BAYATI
İŞIĞI
İnam ATA
Bayatı çağırmaq milli ruhumuzdan doğub. Bayatı doğmalığını hər an yaşamımızda, düşüncəmizdə duyuruq. Bayatı yaratmaq mahiyyətcə xalqı ifadə etmək deməkdir. Gözəl, ülvi olan əbədiliyi təsdiq edir, xalq adlı ünvana axır, təsdiqini tapır. Bir bayatıda bir kitablıq hikmət var. Bayatılarda diqqəti çəkən başlıca məqam budur: sevgi bitməzmiş, habelə sevənin dərdi qurtarmazmış. Kədərdən, fəlakətdən güc almaq olarmış. Bayatı dili ana dilimizin həm də üzağlığıdır.
İnam Atanın (Asif Atanın) “Kaspi” qəzetinin sayğılı oxucularına təqdim olunan “Bayatı işığı” yazısında bayatılarımızın ruhu, fəlsəfi mahiyyəti açılır.
İşıqlı Atalı,
Mütləqə İnam Ocağının Yükümlüsü
***
(Fəlsəfi-bədii məqam)
1
Ağlamaq – ağlanmaq – ağ olmaq – işıqlanmaq deməkdir xalq idrakında.
Bayatı göz yaşı işığıdır, daxili aləmi duruldan.
Ağlaya-ağlaya işıqlanıblar, zülmətdən ayrılıb işığa düşüblər qədimlərimiz.
Kədər göz yaşlarında tamlanıb, yuyulub, saflanıb.
Göz yaşı yağıb daxili dünyaya və günəş doğub daxildə.
2
Əzizim, harayınnan,
Xan gəlir sarayınnan,
Gündə bir kərpic düşür
Ömrümün sarayınnan.
Bu, göz yaşlarıdır, kədər tamlığıdır, həm də daxili aləm rəvanlığı, qəhər tamlığıdır.
Göz yaşıyla durulaşan, ahıllaşan, idraklaşan
haldır.
Qızılgül
olmayaydı,
Saralıb solmayaydı.
Bir
ayrılıq, bir ölüm
Heç biri olmayaydı.
Göz yaşı süzülür sətirlərdən, həm də ürəyin çiynindən dağ
götürülür, duyğu qəhər zillətindən ayrılır, kədərli həqiqət kədər xiffətinə üstün gəlir, ağlaya-ağlaya
müdrikləşir gözüyaşlılar.
3
Həsrət gecəsini işıqlandırır həsrət bayatısı.
Mən aşığam,
hasarı,
Sınıq
könlüm ha sarı!
Hicrandan
körpü saldım,
Qəmdən çəkdim hasarı.
Həsrət körpüsünə çevrilir həsrət, həsrət hasarına çevrilir həsrət və göz yaşlarıyla səhər doğulur ürəklərdə, işıq
süzülür daxilə, həsrət gecəsi sabahlaşır ağlar səsdə.
Aşıq,
aça bilmirəm,
Yükdən qaça bilmirəm,
Başımda
həsrət yükü,
Atıb qaça bilmirəm.
Çəkilməz həsrət yükünü göz yaşları çəkir – işıq
düşür həsrətə. Həsrət nurlanır, can
rahatlanır, gecənin qoynundan sabah boylanır.
Mən aşıq, dolu düşər,
Göy
gurlar, dolu düşər,
Qəbrim yol üstə qazın,
Anamın yolu düşər.
Həyatda ana həsrətiylə yaşayan göz yaşında ana vüsalına
çatır, həyatda anasını dəhşətli dərəcədə uzun müddət görməyən, göz yaşında
anasını görür. Həsrətini göz yaşında deyən can ağrısına məlhəm qoyur: sanki gecə qaranlığında ay
çıxır və öz işığıyla mənəviyyat göyünü zinətləndirir.
Mən aşıq gəzər oldum,
Oxuyub
yazar oldum,
Elə sevdaya düşdüm,
Quruyub xəzəl oldum.
Quruyub xəzəl olduğunu göz yaşıyla deyən həsrətli baharlaşır, yaz səsi, yaz nəfəsi axır sinəsinə, bahar çiçəyi axır duyğularında,
təzələnir əhvalı.
