Azərbaycanın ilk milli təhsil televiziyası təqdim olundu-"Oxu.tv"
Sona Vəliyeva: «Məqsədimiz Azərbaycanda
bütün məktəblilərə yüksək səviyyəli
dərslər almaq imkanları yaratmaqdır»
İnternet
məkanına daha bir televiziya - elmin, təhsilin, milli-mənəvi
dəyərlərimizin təbliği istiqamətində məqsədyönlü
fəaliyyət göstərmək iddiasında olan oxu.tv daxil
oldu. Fevralın 1-də Kaspi Təhsil Mərkəzinin dəstəyi
ilə yaradılmış və Azərbaycanda ilk olan
www.oxu.tv internet televiziyasının təqdimat mərasimi
keçirildi. Tədbiri açan layihə rəhbəri Azər
Cabbarov "oxu.tv" barədə məlumat verdi. Bildirdi ki,
layihənin şüarı "təhsil yolunda birgə
addımlayaq"dır.
Təhsil sahəsindəki ilklər
"Kaspi" Təhsil
Şurasının rəhbəri Sona Vəliyeva
bildirdi ki, layihə Azərbaycan
təhsil məkanında yenidir və Kaspi Təhsil Mərkəzinin maddi,
mənəvi, akademik sponsorluğu
ilə araya-ərsəyə gəlib: "Layihə bizə təqdim
olunanda uzun müddət
təhlillər apardıq. Düşündük
ki, bu layihəni Azərbaycan
cəmiyyətinə sevdirə, onlar üçün faydalı edə biləcəyikmi.
Çətinliklər, problemləri, onu
araya-ərsəyə gətirmə yollarını təhlil
edəndən sonra ən böyük
məsələnin üzərində dayandıq. Bu layihənin xalqımız, millətimiz üçün, gənc nəslin yetişməsində
böyük fayda verəcəyini
nəzərə alaraq məsuliyyəti
üzərimizə götürdük. Azərbaycan dövlətinin təhsil siyasətinə
dəstək oluruqsa, bunu
da edə biləcəyimizi düşündük. İlk
olan layihəni həyata keçirmək, onu sevdirmək, araya-ərsəyə gətirmək
böyük enerji ilə
bərabər böyük məsuliyyət
tələb edir. Biz
bu məsuliyyəti üzərimizə
götürməmişdən əvvəl
özümüz-özümüzə ürək-dirək verdik ki, biz
bunu bacararıq. Cəmi 5 ildə kiçik bir məkanda, 2
şöbə ilə belə bir mərkəzi
açdıqsa, bunu da
bacara biləcəyimizi düşündük.
Düşündük ki, əgər biz
respublikada ümumtəhsil məktəblərində
bünövrə, özül qoyan bir müəssisə
kimi çıxış ediriksə, buna mənəvi məsuliyyətimiz mütləq
olmalıdır. İlk olaraq
bu işi də öz üzərimizə götürməliyik".
S.Vəliyeva
«Kaspi-kids» mərkəzinin yaxınlarda 6-cı filialını
istifadəyə verəcəklərini də qeyd etdi. Onu da
bildirdi ki, Azərbaycan Dillər və Qafqaz universitetlərindən
sonra ilk müstəqil tədris mərkəzi olaraq Kaspi Təhsil
Mərkəzi TOEFL imtahan mərkəzi açıb: "Bu,
çox çətin, beynəlxalq statuslu bir məsələdir.
Biz buna da nail ola bildik. Yeganə müəssisə idik ki,
dünyada ilk 100 sırada olan universitetlərlə partnyorluq əlaqələri
qurmuşuq. Amerika, Böyük Britaniya, İsveçrə,
Almaniya, Avstraliya, Avstriya, Rusiya, Litva və digər dövlətlərin
universitetləri ilə əlaqələrimiz bizə imkan verdi
ki, biz daha ürəkli olaq, əminliklə işə
başlayaq".
