Çox ciddi bir nailiyyət əldə etmiş olacağıq” 

 

 Ramin Məmmədov: “Xocalı soyqırımına Evin rəsmi şəxsi tərəfindən münasibət bildiriləcək”

 

Yanvar ayında Ağ Evin rəsmi veb səhifəsində yer alan “Biz xalqıq” bölməsində Xocalı soyqırımı ilə bağlı petisiya yerləşdirilib. Bu petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması, həmçinin ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutub. Yanvarın 25-dən etibarən ərizə üçün səsvermələr açıq elan olunub. Elektron imza toplamaq üçün səsverməyə start verilib. Artıq dünən kütləvi informasiya vasitələrində petisiya üçün tələb olunan 100 min səsin yığıldığı barədə məlumatlar yer alıb. Mövzunun aktuallığını nəzərə alıb Dünya Azərbaycanlı Gənclər Birliyinin (DAGB) sədri Ramin Məmmədovdan bu barədə qəzetimiz üçün müsahibə aldıq.

- “Ağ Ev”in rəsmi veb səhifəsindəki “Biz xalqıq” bölməsi nə zaman yaradılıb? Bu bölmənin yaradılmasında məqsəd nədir?

- Evin rəsmi internet səhifəsindəki yaradılmış “Biz xalqıq” bölməsi 2011-ci ildən fəaliyyət göstərməkdədir. Həmin bölmənin yaradılmasında əsas məqsəd Ev hökuməti, Amerika Birləşmiş Ştatlarının rəsmi dairələri ilə Amerikanın marağında olan, bu dövlətin fəaliyyət göstərdiyi ərazilərdə yaşayan sıravi vətəndaşların, ümumiyyətlə qrup şəklində fəaliyyət göstərən insanların maraqlarına uyğun strategiya qurmaq, eyni zamanda onların problemlərini həll edərək adekvat cavab verməkdir. Həmin bölümün ilk səhifəsində, yəni girəcəyində də gördüyümüz kimi, müraciət etmək hüquq sadəcə Amerika vətəndaşlarına deyil, ümumilikdə, bütün insanlara aiddir. Yəni, özlərini Amerikaya yaxın bilən, yaxud Amerikanın onların problemlərinə yaxın olduğunu düşünən insanlara daha effektiv, daha diqqətli cavab verilməsi üçün müraciət bölümü yaradılıb.

- Bəs, “Ağ Ev”in rəsmi veb səhifəsində Xocalı Soyqırımının tanıdılması ideyası kim tərəfindən irəli sürüldü?

- Biz Dünya Azərbaycanlı Gənclər Birliyi üzvləri, həmçinin müxtəlif təşkilatlarda cəmləşən azərbaycanlı gənclər yaradılmış belə bu şəraitdən maksimal dərəcədə istifadə etmək qərarına gəldik. Yanvar ayının 25-də Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şura üzvü, Amerika Azərbaycanlıları Şəbəkəsinin rəhbəri Adil Bağırov tərəfindən belə bir imza toplama kampaniyası üçün müraciət edildi. Müraciətimiz qeydiyyata alındıqdan sonra biz bütün güclərimizi səfərbər edərək petisiyaya imza toplamaqla məşğul olduq.

- Bu səhifədə petisiya yaratmaq və səsvermədə iştirak etmək üçün hansı şərtlər tələb olunur?

- Öncə çox sadə prosedurdan keçmək lazımdır. O qaydalara uyğun olaraq siz adınız, soyadınız və aktiv istifadədə olan e-mail ünvanını orada qeyd edirsiniz. Qeydiyyatdan keçdikdən sonra qeyd etdiyiniz e-mail ünvanına yaratdığınız hesabın aktivləşdirilməsi üçün link göndərilir. Beləliklə, sadə bir yolla linki aktivləşdirərək səsvermə hüququna malik olursunuz. Səs verdikdən sonra həmən petisiyanın aşağı hissəsində sizin qeydiyyat nömrəniz, səsvermə nömrəniz, insanlarınız göstərilir. Bu isə o deməkdir ki, sizin hesabınız qəbul olunub və petisiyaya artıq qoşulmusunuz.

- Sizin təşkilatla yanaşı, bu kampaniyada daha hansı qeyri hökumət təşkilatları aktiv iştirak edir?

