Elmira Şabanova: “Məni sevindirən iki şey var:
“Ailəm və peşəm”
Bu
gün cəmiyyətimizin yarısını qadınlar təşkil edir. Onlara daim
hörmət və ehtiram bəslənilir. Azərbaycanda
qadınlar həyatımızın
bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət
sahələrində fəal çalışırlar. İstər
teatrda, istər də kinoda işləyən əməkdaşların
müəyyən hissəsi qadınlardan ibarətdir. Halbuki XX əsrin
əvvəllərində
qadının səhnəyə gəlməsi böyük
problem idi.
Azərbaycanın ilk qadın
kinorejissoru Qəmər Salamzadənin “Kiçik pəncərədən görünən dünya” kitabında belə bir xatirə vardır: “...Cəfərdə (Cəfər Cabbarlı – A.K.)
qızğın bir təbliğat qüvvəsi var idi. O zamanlar səhnəmiz aktrisa cəhətdən böhran keçirirdi. Azərbaycan qızları
səhnəyə gəlmirdilər. Əzizbəyov adına
Azərbaycan
Dövlət Dram Teatrında bircə Mərziyə xanım idi. Əzizə xanım ilə Sona xanım isə Satira teatrında işləyirdilər. Odur ki, Cəfər təbliğat
atəşini bizə tərəf
çevirmişdi. Hər dəfə bizə rast gələndə dilinin bütün qüvvəsini sərf edir, bizi səhnəyə
çağırırdı...
Aylar, illər keçirdi. Bakının küləkli günlərindən birində mən Kommunist (indiki İstiqlal – A.K.)
küçəsində Cəfərlə rastlaşdım.
O, əlləri cibində o tərəf - bu tərəfə baxa-baxa gedirdi. Salamlaşdıq. Mən soruşdum:
- Cəfər! Belə tozlu havada hara gedirsən? Və nə axtarırsan?
- Hara
getdiyimi özüm də bilmirəm. Ancaq nə
axtardığımı bilirəm.
Kinoda Sevil rolunda oynamaq üçün Sevili
axtarıram. Gəlsənə mənə kömək edəsən! Sən də kino işçisisən axı!
- Axtaran
tapar, - dedim.
- Əslinə baxsan, tapmışam. Birisi var, çox ciddi
qızdır. Alim olmaq istəyir. Görək yola gətirə biləcəyikmi?..”
Qəmər xanımın kitabından bu xatirəni təsadüfən oxucuların nəzərinə çatdırmadıq. Xatirədən də
göründüyü kimi, vaxtılə
Azərbaycanda
qadınlar aktrisa olmaq peşəsinə yiyələnməkdən çəkinirdilər, ictimai qınaqdan
qorxurdular. Hətta
hansısa bir qız aktrisa olmaq istərkən valideynləri buna qadağa
qoyurdular.
Yuxarıda adları çəkilən aktrisalardan Əzizə xanım və onun qızı Sona xanım
teatrda fəaliyyətə başlayandan sonra qaragüruhçular onları daşa
basırdılar. Ona görə
də vaxtilə teatrlarda qadın
rollarını kişilər
oynayırdılar.
Sonralar ömrümüzün, günümüzün bəzəyi olan qadınların şəninə nə qədər nəğmələr, poetik misralar qoşulub,
haqqlarında böyük romanlar yazılıb. Neçə-neçə filmlərdə onlar sevimli ana, ilahi məhəbbət
nümunəsi kimi təcəssüm olunublar.
Ana
obrazlarını yaradanlar bizim istedadlı və gözəl aktrisalarımız - Mərziyyə Davudova, Hökümə Qurbanova, Nəcibə Məlikova, Leyla Bədirbəyli, Nəsibə Zeynalova, Elmira Şabanova,
Şəfiqə Məmmədova, Şükufə Yusupova və bir çox başqaları olmuşlar.
Respublikanın xalq artisti Elmira Şabanovanı
tamaşaçıların bir çoxu 1960-cı ildə ekranlarda göstərilən “Səhər” filmində əsas rollardan birini ifa edəndən sonra görüb və yadda saxlayıb. Bundan sonra o,
müxtəlif ekran əsərlərində yadda qalan obrazlar
yaradıb. Bu sırada aktrisanın ifa etdiyi Sevda (“Səhər”), Həmidə (“Ötən ilin son gecəsi”), Həmidə xanım (“Qəm pəncərəsi”), Ana (“Gecə qatarında qətl”), Alikin anası (“Gəmi saatının sirri”),
qaynana (“Gəlinlər”) surətlərini xüsusi qeyd etməyə dəyər.
