Mənim ən böyük qazancım oxucularımdır

Elxan Elatlı: «Necə ki, sovet dövründə yazıçılar əsər yazanda senzuranı nəzərə alırdılar, eləcə də bu gün mən roman yazan da oxucularımı düşünürə

Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra təhsilini Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. 1980-1985-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində oxuyub. 1985-2001-ci illərdə doğulduğu kənddə fizika-riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 14 kitabı işıq üzü görüb ki, onların üçü şeir, ikisi riyazi məntiq, doqquzu isə detektiv nəsr əsərləridir. O, "Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qan ləkəsi”, “Xəyanət”, “Bakıdan gələn xəfiyyə”, “İtmiş qızın axtarışı”, “Dilənçi qadının sirri”, “Cəhənnəmdən gələn səs”, “Pəncərədə görünən kölgə”, “Görünməyən izlər”, “Qisas gecəsi”, “Arxalı canavar”, “Ələkeçməz yaquar”, “Ən yaxın planet”, “Seçilmiş cəza”, “Adsız tablo” adlı romanların müəllifidir. Bu günlərdə Elxan müəllimlə görüşüb yaradıcılığı barədə və detektiv əsərlər haqda söhbətləşdik.

             Bəziləri detektiv nümunələri “yüngül ədəbiyyat”, “qeyri-ciddi ədəbiyyat” adlandırırlar. Sizcə, ədəbi mühitdə niyə detektiv ədəbiyyata qarşı aqresiya var?

             Əvvəla deyim ki, ciddi və ya qeyri-ciddi adlandırılan ədəbiyyat bölgüsü yoxdur. Ancaq guya ciddi ədəbiyyat deyiləndə orda oxucuya çatdırılan böyük bir problemdən söhbət gedir. Detektiv əsərdə cinayət baş verir, sonra cinayət axtarılır və tapılır. Detektiv əsər də başdan-başa ancaq ölüm və axtarışdan ibarət deyil ki? Detektiv nümunələrdə bəzən bir, bəzən bir neçə səhifədə Tanrıya, anaya, vətənə sevgi aşılayacaq nümunəvi məqamlar olur. Hansı ki, min ciddi nümunə adı ilə təqdim edilənlərdən daha çox təsirə malikdir bu hissələr. Bu gün detektiv əsərlər yazan müəlliflərin kitab oxuyanda heç olmasa əsərin detektiv nümunə olduğunu bilirsən, ancaq ciddi ədəbiyyat adına hər cür əsərlər müxtəlif ədəbi cərəyanlar adı altında oxuculara təqdim olunur. Detektiv əsər yazmaq çox çətindir, söhbət normal, qəbul edilən detektiv əsərlərdən gedir. Hətta mən ciddi ədəbiyyat nümunələrini daha asan yaza bilərəm, nəinki detektivi. Detektiv əsərdə lazım olan süjet xətti tapılmalıdır, sona qədər müəmmanı qorumağı bacarmalıdır yazıçı. Bəzən eləəlliflər detektiv əsərləri tənqid edir ki, özü heç bir hekayəsində də bu janra müraciət etməyib. Belə bir şübhə doğur: Görəsən, onlar detektiv əsərlər yaza bilərlərmi? Əgər Elçin Əfəndiyev çıxış edib detektiv əsərə yüngül janr desə mən onu başa düşərəm, çünki özü “Toyuğun diri qalması” adlı detektiv povest yazıb. Sonra yazmayıb, o deyə bilər ki, mən əvvəl yazmışam, bacarıram, ancaq indi yazmıram. Yoxsa başqaları detektiv əsərə müraciət etməmiş bu cür əsərləri asan yazıldığını vurğulayaraq gözdən salırlar. Nə olar, siz də əvvəl detektiv yazın, oxucunuzu toplayın sonra yenə ciddi adlandırdığınız nümunələri yazın oxucularınız da oxusunlar.

             Detektiv nümunələr oxuculara nə verir?

