«Bu qədər ibtidai sinif müəllimi
Azərbaycana lazım deyil»
Aqiyə Naxçıvanlı: «Valideyn özü gəlib
dekana yalvarır ki, «bunu al, qiymət yaz»
“Təhsil
çox yaralı və incə bir sahədir. Burada tədricən, paralel
islahatlarla, təkamül yolu
ilə üzdə olan problemlər həll
olunmalıdır. Yaxşı kadrlar
yetişməlidir, gəncliyə yol verilməli,
idarəçilik düzgün
olmalıdır”- Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət
vəkili Aqiyə Naxçıvanlı “Kaspi”yə müsahibəsində
təhsil sahəsində yaşanan problemlər
barədə danışıb.
Bu qədər tələbə, bu
qədər sıxlıq...
- Ölkəmizin təhsil sahəsində
mövcud nöqsanlar azalmaq əvəzinə, get-gedə
çoxalır. Səbəb nədir?
- Təhsil sahəsində yaranan
narazılıqlardan irəli gələrək biz
artıq beş filialımızın direktorunu vəzifədən azad
etmişik. Baxmayaraq ki, onların hamısı professor,
elmlər doktoru olublar,
biz onların fəaliyyətini
yoxladıq, nöqsanları üzə çıxartdıq, hətta,
bu məsələ müzakirə olunmadan əvvəl bu qərarı
çıxartdıq. Maliyyə məsələlərində
olan pozuntular, tələbələrə
düzgün yanaşmamaq,
müəllimlərlə dil tapmamaq, onların dərs yükünün
düzgün bölünməməsi, bu işdə şəffaflığın
gözlənilməməsi, idarəçilikdə olan problemlər və s. nöqsanlara görə onları işdən
uzaqlaşdırmışıq. Ən əsası, dövlət
tərəfindən verilən maliyyəni düzgün
xərcləmədiklərinə görə bu
addımı atmışıq. Bu
sırada Salyan, Ağcabədi, Qazax, Şamaxı, Quba
filiallarının direktorlarının adı var.
Hər elmi şurada məsələlər
müzakirə olunarkən nöqsanlar
hamıya deyilir. Biz hər
sessiyada filialların 50 faizi
ilə mütləq monitorinq keçiririk. Bu monitorinqlər
zamanı əgər hansısa tələbələrin
işlərinin düzgün qiymətləndirilmədiyini
görürüksə, biz onu burada başqa
müəllimlərə yoxlatdırırıq. Az hallarda orada
yoxlanılan qiymətlə burada
yoxlanılan qiymət üst-üstə düşür.
Amma bəzi vaxtlarda tələbəyə
subyektiv yanaşma olduğunu görürsən.
- Korrupsiyaya qarşı mübarizə
komissiyasında keçirilən müşavirədə
müasir ixtisaslara tələblərin olması ilə
bağlı fikirlər səslənib. Bu
problemin həlli üçün
hansı addımlar atmaq lazımdır?
- Əgər həmin iclasda
mənə söz verilsəydi, mütləq
bu mövzuda
danışardım. Bilirsiniz ki, bu institut
yarananda ulu öndər
Heydər Əliyev tərəfindən bura
ixtisas verilib. İnstitutun 11 filialı var.
İxtisas ona görə
verilib ki, burada ibtidai sinif üzrə və məktəbəqədər
müəllimlik ixtisasları hazırlansın. O məqsədlə
ki, regionlarda olan tələbat ödənilsin. Amma indi baxın görün, ibtidai sinif müəllimliyini kimlər
hazırlamır? Bu qədər ibtidai sinif müəllimi
Azərbaycana lazım deyil. Bir saat, iki
saat dərs deyənlər var.
Məgər bunu məhdudlaşdırmaq
olmazmı? Bilinməlidir ki, Azərbaycan
Müəllimlər İnstitutu hansı ixtisaslar üzrə müəllimlər
hazırlasın. Və ya Pedaqoji
Universitetin hansı ixtisaslar
üzrə hazırlayacağı məlum olsun.