Bir məqamı da qeyd etmək istərdik ki, Elmira xanım özü-özlüyündə maraqlı və diqqət çəkən insandır. Onun həyatı və
yaradıcılığı həmkarlarından
heç birinin taleyinə
demək olar ki, bənzəmir. Ailə-məişət
qayğıları ilə
əlaqədar uzun müddət ekranda və səhnədə görünməməsinə
baxmayaraq, onun populyarlığı reytinginin aşağı
düşməsinə imkan verməmişdir. E.Şabanovanın adı bugünkü Azərbaycan
kinematoqrafiyasının tarixinə
həmişəlik həkk olunmuşdur.
Bəli, doğrü deyiblər ki, həyat insana bir dəfə verilir. Onu elə yaşamalısan
ki, sonra geriyə
dönüb baxanda peşiman olmayasan. Bizim qəhrəmanımız Elmira
Şabanova bu baxımdan xoşbəxt sənətkardır...
Azərbaycanın xalq artisti Elmira
Şabanovadan aldığımız müsahibə ilə oxucuları tanış
edirik.
Siz xoşbəxtliyi necə təsəvvür edirsiniz?
- Xoşbəxtlik zəhmət və iradə, əmək və səy nəticəsində əldə edilir. Xoşbəxt anlar, dəqiqələr, uzaq başı günlər olur. Yəni
insan hər vaxt
ömrünün sonuna kimi xoşbəxt
qala bilməz. Həyatda
müəyyən bir hadisə ilə bağlı ən sevindirici anlar
yaşayanda deyirsən
ki, xoşbəxtəm.
İnanın mənə, ya xətrini istədiyim adam olsun, ya da istəmədiyim, əgər o şəxs yaxşı bir film çəkirsə, yaxud teatrda və kinoda yaxşı bir obraz
yaradırsa, sevincimin həddi-hüdudu olmur. Həmin
anlar özümü xoşbəxt
hesab edirəm.
Xoşbəxtlik arzudur, xoşbəxtlik hissdir. Bu hissləri
keçirə bilməyən insanlar bədbəxtdirlər. Başqalarının da sevincinə şərik
olmağı bacarmalısan. Bizim folklorumuzda belə bir kəlam var: xeyri dilə qonşuna, xeyir gəlsin başına.
- Sizi peşənizdən əlavə, həyatınızda ən çox sevindirən nədir?
- Bizim
dövlətimizin içində kiçik dövlət olan mənim gözəl ailəm. Bu həyatda məni daim sevindirən iki şeydir: ailəm və peşəm. Baxmayaraq ki, ailə
qurandan sonra uzun müddət
sevimli peşəmdən ayrı
düşmüşdüm, teatrın, kinonun həsrətini çəkirdim.
Lakin seçimimdən razıyam: ləyaqətli övladlarım, nəvələrim, şirin-şəkər nəticələrim – Camalım və Fatiməm var. Nəticələrim məni yaşadır. Onları
görəndə könlüm açılır, cavanlaşıram,
yaşım yadımdan çıxır...
- İnsan yaşa dolduqca zaman onun sifətinə əl gəzdirir. Bu, sizi narahat
etmir ki?
Mən belə şeylərə normal baxıram. Yəqin ki, məşhur İtaliya kinoaktrisası Anna Maniyaninin qrim
ustalarına etirazı haqqında xəbəriniz var. Çəkilişdən öncə onun üzünə makiyaj vurmaq istəyənlərə belə demişdi: “Üzümdəki qırışlara
toxunmayın, onlar mənə baha başa gəlib.” Gənclikdə bu sözləri eşidəndə böyük aktrisa bir az da
gözümdə ucalmış, ona heyranlığım
artmışdı. İndi isə özüm o yaşdayam və anlayıram ki, bu təkcə gözəl
sözlər
deyil.Onları dilə
gətirmək hər bir qadın
üçün ölümcül dərəcədə
ağır və
ağrılıdır. Siz mənim üzümdəki
qırışlara baxın. Onların hər biri ayrıca bir
ömür hekayəsidir.
Belə bir misal çəkim. İnstitutda “Romeo mənim
qonşumdur” tamaşasını hazırlayırdıq. İlk baxış günü eşitdik ki,
kinostudiyadan bir neçə
nəfər gəlib tamaşaya baxmaq
istəyir. Kinorejissor Şamil Mahmudbəyov
da onların arasında idi.