Azərbaycan cəmiyyətinə
hədiyyə
S.Vəliyeva "oxu.tv"nin «Kaspi» Təhsil Mərkəzi
tərəfindən Azərbaycan məktəblilərinə, gənc
müəllim kollektivlərinə, ailələrə,
ümumiyyətlə, Azərbaycan cəmiyyətinə bir hədiyyə olduğunu
dedi: "Oxu.tv" milli təhsil televiziyasıdır. Ona görə
bunu milli təhsil
televiziyası adlandırırıq ki, burada Təhsil Nazirliyinin
ümumtəhsil məktəbləri üçün
nəzərdə tutduğu bütün proqramlar
ardıcıl, sistemli, pedaqoji
dərs metodikasına aid olan
bütün üslub
və nəzəriyyələri düşünərək bu keçirilib
və videoformatda sayta
qoyulub. Bu layihə
peşəkar müəllim kollektivlərinin, peşəkar televiziya işçilərinin əməyi kimi ortaya qoyulub
ki, milli təhsilimizə,
ümumtəhsil bazasının gücləndirilməsinə
dəstək olsun. Məqsədimiz
Azərbaycanda orta təhsil bazasını
daha da möhkəmləndirmək,
bütün məktəblilərə
yüksək səviyyəli dərslər almaq
imkanları yaratmaq, müəllimlərin
və xüsusilə gənc pedaqoji kadrlara alternativ dərslər
görmək və bu sahədə təcrübə
toplamaq imkanları yaratmaqdır. Ən böyük prinsipimiz ondan ibarətdir ki, "oxu.tv" bu və ya digər səbəbdən dərsə gedə
bilməyən əlil balalar üçün dəstək olsun".
S.Vəliyeva
"oxu.tv"nin həm də milli təhsillə bağlı
xəbər portalı olduğunu dedi. Bildirdi ki, dünyada və
Azərbaycanda baş verən təhsil yenilikləri ilə
burada tanış olmaq mümkün olacaq.
Sosial yönümlü layihə
Daha
sonra layihə rəhbəri Azər Cabbarov layihə barədə
geniş məlumat verdi. Layihənin sosial yönümlü
olduğundan daha böyük auditoriyanı əhatə edəcəyini
dedi. A.Cabbarovun sözlərinə görə, bu layihə «of
line» internet televiziyası formatında qurulmuş
çoxşaxəli və geniş profilli təhsil
portalıdır: "Oxu.tv-nin yaradılmasında təhsil sahəsində
tanınmış mütəxəssislər və pedaqoji
kadrlar, eləcə də peşəkar televiziya əməkdaşları
iştirak edir. "Oxu.tv" saytının əsas
funksiyası yüksək keyfiyyətlə
hazırlanmış video dərslərin geniş
tamaşaçı auditoriyası üçün
yayımlanmasıdır. Video dərslər Azərbaycanın
orta ümumtəhsil məktəblərində tədris olunan
I-XI siniflər üzrə bütün fənləri əhatə
edir. Dərslər Təhsil Nazirliyinin Tədris planına əsasən
hazırlanıb".
Layihə
rəhbəri qeyd etdi ki, "Oxu.tv" öz fəaliyyətini
təhsil, gənclər və idman nazirlikləri, müxtəlif
dövlət qurumları, uşaq gənclər və
qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq
şəklində quracaq.
A.Cabbarovun
sözlərinə görə, dərsləri tədris edən
müəllimlər «əməkdar müəllim», «ilin ən
yaxşı müəllimi» adını almış peşəkar
pedaqoqlar, ali və orta məktəb dərsliklərinin müəllifləri,
Azərbaycan Milli Elmlər Akademiyasının və nüfuzlu
universitetlərin təcrübəli əməkdaşlarıdır.
Layihə rəhbəri bildirdi ki, "oxu.tv" vasitəsilə
tamaşaçıların hər bir informasiya və video
materialına istənilən zaman baxmaq imkanı var. Saytda
müxtəlif bölmələrin yer aldığını
deyən A.Cabbarov bu bölmələr barədə geniş məlumat
verdi.
"Valideynlər
üçün"
Bildirdi
ki, «valideynlər üçün» adlı bölmədə
valideynlərə "oxu.tv"nin şagidlər
üçün nə qədər faydalı olduğu izah
edilir. Eləcə də, hər bir valideynin saytda öz fikirlərini
yazmaq, peşəkar pedaqoq və psixoloqlardan yardım almaq
imkanı olacaq. Saytdakı «müəllimlərimiz» adlı
bölmədə video dərsləri nümayiş olunan
müəllimlər haqqında ətraflı məlumat yerləşdirilib.