Yoxsa az qala Sənaye Texnikumu da ibtidai sinif
müəllimi hazırlayır. Bu, düzgün deyil. Bəs o kadrın məsuliyyəti
kimin boynuna düşür? İbtidai
sinif müəllimlərinin yerində
olmaması, düzgün seçilməməsi
kimin üzərinə məsuliyyət qoyur? Əgər bunu təkcə
biz hazırlasaydıq, bilərdik ki, məsuliyyət bizim
üzərimizə düşür.
Ancaq siz baxın, nə
qədər savadsız ibtidai sinif müəllimləri yetişir.
Ondan başqa bəs bu ibtidai sinif
müəllimliyinə qəbul olanlar
hansı balla instituta
gəlirlər? 200-300 balla instituta
daxil olurlar. Onlar onsuz da
zəifdirlər. Respublikanın ayrı-ayrı müəssisələrinə
paylanıb hazırlananda elə bil ki, bu məsuliyyətə
cavab verən yiyəsi tapılmır. Əlbəttə,
müasir fənlər olmalıdır. Məsələn,
bizdə filialların strukturu, maddi-texniki bazası möhkəmlənməlidir
ki, orada başqa ixtisaslar da olsun. Çünki
Bakıya bu qədər axının qabağı
alınmalıdır. Bu qədər
maşın, bu qədər tələbə,
bu qədər sıxlıq olmaz. Xüsusilə də universitetlərin çoxunun yataqxanası da
yoxdur. Düzdür, indi planda var
ki, haradasa nəsə
tikiləcək, ayrıca bir şəhərcik
salınacaq. Ancaq nə üçün
bunlar regionlarda
hazırlanmasın? Orada hazırlanması
üçün də o
regionun tələbatına görə müasir ixtisaslar verilməlidir.
Amma orada həmin kadrlar da olmalıdır. Ona görə də biz
çıxılmaz vəziyyətdə qalırıq. Tutaq ki, regionun
tələbatı var, amma
orada kadrlar yoxdur ki, tələbələri
hazırlasınlar. Bundan ötrü
hamının qarşısında bir plan olmalıdır. Məsələn, əgər
mən hər hansı ixtisas üzrə qəbul
elan etmişəm. Qoy
mənə desinlər ki, bu
ixtisas lazım deyil, sən
hazırlama, ona ehtiyac
yoxdur. Biz heç bir regiondan hansı müəllimlərə daha çox ehtiyac olması ilə bağlı tələbatı
ala bilmirik. Regionlar üçün
hansı kadrların hazırlanmasına ehtiyac
var? Bəlkə kənd təsərrüfatı
üçün hazırlamaq
lazımdır? Onda siz
başqa instituta
müraciət etməlisiniz. Biz hətta, bu yaxınlarda təhlil aparmışıq: ola bilsin ki,
qəbul olanların 60 faizi işləməyəcək.
Onlar institutda oxumaq xətrinə ali məktəbə
daxil olublar. Eybi yox, qoy
onlar işləməsin. Amma heç
olmasa, öz
uşaqlarına düzgün tərbiyə
versinlər. Əgər buna tələbat
yoxdursa, bu qədər
yerləri işləmək istəməyən adamlar – yalnız diplom xətrinə
gələnlər tutur. İdman
Akademiyasına daxil olanlar
qabiliyyət imtahanından keçirlər. Amma bütün cəmiyyətin
əsasını qoyan ibtidai
sinif müəllimidir. Mənə elə
gəlir ki, qabiliyyət imtahanını da məhz ibtidai sinif müəllimi verməlidir. Ancaq bizə müxtəlif qüsurları olan insanlar daxil
olurlar. Onlar axı
müəllim ola bilməzlər. Ancaq daxil olandan
sonra onlara necə demək
olar ki, sən səhv
gəlmisən? Komissiya əvvəldən onun xarici görkəminə, nitq
mədəniyyətinə və s. diqqət
versəydi, onda düzgün
seçim ola bilərdi.
İbtidai sinif və bağça müəllimliyinə qəbul olanlar ən yüksək bal
toplayan abituriyentlər olmalıdır. Çünki uşağın təməli bağçada və ibtidai
sinifdə qoyulur. Düzgün
təməl qoyulursa o,
7-8-ci sinifdə özü də oxuya biləcək. Sadəcə, əsası düzgün qoyulmalıdır. Yenidən
rektorları yığıb oturub
düşünmək lazımdır. Bu məsələ
təhsillə məşğul olan
insanların qarşısına çox mühüm vəzifələr qoyur.