Bir müddətdən sonra o, həmin əsəri ekranlaşdırmalı olur. Filmdə baş rola məni dəvət edir. Həmin
filmdə ikinci
rejissor həyat
yoldaşım Rüfət
idi. Şamil müəllim ona deyir: “Rüfət, sən Elmiranın öz filmində çəkilməsinə, yəqin etiraz etməzsən?” Rüfət etiraz edir. Və nəticədə həmin
rola Ariadna Şengelaya çəkilir.
Bunun qırışlara təsiri necə
olmaya bilər.
Bu hadisə
saysız qırışlardan yalnız bircəciyini təşkil
edir.
- Sizin ən çox
ovqatınızı təlx edən nədir?
- Təbii ki, biz hamımız
insanıq və həyatda səhv edə bilərik. Lakin həqarət içimizdədirsə, bu çox pisdir.
Mən
onu bir neçə
başı olan əjdahaya
bənzədirəm,
başlarının adları - ədalətsizlik, laqeydlik, xəyanət,
ikiüzlülük, yalan. Bütün
bunlardan zəhləm gedir. Görəndə ki, biri
başqasını aldatmaq istəyir,
əsəbləşirəm.
Mən mənəvi təmizliyi sevirəm. Allah da mənəviyyatı zəngin olan insanları
sevir. Belə
insanlar heç kəsə pislik eləmirlər, namuslu həyat sürürlər, əllərindən
yalnız yaxşılıq etmək
gəlir.
İncəsənət İnstitutunda pedaqoji fəaliyyət göstərdiyim illərdə bir dəfə dərsdən sonra tənəffüs vaxtı getmişdim
bufetə. Gördüm ki, qızlar oturub masanın ətrafında. Oğlan tələbələrdən biri qızla
sözləşir,
artıq-əskik
sözlər işlədir. Bu mənzərə mənə o qədər pis təsir etdi ki...
İkiüzlülükdən
danışırıq...1992-ci ildən hər il məni “əməkdar artist” fəxri adına təqdim edir, hər dəfə də adımı siyahıdan
çıxarırdılar. Nə var, nə
var, mənim
adımı silən
şəxsi tənqid etmişdim.
Tənqidi
isə bizdə ümumiyyətlə sevmirlər.
2005-ci ildə
məni “xalq artisti”nə təqdim etmişdilər. Arxayın
olmuşdum ki, necə
də olsa, bu adı
alacağam. Televizorda “Xəbərlər”i dinləyirəm, siyahı oxunur, mənim adım isə siyahıda yoxdur.
Özümdən
asılı olmayaraq gözlərim
doldu, çox kədərləndim. Adımı pozan adam bundan xoşhal oldu. Üz-üzə gələndə isə heç bir şey
olmamış kimi hal-əhval
tuturdu. Dad belələrinin əlindən.
- Sizə xas olan hansı keyfiyyəti daha çox qiymətləndirirsiniz?
- Əlbəttə, düzlüyü. Əgər biz düz sözü
vaxtında deyə bilməsək, belə çıxır ki, yalan içində yaşamalıyıq? Doğru deyiblər: “Doğru sözdən xəta gəlməz”. Hər hansı məsələ
ilə bağlı
fikrimi əyri yolla
deyil, düzünə
bildirəndə çoxları mənimlə razı olur. Çox vaxt övladlarım mənə
deyirlər ki,
onun-bunun işinə
qarışma. Axı sənin nə
işin var.
Mən də cavab verirəm ki, bu adam
düz hərəkət etmir, düz danışmır. Mən bunu görə-görə necə susum.Əlbəttə, düz söz dərman kimi acı olur. Lakin nəticəsi şirin olur.
Bəzən film zəif olduğu
üçün, ya da filmdə
qoyulan məsələlər
məni qane etmədiyinə görə mən müəlliflərə öz fikrimi bildirməyi özümə borc bilirəm. Kimi mənimlə
razılaşır, kimi də
əksinə, inciyir. Bu onun öz işidir. Hər halda “Kitabi-Dədə Qorqud”u oxumaq lazımdır.
Orada deyilir: “Yalan söz bu dünyada olunca, olmasa yey!”
- Hansı
nöqsanınızı aradan qaldırmağa səy göstərirsiniz?
- Xeyirxah, səmimi olmağım çox
vaxt mənə mane olur. Ürəkaçıqlığı
mənim
nöqsanımdır. O mənada ki, kiminləsə dərdini bölüşürsən, fikir mübadiləsi aparırsan, o, səni tərsinə başa düşür. Qaraqabaq olmağı da bacarmıram. Bu zamanədə gərək bir qədər üzlü adam
olasan. Mən
bunu da bacarmıram.
