“ÖLÜLƏR”
DİRİLƏR ÜÇÜN YAZILMIŞDI
Cəlil Məmmədquluzadə - milli-mənəvi düşüncəmizin Füzuli kədəri, Nəsimi üsyankarlığı, Molla Nəsirəddin gülüşü və Mirzə Fətəli Axundzadə çabasının bir araya gəldiyi, bir məcrada qovuşduğu əbədiyyət məkanı...
On doqquzuncu əsrdə dünyaya gəldi.
İyirminci əsrdə əsərləri doğuldu.
İyirmi
birinci əsrdi və hələ də Mirzə Cəlilin acı göz yaşlarına səbəb olan gülüşlərin səsi iç dünyamızda
çiliklənə-çiliklənə əks-səda verməkdədi.
Hələ 1891-ci ilin may ayının
1-də “Kaspi” qəzetində M.Şaxtaxtlının
“Zaqafqaziya müsəlmanlarını necə adlandırmalıyıq?” məqaləsində bu xalqı “azərbaycanlı” adlandırmaq tələbi irəli sürülürdü. Elə həmin ildə “Kəşkül”də “Azərbaycanlı”
imzasıyla məqalələr çap olunurdu. Ondan da bir il əvvəl “Tərcüman” qəzeti bu barədə geniş yazılar çap edirdi.
Bədii yaradıcılıqda isə bu ideyanı daha dolğun
şəkildə irəli aparan məhz Cəlil Məmmədquluzadə oldu. Arxasınca “Molla Nəsrəddin”i və Mirzə Ələkbər Sabiri gətirdi.
M.F.Axundzadədən sonra məhz Cəlil Məmmədquluzadənin
ədəbi istedadının
parlaq nümunələri olan əsərləri
böyük bir bədiiliklə dövrün,
zamanın ictimai-əxlaqi
yükünü ləyaqətli missionerlər kimi daşıya
bildi. Böyük demokratın özünəməxsus dil-üslub özəlliklərinə malik əsərləri
xalqın “milli-mənəvi sərvətinə
çevrildi, bu xalqın dərdinə şərik
çıxmağı, sevincini bölüşdürməyi bacardı”.
Doğru bir qənaətdir ki, bu gün Azərbaycan nəsrinin müvəffəqiyyətləri Cəlil Məmmədquluzadənin hekayələrinə və ümumiyyətlə, onun ədəbi ustadlıq etdiyi hekayə jarına çox borcludu. Bu gün Azərbaycan nəsrinin məxsusi bir nəsr kimi
formalaşması və
təşəkkül
tapmasını da ilk növbədə Cəlil Məmmədquluzadəyə, onun hekayələrinə borclu olduğunu
minnətdarlıqla
dilə gətirənlər də
haqlıdırlar. Həqiqətən də
böyük ədəbin əsərləri
ardıcıl olaraq insan psixologiyasını – xislətini təhlil edən, bu psixologiyanın
dərinliklərinə varan, onu
bütün yönləri
ilə açıb
göstərən əsərlər silsiləsidi.
Cəlil Məmmədquluzadə öz şəxsi tərcümeyiğ-halının
elə ilk
cümləsindən “gözümü açıb dünyanı
qaranlıq görmüşəm”-yazırdı. Təbii ki, bu qaranlıq
Günəşin,
Ayın batması, ulduzların külleyi-ərzin üzünə qapanması, işıqlı aləmin yer üzündən perik düşməsi səbəbindən
deyildi. Bu şəxsi
tərcümeyi-halın
lap əvvəlindən nəm-nişan verilən qaranlıq əslində kainatın, hər hansı coğrafi
məkanın taleyinə möhürlənmiş gerçəklik deyildi. Daha
çox insan toplumlarının, fərdlərin iç
dümyasının, mənəviyyatının şəkillənməsi idi. Və Cəlil Məmmədquluzadə “Gözümü
açıb” deyəndə də sözün həqiqi mənasınsa
dünyaya doğulduğu günün ilk saatlarını, dəqiqələrini yox, cəmiyyəti, həyatı dərk etməyə başladığı Əvvəli nəzərdə
tuturdu. Molla Pənah
Vaqifin “Mən cahan
mülkündə
mütləq,
doğru halət,
görmədim, hər nə gördüm əyri gördüm,
özgə babət görmədim” qənaəti məhz
həmin anın
etirafı, yazısı idi. Mirzə Ələkbər Sabirin “Bədbəxt Tükəzbanları neynirdin,
İlahi” təəssüfü
həmin
qaranlıqdan boy göstərirdi.
Bu qaranlığın adını Nəriman Nərimanov “nadanlıq”
deyə bəyan edirdi.
