məsuliyyətlə yerinə
yetirilməsinə səy göstəririk.
“Petkim” 1965-ci ildən fəaliyyət göstərir və istehsal etdiyi məhsulların yüksək keyfiyyəti, elmtutumlu texnologiyaları ilə yanaşı, həm də üstün istehsal mədəniyyətinə malik bir şirkət olmaqla daim inkişaf etməyimizə və yeni texnologiyalara sahiblənməyimizə imkan yaradır. Şübhəsiz, bütün bunlar imkan verir ki, ümid edək: bu gün “Petkim”də müvəffəqiyyətlə çalışan gənclərimiz sabah SOCAR-ın başqa müəssisələrində də böyük əzmkarlıq və məsuliyyət hissi ilə çalışa biləcəklər. Bu Azərbaycan Respublikası Prezidentinin uzaqgörənliyinin və SOCAR rəhbərliyinin azərbaycanlı gənclərə qayğısının, eyni zamanda,ölkəmizin gələcəyə yönəlik investisiya siyasətinin bariz nümunəsidir. “Petkim”də işləyərək təcrübələrini daha da artıran gənclərimizin sədaları hələ çox uzaqlardan gələcəkdir.
Konkret olaraq özüm
haqqında onu söyləyə
bilərəm ki,
burada baş direktorun elmi müşaviri vəzifəsi mənə “Petkim”in bütün problem və
müvəffəqiyyətləri ilə
birbaşa əlaqədə olmaq, problemlərin aradan
qaldırılmasına mümkün qədər yardım etmək, şirkətimizin gələcək
inkişaf perspektivləri ilə
bağlı proqramlar və layihələr
hazırlanmasını fəal
yerinə yetirmək imkanı
yaratmışdır. Bu işdə SOCAR rəhbərliyinin böyük
etimadının etibara çevrilməsində var
gücümlə
çalışaraq, vətəndaş borcumu yerinə
yetirməkdəyəm. Bu işlərin müvəffəqiyyətində uzun
illər
çalışdığım AMEA Neft-Kimya
Prosesləri İnstitutunda təcrübəli elm
adamlarından öyrəndiklərin əhəmiyyəti
olduqca böyükdür.
Bu gün mənim burada-“Petkim”də olmağım və səmərəli fəaliyyətim dövlətimizin, eyni zamanda, SOCAR rəhbərliyinin Azərbaycan
elminə olan etimadının daha bir nümunəsidir.
Bu etimadı doğrultmaq
isə bizim müqəddəs vəzifəmizdir.
Türkiyənin
birinci şirkəti
olmaq imkanı...
- “Petkim” perespektivləri ilə Egey
bölgəsinə yeni
bir həyat
gətirdi. Son bir ildə həyata keçirilən layihələr göz
önündədir.
“Star”ın tikintisi, görkəminə görə ən ünlü
universitetlərə bənzəyən Heydər Əliyev adına
peşə liseyinin həyata
vəsiqə alması bu günün
reallıqlarıdır. Daha hansı
işlər görülür? Böyük
layihələrdəki işləriniz
haqqında danışmağınızı istərdik.
-
SOCAR-ın “Petkim” layihələri uzun bir dövrü əhatə edir və mərhələ-mərhələ yerinə yetirilməsi nəzərdə tutulur. Bu layihələr içərisində “STAR” neft emalı zavodu
ilə yanaşı, Quru Yük (konteyner) Limanı və elektrik stansiyaları
layihələri əhəmiyyətli yer tutur. Bunlarla yanaşı, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Qaz Boru Kəməri (TAP) da yüksək maliyyə tutumları ilə dünyanın diqqətini cəlb etməkdədir. Məhz bunun nəticəsində SOCAR-ın Türkiyə təmsilçisi olan “Socar
Türkiyə Enerji A.Ş.” şirkətinin, Prezident İlham Əliyevin də bildirdiyi kimi, 2023-cü
ilə qədər, yəni Türkiyə Respublikasının qurulmasının 100-cü illiyi
təntənəsinə qədər Türkiyənin birinci şirkəti olmaq imkanı
gerçəkləşəcəkdir.