- Ətrafınızda olan
adamlarda nəyi qiymətləndirirsiniz?
- Mənim ətrafımda olan adamlar gözəl insani keyfiyyətləri ilə fərqlənirlər. Belə bir atalar sözü var: su
axar, çuxurunu tapar. Yəni
insanlar əqidələrinə,
dünyagörüşlərinə görə, həyata
baxışlarına görə
bir-biriləri ilə ünsiyyətdə olur, yaxınlıq edirlər. Əks təqdirdə onlar müxtəlif qütblərdə dayanardılar. Allaha şükür ki, mənim ətrafım da elə özümə oxşayır.
- Hansı peşələr Sizi daha çox cəlb edir?
- Jurnalistlik. Yazıb
pozmaqdan çox xoşum gəlir.
Bir sənətkardan müsahibə götürəsən. Ona elə suallar verəsən ki, müsahibinin öz
sözləri ilə iç dünyasını aça biləsən. Yaxud hər hansı bir problemlə bağlı məqalə yazanda ilk növbədə əvvəlcə özün o problemin mahiyyətini dərk etməlisən, sonra onu hansı
şəkildə oxuculara
çatdıracağını düşünməlisən. Bu gün biz oxucular jurnalistikadan uzaq, peşəkarcasına
yazılmayan cızma-qaralara daha çox rast gəlirik.
Çünki bu çətin peşə ilə bəzən tamamilə başqa sənət sahibləri məşğul olur və jurnalist adına kölgə salırlar. Bu
barədə dahi Nizaminin məşhur ibrətamiz kəlamları
çoxdur. Onlardan birində deyilir:
Hər kəs sənətindən yapışsa əgər,
Dünyada nə əksə, onu da biçər.
Müdrik sözlərdir. Bax, ona görə
deyirəm ki, əgər aktrisa olmasaydım, mütləq jurnalistikanı
özümə
peşə seçərdim.
- Xobbiniz varmı? Əgər yoxsa, başqa nə ilə maraqlanırsınız?
- Mənim əsas işim pedaqoji fəaliyyətlə bağlı olub. Əvvəllər isə filmlərə çəkilmək mənim xobbim idi. İllər
ötdükcə mən başa
düşdüm ki, mənim
əsas sənətim aktrisalıqdır. Bu xobbi deyil, bu böyük sənətdir. Mən bu sənətdən
kənarda
özümü təsəvvür etmirəm.
- Sizə ən çox təsir edən film və tamaşa hansıdır?
- Bizim Azərbaycan kinosunda sənətkarlarımız müxtəlif illərdə dəyərli filmlər yaradıblar. 60-cı illərin sonunda istehsal
olunmuş “Bir cənub
şəhərində” filmi öz təzəliyi, real həyatımıza
yeni baxışı ilə
yadda qaldı. Sosial dram janrında çəkilmiş bu film ilə rejissor Eldar Quliyev
milli kinematoqrafiyamıza yeni düşüncə tərzinə
malik sənətkar gəldiyini nümayiş
etdirdi. Çəkilən filmlərin arasında
“İstintaq” filmi də
qaldırılan problemə
öz cəsarətli münasibəti ilə nəinki mütəxəssislərin, həm də geniş
tamaşaçı kütləsinin
diqqətini cəlb etdi. Təsadüfi
deyil ki, rejissor Rasim Ocaqovun yaratdığı bu
detektiv-publisistik film SSRİ Dövlət
mükafatına layiq görülmüşdür.
Daha bir filmin adını çəkmək istərdim. Bizim çox hörmətli
yazıçımız İsa Hüseynovun ssenarisi üzrə rejissor Həsən Seyidbəylinin
quruluş verdiyi “Nəsimi”
tarixi-bioqrafik filmi bir neçə
səbəbdən mənim
çox xoşuma gəlir.
Birincisi, müasirlərimiz, xüsusilə gənclərimiz böyük Azərbaycan şairi İmadəddin Nəsimi haqqında çox az məlumatlı idilər. Filmlə
tanışlıqdan sonra hürufi təriqətinin nəğməkarı, insan zəkasının
gözəlliyinin tərənnümçüsü olan Nəsimi barədə, onun yaşadığı
dövr haqqında tamaşaçılar lazımi məlumatı əldə edə
bildilər. Bu çox vacib idi. İkincisi,
film sənətkarlıqla çəkildiyi
üçün böyük maraq doğurur. Üçüncüsü, Nəsimi rolunun ifaçısı, mənim tələbəm,
bu gün məşhur
aktyor kimi tanınan Rasim Balayevin bənzərsiz oyunu bizi
çox sevindirir.
