Giliz kimi gəzərgi 

 

 (Esselər silsiləsi)

 

ALLAH

 

Hərdən ağlıma dolur ki, əvvəllər Allah da insanlarla birgə yaşayıb. Sonra O bizdən bezərək baş götürüb gedib. İnsanlar Allahın yanında da islah olmayıblar. Özü də, Allah yerə girməyib, göyə qalxıb. Ona görə hər dəfə insanlar başlarını göyə qaldırıb Allaha dua edəndə sanki, onun arxasınca baxırlar, peşman-peşman.

 

***

 

ŞEİR

 

Çoxları üçün şeirin öldüyünü bilmək istəyirsinizsə, yol boyu şeir deyə-deyə gedin. Görəcəksiniz ki, yanınızdan keçən adamların biri də sizə baxmır. Mən bir dəfə şair dostumla bu təcrübəni o məşhur Nizami küçəsində sınaqdan keçirdim.

 

QORXU

 

Həyatda ən çox qorxduğum şeylərdən biri də budur: Altından xətt çəkdiyim cümlələrə bir də təzədən qayıtmaq, bir də yenidən baxmaq imkanım olmaya. Nəyəsə görə çox inanıram ki, bu gün anlamadığım çox şeyi gələcəkdə mütləq anlayacağam.

 

***

 

İŞIQ

 

Bəzən deyirlər ki, ədəbiyyat işıq axtarışıdır. Amma unutmaq olmaz ki, işıq axtarışı qaranlıq qorxusundan yaranır. Hələ biz bunu Çırtdanın nağılından da bilirik. Elektrik lampasını ixtira edən o Edinsonun qaranlıqdan titim-titim titrədiyini olsun ki, çoxları bilir. Bu mənada işıq axtarışı adı ilə “nikbin poeziya” yaratmaq cəhdi, hələ şeytandan uzaq olmaq deyil, içindəki şeytanı qaranlıqda gizlədib, işığa qaçmaq “hünəridir”. Ona görə də bugünki ədəbiyyatımızın “xeyirxah şairləri” heç də yaxşı adamlar deyil. Əlimi ürəyimin üstünə qoyub deyirəm, vallah...

 

***

 

PUŞKİN

 

– Birinci dərəcəli atıcı Puşkinin heykəlinə baxıb deyir:

– Haqq-ədalət budur? Hədəfi Dantes vurdu, heykəli vurulana qoyurlar.

Bəzi adamların da ədəbiyyata münasibəti bu cürdür. Onlar ədəbiyyata atıcı kriteriyası ilə yanaşırlar, ona görə əsl ədəbi dəyərlər itib. Onların əlində olsa elə Dantesə heykəl qoyarlar...

 

***

 

SEVGİ

 

Köhnə sevgilər yanından uzaqlaşan digər insana oxşayır. O insan yanından uzaqlaşır, gedir, gedir, tamam aralanır səndən. Amma qəribədir ki, uzaqlaşsa da görürsən onu. Haçan çevrilib baxsan görürsən ki, uzaqlaşır, amma gözdən itmir ki, itmir...

 

***

 

TƏCRÜBƏ

 

TompsonunMənim Həyatıməsərində belə bir yer var.

Kifayət qədər yanacaq toplayandan sonra, sonuncu kibrit çöpünü çıxarıb yandırmaq istədim. Lakin, Riçadson inamla dedi:

Qulaq as, Senton. Con köhnə tənbəki çəkəndi, sənsə yox. Mənə elə gəlir ki, sonuncu kibritimizi Cona etibar etsək daha ədalətli olar.

Bu, ağlabatan təklif idi. Mən həqiqətən heç vaxt siqaret çəkməmişdim, odur ki, sonuncu kibriti məmnuniyyətlə artıq neçə min dəfə bu işi uğurla görmüş yoldaşıma uzatdım”.

Təcrübəyə bu qədər önəm verildiyini, ixtisaslaşmanın modeli kimi qəbul etməliyik. Yoxsa bizimhərşeyşünaslarkimi biləndər olmaq kimə gərəkdir ki? Hətta kibriti belə yandırmaq təcrübə tələb edir e...

 

***

 

KİNO

 

Azərbaycan kinosunun pafoslu olmasının səbəbi filmlərin çoxunun teatral olmasıyla bağlıdır. Aktyorların çoxu teatrdan çıxdığına görə kamera qarşısında da özlərini teatrdakı kimi hiss edirlər. Bilmirsən kinoya baxırsan, yoxsa teatra...

 

KOELYONUN CİDDİLİYİ...

 

Paulo KoelyonunŞeytan Senyorita Prim” romanında belə bir yer var: Leonardo “Məxvi axşaməsərini çəkəndə xeyri İsa, şəri İblis sürətində çəkməliydi. Xorda oxuyan nurani bir oğlan tapır İsanın şəklini çəkir. Amma bircə əcaib adam tapmır ki, iblisin şəklini çəksin. İllər keçir. Kilsədən Leonordonu tələsdirirlər. O yol gedərkən konalisasiyaya düşmüş bir adam tapır onu kilsəyə gətizdirib iblisim surətini çəkməyə başlayır. Birdən həmin adam oyanır deyir:

“– Mən artıq bu şəkli görümüşəm!

vaxt? – Leonardo heyrətlə soruşur.

Üç il bundan qabaq, hələ hər şeyimi itirməmiş. Həmin vaxt mən xorda oxuyurdum mənim həyatım arzularla dolu idi, hansısa rəssam mənim sifətimə baxaraq İsanın şəkili çəkirdi.”

