«Mən serialın əleyhinə
deyiləm, amma…»
Xalq artisti Ramiz Həsənoğlu:
«İndi əksinədir – kəmiyyət keyfiyyəti üstələyib»
“Sabah”
Yaradıcılıq Birliyi 20 yaşını qeyd edir.
Tamaşaçılara onlarla ekran əsəri, o cümlədən
“Ac həriflər”, “6 nömrəli palata”, “Bala-başa bəla!”,
“Dəvətnamə”, “Kamança”, “Məhbus”, “Ömürdən
uzun gecə”, “Yarımştat”, “Cəza”, “Yaşıl eynəkli
adam”, “Fatehlərin divanı”, “Nekroloq” və s. kimi yaddan
çıxmayan teletamaşalar bəxş edən
Yaradıcılıq Birliyi bu gün də fəaliyyətini
davam etdirir.
“Sabah”ın
rəhbəri, Xalq artisti Ramiz Həsənoğlu yubileylə
bağlı “Kaspi”yə müsahibə verib.
Tamaşaçının
zövqünü alçaltmaq olmaz
-
«Sabah» Yaradıcılıq Birliyi Azərbaycan teleməkanına
nə gətirib?
- Mənə
elə gəlir ki, «Sabah» ilk yaranan qurumdur ki, mütəmadi gənclərlə
bağlı bir proqram istiqaməti götürərək
iş görüb. Gənclərin cəlb olunması,
onların sənətə müdaxilə etməsi, içərilərində
olanların üzə çıxarılması
üçün imkan yaradılması və s. istiqamətdə
addımlar atıb. Təbii ki, hər yoldan ötən gəlib
«Sabah»da bu hüququ əldə edə bilməzdi. Məsələn,
cavan bir oğlan mənə müraciət edərək
Bekketin «Oyun» əsərini hazırlamaq istədiyini bildirdi. Mən
onu tanımırdım. Gənc məni o dərəcədə
inandırdı ki, bir prodüser kimi ona şərait
yaratdım. İndi o, hamımızın tanıdığı,
yetərincə məşhur olan Kamran Şahmərdandır.
«Sabah»
yaranan dövrdə həm teatrımızda, həm də
kinomuzda tənəzzül dövrü idi. Demək olar ki,
maliyyə yatırımları yox idi. «Sabah»ın belə bir
zamanda, belə bir vaxtda yaranması və ortaya
çıxması sənət aləminə bir canlanma gətirdi.
Təsəvvür
edin ki, 3 il dalbadal bizim hər ay
premyeramız var idi. Burada çox böyük
kollektiv çalışırdı. Güman edirəm
ki, «Sabah» 20 yaşından bir az irəliyə
baxa bilsə, gördükləri işin fövqündə
daha başqa işlər də görə biləcək.
- İndi hamı «Sabah»da
çəkilən köhnə tamaşaların
tamarzısıdır. Artıq
bu gün tamaşaçılar eyni səviyyəli
teletamaşaları görmürlər. Əlbəttə,
deyəcəksiniz ki, tamaşalar yenə də çəkilir.
Bəs niyə əvvəlki effekt yoxdur? Rejissor da həminkidir. Bəs
problem nədədir? Ssenaridə, yoxsa
köhnə aktyorların yoxluğunda?
- Problem
çoxdur. Əsas problem ondan ibarətdir ki,
dövr dəyişdi. Telekanalların
sayı artdı, teleməkan böyüdü. Tamaşaçının seçimi
çoxaldı. Biz
tamaşaçını ümumi bir məfhum kimi qəbul etməyək.
Onların arasında çoxlu inkişaf
etmiş, zövqsüz adamlar var. Əvvəllər teleməkanda
yalnız bir telekanal – Azərbaycan televiziyası olanda müəyyən
bir tənzimləmə gedirdi. Böyük
bir kollektiv çalışırdı. Düzdür,
totalitar rejimdə işləyirdik. Ancaq
özbaşınalıq, hərc-mərclik, qazanc elementləri
bizim teleməkanı bugünkü vəziyyətə gətirdi.