             Anlayan oxucu üçün detektiv əsərlər ölümün, şərin, oğurluğun sonda ifşa olunacağını tənqid edir, göstərir. İkinci bir tərəfdə cinayət axtarışında oxucunun beyni məntiqlə çalışır. Məntiqsə məqsəd deməkdir. Detektiv əsərlər oxuyan oxucular qarşılarına ciddi bir problem çıxanda romantiklər kimi xəyala dalmırlar, realistlər kimi passivləşmirlər, vəziyyətdən çıxış yolu axtarıb tapırlar, məntiqi düşüncələri onlara kömək olur, aldanmırlar. Müxtəlif müəlliflər Şerlok Holms kimi dəfələrlə obrazlar yaratmağa çalışıblar, özü də məhz onun özü kimi obraz yaratmağa çalışıblar, oxşarını yox. Çünki onu milyonlarla insan ideal hesab edir. Bu mənada insanlarda xilasedici, ağılla hərəkət edən, xeyirxah detektiv obrazlara maraq var. Ədəbiyyatın rolunu şişirtməyə dəyməz, kim hansı yolla xalqa xidmət edirsə qoy etsin. Əgər bu gün mən bir əsər yazacam onu 2-3 oxucu oxuyacaqsa bunun heç bir əhəmiyyəti yoxdur, yazıçının missiyası həm də oxucusunu yetişdirməkdir, oxucu da xalq deməkdir. Deyirlər detektiv əsər baş qarışdırmaq üçündür. Sual edirəm: Əgər insanın başı kitab oxumağa qarışıbsa, pis işlərə aludə olmursa bunun nəyi pisdir ki?!

             Əsərlərinizin kitab bazarına girməyi necə oldu bəs?

             İlk detektiv əsərim olan “Xəyanət” romanı çox məhdud tirajla çap olundu. Dost-tanışa payladım. Bizim oxucular belədir ki, kitab xoşlarına gəlməyəndə atırlar bir kənara, bir az bəyənəndə kitab şkaflarına qoyurlar tullamırlar, ancaq tam bəyənəndə isə başqasına oxumağı tövsiyə edirlər. “Xəyanət” romanımı da bəyənənlər beləcə bir-birinə deyib yaydılar. Beləcə romanımın şifahi təbliğatı başladı. “Xəyanət” romanını nəşriyyatdan pulunu verib götürəndə dedilər ki, bu kitabın neçə nüsxəsini bizə bağışlayırsan. Dedim 50 nüsxəsini. Həmin 50 nüsxəni onlar həm payladılar, həm də satdılar, hər şey də ondan başladı. Əsərlərim çap olunana qədər artıq detektiv meydanında yüksək kürsüdə əyləşmiş, dünyaca məşhur olan Çingiz Abdullayev artıq oxucular tərəfindən sevilirdi. Ancaq onun yaradıcılığı mənə mane yox, kömək oldu. Əgər o olmasaydı, onun sinə gərdiyi çətinliklərlə, qınaqlarla gərək sinə gərəydim. Ancaq o artıq milli zəmində detektiv janrının ədəbiyyat nümunəsi olduğunu sübut eləmişdi. Mən detektiv romanımı Azərbaycan Yazıçılar Birliyinə gətirəndə rahat qarşılayırdılar, ağzı büzmürdülər, deyirdilər ki, bizim Çingiz Abdullayev adlı da usta detektiv yazıçımız var. Ç.Abdullayevin detektiv meydanına gedən çığırları təmizləməsi çox böyük işdir. Yəni, demək istədiyim odur ki, mənə qədər ənənənin olması, romanlarımın da oxucular tərəfindən qəbul edilməsinə və kitab bazarına girməyimə kömək oldu.

             Detektiv əsərlərin süjeti, əslində, bəllidir: ya nəsə itəcək, ya kimsə oğurlanacaq, ya da kimsə öldürüləcək, qatil və oğru axtarışı başlayacaq. Bəs bu janrın sirri nədədir ki, hadisələr bəlli ola-ola oxucuların marağına səbəb ola bilir?