- Bizimlə çiyin-çiyinə çalışan və qısa müddət ərzində tələb edilən 100 min səsi toplamağa dəstək olan bir çox gənclər təşkilatı mövcuddur. Mən fürsətdən istifadə edib onların hər birinə dərin təşəkkürümü çatdırıram. Bu təşkilatlar tərəfindən Azərbaycan xalqının ən ağrılı nöqtələrindən, qanlı səhifələrindən biri sayılan Xocalı faciəsinə, erməni separatçıları tərəfindən törədilmiş soyqırımına qiymət verilməsi üçün çox önəmli bir addım atıblar. Belə təşkilatlara nümunə kimi Azərbaycan Gənclər Təşkilatları Milli Şurasını, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını, xüsusi ilə də 2011-ci ildə “Xocalıya ədalət” kampaniyasını başladan, bu ideyanın müəllifi Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatının, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının, ASAİF-in və başqalarının adını çəkə bilərəm. İmzatoplama kampaniyasında çox aktiv iştiraka və dəstəyə görə bu təşkilatlarda təmsil olunan hər bir gəncə minnətdarlığımı bildirirəm. Bu hadisə həm də onu göstərdi ki, ümummilli məsələlərdə, Azərbaycan xalqının mənafeyinə xidmət edən hadisələrdə Azərbaycan gəncliyi təşkilatlanmağı bacarır. Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gənclər təşkilatları birləşə bilir. Birgə fəaliyyət göstərdikləri zaman isə effektiv iş ortaya qoymaq mümkün olur.

- Hazırda faciənin tanıdılması üçün lazım olan 100 min imza toplanıb. Bundan sonra nə olacaq?

- Qısa bir zaman ərzində tələb olunan 100 min səsi topladıq. Bundan sonra həmin bu petisiya, onların imza toplama və buna adekvat cavab vermə qaydalarına uyğun olaraq, Ağ Evin istənilən rəsmi şəxsi tərəfindən bu məsələyə münasibət bildiriləcək. Bu rəsmi şəxs isə həm Ağ Evin rəhbəri, ABŞ prezidenti Barak Obama ola bilər, həm də Ağ Evin hər hansı səlahiyyət sahibi, rəsmisi, yaxud Amerika hökumətinə daxil olan strukturlardan birinin rəhbəri. Hər kim olsa Xocalı soyqırımına münasibət bildirəcək. Soyqırımı ilə bağlı Ekspertlər Şurası tərəfindən tələb xarakteri daşıyan bəyanat da qəbul edilə bilər. Təbii ki, biz bu barədə qərar verə bilmirik. Oradakı Ekspertlər Şurası həmin məsələyə kimin cavab verəcəyinə dair qərar verirlər. Bundan sonra biz nəticəni əldə etmiş oluruq. Güman edirəm ki, bu rəsmi cavab yaxın günlərdə səsləndiriləcək. Burada ən önəmlisi kimin tərəfindən səsləndirilməsindən və yaxud bəyanat verilməsindən asılı olmayaraq, bu məsələyə, bu problemə Amerika rəsmilərinin diqqətini daha çox cəlb etməkdir. Eyni zamanda Xocalı faciəsinin tanıdılmasının hər zaman gündəmdə qalması üçün səylərin göstərməkdir.

- ABŞ rəsmilərinin Xocalı soyqırımı barədə hər hansı fikir bildirilməsi ictimai-siyasi baxımdan Azərbaycan üçün nə kimi əhəmiyyət kəsb edir?