Olduqca
məsuliyyətli bir işdir və həyata keçirilməsi yüksək yatırımlar, həm də yüksək əzmkarlıq, yüksək iqtisadi bilik, istehsal mədəniyyəti ilə yanaşı, hər iki ölkə rəhbərlərinin
dostluq-qardaşlıq münasibəti və xalqlarımız
arasındakı milli, dini və dil
yaxınlıqları nəticəsində mümkün
olacağı heç kimdə şübhə doğurmur. Ulu öndərimiz Heydər Əliyevin təbirincə “Bir millət, iki dövlət olan” Türkiyə və Azərbaycan hər zaman birlikdə olacaqlar və bunun da nəticəsində öz qüdrətlərini daim artıracaqlar.
Ulu Atatürkün deyimi olan “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”
kəlməsi bugünkü
Türkiyə və Azərbaycan arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrdə hər zamankından daha
artıq gerçəkləşməkdədir. Azərbaycan dövlətinin Türkiyədə və eyni zamanda, Türkiyə dövlətinin Azərbaycanda
yatırdığı sərmayələr hər iki ölkənin nəinki regionda, eyni zamanda,
dünyada aparıcı söz sahibi olmalarına imkan
yaratmışdır və bu, gündən-günə daha da yüksəlməkdədir.
-Azərbaycanda-Bakıda
son dəfə nə
vaxt olmusunuz? Ölkəmiz xaricdən
necə
görünür? Bakı təəssüratlarınızı
bölüşmənizi
istərdik.
-İşimlə
əlaqədar olaraq hər
2-3 aydan bir Bakıya gələrək SOCAR rəhbərliyi qarşısında hesabat
verdiyim üçün
doğma şəhərimizdən
o qədər də
uzaq olmuram. Amma, səmimiyyətlə etiraf edim ki, hər səfərim zamanı Bakımızın
aydan-aya deyil, gündən-günə dəyişdiyinin
fərqindəyəm. Şəhərimizin gündən-günə abadlaşması, gözəlləşməsi
hamı kimi məni
də
sevindirir və qəlbimi
qürur hissi ilə
doldurur. Əgər buraya müxtəlif
tədbirlərdə iştirak
etmək
üçün Bakıya
gələn və
onun gözəlliyi qarşısında təəccübünü
gizlədə bilməyən petkimli həmkarlarımın,
türkiyəli
və
xarici qonaqlarımızın
rəylərini və
sözlərini
də
əlavə etsək,
onda sevincimizi və
bu şəraiti yaradan
ölkə
rəhbərliyinə minnətdarlıq
hisslərimizi
təsəvvür etmək
çətin
olmaz.
Türkiyə-Azərbaycan əlaqələri qardaşlığımıza ucaldılan
ən möhtəşəm abidədir
-Hazırda “Petkim”də çalışan həmyerlilərimizin fəaliyyəti haqqında nə deyərdiniz?
-Bugün “Petkim”də çalışan azərbaycanlıların
hamısı gənclərdir, məndən başqa. Onlar ölkəmizin,
Türkiyənin
və
digər
xarici dövlətlərin aparıcı
universitetlərinin
məzunlarıdırlar.
Onların arasında
ilk iş təcrübəsinə “Petkim”də
başlayanlar da, bundan əvvəl həm ölkəmizin iri şirkətlərində, həm
də
xarici dövlətlərin şirkətlərində
bir neçə illər
ərzində müvəffəqiyyətlə çalışmış
təcrübəli gənclərimiz də
vardır. Kimliyindən asılı olmayaraq
onların hamısı
hansı dövləti və
hansı şirkəti təmsil
etdiklərini
çox gözəl anlayır, üzərlərinə
düşən
məsuliyyət hissini dərk
edərək işlərinə yüksək
məsuliyyətlə yanaşırlar.