             Söhbət yenə peşəkarlıqdan gedir, əsas hadisələr ölüm və itki olsa da gərək elə yazasan ki, oxucuya maraqlı gəlsin və əsəri oxusun. Oxucular var ki, əsəri oxuyanda artıq müəyyən yerdən sonra qatildən şübhələnirlər, elələri də var ki, heç qatili axtarmır və səbrlə əsərin sonunu gözləyirlər. Ancaq detektiv əsərə “qatili tapacam” iddiyasıyla yanaşmaq lazım deyil. Mən romanlarımda qəsdən qatildən şübhə doğuracaq situasiyalar yaradıram. Yoxsa elə quru obrazlar yaradaram ki, heç şeytan da baş açmaz. Ancaq buna ehtiyac yoxdur, ustalıq odur ki, oxucu şübhəylə təsdiqin arasında qalsın. Bu mənada detektivin əsas gücü də oxucunun ürəyinə saldığı şübhədədir.

 

             Ədəbi ictimaiyyət, ədəbi tənqid üçün detektiv əsərlər maraqlı deyil. Sizcə, nəyə görə detektiv əsərlər ədəbi tənqidin diqqətini çəkmir?

             Mən Mübariz İbrahimov haqqında roman yazana qədər heç kəsə görüşüb şəxsən kitab bağışlamamışdım, həmişə ədəbi mühitdən uzaq olmağa çalışmışam. Yazıçı əsərini yazmalıdır, o əsər haqqındakı rəylərə çox da başını qatmamalıdır. Ancaq detektiv əsərlərin ədəbi tənqidin diqqətindən uzaq qalması yəqin ki, janrın inkişafına pis təsir edir. Detektiv əsərlərə təhlil olunanda gərək janrın tələbləri nəzərə alına, detektiv əsərə münasibət hüquqşünas yanaşması tələb edir. Mənim romanlarımda detektiv mövzu bəzən kənarda qalır, böyük ideyaları əks etdirməyə çalışıram. Bu mənada mənə sırf detektiv yazar da demək olmaz.

             Müsahibələrinizin birində deyirsiniz ki, yazarkən ancaq mətn barədə düşünürəm, oxucu barədə yox. Ancaq detektiv janr elədir ki, oxucunun istəkləri, adətən, əsas götürülür. İstərdim oxucularınız barədəki fikirlərinizi davam etdirəsiniz.

             Uğur qazanan kitablarımın çoxu oxucuları düşünmədən yazdıqlarımdır. Ancaq oxucularla görüşlərim bir qədər çoxalandan sonra onların istəklərini də nəzərə alıram. Necə ki, sovet dövründə yazıçılar əsər yazanda senzuranı nəzərə alırdılar, eləcə də bu gün mən roman yazanda oxucularımı düşünürəm. Ancaq onu da deyim ki, oxucunu düşünüb yazmaq bəzən yazıçıya bəzi idealarını gerçkləşdirməkdə mane olur.

             Ç.Abdullayevdən müsahibə alanda detektiv əsərləri oxumadığını demişdi, fikrini bununla əsaslandırmışdı ki, artıq mən detektiv əsər oxumağa başlayanda süjetin necə olacağı mənə aydındır deyə, bu janra aid nümunələr maraqsız görünür. Siz necə, detektiv əsərlər oxuyursunuzmu?

             Bəzi elə zəif əsərlər olur ki, müəllif cinayətkarı kənarda gizlədir, sonra axırda ortalığa çıxardır və döşünə döyür ki, heç kəsin ağlına gəlmədi onu tapmaq. Bu cür bayağı detektiv əsərləri oxumuram. Ancaq maraqlı detektiv əsərlər oxumağı sevirəm. Detektiv əsərlər oxuyanda qatili tapmaq barədə düşünmürəm, yaxşı yazıçı olmaq peşə olduğu kimi yaxşı oxucu da olmaq peşədir. Mən əsəri oxuya-oxuya onu, loru desək, qurdalamağı sevmirəm, sadəcə maraqla oxuyuram, vəssalam. Bu gün Fərid Hüseynli, Müşfiq Xan kimi detektiv müəlliflər yetişir, onların əsərlərini maraqla oxuyuram. Son vaxtlarsa az oxuyuram, ya da oxuduqlarımı yarımçıq qoyuram. Bu saat kitab şkafımda 5-6 kitab var ki, bir hissəsini oxumuşam, ardını mütaliə edə bilməmişəm.

             Əsas qəhrəmanınız sayılan Qanbay Qasımlı obrazı necə yarandı bəs?

