Yadigar Muradov: «Mən
Ədil müəllimin tələbəsiyəm»
Yadigar Muradov: «Sözün düzünü dediyimə görə bir çox insanların qınağına səbəb olmuşam və məndən incik düşüblər»
Həmsöhbətim, qaçqınlıq dövrünü yaşayan
Şuşa Dövlət Musiqili
Dram Teatrının direktoru,
əməkdar artist Yadigar
Muradovdur. Hər zaman
səmimi söhbəti və nikbin xarakteri ilə seçilən Yadigar
müəllimlə teatrın keçmişindən, bu günündən və onu
narahat edən problemlərdən
danışdıq.
Əcaib hərəkətlər
etmirik
- Şuşa
Teatrı qədim köklərə malik olan bir teatrdır.
Bu gün teatr
həmin ənənələri
necə qoruyub saxlayır?
- Şuşa Teatrı Azərbaycan teatr tarixində ən qədim tarixi köklərə malik olan teatrdır. Bəzən mənim bu sözümü qeyri səmimi hesab edənlər də olur, ancaq bu danılmaz bir faktdır. Hətta “Qafqaz” qəzetinin arxivlərində belə 1848-ci ildə Şuşada teatr truppasının fəaliyyətindən yazılıb. Demək ki, Şuşada Teatr ondan əvvəl də mövcud olub. XIX əsrdə Şuşada həm sirk truppası, həm də teatr truppası fəaliyyət göstərib. Azərbaycan teatrının yaranma tarixi isə 1873-cü ildən hesablanır. Əslində hamıya məlumdur ki, Azərbaycanda teatrın yaranması daha qədim köklərə söykənir. Mənfur düşmənlərimiz hansısa torpaqda daş basdırıb, üstünə erməni dilində bir söz həkk edirlər, sonra 15 ildən sonra əcnəbi jurnalistlər nəsə tapanda həmin dəqiqə ona sahiblənir və onu öz adlarına çıxarmağa çalışırlar. Belə olan halda nəyə görə öz tariximizi özümüz saxtalaşdıraq? Mart ayında Azərbaycan Teatrının 140 illiyi tamam olacaq. Nəyə görə qədim tarixə malik olan bir teatrın 170 yox, 140 yaşını qeyd etməliyik? 1873-cü ildə Bakıda ilk tamaşa oynanılıb və həmin gün afişa dərc olunub deyə teatrın yaranmasını məhz həmin tarixdən hesablayırlar. Şuşa da vətəndən kənarda bir dövlət deyil ki, o da Azərbaycan dövlətinin bir parçasıdır. Bu barədə Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevə yazılı şəkildə müraciət etmişdim. O da Elmlər Akademiyasına bu tarixi dəqiqləşdirmək üçün sifariş verdi. Ondan sonra bizə siyahı göndərildi ki, hansı teatrların təməli nə zamandan qoyulub. Bizə gələn məluma görə Azərbaycanda ilk tamaşa 1873-cü ildə Bakıda, 1874-cü ildə isə Şuşada oynanılıb. Tarixdə də bəzi dəlillər var ki, Şuşada tamaşa oynanılandan sonra, truppa yaradılandan sonra həmin dəstə gəlib, Bakıda tamaşasını nümayiş etdirib. Ümid edirəm ki, gün gələcək sənədləri dəqiqləşdirib bunu tarixə dəqiqliklə sala biləcəyik.
- Şuşa
Teatrı yurdundan kənar düşmüş,
el dilində desək “Qaçqın” teatr kimi fəaliyyət
göstərir. Bundan başqa
sizin teatr digər teatrlardan nə ilə fərqlənir ?
- Biz teatrda
Ədil İsgəndərov məktəbinin ənənələri
üzrə işləyirik. Mən Ədil müəllimin tələbəsiyəm,
hər zaman onun bizə
verdiyi sənət öyüdlərini
qulağıma sırqa etmişəm. Bu
görkəmli Sənətkarın iş prinsipini öz
teatrımızda hələ də davam etdiririk. Tamaşanın məşqi
prosesində Ədil müəllim söyləyirdi ki, “Tamaşa zamanı zalda oturan izləyicilərin
əksəriyyəti, ya da
ki hamısı tamaşadan
xəbərsiz, naşı insanlar ola bilər, o an belə yenə də öz
sənətinlə “xaltura” etmə. O zaman da sənətin tələblərinə
uyğun olaraq
çıxış etməyə çalış. Zalda özünə bir obyekt tap və
özlüyündə elə hesab et ki, orada
oturan Ədil İsgəndərovdur.