Azərbaycan dövlətinin və
SOCAR rəhbərliyinin etimadını doğrultmağa
çalışan bu
gənclər elmi biliklərini artırmaq
və
yeni texnologiyalara yiyələnməkdə
bütün əzmləri ilə çalışmaqdadırlar. Ümidvaram ki,
bu gənclər əldə etdikləri
bilik və qazandıqları
təcrübə ilə
hələ uzun müddət Azərbaycan dövlətinin
iqtisadi və siyasi gücünün artırılmasına
öz töhfələrini verəcəklər.
Azərbaycan dövlətinə sadiq olmaqla yanaşı,
Türkiyəni
də
ikinci vətən
olaraq qəbul edən bu gənclər Türkiyə-Azərbaycan dostluq və
qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində yaxından iştirak edir.
- Arzularınız,
gözləntiləriniz?
- 1991 və
1996-cı illərdə “Petkim”ə
səfərlərimdə
bir zaman yenidən
Türkiyəyə gələrək uzun müddətli
olaraq bu şirkətdə işləyəcəyimi heç
ağlıma belə gətirə bilməzdim.
Burada mənim
uzun illik dostluq əlaqələrim vardır.
SOCAR rəhbərliyinin mənə göstərdiyi
etimad sayəsində
bu gün burada gənclərlə çiyin-çiyinə çalışmaqdayam. Arzum
budur ki, SOCAR-ın “Petkim” və
Türkiyə
yatırımları müvəffəqiyyətlə davam etsin, həm Türkiyəmiz,
həm
də
Azərbaycanımız
durmadan elə inkişaf
etsin ki, gələcəkdə
kimin kimə sərmayə yatırmasından deyil, eyni bir ölkəyə qoyulan sərmayələrdən
söhbət
getsin.
Hamı kimi mən
də
istərdim
ki, hər zaman Azərbaycanın
yanında güclü
Türkiyə,
Türkiyənin
də
yanında güclü
Azərbaycan
olsun. Dillərimiz qarşılıqlı əlaqələr nəticəsində elə
inkişaf səviyyəsinə çatsın ki, aramızda anlaşılmayan
və
yaxud yanlış anlaşılan söz-söhbətlər heç
zaman olmasın. Bugünkü Türkiyə-Azərbaycan qardaşlığı bizim
nəsillərə ötürdüyümüz
ən
dəyərli ərməğan və
ən
möhtəşəm abidədir.
* * *
İzmir şəhərinin günbatan səmtində-Çanaqqala
yolunun üstündə yerləşən Əliağa bölgəsi əvvəllər də daha çox sənaye rayonu
kimi tanınıb. Köhnə və
Yeni Focanın əsrarəngiz təbiətindən və
gözəlliklərindən sonra, hisli-tozlu bir sənaye
rayonu kimi yadda qalan bu
bölgə
indi bütün dünyada tanınmaqdadır.
“Petkim” layihəsi bu bölgəyə,
təkcə qardaş Türkiyədə yox, həm
də
bütün dünyada
olduqca böyük bir sənaye
nəhəngi pasportunu qazandırdı.
Yaxın
və
Orta Şərqin ən böyük neft-kimya nəhəngləri bu layihəyə nəinki
diqqətlə yanaşır, həm də
onunla tərəfdaş
olmaq üçün
ciddi səylər
göstərirlər.
Bu möhtəşəm uğurun ən böyük payçısı isə Azərbaycan
dövlətidir
və
buradakı azərbaycanlı soydaşlarımızın, o cümlədən professor Füzuli
Nəsirov
kimi elm fədailərimizin
gərgin
zəhməti, uğurlu töhfələri həmişə ünvanımıza xoş
sözlər,
böyük uğurlar
gətirməkdir. Bunu təkcə müstəqil
Azərbaycanın
inkişafı və iqtisadi uğurları yox, həm
də
zəhmətsevər adamlarımızın fədakar əməyi və
heç nə ilə
ölçülə
bilməyən Vətən sevgiləri
sübut etməkdədir.
Namiq ƏHMƏDOV,
Əməkdar jurnalist
Bakı-İzmir-Bakı
Kaspi.-2013.-25 dekabr.-S.7.