Ailələrin xəstəliyi
- Nə üçün valideynlər
uşağının savadı oldu-olmadı, mütləq
onun ali məktəbə daxil olmasına
çalışırlar? Sizcə, sovet dövründə
olduğu kimi, texniki peşə məktəblərinin fəaliyyətinin
gücləndirilməsi seçim imkanına təkan verməzmi?
-
Uşaqlarını məcburən institutda oxutdurmaq istəyi
Azərbaycan ailələrinin xəstəliyidir. Bəzi
valideynlər uşaqlarının instituta daxil olması ilə
bağlı müraciət edəndə onlara peşə məktəblərində
təhsil almasını məsləhət görəndə
razılaşmırlar. Deyirlər ki, mütləq institut
olmalıdır. Bu, özü də təbliğatdan
asılıdır. Ona görə də ayrıca təhsil
kanalı olmalıdır ki, ziyalılar, görkəmli insanlar
orada çıxış edib cəmiyyəti maarifləndirsinlər.
Başa salsınlar ki, əgər övladları peşə
təhsilinə getmiş olsa, bəlkə müəllimdən
4 dəfə artıq maaş alar, üstəlik yaxşı
mütəxəssis olar. Baxın, adi bir elektrik cihazında
problem yarananda, onu təmir etdirməyə usta tapa bilmirik. Amma
abituriyentlərin çoxu sevmədikləri ixtisaslar üzrə
oxumağa məcbur olurlar. Daxil olanda birbaşa ödənişli
təhsili qeyd edirlər. Bir ildən sonra isə ödənişlidə
oxuya bilmirlər. Sonra isə Prezident Aparatına, Heydər Əliyev
Fonduna məktub yazaraq övladlarının ödənişliyə
düşməsindən şikayətlənirlər. Daha
demirlər ki, «ödənişli»ni özləri seçiblər.
Bəs bunu yazanda nə fikirləşirdin? Bilmirsən ki, 4 il
uşağının təhsil haqqını ödəməlisən?
Bizdə qəribə bir adət var: qonşunun
acığına mənim uşağım instituta daxil
olmalıdır. Mən düşünürəm ki,
bütün bu cür anlaşılmayan hallar cəmiyyətin
maariflənməməsindən irəli gəlir. Elə bir ailə
yoxdur ki, o, təhsillə bağlı olmasın. Amma cəmiyyət
hələ Boloniya prosesindən, təhsildə olan innovasiyalardan,
müasir təlimdən, yeni yanaşmalar və yeni təfəkkürdən
xəbərsizdir. Ona görə də silsilə verilişlər
hazırlanmalıdır. Bizim telekanallarda elə verilişlər
var ki, onlar bu gün yayımlanmasa da olar. Vacib deyil ki, indiki ərəfədə
bir-birimizə qonaq gedək. Amma təhsillə, təlimlə,
tərbiyə ilə, mənəviyyatımızla
bağlı verilişlərə çox ehtiyac duyulur.
Biri verir, biri alır...
- Sizcə, təhsil idarəçiliyində
korrupsiya hallarına yol açan nədir?
-
Çox adam deyir ki, korrupsiya hallarının yaranmasına səbəb
müəllimlərin maaşının aşağı
olmasıdır. Bu, düzgün fikir deyil. Sadəcə, idarəçilikdə
təsadüfi insanların olmasıdır. Əgər insan nəfsinə
hakim ola bilmirsə, bu cür hallar yaranır. Yəqin o, vəzifəyə
hansısa yollarla gələn adamdır. Ya fikirləşir ki,
nə əldə etsəm bu, mənə qənimətdir və
s. Ümumiyyətlə, korrupsiya hallarının nədən
yaranmasının səbəbini heç kim aça bilmir.
Baxırsan ki, yüksək bir zirvəyə çatan
insandır – elmlər doktoru, professordur, amma görürsən
ki, nəfsinə hakim ola bilmir. Tələbədən pul almaq
olarmı? Tələbədən nəsə ummaq olarmı? Cəmiyyətdə
bundan alçaq hansısa hərəkət görmürəm.