Bu günə salınan teleməkanın
içində sizin dediyiniz o tamaşaları ortaya
çıxarmaq da indi asan deyil. Çünki
proqram siyasəti dəyişib. Ancaq bu o
demək deyil ki, biz səviyyəli filmlər, tamaşalar,
seriallar çəkməməliyik. Mənə elə gəlir
ki, bu sahədə «Sabah»ın da öz məsuliyyəti, borcu
var. «Sabah»ın digər qurumlardan fərqi ondan ibarətdir ki,
biz bu işi Azərbaycan Televiziyasının daxilində
görürük. Biz dövlət vəsaiti ilə
işləyirik. Bu mənada istədiyimiz
layihəyə dövlət vəsait buraxır. Ola bilsin ki, bəzi hallarda bizim
düşündüklərimiz üst qurumun
düşündükləri ilə üst-üstə
düşmür. Bu mənada «Sabah»ın fəaliyyətinin
bir qədər seyrəkləşməsi baş verib. Ancaq biz bunu o qədər də faciəli hesab
etmirik. Düşündüyümüz layihələr,
planlar var. Azərbaycan televiziyasının kadr və maliyyə
potensialı daha keyfiyyətli işlər görməyə
imkan verir. Ümidvaram ki, biz bu imkanlardan
istifadə edəcəyik.
- Necə bilirsiniz, dediyiniz imkanlardan
yararlanacağınız təqdirdə ərsəyə gətirəcəyiniz
tamaşalar yenə də «Ac həriflər», «Qatarda», «Evləri
köndələn yar» kimi tamaşaların yerini verə biləcəkmi?
- Buna
zaman və real görünən işlər cavab verə bilər.
Qabaqcadan demək çətindir. Zaman, qavrayış dəyişib. Tutaq ki, siz bu etirafınızla tamaşaçıların
müəyyən bir təbəqəsini təmsil edirsiniz.
Hamı sizin kimi bunları gözləmir. Baxın görün, hansı seriallar nümayiş
olunur. Yeyib-içmək proqramları və s.
verilişləri bütün tamaşaçılar izləyir.
Həmin proqramlar haqqında heç də məhkəmə
qurmaq fikrində deyiləm. Sadəcə,
tamaşaçının zövqünü alçaltmaq
olmaz. «Sabah»ın gördüyü işlər
bu mənada tamaşaçının səviyyəsini ucaltmaq
funksiyası daşıyır. «Sabah»ın
gördüyü işlərin kökündə bu məqsəd
durur.
- Sizcə tamaşaçının
zövqünü təkcə onların özləri müəyyənləşdirir?
- Biz
artıq kapitalizm cəmiyyətindəyik. Bu,
sözün yaxşı mənasında bazar münasibətləridir.
Mənə elə gəlir ki, bizim cəmiyyətdə
söhbət səviyyədən getməlidir. Proqramların səviyyəsi elə olmalıdır
ki, tamaşaçı baxanda bir gün o birinə də baxmaq
istəsin. Bütün gün konsertə
qulaq asmaq olmaz. Adam var əyləncə, adam
var poeziyanı və s. istəyir. Mənə elə
gəlir ki, Azərbaycan teleməkanında
tamaşaçıların zövqlərini oxşayan
proqramların yetərincə sayı var. Amma söhbət
onların keyfiyyətindən gedir. Məramını bəyan
etməklə iş bitmir. Burada sənətkarlıq,
peşəkarlıq söhbəti olmalıdır. Mənə elə gəlir ki, bütün sənət
məkanında problem bundadır. Ola bilsin
ki, peşəkarlıq aşağı səviyyədədir.
Kəmiyyət keyfiyyəti üstələyib
- Tez-tez
«Televiziyalara ayaq açan səviyyəsiz verilişlərin
qarşısı alınmalıdır» fikirləri hətta, ən
yüksək səviyyədə belə səslənir. Sizcə islahatlara nədən başlamaq
lazımdır?
- Mənə
elə gəlir ki, bütün teleməkanda prodüser fəaliyyətini
gücləndirmək lazımdır. Bütün
təşəbbüslər onların əlində
olmalıdır. Dünya təcrübəsindən
qidalanıb bu fəaliyyəti gücləndirmək
lazımdır. Mən deyə bilmərəm
ki, bizdə prodüserlər yoxdur. Sadəcə,
prodüserlərin səviyyəsi ola bilsin
ki, istənilən tələblərə cavab vermir. Yeri gəlmişkən, ölkəmizdə ilk
prodüser ştatı «Sabah»da olub. O zaman bu ştatı
yaradanda hamı “prodüserin işi nədən ibarətdir?”
deyə maraqlanırdı. Mən heç də
rejissorun rolunu alçaltmaq fikrində deyiləm. Amma mənə elə gəlir ki, təşkilati mənada
sənətin daşıyıcısı prodüserdir. Əvvəla, prodüserlərə mümkün qədər
sərbəstlik vermək lazımdır. Həm
mövzuların seçimində, həm onların cəlb
etdiyi maliyyə vəsaitinin aşılanmasında.