«Xəbərlər» bölməsində isə təhsil sahəsində
baş verən, eləcə də gənclər
üçün maraqlı olan bütün yeniliklər yerləşdiriləcək.
«Məni
tanıyın» bölməsində şagirdlər hər
hansı bir sahədə, məsələn, rəssamlıq, rəqs,
musiqi, ədəbiyyat, riyaziyyat və s. istedadlarını
geniş tamaşaçı auditoriyasına nümayiş
etdirə bilərlər. Bunun üçün hər kəs
özünün mobil telefon və yaxud kameraya çəkilmiş
görüntüsünü saytda yerləşdirə bilər.
Biz də bunun üçün Bəstəkarlar və Rəssamlar
ittifaqları ilə əməkdaşlıq edəcəyik.
"Sorğu»
bölməsindəki cavablar əsasında isə sayt rəhbərliyi
müxtəlif məsələlərə dair oxu.tv-nin
tamaşaçı auditoriyasının rəyini öyrənə
biləcək.
Bundan
başqa, saytda müxtəlif fənlər üzrə test tapşırıqları
və onların həlli yolları yerləşdiriləcək.
Oxu.tv həm də gənc nəslin asudə vaxtının mənalı
təşkil olunmasına xüsusi diqqət ayıracaq.
Şagirdlər arasında musiqinin, incəsənətin,
idmanın təbliği də saytın prioritet məsələləri
sırasındadır.
"Psixoloq
məsləhəti" bölməsində isə həm
valideynlər, həm müəllimlər, həm də
şagirdlər öz suallarını psixoloqa verə biləcəklər.
Suallar istək əsasında anonim də verilə bilər. Həftədə
bir dəfə psixoloq video şəklində bütün
sualları cavablandıracaq.
Məşhur
aktyorların ifasında Azərbaycan şairlərinin şeirləri
də səsləndirilərək sayta yerləşdiriləcək
ki, şagirdlər həmin şeirlərin necə intonasiya ilə
oxunduğunu görsünlər.
Tok-şoular da olacaq
A.Cabbarov
təhsil strukturları, müəllimlərlə sıx əməkdaşlığa
ehtiyaclarının olduğunu dedi. Bildirdi ki, materiallar sayta
darıxdırıcı dərs vəsaiti kimi qoyulmayacaq:
"Müəllimlər, valideynlər öz fikirləri ilə
forumda iştirak edəcəklər. Burada həmçinin təhsildə
rəqabəti artıramq üçün şagirdlər
üçün müxtəlif sahələrdə müsabiqələr
keçiriləcək. Həmçinin tok-şoular, müxtəlif
tipli verilişlər, müsahibələr də burada yer
alacaq".
Layihə
rəhbəri məqsədlərindən birinin də bölgələrdəki
məktəbləri çəkmək olduğunu dedi:
"Ucqar kəndlərimizdə elə müəllimlər var
ki, onların da dərs metorlarını çəkib göstərəcəyik.
Növbəti nəzərdə tutduğumuz məsələlərdən
biri də uşaqlara yeni qəhrəmanlarımızı
göstərməkdir. Bu qəhrəmanlar bizim gənc alimlərimiz,
elm adamlarımız olacaq, onları daha çox təbliğö
etməyə çalışacağıq".
Xarici təcrübə milliləşdirilir
Təhsil
Araşdırmaları İnstitutunun direktoru Yəhya Kərimov
dedi ki, sözügedən layihə Təhsil Nazirliyinin fəaliyyətinə
çox böyük köməkdir: "Təhsil Nazirliyinin
yüksək səviyyədə görmədiyi işləri
«Kaspi» Təhsil Mərkəzi həyata keçirəcək.
Bu mərkəzdəki yeni təlim metodlarını,
innovasiyanı, xarici təcrübənin tətbiqini
alqışlayıram. Ən çox xoşuma gələn isə
odur ki, bu təhsil mərkəzində xarici təcrübə
milliləşdirilərək tətbiq edilir".
