YUĞ Teatrından üç yeni tamaşa 

 

Dövlət YUĞ Teatrında yaradıcılıq prosesi həmişəki kimi öz ritmində -səngimədən davam edir. Ötən ay Argentina yazarı A.B.Kasaresin hekayəsi əsasında Gümrah Ömərin hazırladığı “Qəbir qazma üsulu” tamaşası ilə seyrçilərinin görüşünə gələn teatrın səhnəsində hazırda paralel şəkildə 3 yeni tamaşanın məşqləri gedir.

YUĞ Teatrının gənc sənətçisi Ər-Toğrul Kamalov A.P.Çexovun “Mərc” hekayəsi əsasında yeni tamaşa hazırlayır. Bu tamaşada hadisələr xətti çox maraqlı bir süjet üzərində qurulub: Qoca bankir və gənc hüquqşünas (Çexovun adamı) arasında axmaq bir mərc baş tutur. Bankir mərci uduzduğu halda verəcəyi iki milyondan qorxmur, eyni zamanda hesab edir ki, hüquqşünas onsuz da mərci uda bilməyəcək və ömrünün üç-dörd ilini itirəcək. Gənc hüquqşünas isə (Çexovun adamı) mərci udacağından əmindir. Mərci udacağı halda hüquqşünasa veriləcək iki milyon ömrünün qalan illərini gözəl formada davam etməyi sığortalayır. Mərcin bitməsinə beş saat qalmış bankir hüquqşünası öldürüb mərci pozmaq istəyir. Bunun üçün məhbusun otağına gələn bankir ağlayıb otaqdan çıxır. Hüquqşünas mərci pozacağı haqda stolun üstünə qoyduğu kağızda yazıb. Məhbusluq həyatı yaşadığı müddət ərzində Hüquqşünas müxtəlif dilləri öyrənir, elmin ən incə sirlərinə yiyələnir. Bir şəxsiyyət kimi elə bir mərtəbəyə çatır ki, bu pulların ona lazım olmadığını dərk edir.

Tamaşada rolları Yaqut Paşazadə və Amid Qasımov ifa edirlər.

Hazırlanmaqda olan digər tamaşa Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında səhnələşdirilir. Tamaşanın quruluşçu rejissoru Mir Sahib Ağayevdir. Rolları Əməkdar Artist Fərhad İsrafilov, aktyorlar Oktay Mehdiyev və Mətanət Abaslı ifa edirlər. Qeyd etmək lazımdır ki, bu, YUĞ Teatrının Orxan Fikrətoğlunun yaradıcılığı ilə ikinci təmasıdır.

Gənc yazar Jalə İsmayılın eyniadlı pyesi əsasında hazırlanan “Oxşar” tamaşasının məşqləri də artıq yekunlaşmaq üzrədir. Tərlan Rəsulovun quruluş verdiyi tamaşada YUĞ Teatrının sonuncu yaş nəslinə mənsub aktyorlar – Emil Məlikov, Könül Cəfərzadə və Aytac Quliyeva məşğuldurlar.

Teatrın ədəbi hissə müdiri Elçin Cəfərovun məlumatına görə, bu günlərdə daha bir tamaşanın məşqlərinə başlanacaq. Mövlanə Cəlaləddin Ruminin həyatına həsr olunmuş tamaşaya gənc rejissor Aytən Məmmədova quruluş verəcək.

Hazırda YUĞ Teatrı bu ilin payızında Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən keçiriləcək “2+1” teatr festivalına hazırlaşır. Əldə etdiyimiz məlumata görə, teatr sözügedən festivala üç tamaşa təqdim etmək niyyətindədir.

 

 

Könül Əliyeva,

teatrşünas

 

Kaspi.-2013.-9-11 fevral.-S.10.