Hüseyn Cavidin İblisi həmin qaranlığın əbası altında iç
üzünü gizlədərək bəşəriyyətə meydan oxuyurdu. Və
ən qəribəsi o idi ki, bi
qaranlıq dünyanın ölüləri
əslində daha çox fəaliyyətdə idilər.
Cəmiyyət o ölülərin ədavət
savaşlarını, mənsəb çəkişmələrini, mal-mülk hərisliyini adi hal kimi qəbul edirdi. Cəmiyyət o ölülərin bir-birinin
varını-mülkünü talan etmələrindən, bir-birinin
tifaqını dağıtmasından öz dərsini
götürürdü, daha çox qulluq göstərmək, mütiləşmək, özgəsinin
külünü götürməklə baş girləmək məktəbi keçirdi.
Bu, elə
bir sığortalanmış dünya idi ki, Şeyx Nəsrullah kimi əxlaqi xəstələr
əmin-amanlıqla
öz qurbanlarını o dünyanın qaranlıq
girdabının həşəratları ilə qorxudub
namuslarını ayaq altına ala bilridilər. Şeyx Əhmədlər bir alət
olaraq cəmiyyəti qurbanlıq quzu
kimi Şeyx Nəsrullahların
bədnamlıq
girdabına doğru qova bilirdi.
Bu o zamanlar idi ki. tərəqqipərvər bəşəriyyətin böyük alimləri atomu, neytronu, lazer
şüalarını, rentgeni və s. kəşf edib, Uranın
parçalanması mexanizmini araşdırdıqları halda,
Şeyx Nəsirullah ölüdirilmə elmini kəşf etməyilə əyalətlərdə peyda olmağa
başlamışdı. Və bu kəşf
dünyanın ən
ağlagəlməz, təsviri
mümkünsüz olan kəşfi
idi. O səbəbdən ki, bu kəşfin sübut edilməsi gərəkliyi heç kəsə xeyir gətirmirdi, heç kəs dünyadan
köçmüş doğmasının, əzizinin, ciyərparasının dirilməsinə razı ola
bilməzdi. Bu dünyadakılar o dünyada olan
doğmalarının yanında günahkar, üzüqara idi.
Şeyx Nəsirullah bu üzüqaralığın,
günahkarlığın əsl adını, iç
dünyasını ovcunun içi kimi bilirdi. Bu,
onun böyük kəfşi,
eyni zamanda, tutalğa, istinad nöqtəsi
idi.
Böyük
yazıçı Cəlil Məmmədquluzadə öz bədii fəhminin gücü ilə Şeyx Nəsirullahın istinad etdiyi həqiqəti görə bilmişdi və elə görə bildiyi üçün
”Ölülər”in əvvəlini sonunacan eyni sənətkarlıq qüdrətilə yetirməyə özündə güc tapmışdı. Belə olmasaydı
“Ölülər”
bir şəkilli,
bir pərdəli bəsit bir pyes olaraq
qalardı. Yəni, Şeyx Əhməd 2-3 saat, lap uzağı iki-üç gün əhali arasında təbliğat aparıb söz gəzdirərdi ki, Şeyx Nəsirullah deyilən bir ölüdirildən peyda olub,
dünyasını dəyişmiş bütün məxluqları su içimi saat
dirildə bilir. Elə həmin vaxt ərzində də iki-üç ağlıkəsən kişi
qabağa durub deyərdi ki, eləsə, çox uzaq yox, elə 3-4 ay əvvəl dünyasını dəyişmiş Məşədi Kazımı, ya elə Gülnisə qarını diriltsin, biz də baxıb görək bu necə ölüdirildəndi. Təbii ki, bu şərt çox
ağır olardı, deyilən
ölüləri
diriltmək
mümkün olmazdı, İsfahan şeyxlərinin yalanı da baş tutmazdı.
Bununla da əsər bitər, sona
çatardı.
Ancaq Şeyx Nəsirullahın qədəm basdığı mühit qaranlıq səltənətidi, burada bəsirət gözünü
ağır düşüncələrin kül qatı örtüb. Hər kəs öz
ölüsünün yanında günahkardı. Şeyx Nəsirullah
dahi filosof kimi bu həqiqəti əlində dəstavüz edib. Ona
görə də hakimi-mütləqdi. “Hökm onun hökmü, fərman
onun fərmanıdı”.
O qədər güc-qüdrət sahibidi ki, Kefli İsgəndərin ayıq, sərvaxt həqiqətləri şərab istemalı bəhanələri ilə asanca ört-basdır edilə bilir, yazıq
Nazlılaırın hökmlü atalarının şöhrət azarı hər cür valideynlik hisslərini ayaq altına alır.
