“Qatil” Şimali
Kiprdə
Kim nə deyir,
desin, mənə görə, Azərbaycan
teatr məkanında ötən ilin ən uğurlu hadisəsi
Akademik Milli Dram Teatrında Mehriban Ələkbərzadənin
quruluşunda hazırlanan “Qatil”
tamaşası idi. Azərbaycan cəmiyyətində
yaşadığımıza görə kimlərinsə bu fikrimi tərəfkeşlik,
reklam və ya pyes müəllifinə yarınmaq cəhdi kimi anlaya biləcəyini istisna etmirəm. Amma
vurğulamalıyam ki... teatr
sistemində çalışdığıma görə hər
hansı müsbət hesab etdiyim
teatr hadisəsinə səmimi fikir bildirməkdən imtina
etməli olduğumu
düşünürsünüzsə, heç
bu yazımı oxumaya
da bilərsiniz.
Ümumiyyətlə,
Mehriban Ələkbərzadə intellektinə, yaradıcı
düşüncəsinə, istedadına və şəxsiyyətinə
hədsiz hörmət bəslədiyim az sayda
rejissorlardandır. Elə bu səbəbdən rejissorun yaradıcılığını
izləmək, onun yeni işlərindən xəbər tutmaq
şəxsən mənim üçün maraqlıdır.
Artıq neçə müddətdir ki, Mehriban xanım
Şimali Kipr Türk Respublikasında tamaşa
hazırlayırdı. Özü də ki, Elçinin “Qatil”
pyesini. Kiprdəki tamaşa Mehriban Ələkbərzadənin
“Qatil”lə üçüncü təması idi. Bunun
özünü maraqlı və əlamətdar bir fakt hesab
etdiyimi vurğulayaraq, bu fakta münasibətimi, yəni
rejissorun bir əsərə bir neçə dəfə
quruluş verməsi haqqında mülahizələrimi bir
başqa yazıya saxlayıram.
Hələliksə,
bu sənət faktı haqqında mənə məlum olan
informasiyaları Sizlərlə bölüşmək istəyirəm.
İş bu ki, Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrı ilə Şimali Kipr Türk Dövlət Teatrları
İdarəsi arasında imzalanan müqaviləyə görə,
Şimali Kipr Teatrları ilə Azərbaycan teatrlarının
genişmiqyaslı yaradıcılıq mübadiləsi nəzərdə
tutulur. “Qatil” əsərinin Şimali Kiprdə Mehriban Ələkbərzadənin
quruluşunda hazırlanması da, əslində, bu müqavilədə
həyata keçirilməsi nəzərdə tutulan silsilə
tədbirlərin başlanğıcıdır. Bu istiqamətdə
yaxın gələcəkdə də bir sıra ikitərəfli
layihələrin həyata keçirilməsi
planlaşdırılır. Hələliksə gələcək
planları bir yana qoyub da, artıq nəticəsi bəlli olan
hadisə haqqında danışmaq daha doğru olar.
Beləliklə,
Mehriban Ələkbərzadənin Şimali Kipr
Respublikasında Xalq yazıçısı Elçinin “Qatil”
pyesi əsasında hazırladığı tamaşa 8 fevral
tarixində Lefkoşadakı Atatürk Kültür Mərkəzində
seyrçilərə təqdim olunub. Tamaşada rolları
kiprli aktyorlar Oya Akın, Tuyqun Töre, Yılsay Özbudak və
Bilen Kılıç ifa ediblər. Səhnə əsərində
Cem Adrianın musiqilərindən istifadə olunub.
Tamaşanın
premyerasında iştirak etməyi çox istəyirdim. Amma bu
mümkün olmadığı üçün hələlik
tamaşanın fotoları və videofraqmentləri, bir də
rejissorun söhbətləri ilə kifayətlənməli
oluram.
Mehriban
xanımın sözlərinə görə, o Bakıdakı
quruluşun əsas prinsiplərini Kiprdə də saxlayıb.
Rejissor yozumuna uyğun aktyor seçimində, maddi-texniki təminat
baxımından çox böyük çətinliklərlə
üzləşdiyini deyən Mehriban Ələkbərzadə
nəticə etibarilə maraqlı bir işin ərsəyə
gəldiyini düşünür.
Şimali
Kiprdə “Bayraq xəbər” televiziyasının “Sənət
xəbər” proqramında rejissor öz tamaşasının məğzini
bir cümləylə belə ifadə edir: “Biz sosiumun
içindən çıxan gerçək insanların real həyatını
təsvir etməyə, insandan və insanlıqdan bəhs edən
bir tamaşa hazırlamağa
çalışmışıq”.
Növbəti
aylarda tamaşanın Bakıda nümayiş olunması nəzərdə
tutulur.
Elçin Cəfərov,
Teatrşünas
Kaspi.-2013.-16-18 fevral.-S.23.