Göz yaşında payız yazlanır.
Eləmi Laçın ağlar,
Göydə göyərçin ağlar.
Yadıma
sən
düşəndə
Başımda saçım ağlar.
Başda saçı ağladan həsrət tamlığı – yüksəkliyi göz yaşında
“vüsallaşır”, həsrət qaranlığı göz yaşında
aydınlığa çıxır.
Göz yaşında tamlanan göz yaşında da
tamamlanır.
Qaranlıq “ağlanır” – işıqlanır.
Araz, Araz,
xan Araz,
Gəl eyləmə qan, Araz,
Qardaş
dəryada
qaldı,
Nə axırsan yan, Araz!
“Dəryada qalan qardaşı”na göz yaşı tökən və Xan Araza qarğış eləyən həsrətli – göz yaşında,
könlündə, xəyalında, ümidində qardaşını dəryadan çıxarır, istəyinə çatır, gecəsini gündüzə çevirir.
Eləmi üzən günü,
Asta bas
üzəngini,
Qiyamət o gün qopar,
Əl əldən üzən günü.
Əli əldən üzülməyin qiyamətini göz yaşıyla deyən həsrətli xəyalında, ümidində, dərin daxili inamında əlin əli tapmasını,
tanımasını görür, gecəsi səhərə açılır,
işığı qaranlığı qovur.
Mən aşıq, sabah
sənsiz,
Sübh sənsiz, sabah
sənsiz,
Gecələr ilə dönüb,
Açılmır
sabah sənsiz.
Bəxtinin, ilqarının, sevgisinin, sabahının
açılmadığını göz yaşlarında dilləndirən həsrətli – ürəyində, xəyalında, ümidində, daxili inamında səhərin açılmasını
görür, onun işığında isinir.
Həsrət gecəsindən səhər doğur bayatı ağlamalarında.
4
Dərd gecəsini işıqlandırır dərd bayatısı.
Mən aşığam, qalan vay,
Bülbülüm
vay, qalam vay,
Çəkilibdi kərpicim,
Uçulubdu qalam vay.
Qalası uçulan, kərpici çəkilən dərdli – göz yaşlarında
qalasını ucaldır, kərpicini düzür, dərdə qarşı yaraqlanır; dərd həm hədsiz dərəcədə yamanlanır, həm də dərmanlanır.
Qalası uçan, kərpici çəkilən, yəni çiyninə dərd qalası götürən, istək şəhəri tar-mar olan dərdli – dərdini göz yaşında
axıdır; dərd izhar edilir, aşkarlanır, işıqlanır.
Tamlanan dərd tamamlanır.
Dərd yükü göz yaşında çiyindən düşür.
Mən aşiqəm, lalə mən,
Çox çəkmişəm nalə mən.
Dil
açar, bülbül olar
Dərdim desəm lala mən.
Dərdin qədərsizliyi, hədsizliyi ağlamalarda qədərləşir, hədləşir; dərdli son sözünü deyir
və dərd sonlaşır.
Mən aşıq, baxtım qara,
Qar
yağdı, baxtım qara,
Sənə ağ
gün dilədim,
Oldu öz baxtım qara.
Qarabaxtlığın hədsizliyinə çatan –
qarabaxtlığın həddini tapır, heyrətamiz dərd heyrətdə qərar tutur; ağı üstə deyilən dərd – işıqlanır –
“ağarır”.
Eləmi binələndi,
El gəldi, binələndi,
Gəlmədi dərdə dərman,
Dərd məndə binələndi.
Ömürdə binələnən dərdin hüdudu yoxdur; hüdudsuz dərd göz yaşlarında
hüdudlaşır, ağlayan – dərdli bağlanır və dərdi bağlayır.
Dərddən doğulur göz yaşı və göz yaşlarından dərdə işıq yağır.
Aydınlıq çökür zülmətin üstünə.
Əzizim, atdı getdi,
Əbədi yatdı getdi.
Dünyam
zülmət içində,
Günəşim batdı getdi.
Dərdli zülmət dünyasındadır, ancaq dərdlinin göz yaşı
adlanan işığı var – həmin işıq
qaranlığı yarır.
Dərddən ağlayan dərdi bağlayır.