Prodüser düşünən, savadlı, zövqlü adam olmalıdır. Bəzən
belə olur ki, prodüser vəzifəsini kimsə öz
üzərinə götürür. Tutaq
ki, hansısa kanalda bədii rəhbər, kanalın rəhbəri
və ya baş rejissor prodüser olur. Mən
istərdim ki, prodüser fəaliyyəti ilə
düşünülmüş şəkildə məşğul
olunsun.
- Telekanallarda serial bumu yaşanır.
Siz niyə orada yoxsunuz?
- Bu, bir qədər
başqa fəaliyyətdir. Mən demirəm bu,
sənət deyil, sənətdir. Amma bir
var serial, bir də var insanlar gedib teatrda tamaşaya baxırlar
– bunlar fərqlidir. Mən serialın əleyhinə
deyiləm, amma keyfiyyətlisi olsun. Serial da
ehtiyacdan doğan tələbdir. Fikir verin,
Azərbaycan Televiziyasında seriallar çəkilmir. Bu, bəlkə də düzgün addımdır.
Çəkilənlərə
oxşatmağın mənası yoxdur. Vaxtilə
burada da seriallar çəkilib. İlk Azərbaycan
serialını- “İtkin gəlin”i Lütfü Məmmədbəyov
çəkib. İndi ona baxanda ola
bilsin ki, təsvirin keyfiyyəti, səsi bugünkü
tamaşaçını qane etməsin. Mən
son vaxtlara qədər serial tendensiyasına yaxşı
baxırdım. Ümid edirdim ki, serial
çəkilişi getdikcə peşəkarlığa
doğru getsin. Ancaq indi əksinədir – kəmiyyət
keyfiyyəti üstələyib. Mənə elə gəlir
ki, prodüserlər mövzunu seçəndə onun
reallaşması ilə bağlı rejissorların fəaliyyətlərini
gözdən keçirməlidirlər: serialı kim çəkir, bəlkə az olsun, daha
yaxşı olsun və s. Bəlkə burda rejissor
tapmırsınız, gedin kənardan gətirin. Bəlkə ətrafdakılara daha diqqətlə
baxıb seçimi dəyişəsiniz? Düzdür,
professionalların sayı o qədər çox deyil, amma onlar
var. Mənə elə gəlir ki, serial o zaman keyfiyyət əldə
edəcək ki, o zaman biz hansısa bazara öz məhsulumuzu
tuşlaya bilək. Ya MDB, ya Türkiyə,
ya Yaxın Şərq telebazarına özümüzü
daxil edə bilək. Öz əsərlərimizi
sata, onların əsərlərinin ən yaxşı
nümunələrini ala bilək. Bu mənada
serialların sayının bu qədər çoxalması
ürək açmır.
- Əksər fikirlər belədir ki, bizə daha
çox tarixi, vətənpərvərlik ruhlu seriallar
lazımdır. Ailə-məişət mövzularına
və ya kriminal hadisələrə söykənən ssenarilər
yox.
- Hər
şeyin üst qurumu var. Şüurun üst qurumunda xalqın
xarakterində olan naqis cəhətləri yox, müsbət cəhətləri
canlandırmaq üçün ona uyğun mövzu seçilməlidir.