Cəlil Məmmədquluzadənin bir yazıçı olaraq vətəndaş mövqeyinin
ucalığı, mövqe aydınlığı onda idi ki,
o, “Ölülər”i ölülər üçün yox, dirilər üçün
yazmışdı. Tərəqqipərvər cəmiyyət onu haqlayır, onun
tərəfini tuturdu.
Zaman
keçir, vaxt ötür, ancaq bu günün özündə də dünyanın, özəlliklə də Şərq aləminin ən müxtəlif bölgələrində “Qadın
zorakılığına qarşı “yox” deyək!” devizi altında
çoxçeşidli layihələr həyata keçirilir, mühazirələr oxunur, qrantlar
yazılıb-pozulur, di gəl ki, dünyanın özünə sanki bir mövzu olaraq şəhvani hisslərə qurban edilən Nazlıların olması gərəkdir, dünya az ala bu
mövzusuz darıxır, canını hara
qoyacağını bilmir.
Eləcə də dünya, sanki Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesində ortaya qoyulan ailəiçi fikir
ayrılıqlarının daha da dərinləşməsində dıaha çox
maraqlıdır. Bu mənəıvi ayrılmalara
xidmət edən xəyanət ocaqları daha
çox alovlandırılır, kökdən ayrılanların kök
tutmamalarına daha çox rəvac
verilir. Və
məhz bu məqamda böyük
demokrat, göz yaşı içində
gülüş ustası olan görkəmli
yazıçı Cəlil
Məmmədquluzadənin əsərlərini
yenidən oxumaq,
yenidən
araşdırmaq və
dərk etmək zərurəti meydana gəlir.
Bu mənada Cəlil Məmmədquluzadə bütün dövrlərin böyük
yazıçısı olaraq qalır. Onun “Kamança”sı,
“Kişmiş oyunu” “Danabaş kəndinin əhvalatları”nı
yenidən ortaya qoyur. Baxıb görürsən ki, Novruzəli hələ də
poçt şöbəsinin
qutusu önündə
dayanıb, öz ərzi-halını
hara göndərməsinin
ünvanını “Saqqallı uşaq”lardan
soruşib-soruşmamağı götü-qoyunu edir. Baxıb görürsən
ki, Cəlil Məmmədquluzadənin
dünyanın taleyi sarıdan olan
“Gigarançılığ”ının “Buz”u hələ də
dünyanın çox ölkələrində əriməmiş
qalıbdı.
Cəlil Məmmədquluzadə hərdən öz ədəbi qəhrəmanını “Mən kiməm, mənim dilim nə dilidir, atam, anam kimdir, vətənim haradır?” sualları ilə baş-başa qoyurdu. Və qarşı tərəfdən
səs-səmir
çıxmadığını görüb cavab vermək əziyyətinə də özü qatlaşardı.
Bu mövzu hələ də ədəbiyyatımızın, söz sənətimizin baş mövzusu olaraq
qalır. Elə özüm də özümdən soruram hərdən:
Kimliyim
dünyanın döş cibindədir,
Qaya cibindədir, daş cibindədir.
Bəzən dolu, bəzən boş cibindədir,
İstədim öyrənəm, biləm mən kiməm?!
Hərdən abad oldum, hərdən tarimar,
İçimdə tufandır, çölümdə bahar.
Özümün
özümə bir sualın var:
Alovam, atəşəm, küləm, mən kiməm?!
Gözümə süzülən lal gecələri,
Yorğanı
ay-ulduz, al gecələri,
Dindirə bilmədim lal gecələri,
Hansı səmtdən əsən yeləm, mən kiməm?!
Tutub
divarlardan kor sual gəzir,
Əzəldən mənimlə sirr sual gəzir.
Min bir
sual gəzir, min sual gəzir,
Tarixəm, əsirəm, iləm, mən kiməm?!
Səpilim torpağa, yenidən gəlim,
Bitsin ömrüm üstə yeni dən, gəlim.
Ölüb-ölüb
gedim, yenidən gəlim,
Yalanam, gerçəyəm, biləm, mən kiməm?!
Qürurum
əyilməz, elə bərkəm mən,
Görməyən gözlərə elə görkəm mən,
Böyük
keçmişim var, elə türkəm mən –
Vətənəm, torpağam, eləm, mən kiməm?!
Gülayə, kim geyib
söz əbasını,
Qurubdur əlləri haqq binasını?
Yazıb
taleyimin əlifbasını,
Şeirəm, nəğməyəm, diləm, mən kiməm?!
GÜLAYƏ
Kaspi.-2013.-28
dekabr.-S.20.