Bir də bizdə belə bir xəstəlik var: valideyn
özü gəlib dekana yalvarır: «Bunu al, qiymət yaz». Bəzi
valideynlər deyir ki, mən pulu verim, amma uşağım əziyyət
çəkməsin. Bu, ikitərəfli bir işdir. Harada
görmüşsünüz ki, kimsə başqasından zorla
pul istəsin! Bu, yalnız qarşılıqlı surətdə
baş verə bilər. Birinin pul verməyə,
başqasının da pul almağa meyli var.
- Yeri gəlmişkən,
dekanların məsuliyyətinin artırılması, şəffaflığın
təmin edilməsi, kafedraların, müdafiə
şuralarının fəaliyyəti ilə bağlı fikirlərin
gündəmə gəlməsinin səbəbi nədir?
-
Çünki tələbələrlə işləyən
birinci sima dekandır. Tələbə hətta, valideynə
demədiyi sözünü dekana deyir. Ona görə də
dekanların funksiyası, məsuliyyəti artmalı, orada
şəffaflıq olmalıdır. Dekanın özündən,
müavinindən, dekanatlığın işçilərindən
çox şey asılıdır. Çünki tələbə
haqqında bütün məlumat toplusu o insanlardadır. Xəstə
olanı da, problemi olanı da, icazə alanı da, dərsə
gələni də, gəlməyəni də
dekanatlığa məlumat verir. Tələbənin hansısa
problemini həll etmək istəyəndə ilk söz
dekanındır.
Alternativ dərsliklər təklifi
- Dərsliklərin keyfiyyəti ilə
bağlı narazılıqlar da çoxdan səslənir.
Problemin həlli ilə bağlı hansı təklifləriniz
var?
- Dərsliklər
uzun müddətdir ki, müzakirə olunan məsələlərdəndir.
Ancaq mən məktəb dərsliklərini təhlil etmirəm.
Bununla belə, düşünürəm ki, dərsliklərin
keyfiyyəti yüksək olmalıdır. Bizim oxuduğumuz
dövrdə hansısa dərslikdə səhv görə bilərdikmi?
Bu, böyük sensasiyaya səbəb ola bilərdi. Mənim
fikrimcə, zəif dərslik də ola bilər, güclü dərslik
də. Sadəcə, o mövzuda dərsliklər çox
olmalıdır ki, uşaqlar alternativ kitablara baxa bilsinlər.
Mən hansısa ixtisas, hansısa fənn üzrə bir dərsliyin
mövcudluğunu qəbul etmirəm. Qoy bir neçə dərslik
yazılsın. Tələbə də axtarıb onun
özü üçün səmərəli olanını
tapsın. Bəlkə o, bu dərsliklərə baxanda yeni bir
fikir ortaya gələcək? Mən ümumiyyətlə,
alternativ dərsliklərin tərəfdarıyam.
- Sizcə, təhsil problemləri
sürətli islahatlarla aradan qalxa bilərmi?
- Ümumiyyətlə, təhsildə inqilabi yolla nəsə əldə etmək mümkün deyil. Bir məktəb direktorunun və ya bir institut rektorunun hazırlanmasına illər lazımdır. Birdən-birə heç kəsi gətirib bu vəzifəyə təyin etmək olmaz. Şübhəsiz ki, islahatlar da lazımdır. Bəlkə də haradasa təxirəsalınmaz islahatlar olmalıdır. Əgər bir təşkilatla bağlı bir neçə fakt varsa və bir neçə dövrdən sonra onlar düzəlmirsə, demək, onun başında duran insanın problemləri aradan qaldırmağa gücü çatmır. Əgər o insan bunu bacarmırsa, onu döyə-döyə yerində saxlamağın nə əhəmiyyəti var? Təhsildə xəstəliklər elə bir şeydir ki, biri təcili əməliyyat oluna, digəri isə müalicə ilə düzə bilər. Buna görə gözləməyə ehtiyac yoxdur. İslahatlar olmalı və paralel şəkildə işlər getməlidir.
Təranə Məhərrəmova
Kaspi.-2013.-1 fevral.-S.6.