Yəni bəzən xeyirlə şərin bir üzü olur. Bu misalı Koleyonu bulvar ədəbiyyatı sayanlara çəkdim. Baxmayaraq ki, o kütlə üçün əsərlər yazır. Amma hər halda bir ayağı da ciddi ədəbiyyatın yanındadır. Koelyo əlini bazar tərəfə açıb, gözüsə ədəbiyyat tərəfdədir.

 

GÖRMÜRÜK

 

İnsan ölümünü düşünə bilir, amma onu təsəvvür edə bilmir. Deyək ki, öz tabutunu təsəvvür edirsən, belə olan halda sən kənar müşahidəçisən, yəni öz ölümünə kənardan baxırsan, əgər özünə kənardan baxa bilirsənsə, deməli, ən azından ruh şəklində olsa mövcudsan.

 

RUH

 

İnsan öləndən sonra ruh göyə qalxır, biz bunu qutsal dini kitablardan əxz eləmişik. Bədən ağırdır, ruhsa yüngül.. Necə ki, qəfədan qaynayanda buxar havaya qalxır, su da qabın içində (dünyada) qalır, sonra da içilib istifadə olunur. Ruh da məncə belədir, o suyun ən istilənmiş-buxarlanmış yeridir. Cisim sudur, bu dünyada yarandığı üçün bu dünyada qalır. Ruhsa bu dünyanın malından daha çox, digər dünyanın malıdır. Buxar uçmağa məhkumdur, çünki qaynamış suyun ən əsas istisi buxardır. Ruh buxardır insanın ən qaynar hissəsidir. Buxar azaldıqca qəfədan soyuduğu tək, ruh uçandan sonra can soyuyur.

 

SƏMA

 

Göy kimindir? Gözəgörünməzin. Yer kimindir? O da Gözəgörünməzin. Ona görə göyə Tanrı məkanı deyirlər ki, orda insan yoxdur, ora daha çox dərəcədə Tanrınındır. Özlərini yerin sahibi sayanlar, heç vaxt göy haqqında düşünməyiblər. Bəlkə buna görə özlərini yerin, Tanrını isə göyün sahibi sanıblar. Yerdə yer tapmayanlar daim göyə üz tuturlar. Məsələn, Leyli Məcnun, İsa peyğəmbər. Əslində İsa Peyğəmbəri çarmıxa çəkənlər unudurdular ki, onu özlərindən yüksəyə qaldırıblar. Bu sözləri öz aforizimində Frans Kafka belə yazır: ”Din fədailəri bədənlərini alçatmazlar, lazım olsa, onu çarmıxa qədər yüksəldərlər”.

 

BAŞIMIZA GƏLƏNLƏR...

 

Sakit Don” əsərini oxuyub onsuz da bir müddət sonra unudacağıq. Bəs oxunanlar on, iyirmi ildən sonra undudulursa niyə oxuyuruq? Məncə, obrazlar unudulur, amma hadisələr yox, çünki adi həyatda da insanları bir müddət görməyəndə adlarını unudursan, amma o adını unutduğun şəxslə başına gələn əhvalatlarısa yox. Bu mənada dahiyanə əsərlər həm bizim başımıza gəlir.

 

ZÖVQ

 

Zövq həqiqətdən yaranır. Həqiqiət məcbur edir ki, biz nəyəsə inanaq, inandan sonra isə təsdikləyərək seçirik. Əsərlərindən imtina edən yazarların imtina səbəbi həqiqətlərini dəyişməsidir. Bugünki həqiqətləri dünən yazdıqlarının yaxşı olduğunu təsdiqləmir. Bu mənada insanların zövqləri yox, həqiqətləri fərqlidir. Elə dəyişən zövqlər yox, həqiqətlərdir...

 

Vicdan

 

Aleksandr Soljenitsın haqqında belə deyirdilər: "Rusiyanın vicdanı". Görəsən, bu gün sağ olan hansı Azərbaycan yazıçısı haqqında belə demək olar: "Azərbaycanın vicdanı" . ...sizə sual edirəm, özümünsə ağlıma elə bir ad gəlmir, hələ...

 

İfşa

 

İnanmaq istəyirəm: bir vaxt gələcək ki, bizlərin yazılarını janrlara yox, eləcə iki yerə böləcəklər, "Ürəklə yazılanlar" " ürəksiz yazılanlar" (nəyəsə kiməsə görə). Onda o dövürün insanları çox asanlıqla həm bizləri, həm bizim ürəksiz yazdığımız məqalələrin dəlalət etdiyi məsələləri kəsləri qolayca ifşa edə biləcəklər. məncə, o ədəbi sürun çalınacağı vaxt çox dəhşətli olacaq, görəsən biz daha çox ifşa olunacağıq, yoxsa onlar?

 

Xatırlama

 

Xosrov Şirinəsərində xosrovun Şirini əldə etməsi üçün hansı fırıldaqlara əl atması, hansı qana bais olmasını bilirsiz. Amma əsərin sonunda Xosrov ölərkən Şirini yuxudan oyatmır, narahat etmir onu. Xosrov bütün çirkinlikləri bu hərəkəti ilə yuyurmu? Görünür, yuyur. Yamanlıqlar unudulur. Dini kontestdə Xosrovun so hərəkəti yəqin ki, onu cəhənnəmdən xilas etməyə bəs etməz. Lakin bircə o hərəkət Xosrovu həm insan, həm ədəbi qəhrəman kimi ədəbiyyatda saxlayır. Nizami nədənsə heç bir obrazını tam pis insan kimi əks etdirmir, İbn Salam obrazı da elədir, onu istəməyəni alır, amma namərdlik eləmir. Bu yaxşı ilə pisin sərhəddi o qəhrəmanları qoruyur, ona görə Nizami obrazlarının bir çoxuna hansı məqamdasa haqq qazandırmaq olur.

 

 

 Fərid Hüseyn

 

Kaspi.-2013.-9-11 fevral.-S.16.