Əziziyəm, alçalar,
Yaşıl
çalar, al çalar,
Dərdlərimi yükləsək,
Uca dağlar alçalar.
Uca
dağları alçaldan dərdin ağrısına yalnız
göz yaşı dözər, həmin ağrını yalnız göz
yaşı silər...
Dağlı
sinələrdən göz yaşı axır
ki, dərd dağını əritsin!
Qaynayar
qazan yerdə,
Oynayar
ozan yerdə,
Fələk, barmağın
sınsın,
Yazımı yazan yerdə.
Fələyin barmağını göz yaşıyla qırmaq
olur, yazdığını göz yaşıyla pozmaq olur,
göz yaşı işığında ümidin gözü
açılır.
Dar
gündü dedim, dağlar,
Hər qəmi yedim, dağlar,
Güc verin, qüvvət verin.
Dərdə güc edim, dağlar.
Göz yaşlarıdır güc – dərdi sındıran.
Ağı
işığı məlhəmdi dərdlilərə!
Dərdin həmdəmi də göz yaşıdır,
düşməni də!
5
Kədər gecəsini
işıqlandırır kədər bayatısı!
Mən aşığam, yarı
qan,
Yarı
düşün, yarı qan,
Könlüm
qəm dəryasıdır,
Yarı lildir, yarı qan.
Yarı lil, yarı qan olan qəm dəryası göz yaşlarına
qərq olur,
durulur. Kədər ağrısı kədər ağısında sinir. Kədər dəryası kədər yaşlarında seyrəlir.
Eləmi nə dumandı,
Nə çiskin, nə dumandı,
Od tutar
qəbrim
yanar,
Görən der: nə dumandı?
Qəbri yandıran kədər odu göz yaşlarında közləşir, xiffət dumanı ağı
işığında ağlaşır, kədər zirvəsi göz yaşı
doğar, göz yaşı kədəri zirvədən salar, kədər işığa
qarışar, işıqlanar.
Əzizim, dağda yandı,
Şamama
tağda yandı,
Arxamı
dağa verdim,
Ahımdan dağ da yandı.
Ahı
dağları yandıran kədərlinin ahı göz yaşına
qarışıb – ağlaşıb...
Kədər yanğı dağı yaradıb ürəklərdə, yanğı dağından
göz yaşları törəyib, göz yaşları yanğı
dağını söndürüb.
Kədər yanğısından göz yaşı
işığı doğub, kədər dünyasını
işıqlandırıb. Dağı yandıran ah göz
yaşlarında yanıb əriyib...
A
dağlar, uca dağlar,
Dünyadan
qoca dağlar,
Qoynunda
aşıq öldü,
Torpağın
uca, dağlar!
Kədər qarğışından ağı
yağışı törəyir, ağı
yağışında kədər qarışığı sönür.
Əziziyəm, dəmdə gül,
Dəmdə bülbül, dəmdə gül,
Şadlıqdan
hər kəs gülər,
İgidsənsə, qəmdə gül.
Əslində qəmdə gülmək – elə ağlamaqdır, göz yaşı tökməkdir, göz yaşı vasitəsiylə dərdə məlhəm qoymaqdır.
Bayatı ağısı - əslində bayatı
sarğısıdır, yaraya bağlanan, yaranı
sağaldan.
6
Bəla gecəsini işıqlandırır bəla bayatısı.
Bu
dağlar kömürdəndi,
Keçən gün ömürdəndi,
Fələyin bir quşu var,
Dimdiyi dəmirdəndi.
Fələk əməlinin fəlakətini duyan bəlalı göz yaşına qərq olur və bayatı
işığında bəla zəhmi, təlaşı, vahiməsi ölür.
Bəla yanğısından göz yaşları törəyir, göz yaşlarında bəla yanğısı
sönür.
Mən aşıq, bala
dağı,
Qar alıb bala dağı.
Heç
kafər,
heç müsəlman,
Görməsin bala dağı.
Bala dağı bütün dəhşətiylə ağlanır, anlanır,
deyilir, həm də dağılır. Bəla
bəlanı
üzür, həm
də göz
yaşıyla bəladan
üzülür.