- Bu petisiya bir neçə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir. İlk növbədə, qlobal siyasətdə ən güclü qüvvələrdən biri sayılan ABŞ-ın rəsmi şəxslərinin diqqətini Azərbaycanda birinci Qarabağ savaşında baş vermiş müharibə cinayətlərinə, insanlığa, bəşəriyyətə, humanizmə qarşı törədilmiş cinayətlərə yönəldəcəyik. Onlar bu hadisələrlə bağlı öz fikirlərini bildirməyə məcbur olacaqlar. Sonrakı mərhələdə Xocalı soyqırımının tam mənada dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi, bu faciəyə adekvat siyasi qiymətin verilməsi də gözləniləndir və önəmli addımlardan biridir. Əldə etdiyimiz bəyanat əsasında biz gələcək mübarizəmizə bir güc qatmış olacağıq. Çox ciddi bir nailiyyət əldə etmiş olacağıq. Bu arqumentlərdən istifadə edərək növbəti kampaniyalarda daha güclü, daha mövqeli və daha genişmiqyaslı kampaniyalar keçirmək iqtidarında olacağıq. Digər tərəfdən, sadəcə siyasi deyil, eyni zamanda ictimai nöqteyi-nəzərdən də bu petisiyanın qəbul olması çox böyük önəm daşıyır. Bilirsiniz ki, Ağ Evin səhifəsindəki bu bölümünə ildə 4 milyona yaxın internet istifadəçisi daxil olur. Onlar oradakı ümumi petisiyalarla maraqlanır, səs verir, bu və ya digər formada o səhifənin məlumatlarından faydalanırlar. Bizim başlatdığımız kampaniya nəticəsində bu gün Xocalı ilə bağlı petisiya Ağ Evin səhifəsində indiyə kimi səs toplamış ən populyar ikinci petisiyadır. Həmin səhifəyə nəzər salsanız, səhifənin yuxarı hissəsində petisiya yerləşdirilib. Bu onu göstərir ki, il ərzində 4 milyona yaxın insan bu səhifələrə daxil olanda bizim petisiya ilə tanış olacaq. Bu və ya digər yolla Xocalı faciəsinin nədən ibarət olduğunu, bu şəhərdə hansı hadisələrin baş verdiyini, kimlər tərəfindən nələrin törədildiyi barədə ilkin məlumat əldə edəcəklər. Dolayısı ilə biz Xocalı faciəsinin geniş ictimaiyyət arasında da təbliğinə nail olmuş olacağıq. Ən önəmlisi isə, bir az əvvəl qeyd etdiyim kimi, Azərbaycan naminə, dövlətçiliyimiz naminə bütün gənclər təşkilatlarının vahid bir qüvvə şəklində fəaliyyət göstərməsi hər kəsə bir daha aydın olacaq. Hamı biləcək ki, Azərbaycan gəncliyi lazım olan zamanlarda çox sıx birləşərək Azərbaycan xalqının maraqlarının qorunması, ölkəmizin gələcəyi üçün mübariz, vahid qüvvəyə çevrilə bilirlər.

- İmza toplama ilə bağlı fəaliyyətinizə erməni diasporu, Azərbaycanın nailiyyətlərini qəbul etməyən qüvvələr tərəfindən reaksiya necə oldu?

- Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ötən illərdə Azərbaycan diasporu qarşısında strateji bir məsələnin həll edilməsini vəzifə kimi qoyub. Cənab prezident dünya azərbaycanlılarına müraciət edərək Azərbaycan diasporunun müdafiə taktikasından, hücum taktikasına keçməsini vacib saydı. Əslində bu petisiya Azərbaycan diasporunun hücum taktikasına keçməsinin göstəricisidir. Bizim petisiya bir neçə gün ərzində 100 min səs topladığı ərəfədə erməni diasporu da uydurma soyqırımının tanınması ilə bağlı kampaniyaya başladı. Bu onu göstərir ki, Azərbaycan diasporu artıq erməni diasporunun fəaliyyətindən bir addım irəlidədir. Müəyyən mənada biz, onların qaldırdığı məsələlərə cavab vermir, əksinə, onları bizim atdığımız addımlara cavab vermək məcburiyyətində qoyuruq. Ötən il biz Fransanın paytaxtı Paris şəhərində Ermənistan prezidentinin bu ölkəyə səfərinə etiraz olaraq mitinq təşkil etmişdik. Bu hadisə də göstərir ki, biz dövlət başçısının qarşımıza qoyduğu hücum strategiyası ilə məşğuluq. Bu strategiya artıq həyata keçirilməkdədir. Bundan sonrakı illərdə də biz erməni diasporunun qarşısına daha çətin, konkret məsələlər, maneələr yaradaraq onların fəaliyyətinin zəifləməsinə nail olmaq fikrindəyik. Güman edirəm ki, Dünya Azərbaycanlı Gəncləri birləşərək bu məqsədə çatmaq iqtidarındadırlar.

 

 

Rufik İSMAYILOV

 

Kaspi.-2013.-14 fevral.-S.7.