Ailə,
Qadın və Uşaq məsələləri üzrə
dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva
sözügedən layihənin gələcəyimiz olan
uşaqlar üçün uğurlu olacağını dedi:
"Çünkü bu layihənin arxasında milli maraqlar
dayanır. Bu işdə həm valideynlər, həm də
uşaqların hüquqları ilə bağlı məsələlərdə
bizim komitə sizə dəstək ola bilər".
"Təhsildə islahat
düşüncədə islahat"
Mətbuat
Şurasının (MŞ) sədri Əflatun Amaşov hər
bir xalqın təhsilinin onun inkişafında mühüm yer
tutduğunu bildirdi: "Azərbaycanda bu sahədə
mühüm işlər gedir. Rəsmi qurumlar kifayət qədər
islahatlar aparır. Amma bu sahədə hər şeyin düzəlməsi
üçün vaxt lazımdır. Çünki təhsildə
islahat düşüncədə islahat tələb edir".
Ə.Amaşov
bildirdi ki, özəl təşkilatlar da təhsildə
islahatlara yardımçı olmalıdır: "Kaspi Təhsil
Mərkəzinin bir neçə tədbirində iştirak
etmişəm, həmişə də yeniliklə
qarşılaşmışam. Bu təhsil mərkəzində
mindən çox gənc öz dil bacarıqlarını
yaxşılaşdırır. Mənim oğlum da xaricdə təhsil
almaq üçün məhz bu mərkəzdə dil
bacarıqlarını təkmillədirdi".
MŞ
sədri yaxın zamanlarda "oxu.tv"nin nəinki məktəblilər,
həmçinin valideynlər üçün də ən
çox daxil olunan sayta çevriləcəyinə əmin
olduğunu dedi.
"İlk olmaq çətin, amam şərəflidir"
Kütləvi İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi
Fondunun sədri Vüqar Səfərli «Kaspi» Təhsil Mərkəzinin 5 ildə gördüyü işlərin
göz qabağında
olduğunu dedi: "Mən də «Kaspi» Təhsil Mərkəzinə öz adımdan təşəkkür
edirəm. Oğlum bu mərkəzdə
dil kursu keçərək elə
«Kaspi» Təhsil Mərkəzinin xəttiylə
hazırda xaricdə magistr təhsili alır».
"Azərbaycan" qəzetinin
əməkdaşı Flora Xəlilzadə ilk olmağın
çətin, amma şərəfli olduğunu
dedi. Çünki ilklər tarixdə
yaşayırlar. F.Xəlilzadə onu təklif etdi ki, orta
məktəb dərsliklərindəki
səhvlər bu saytda yer almasın.
Bakı Şəhər Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri
Zəminə Əlqızı
da saytın müsbət tərəflərindən
danışaraq gələcəkdə
saytda məktəbəqədər
hazırlıq kurslarının
da yer alacağına
ümid etdiyini bildirdi.
"Məktəbləri
üzümüzə açın"
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Bayram Hüseynzadə
«Kaspi» Təhsil Mərkəzinin heç bir reklam olmadan
yalnız öz fəaliyyəti ilə tanınmış nəhəng
təhsil mərkəzinə
çevrildiyini vurğuladı. Nazirlik sözçüsü tədbirdə
iştirak etməyinin
daha bir anlama gəldiyini dedi: "Bu, o deməkdir ki, Təhsil Nazirliyi bu layihəni
dəstəkləyir. Öz əməkdaşlarımızla
sizə kömək etməyə hazırıq".
Sona Vəliyeva Təhsil Nazirliyi yetkililərindən
xahiş etdi ki, məktəbləri onların üzünə
açsınlar: "Burada
orta məktəb direktorları da iştirak edir. Amma onlar nədənsə çəkinərək bizim
orta məktəblərə
daxil olaraq layihələrimizi orada təqdim etməyimizə imkan yaratmırlar. İnşa müsabiqəsi keçirmək
istəyirik, amma direktorlar məktəblərə
girərək bunu şagirdlər arasında
elan etməyimizə imkan vermir. Xahiş edirəm, nəzərə
alın ki, başqa məqsədimiz yoxdur".
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də saytın önəmindən
danışaraq, şagirdlərlə
birbaşa ünsiyyətin
çox böyük vasitə olduğunu dedi.
Sonda sayt tədbir iştirakçılarına
təqdim edildi.
Lalə Musaqızı
Kaspi.-2013.-2-4 fevral.-S.5.