Pyeslərə gəldikdə isə klassik rejissorlardan Adil
İsgəndərovun “Vaqif”, Mehdi Məmmədovun “Canlı meyit” və “Ölülər”, teatrda eksperimentlər aparan Tofiq Kazımovun
bütün tamaşalarını bəyənirəm.
İncəsənətdə eksperimentlər mənim xoşuma gəlir. Ümumiyyətlə, mən zəngin təxəyyülə,
fantaziyaya malik, düşünən,
axtarışlar aparan insanları sevirəm.
Ona görə
də, Alim
Qasımovu qeyd etmək
istəyirəm. O, yerində saymır, onun yaradıcılıq
axtarışları muğamla estradanın sintezinə gətirib çıxartdı.
Rəşid Behbudov adına
Mahnı Teatrında Bəxtiyar Xanızadənin quruluşunda baxdığım musigi, pantomima və vokal sənətinin sintezi çox
orijinaldır. Aktyor Evində
“Əli və
Nino” novator tamaşasına böyük məmnuniyyətlə baxmışam.
Bu tamaşa ingilis rejissoru Piter Brukun nəzəriyyəsinə tamamilə uyğun şəkildə həyata keçirilmişdir. Bu nəzəriyyəyə görə
dekorasiyadan minimum istifadə
etməklə işığa və musiqiyə xeyli qənaət etmək
olar.
- Həyatınızda ilk dəfə kinokamera
qarşısında dayananda nə hiss etdiniz?
- Azərbaycan Dövlət Teatr İnstitutunun tələbəsi olarkən bizə sənətdən bir neçə müəllim, o cümlədən rejissor Tofiq Kazımov dərs deyirdi. Lakin məni bir aktrisa kimi ilk dəfə Tofiq müəllimlə bərabər
kursun rəhbəri Məhərrəm
Haşımov kəşf
etdilər. Hətta T.Kazımov məşq zamanı mənə dedi: “Səndə aktyor sənətinə inam var.”
1959-1960-cı illərdə Bakı kinostudiyasında rejissor Ağarza Quliyev “Səhər” adlı tarixi-inqilabi filmini
çəkirdi. T.
Kazımov həmin filmdə ikinci rejissor işləyirdi. “Səhər” filmində
Sevda roluna məni məhz Tofiq müəllim dəvət etmişdi. Bu
rola tanınmış rus aktrisası Tamara Kokova namizəd idi. Bizim tamaşaçılar onu bir neçə Azərbaycan filmindən
tanıyırdılar. O, “Bir qalanın sirri” filmində Mətanət rolunda çəkilmişdi. Bu
dəfə isə Sevdanın kino
sınaq çəkilişindən mən qalib
çıxmışdım. Çəkilməzdən əvvəl Tofiq müəllim mənimlə xeyli məşq etmişdi.
O məni
psixoloji tərəfdən də çəkilişlərə elə hazırlamışdı ki, kamera qarşısında
dayananda heç bir narahatçılıq hiss etmədim. Lakin
rejissor Ağarza Quliyevin “motor” deməsi
ilə mən əvvəl
ani olaraq diksindim və
təbii ki, əsdim, sonra vəziyyətə girib kinokameranı yaddan
çıxartdım. Bunun ardınca rejissor Tofiq
Tağızadənin “Əsl dost” filmində, hətta rejissor Muxtar Dadaşovun “Sabir” sənədli filmində də çəkildim.
“Səhər” filmindəki Sevda rolum barədə maraqlı bir faktı qeyd etmək istəyirəm. Rol bir o qədər də
böyük deyildi. Qətlə
yetirilən
Aslanı, yəni mənim sevgilimi dəfn etmək üçün
aparanda milyonçu qızı Sevda özünü güclə izdihamın
arasına salır. Son dəfə sevgilisi ilə vidalaşmaq
üçün izdihamı yarıb, irəliyə doğru can atır.
Ağarza müəllim mənə demişdi ki, bu an hansı hissi keçirdin, onu ekspressiv
olaraq ifa et. Mən də irəli cumanda ,
qarşıda kişilərin çiyinlərində tabutu görüb ucadan, var gücümlə “Aslan!” deyə fəryad qopardım və elə o andaca doğrudan da
özümdən gedib bayıldım.