Tamaşanı isə sırf ona nümayiş etdirmək üçün
oynayırsan. Onda sənətdə heç vaxt “xaltura” etməzsən”. Biz
bu ənənələrə hələ
də sadiq qalmışıq. Belə ki, tamaşalarımızda bayağı
sözlər söylənmir, söyüş
söyülmür və bu
kimi cılız hərəkətlərə
yol verilmir.
Tamaşaçını güldürmək üçün
əcaib hərəkətlər etmirik, əcaib
sözlər tapıb demirik, səhnədə
gülüş doğurmaq
üçün qaşınmırıq.
Bu kimi adətləri
teatrımızdan kənar etmişik. Biz bu peşəyə sevib gəlmişik. Gedib
testlə bal toplayıb, təsadüfən
bu sənətə düşməmişik.
Biz böyük sənətkarlara
- Ədil İsgəndərova, İsmayıl
Dağıstanlıya, Rza Təhmasibə imtahan vermişik. Bu gün alnımız
açıq, üzümüz
ağdır.
Vilyam Şekspirə müraciət etməmişik
- Repertuarınızda hansı janra daha çox yer verirsiniz? Zənnimcə daha çox dram əsərləri nümayiş etdirirsiniz...
- Repertuarımız çox rəngarəngdir. Şuşa Teatrı olmağımız ona dəlalət etmir ki, ancaq dram əsərləri oynayaq. Demək olar ki, teatrımızda bütün janrlarda tamaşalar hazırlanır. Vaxtı ilə bizim teatrda Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Süleyman Ələsgərovun “Özümüz bilərik”, Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu” kimi operettalar tamaşaya qoyulub. Mirzə Fətəli Axundzadə, Nəcəf bəyVəzirov, Elçin Əfəndiyevin yaradıcılığı ilə yanaşı əcnəbi yazıçılara da müraciət edirik. Gözəl əsərlərin hamısına müraciət etməyə çalışırıq. Amma hələ də Vilyam Şekspirə müraciət etməmişik (gülür).
- Teatrın təmirsiz
olması tamaşaların keyfiyyətinə yəqin ki, təsir göstərir?
- Teatrın özünün normal səhnə şəraiti yoxdur deyə tamaşaları tam ürəyimizcə hazırlaya bilmirik. Bu müvəqqəti çətinlikdir. Nə yaxşı ki, dövlət “Savalan” kinoteatrını bizə ayırıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bizə söz verilib ki, yaxın vaxtlarda bura ən son standartlara uyğun təmir olunacaq. Bu il yəqin ki, tikinti işlərinə başlanacaq. Təzə binanın proyekti artıq hazırdir. Özü də bu, elə bir proyektdir ki, Binəqədi rayonunda belə möhtəşəm bina olmayıb. Təmirdən sonra “Savalan”da teatr tamaşaları ilə yanaşı, kinofilmlər də nümayiş olunacaq. Ümumuyyətlə, bina tamaşaçılara yalnız teatr məkanı kimi deyil, mədəniyyət mərkəzi olaraq xidmət edəcək. Hazırda isə tamaşalarımızı serçilərə “Azərsun Holding” şirkətlər qrupunun Mədəniyyət Mərkəzində təqdim edirik. Şirkətin rəhbərliyinə də minnətdarlığımı bildirirəm ki, indiyə kimi təmənnasız olaraq bizə tamaşalarımızı nümayiş etdirməyə imkan yaradıblar. “Azərsun Holding” şirkətlər qrupunun rəhbəri Abdulbari Gözəl bu yaxınlarda “Ağ qayıq” tamaşanı (Elnurə Abdullayevanın əsərinin motivləri əsasında hazırlanıb-X.R.) izlədi və indiyə kimi Mədəniyyət Mərkəzində bir çox teatrların tamaşalarını izlədiyini, ancaq bizim tamaşadan çox duyğulandığını bildirdi. Eyni zamanda söz verdi ki, Şuşa işğaldan azad olunduqdan sonra bizə orada yeni teatr binası tikdirib hədiyyə edəcək.
- Bəs teatra dövlət qayğısı hansı səviyyədədir?
- Dövlət digər teatrlara
necə qayğı göstərirsə bizə də elə
həmin qayğını göstərir. Yəni bizi başqa teatrlardan heç də
ayırmır. Teatr işçilərinin
əmək haqqı vaxtı-vaxtında verilir.
Bundan əlavə, 22% sosial müdafiəmiz də ödənilir.