             Qanbay Qasım obrazını yaradanda yaradıcılıq baxımından hələ öz yolumu tapmamışdım. Ancaq Şerlok Holms kimi bir obraz yaratmaq istəyirdim ki, qəhrəmanın gücü ilə yox ağlıyla qələbə çalsın. Uzun illər öncə Elçin Əfəndiyevin “Tənqid və ədəbiyyatşaünaslıq” adlı kitabından oxumuşdum ki, Şerlok Holmusun evinə hələ də məktublar göndərənlər var. Bu fikir o vaxtlar beynimdə dolaşırdı. Necə olur ki, yazıçının yaratdığı obrazı onun özündən çox sevilir?! Bundan sonra fikirləşdim ki, Azərbaycanın da Şerlok Holmusunu mən yaradım. Bir neçə əsər yazdım və qəhrəmanım da Qanbay Qasımlı oldu. Ancaq bu yaxınlarda qərara gəlmişdim ki, digər əsərlərimdə daha bu obrazı baş qəhrəman seçməyim. Ancaq oxucularım qəti etiraz elədilər. Belə görünür ki, mən bu obrazdan imtina edə bilmərəm.

 

             Əsərlərinizdən aldığınız qonorar sizi qane edirmi?

             Bu bir qədər problemli məsələdir. Bəzən kitablarım yaxşı satılıb, ancaq naşirlər bunu məndən gizlədiblər, bəzən yarızarafa deyiblər ki, sən yaz biz qazanaq. Yəni həmişə nəsə problem olub. bir kitabımı ən azı 10 adam oxuyur, bəzən hərbi hissələrdən münasibət alıram ki, bir hərbi hissədə oxumayan qalmayıb. Kitabxanaçılar hansı tədbirdə görsələr kitabımı istəyirlər. Hətta elə olub ki, bir nəfər 6 ay mənim kitabımın arxasınca kitabxanaya gəlib gedib. Bəzən kitabxana işçiləri mənə deyirlər ki, belə bir qayda qoymuşuq ki, kim hansı kitabı korlasa, əvəzində Elxan Elatlının kitablarını alıb kitabxanaya verəcək. Kitabdan alınan qonorarla dolanmaq olmur. Ona görə də həmişə deyirəm ki, mənim ən böyük qazancım oxucularımdır.

             Olubmu ki, Milli Təhlükəsizlik Nazirliyin əməkdaşlarından, yaxud Daxili İşlər Nazirliyində çalışan kimsə sizə mövzular verib? Ümumiyyətlə, o sahənin nümayəndələri sizin oxucularınızdırmı?

             Bəli, onlar əsərlərimi maraqla oxuyurlar. Mənim gücüm xəfiyyəliyi bilməkdə deyil, ədəbiyyat yaratmaq bacarığımdadır. Tam səmimiyyətlə deyirəm ki, bu günə qədər belə bir şey olmayıb ki, kimsə mənə mövzu versin. Kömək təklif edənlər, müasir polis sistemiylə tanış etməyi təklif edənlər olub. Ancaq indiyənə qədər kimdənsə mövzu almağa ehtiyacım olmayıb. Həm də ehtiyat etmişəm, düşünmüşəm ki, bir mövzu verərlər, sonra nə yazsam deyərlər ki, “əşi ona bütün süjetləri mən vermişəm”.

             Detektiv müəlliflərinin daha çox əsər yazmasının səbəbi nədir?

             Detektiv əsər yazan müəlliflərin digər müəlliflərdən fərqi ondadır ki, çox yazmağı bizdən həm də oxucular tələb edir. Belə ki, bir il ərzində hər hansı bir romanı yazırsan, oxucu 4-5 saata oxuyur və sonra soruşurlar: “yeni əsəriniz nə vaxt çap olunacaq?”. Həm də maddi səbəbləri var çox yazmağın. Ancaq maddi çətinliklər olsa da, çalışıram ki, az yazım. Bəzən bir il ərzində bir yox, iki əsər yazmaq istəmişəm, ancaq görmüşəm ki, dərhal keyfiyyətə təsir edib. Ona görə də tez-tələsik əsər yazmağın tərəfdarı deyiləm.

Fərid Hüseyn

Kaspi.-2013.-28 dekabr.-S.15.