Biz sosializm cəmiyyətində yaşayanda Azərbaycan
mədəniyyəti, radiosu və televiziyası öz
funksiyasını lazımınca yerinə yetirirdi. Bu funksiyaları yerinə yetirmək
üçün hər qurumun başı üzərində Bədii
Şura var idi. hər şey dəyişəndən
sonra bədii şuraları lazımsız bir şey kimi kənara
atdılar. Dedilər ki, buna ehtiyac yoxdur. Ancaq həmin bədii şuralarda görkəmli
şəxsiyyətlər təmsil olunurdu. Mənə elə gəlir ki,
tamaşaçının zövqünü qaldıran, onun
dünya görüşünü artıran, hislərini
yaxşı mənada hərəkətə gətirən
mövzulara müraciət etmək lazımdır. Mən çıxış yolunu yalnız bunda
görürəm. Şübhəsiz ki,
qazanc da olmalıdır, ancaq mənəviyyat heç vaxt
yaddan çıxmamalıdır. İnsanın
daxilində həmişə şərlə xeyirin mübarizəsi
gedir. Bizim teleməkanda da müəyyən
mənada bu mübarizə gedir. Mənə
elə gəlir ki, bunun nəticəsi yaxşı
olmalıdır.
- Bəs bu gün necə, bədii
şuralar fəaliyyət göstərirmi?
- Əgər ekranları izləyirsinizsə – hər
şey göz qabağındadır. Mənə elə gəlir
ki, bədii şuralara ehtiyac var. Hətta, onlar yeni şəraitdə
bir qədər yeni fəaliyyətlə
çalaşmalıdırlar. Ancaq onlardan
komendant kimi yox, yaradıcı, istiqamət verə bilən
insanlar kimi istifadə etmək lazımdır. Həmin şuralara cəmiyyətimizin
yaradıcı qüvvəsi olan insanları cəlb etmək
lazımdır.
Bəlkə bu yaşdan sonra...
- Siz
vaxtilə Milli Dram Teatrında «Brüsseldən məktublar»ı
hazırladınız. Bəs sonra niyə
tamaşalarınız olmadı?
-
Bilirsinizmi, təklif olmadı. Həmin tamaşa
zamanında çox yaxşı qəbul olundu. Yaxşı resenziyalar oldu. Ola
bilsin ki, rejissor böhranı olmadığı, kənardan da
rejissorlar dəvət olunduğu üçün bizə
ehtiyac olmadı. Onu da deyim ki, o
tamaşanın hazırlanmasında müəllifin öz rolu
olub. Açığı, mən teatrda tamaşa
hazırlamağa o qədər can atmırdım. Hərçənd mən teatrda
böyümüşəm, anam aktrisa olub, atam teatrda
çalışıb, uşaqlığım hardasa
teatrın pərdəsi arxasında keçib. Ora mənim üçün doğma bir meydandır.
Mən bu işə çox məsuliyyətlə
yanaşdım. Mənə elə gəlir
ki, səhnədə reallaşan əsər hər halda
yazılan əsərdən aşağı səviyyədə
deyildi.
- Teatra təklif
olmadı, ancaq siz əvəzində kinoya dəvət
aldınız. «Cavid ömrü», «Sübhün səfiri»ni çəkdiniz.
-
Xatırladım ki, mən «Cavid ömrü»ndən əvvəl
– 1998-ci ildə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında
«Ailə» filmini çəkmişdim. Ancaq general
olmayan əsgər əsgər deyil. Mən bu sənətə
gələndən həmişə böyük ekran
üçün iş görmək arzusu ilə
yaşamışam. Həmin proqramımın gerçəkləşməsi
ən azı 15-20 il gecikib. Düşünürdüm
ki, mən ən azı 30 yaşında bir kino rejissoru kimi
özümü müəyyən mənada meydanda göstərə
biləcəm. Ancaq bu, 50 yaşımda baş verdi. Bu, reallıqdır. Ancaq fikirlər var ki, insanın ən gözəl
çiçəklənən dövrü 50 yaşından
sonradır. Təsəlli birgə
bundadır ki, bəlkə bu yaşdan sonra mən yenə nəsə
ortaya çıxara biləcəyəm.
- Fikrinizi
həmin filmlərlə bağlı mətbuatda yazılanlara
yönəltmək istərdim. Adını
çəkdiyim hər iki film birmənalı
qarşılanmadı. “Tarixi şəxsiyyətlər
haqqında filmlərə ehtiyac var”, “Maraqlı film
alınmışdı” və y «Ramiz Həsənoğlu
televiziya seriallarını daha uğurlu çəkir» kimi
fikirlər səsləndi.
- Bu
reallıqdır və reallıqdan qaçmaq olmaz. Amma yazmayan adamlar da var. Tutaq ki, mən «Cavid ömrü»
zəifdir» deyənlərlə yanaşı, yüzlərlə
yüksək səviyyəli fikirlər də eşitmişəm.