İldə bizim istəyimizdən
asılı olaraq dövlət sifarişi ilə tamaşa
hazırlamağa icazə verilir və həmin
tamaşanı da dövlət maliyyələşdirir.
Ötən il teatrımıza 2 avtobus hədiyyə verilib.
Teatrımız təmir olunduqdan sonra hər şey daha yaxşı olacaq.
“Min nəfəs bir səs”
- Teatrın heyəti yalnız Azərbaycanın
regionlarına qastrola gedirlər. Bəs vətəndən kənarda
necə festivallarda iştirak etmisinizmi?
- Bəli,
festivallarda iştirak etmişik. Vətəndən kənar
festivallara da səfərlərimiz gözlənilir. Belə ki,
ötən il M.F.Axundzadənin 200 illik yubilyei ilə
bağlı ölkəmizdə keçirilən teatr
festivalında iştirak etdik. Və bizim “Lənkəran
xanın vəziri” tamaşası ən çox bəyənilən
tamaşalardan oldu. Bu tamaşa ilə biz apreldə Türkiyədə
keçiriləcək “1000 nəfəs 1 səs”
festivalında iştirak edəcəyik.
- Teatrın direktoru olmaqla yanaşı həm də Sizi tez –tez televiziyada yayımlanan “Qulp” verilişində Aşıq obrazında görürük. Bu obraz Sizin direktor imicinizə zərər gətirmir ki?
- Xeyr. Mən aktyoram, sabah direktorluqdan çıxsam aktyorluğum əsas peşəm olaraq qalacaq. O verilişdə aktyor kimi aşıq obrazı canlandırmışam. Çox adam elə bilir ki, mən aktyor deyil, aşıqam. Əslində belə deyil, bir az simli alətlərdən başım çıxır, bir az oxuya və rəqs edə bilirəm deyə onlar hamısı birlikdə vəhdət təşkil edib. Mənim ifamda bu obraz yaxşı alınır. Çox qəribədir ki, məni aktyor kimi deyil ancaq aşıq kimi tanıyırlar. Bu obrazım məni tamaşaçılara tanıtsa da əslində çox adamın nifrətini qazanmışam. Həmin verlişdə sözün düzünü dediyimə görə bir çox insanların qınağına səbəb olmuşam və məndən incik də düşüblər. Son zamanlar da əsas narazılığım film çəkən rejissorlardandır. Bizim teatrda fəaliyyət göstərən yaradıcı kollektivi kinostudiyada filmlərə çəkilmək üçün sınaq çəkilişlərinə çağırmışdılar. Mənim də şəkillərimi çəkmişdilər ki, filmlərdə mənə də rol versinlər. Sonradan eşitdim rejissorlar deyir ki, “bu aşıqdır, filmə yaramaz”. Rejissorlar elə düşünür ki, aşıq heç zaman obraz canlandıra bilməz. Mən onların fikirləri ilə heç də razılaşmıram. Çox bacarıqlı aktyoram. Simamda da eybəcərlik yoxdur, əsl azərbaycanlı simam var. Misal üçün Qarabağa aid film çəkilir, rəsmə baxıb deyirlər ki, bu sima o mövzuya uyğun deyil. Mən müharibə zamanı Qarabağda döyüşmüşəm. Amma film çəkən rejissor məni döyüşçü kimi görmür. Həmin rejissorun çəkdiyi filmdə döyüşçü rolunu canlandıran aktyor heç bəlkə də döyüşün nə demək olduğunu anlamır. Mən isə öz əlimlə neçə neçə cəsəd daşımışam. Müharibənin dəhşətini yaşamışam. Guya məni hansısa rejissor o obrazda çəksə onun filmi səviyyədən düşəcək.
- Qarşıdan “Xocalı soyqrımı” günü gəlir...
- Bəli. Biz regionlarımızın işğalı tarixlərində tamaşa və ya tədbirlərimizlə acımızı soydaşlarımızla paylaşırıq. Yurdundan didərgin düşən teatr olasan, qan yaddaşını unudasan? Fevral ayının 18-dən, 26-na kimi biz “Xocalı faciəsi” ilə bağlı tamaşalar oynayacağıq. İlk tamaşamız fevralın 18-də Mahnı Teatrında oyanayacağımız “Ağ qayıq” əsəri olacaq. Həmin gün, Xocavəndin işğalı günüdür. Daha sonra isə məktəblərdə bu tamaşanı nümayiş etdirəcəyik.
Xəyalə Rəis,
Teatrşünas
Kaspi.-2013.-9-11 fevral.-S.11.