Dediyini tam deyir, duyduğunu tam izhar eləyir, demədiyi söz, izhar eləmədiyi duyğu qalmır, bəla üzə çıxır və göz yaşlarında əriyir. Ağlaya-ağlaya
bəladan
ayrılır bəlalı.
Mən aşıq, təzə qanlı,
Mey
qanlı, məzə qanlı,
Əzrayıl ova çıxıb,
Əlləri təzə qanlı.
Əzrayıl qatilliyi göz yaşında məhkumlaşır, ürək qanlı təlaşdan xilas olur,
ağı işığı düşür zillətə, işıqlanır
duyğular.
7
Qərib gecəsini işıqlanıdırır qərib bayatısı.
Eləmi, ulu dağlar,
Çeşməli, sulu
dağlar.
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar.
Ağlaya-ağlaya, qəribliyin fəlakətini duya-duya qəriblikdən ayrılıblar qəriblər, vüsallaşıblar, vətənləşiblər.
Qəriblik şərbətini son damlasına qədər içə-içə, qəriblik odunda yana-yana yol
tapmayanda, iz tapmayanda göz yaşını yol eləyiblər qəriblər, iz eləyiblər.
Dayaq tapmayanda, arxa tapmayanda göz yaşına
dayaqlanıblar, arxalanıblar. Qəriblik zillətində qovrula-qovrula Vətənə
sarı boylanıblar, boyları çatmayanda göz
yaşlarını özlərinə boy eləyiblər.
Eləmi lala yalqız,
Gül
qoşa, lala yalqız,
Qorxuram, qərib öləm,
Canazam qala yalqız.
Qərib ölümünün qəhərini duya-duya Vətən məzarında yatmağın həsrətiylə qovrulublar qəriblər. Fəlakətdən səadətə
yollanıblar göz yaşının gücüylə. Gözləriylə görmədiklərini göz
yaşıyla görüblər.
Aşıq
sənəm səsinə,
Səs ver sənəm səsinə,
Heç
biri bənzəməyir,
Öz kimsənəm səsinə.
Kimsəsizliyindən yana-yana, yad sözlərini, səslərini eşidə-eşidə, dərdlərini göz yaşlarında
axıda-axıda doğma səs, doğma söz
hayanlığına can atıblar qəriblər.
Burda
yaralı çoxdur,
Köylü
qaralı çoxdur,
Taxtını
dolu döymüş,
Eldən aralı çoxdur.
Eldən aralı günlərini saya-saya, dolu ilə döymüş taxtına ağlaya-ağlaya elləşiblər qəriblər.
Göz yaşları yaxın eləyib uzaqları, göz
yaşlarında deyiblər fəlakətlərini yananlar – qananlar.
Əzizim, üzdən oldum,
Söhbətdən, sözdən oldum,
Qürbət ölkəyə düşdüm,
Ağladım, gözdən oldum.
Ağlayıb gözdən olduqca, göz yaşı
tökdükcə gözlü olublar qəriblər.
Göz yaşının gözüylə həqiqəti görüblər qəriblər.
Gözdən olduqca gözləşiblər.
Qəribsədikcə vətənləşiblər.
Qəribəm, mələrəm mən,
Dağ-daşı dələrəm mən.
Qırx
arşınlıq quyudan
Çağırsan, gələrəm mən.
El həsrətinə qalandıqca, həsrət nalələri “dağı-daşı dəldikcə”,
çağırış ümidinə sığınıblar qəriblər.
Göz yaşlarında ilkin eşidiblər o
çağırışı. Göz
yaşlarındakı ilkin axıb gəlib
ürəklərə o çağırış.
əriblərin
göz yaşlarında qurtarıb qəriblik əvvəl...
8
Ağlamaq azərbaycanlılarda “ağ” sözüylə təndir.
Ağ – işıq rəngidir.
“Ağıl” sözü də ağla təndir. “Ağıllı” –
“işıqlı” deməkdir.
Ona görə də bizdə ağlayan həm ağlanır, həm ağıllanır.
Hər ikisində işıqlanır.
“Ağlaya-ağlaya qeyrətsizləşənlər” ağlanmırlar, qaralanırlar.
İşığa çıxmırlar,
zülmətə düşürlər...
Kaspi.-2013.-28 dekabr.-S.21.