Şərəfli ömrün
tarixçəsi
6
fevral. Təqvimdə bir çox hadisələrlə əlamətdardır.
Bizim üçün isə bu tarixi əlamətdar edən
hadisələrdən ən önəmlisi Azərbaycan teatr və
kino tarixinin görkəmli nümayəndəsi Şərifova
Firəngiz Abbasmirzə qızının doğum
günüdür. Öncədən doğum
gününüz kutlu olsun, böyük sənətkar!
Ötən
günlərimi qaytarsaydılar,....
Firəngiz
ailənin yeganə qız övladı, görkəmli Azərbaycan
aktyoru, teatr və kino rejissoru, xalq artisti Abbas Mirzə Şərifzadə
nəslinin nümayəndəsidir. O, Abbas Mirzə Şərifzadə
ki, 1937-ci ildə şəxsiyyətə pərəstiş
dövründə haqsız yerə tutulub və "xalq
düşməni" kimi 16 noyabr 1938-ci ildə güllələnib.
Və yalnız 18 ildən sonra - 1956-cı ildə ona bəraət
verilib.
Firəngizin
anası – SSRİ xalq artist Mərziyə Davudovadır ki, o, da
Azərbaycan milli teatr sənətinin tarixinə imza atan
görkəmli aktrisa kimi yaddaşlarda və xatirələrdə
dərin iz buraxıb.
Firəngiz 6 fevral
1924-cü ildə Bakıda doğulub. Səkkiz
yaşında Azərbaycan dilli məktəbin
birinci sinifinə gedib
və növbəti ildə yenidən rus
məktəbinin birinci sinifində oxumağa başlayıb. Paralel olaraq
səkkiz il Bakı Xoreoqrafiya
Məktəbində təhsil alıb. 1941-ci ildə ailələrinin
yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəylinin məsləhəti
ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi
Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya
təhsili alıb və soprano səsinin
peşəkarlıq yönündə formalaşmasına nail olub. Teatr
səhnəsinə ilk dəfə səkkiz
yaşında çıxıb. Cəfər Cabbarlının
təkidi və atası Abbasmirzənin razılığı
ilə "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də
Gündüz rollarında
çıxış edib.
Sənətkarlardan
sənətkara... estafet
İki görkəmli sənətkardan ona
bəxşiş olaraq verilən istedad və məsuliyyətli estafeti
davam etdirən Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə
adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində
bu sənət ocağı məcburi
özünümaliyyələşdirmə iş
üsuluna keçirildiyinə görə
müvəqqəti bağlanıb. Firəngiz
xanım Xalq Maarif
komissarlığı İncəsənət İşləri
İdarəsinin (indiki Mədəniyyət
və Turuzm Nazirliyi) sərəncamına
əsasən köçürmə yolu
ilə Gənc Tamaşaçılar Teatrının
truppasında aktyor işləməyə
başlayıb. Tezliklə teatrın repertuar
ağırlığını çəkən əsas aktyorlardan biri olub. 1960-cı ildə anası Mərziyə
xanımın 60 illiyi münasibətilə
təntənəli yubiley keçirilib.
Yubileydən sonra Firəngiz Şərifova
həmin ilin may
ayının 5-də Akademik Milli Dram Teatrına işə
götürülüb. O, bu
sənət ocağında 1965-ci il aprel ayının 1-nə qədər işləyib
və qısa müddət ərzində parlaq
sənət hadisəsinə çevrilən obrazlar
yarada bilib. Qüdrətli
aktrisa yaşının və sənətinin
erkən yetginlik çağında,
1965-ci ildə yenidən Gənc Tamaşaçılar
Teatrına qayıdıb və oranın aparıcı sənətkarı
kimi sənət yolunu
davam etdirib.
Teatr, tamaşalar
və rollar...
Firəngiz xanım xarakterindən və daxili potensialından çıxış edərək
emosiyasını istər komediya, istər
dram, istərsə də faciə
janrlarında düzgün istiqamətləndirə
bilən aktrisadır. Onun Musiqili Komediya
Teatrında yaratdığı Gülçöhrə
("Arşın mal alan",
Ü.Hacıbəyov), Durna ("Durna", dramaturq Süleyman Rüstəm və bəstəkar Səid
Rüstəmov), Ulduz ("Ulduz",
dramaturq Sabit Rəhman
və bəstəkar Süleyman Ələsgərov),
Keto ("Keto və Kote", Vladimir Dolidze), Bayadera ("Bayadera", İmre Kalman) kimi maraqlı
rolları zəif gülüşdən, oyunbazlıqdan uzaq, musiqili komediyanın dərkə
və düşüncə qatına ünvanlanmış alicənab
oyun üslubuna çevrilmişdir.