Epizod çəkildi, sonra nədənsə rejissor onu filmə salmadı, Sevda rolu məni tanıtdı. Zarafat deyil,
bütün azərbaycanlıların
dilində əzbər olmuş “Aslanın
mahnısı” mənə həsr edilmişdi.
- Azərbaycan
yazıçılarından Sizə yaxın olanlar kimlərdir və daha çox onlardan kimi
sevirsiniz?
- Vaxtilə milli
yazıçılarımızın əsərlərini çox oxumuşam.
M.İbrahimovun “Gələcək gün”, İ.Əfəndiyevin “Söyüdlü arx”, “Körpüsalanlar”, S.Rəhimovun “Saçlı”,
“Mehman”, İ.Şıxlının “Dəli Kür”, İ.Hüseynovun
“İdeal”, bu gün artıq yaşlı nəslin yerini tutmuş Anarın
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Sizsiz”, Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”, F.Kərimzadənin “Qarlı
aşırım” əsərləri maraqla oxunulur. Bu əsərlərin əksəriyyəti artıq
ekranlaşdırılıb. Natiq Rəsulzadənin yazı tərzindən çox xoşum gəlir. Xarici yazıçılardan Tenissi Uilyams, Jan Kokto,
Eduardo de Filippo, Jan Anuy, Viktor Hüqo çox sevdiyim ədiblərdir. İnstitutda işləyərkən bu yazıçıların bəzi əsərlərini
səhnələşdirmişəm. Ayrıca
heç bir yazıçının adını tuta bilmirəm. Hərənin öz dəsti-xətti, öz yazı
üslubu. Bu gün yazıçılardan
Çingiz Abdullayevin əsərlərini dünyanın hər yerində oxuyurlar. Onun adını mən
necə çəkməyim? Yuxarıda
adlarını çəkdiyimiz
yazıçı və
dramaturqlarımızın müasir Azərbaycan
ədəbiyyatının
inkişafında xidmətləri
böyükdür.
- Səyahət etməyi sevirsinizmi?
- Əlbəttə, sovet dövründə bir çox sosialist ölkələrini, o cümlədən Çexoslovakiyanı,
Polşanı, Macarıstanı, Almaniyanı gəzmişəm. Bu ölkələrin paytaxtları çox gözəldir. Qədim
tarixə malik şəhərlərdir.
Memarlıq abidələri, incəsənət
muzeyləri...o qədər baxılası yerlər var ki. Bu yaşımda dünya səyahətinə
çıxmağı çox arzulayıram. O qədər arzularım var ki. Məsələn, Venesiyanı, su üzərində bərqərar olan şəhəri görmək istərdim. Yaponiyanı,
bu gündoğan ölkəni,
Fransanı görmək
ürəyimdən keçir.
- Daha çox hansı
ölkələr Sizdə təəssürat oyatmışdır?
- Almaniya.
- Rejissor
və aktyorlarla
söhbətlərimdən məlum oldu ki, onlar Elmira
xanımı sənətkarlıqdan
başqa bir insan kimi də
çox sevirlər.
Siz bu barədə nə fikirləşirsiniz?
- Onun-bunun
qeybətini eləmirəm. Heç kimdə işim yoxdur.
Heç kimi acılamıram, heç kiminlə kobud rəftar
etmirəm. Vəzifəsindən asılı
olmayaraq hamıya eyni gözlə
baxıram. Böyüklə
böyük, kiçiklə
kiçiyəm. Təvazökarlıqdan
uzaq da olsa deməliyəm ki, yəgin bu keyfiyyətlərə
görə ətrafımın məhəbbətini
qazanmışam.
- Özünüzə nə arzu edərdiniz?
- Baxmayaraq ki, həyatda çətinliklərim çox olub, amma yaxşı yaşamışam. Müəllim oldum. Uşaqlarımı böyütdüm. Hər ikisinə savad və gözəl tərbiyə vermişəm. Nəvələrim var. Allaha şükürlər olsun ki, nəticə də gördüm. Anam-atam 70-ə çatmadılar, rəhmətə getdilər. Mən 2010-cu ildə 70-i vurdum başa. Nə vaxtsa mən bu dünyadan köçəndə, çox rahat köçəcəyəm. Amma bir arzum var: kinoda öz yaşımdan da böyük bir qarı surətini yaratmaq!
Aydın
Kazımzadə
Kaspi.-2013.-28
dekabr.-S.16-17.