Bulaqdan çağlayan sənət... 

 

İddiasızlar...

 

Ötən əsrin yetmişinci illərində kəndimizdə hər evdə televizor olmasa da ağırlığından yerindən güclə tərpədə bildiyimiz iri radioqəbuledicilər vardı. Və hər bazar günü şər qarışanda qəbuledicini açıb həvəslə Azərbaycan radiosundaBulaqxalq yaradıcılığı verilişinə qulaq asardıq. Görkəmli artistlərimiz Səməndər Rzayev və Məhluqə Sadıqovanın ifasında Bulaq dədə ilə nənənin duzlu-məzəli, hikmətli sözlərinə, hekayətlərinə qulaq asardıq. Veriliş başa çatanda mənim üçün verilişin ən yaddaqalan yerlərindən biribu cümlə olurdu: “...qələmə alanı Vaqif Əlixanlı...”

Bəli, bu hər kəsin etiraf etdiyi bir həqiqətdir ki, uzun illər efirimizin bəzəyi olan, sevə-sevə dinlənilən “Bulaq” verilişinin yaradıcılarından biri də Vaqif Əlixanlıdır.

 Nasir, dramaturq, tərcüməçi Vaqif Əlixanlının yaradıcılığı 1968-ci ildən radionun “Bulaq” verilişində etnoqrafik hekayələrin yazması ilə başlanmışdır. Sonralar, o, televiziyada “İncəsənət” verilişini apararkən yazdığı “Rənglər” silsilə hekayələri ilə nasirliyini davam etdirmişdir. Səkkiz ildən çox Televiziy və Radio Verilişləri Komitəsində redaktor, baş redaktor vəzifələrində çalışmışdır. Uğurlu fəaliyyətinə görə 1973-cü ildə “Qızıl qələm” mükafatına layiq görülmüşdür. 1976-cı ildən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor əvəzi, 1979-cu ildən isə uzun müddət Mədəniyyət Nazirliyində teatr və musiqi müəssisələri idarəsinin baş redaktoru, idarə rəisi vəzifəsinədək məsul vəzifələrdə işləmişdir.

O illərin dövrün qəzet səhifələrindən düşməyən, jurnallarını bəzəyən bir fotoşəkil də xatirimdədir: mahnıları yazılmış valların milyonuncu nüsxəsinin çıxması münasibəti ilə Vaqif bəy mədəniyyət nazirliyinin işçisi kimi “Qızıl val” mükafatını SSRİ xalq artisti Zeynəb Xanlarovaya təqdim edir...

Vaqif Əlixanlı yalnız hazırladığı verilişlərlə bağlı hekayələr yazmaqla kifayətlənməmiş, həm də Azərbaycan ədəbiyyatının, dünyanın tanınan klassik yazıçılarından Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Erix Mariya Remark, Çingiz Aytmatov, Ernest Heminquey və başqa yazarların onlarla əsərləri əsasında televiziya və radio pyesləri yazmışdır. Onun tərcüməsində xeyli sayda rus və Avropa yazıçılarının: V.Rasputinin "Axır zaman", T.Uilyamsın "İstək tramvayı", A.Kondratyevin "Saşka" və Alber Kamyunun “Qismət”pyesləri respublikamızda fəaliyyət göstərən dövlət dram teatrlarının səhnələrində dəfələrlə tamaşaya qoyulmuşdur.

1994-cü ildə işlədiyim qəzetdə maddi durum pisləşdiyindən əlavə iş həvəsilə yolumu radioya salmışdım. O zaman Vaqif müəllim yenidən əvvəlki kollektivinə, Televiziya və Radio Verilişləri Komitəsinə qayıtmışdı. Mənə “Bulaq”la əməkdaşlıq etməyi məsləhət gördü, tövsiyələr verdi, “mən səni “Bulaq”çı edəcəyəm”, - dedi. Cəmi bir veriliş üçün müəyyən həcmdə yazı hazırlaya bildim. Bu işin heç də asan olmadığını, əziyyətinin verilən qonarara dəymədiyini görüb, Vaqif bəyin təbirincə desəm təəssüf ki, “Bulaq”çı ola bilmədim. Sonralar ona ilk kitabımı hədiyyə etdim. Bəzi yazarlardan fərqli olaraq oxuyub təəssüratını bildirdi, mənəvi dəstək olmağa çalışdı...

Vaqif Əlixanlı radio və televiziyada nəinki çoxsaylı verilişlərin, eyni zamanda ondan çox sənədli televiziya filminin hazırlanmasında ssenarist və ya redaktor kimi iştirak etmişdir. Son illərdə isə müxtəlif televiziya kanallarında geniş tamaşaçı kütləsinə təqdim edilən sənədli və bədii filmlərin ana dilimizdə səslənməsinə rəhbərlik və redaktorluq edir.

Vaqif bəy qürurlu, qismətinə qane olan insanlardan biridir. Ömrü boyu kimdənsə, nədən ötrüsə minnətli olmağı, diliqısıqlığı xoşlamır. Halal zəhməti ilə yaşamağı sevən ziyalıdır. Bəlkə bu sayaq insanları gözü götürməyən bədxahlarının yaratdıqları maneələr üzündəndir ki, Ömər Xəyyam, Şah İsmayıl Xətai haqqında yazdığı kinopovestlər, ssenarilər illərlə lentə köçürülməmiş qalmışdır.

Göz gördüyündən çəkinər. Yazıçılar BirliyininAzərbaycanjurnalında dərc edilənOğlum, qardaşım əcəl” - sonuncu kinopovestinin oxşar tale yaşamaması üçün onuƏcəl atıadı ilə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmasına nail olmuşdur.

Vaqif Əlixanlı tanıdığım yeganə tanınmış yazıçıdır ki, qırx dörd illik yaradıcılıq dövründə bir kitabını belə çap etdirməmişdir. Belə ki, onu kitabı olmasa da hər yerdə yazıçı kimi tanıyırlar. Bütün yaradıcılığı da həmişə göz önündə olub: radioda, televiziyada, filmlərdə, teatrların repertuarlarında... Ola bilsin ki, bu arxayınçılıq Vaqif bəyi zamansa kitab üçün heç əndişələndirməyib ...

Amma yaradıcılığının ən gözəl nümunələrini bir ya bir-neçə kitaba toplayıb çap etdirmək heç pis olmazdı. Ümid edirik ki, gələn payıza – 70 illik yubileyinədək Vaqif Əlixanlı bizi bu müjdə ilə sevindirəcək.

Bulaq”dan başlayan sənətin daim çağlayıb oxucularının qəlblərini oxşayacağına əminik.

 

 

Rövşən Yerfi

 

Kaspi.-2013.-16-18 fevral.-S.23.