Akademik
Milli Dram Teatrının səhnəsində Perdidata
("Qış nağılı", Vilyam Şekspir), Həcər
("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəfiqə
Rəhimli ("Alov", Mehdi Hüseyn), Ket ("Gözəllik
və sevgi adası" ("Afrodita adası", Aleksis
Parnis), Erfila ("Dəlilər", Lope de Veqa), Gülgün
("Od gəlini", Cəfər Cabbarlı) kimi daha
çox dramatik yönlü rollar Firəngiz Şərifovanın
qətiyyətli və yeri gələndə incə, zəhimli
oyun üslubuna uyğun şəkildə gerçəkləşmişdi.
Janr təyini baxımından "dram"ın estetik prinsipləri
əsasında yaratdığı rollarda sənətkar aktrisa
psixologizmi hadisələrin ümumi axarında, hər epizodun
mahiyyətinə uyğun tərzdə göstərə bilir.
Lakin
aktrisanın gerçək teatrı onun 1949 - 1961 və 1965-ci
ildən çalışdığı Gənc
Tamaşaçılar Teatrı oldu. Burada yaratdığı
dramatik, komik, fəci və psixoloji səhnə obrazları Firəngiz
Şərifovanın yaradıcılığında xüsusi
yer tutur. Həmin səhnə surətlərinin daha xarakterikləri
Gülzar ("Tamahkar", S.S.Axundov), Kraliça ("Qarlar
Kraliçası", H.X.Andersen), Zənci qadın Darotti
("Tom dayının koması", B.Stou), Aqadaya Tixonovna
("Evlənmə", N.Qoqol), Sərvinaz ("Aqil və Sərvinaz",
Ə.Abbasov), Mətanət ("Çiçəkii dağ",
M.Təhmasib), Julyar ("İki veronalı", V.Şekspir),
Gülbahar ("Anacan", Y.Əzimzadə), Yasəmən
("Qaraca qız", A.Şaiq), Şərəfnisə
("Müsyö Jordan və dərviş Məstəli
şah", M.F.Axundzadə), Zerbinetta ("Skapenin kələkləri",
J.B.Molyer), Yaqut ("Yaşar", C.Cabbarlı), Ceınına
("Ovod", E.Voyniç), Fitnə, Ana Vətən,
("Fitnə" və "E1 oğlu", A.Şaiq), Məhsəti
Gəncəvi ("Rübailər aləmində", M.Təhmasib),
Yetər ("Hacı Qəmbər", N.Vəzirov),
Beatriça Rasponi ("İki ağanın bir nökəri",
K.Haldoni), Həmidə ("Keçən ilin son gecəsi",
Anar), Qızyetər ("Komsomol poeması",
İ.Coşqun. S.Vurğunun eyniadlı poeması əsasında),
Mədinə, Ağabəyim ("Mənim nəğməkar
bibim" və "Yazığam, sevmə məni", Ə.Əylisli),
Təhminə ("Söhrab və Rüstəm",
İ.Coşqun. Firdovsinin "Şahnamə" poeması əsasında),
Ayşa Ana ("Fudzi dağında qonaqlıq",
Ç.Aytınatov və K.Məhəmmədcanov), Məşədixanım
("Ağ dəvə", Elçin) rollarıdır.
...Həyat 89 ömür...
Gerçəkdən bu tarixi Firəngiz xanım Abbasmirzə qızı Şərifzadə milli səhnə mədəniyyətimizə hədiyyə olaraq yazıb və bunun dəyəri onun təkcə 89 rəqəminin əzəmətində deyil, ailə başçısı, sənət nümayəndəsi və fədaisi kimi imza atdığı gerçək tarixdir. Qarşılıqlı tarix də var: 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti və 25 dekabr 1969-cu ildə Xalq artisti fəxri adları.
Biz də Xalq artisti Firəngiz Şərifovanı təbrik edir, uzun ömür və can sağlığı arzu edirik.
90 illik yubileyin bir addımlığında...
Aygün Süleymanova,
Teatrşünas
Kaspi.-2013.-9-11 fevral.-S.10.