Amma diqqət yazılanlara yönəlir. Mən buna normal baxıram. Əvvəllər
bu mənə təbii ki, pis təsir edirdi. Sonra özüm üçün
aydınlaşdırdım ki, bu normaldır, qoy yazsınlar.
Əsas odur ki, film öz ömrünü
yaşayır, telekanallarda göstərilir. Düzdür, bizdə kinoteatrlar yoxdur, bəlkə
bu barədə danışmağa da dəyməz. Amma «Cavid ömrü»nə maraq bu gün də bitməyib.
-«Sübhün səfiri» ekran üçün çox
uzun çəkdi. Ümumiyyətlə, müasir dövrdə
fikirlər var ki, əgər film çox uzundursa, o, komediya
olmalıdır. Və yaxud əgər
ağır filmdirsə, 30 dəqiqə nəzərdə
tutulmalıdır. Siz heç
tamaşaçının yorula biləcəyi haqqında
düşünmədinizmi?
- Mən
sizin fikrinizi normal qarşılayıram. Bilirəm
ki, bu sizin şəxsi fikrinizdir. Amma mən
başqa fikirləri də bilirəm. O mənada sizinlə
mübahisə etməyəcəyəm. Artıq
film haqqında deyilənlər, yazılanlar yenə də
qarşı-qarşıyadır. Bilirsinizmi,
bizim qavrayışımızda bərpa edilməyən proseslər
gedir. Elementar misal deyim: klip estetikası artıq bizim
qavrayış estetikamıza çevrilib. Zaman dəyişib.
İnsanların oturub uzun filmləri seyr etməyə
səbirləri çatmır. Ancaq Mirzə
Fətəlinin həyatını başqa şəkildə
tamaşaçıya necə çatdırmaq olar? Kitab oxumuruq, internetdə də mənasız şeylərə
baxırlar. Bəs Azərbaycan mədəniyyətinin
böyük simasını necə təqdim edək? Kim baxmaq istəmirsə, baxmasın, amma baxanlar var.
Adamlar var ki, film onlara uzun görünmür.
- Geniş tamaşaçı
kütləsi “Sübhün səfiri”ni nə
zaman efirdə görəcək?
- Biz
filmin televiziya versiyasını da hazırlamışıq. Bu, iki seriyadan ibarət olacaq. Əlbəttə,
tamaşaçını iki saat yarım ekran
qarşısında saxlamaq çox çətindir. Güman edirəm ki, film payız aylarında ekrana
çıxacaq. Bu yaxınlarda filmi
Türkiyəyə apardıq, Şəkidə nümayiş
etdirdik. Filmi Gürcüstanda, Moskvada nümayiş etdirməyə
hazırlaşırıq. Yaxın gələcəkdə
filmin Almaniyada göstərilmək ehtimalı da var. İstər-istəməz
bu, Azərbaycan mədəniyyətinin təbliğatıdır.
Bu mənada film öz funksiyasını yerinə
yetirir. Filmin qarşısında qoyulan məqsədlər
artıq reallaşır.
- Yenidən film çəkməli
olsanız yenədəmi tarixi şəxsiyyət haqqında
çəkərsiniz?
- Şübhəsiz. Mən düşüncələrimdə
bir az keçmişdəyəm. Azərbaycan mədəniyyətini XIX əsrdə
formalaşdıran ziyalıları həmişə
düşünmüşəm. Bunlar mənim
yaradıcılığımda da var. Çox istərdim ki,
XX əsrdə Azərbaycan mədəniyyətində baş
verənlərlə bağlı, məsələn Cəfər
Cabbarlı ilə bağlı bir film çəkim. Bu, Anarın da, mənim də ürəyimdən
keçir. Biz bunu eləməsək,
başqaları bəlkə də edə bilməz. Söhbət bizim nəsildən gedir. Elə bil ki, o dövrə biz daha çox
yaxınıq, onu daha çox biz hiss edirik. Bu seçim
həmçinin Mirzə Ələkbər Sabir də ola bilər. Mənə elə gəlir
ki, Azərbaycan kinosunun istiqamətində bu cür filmlərin
yaranmasına ehtiyac var. Bu ehtiyacı həyata keçirmək
üçün rejissorlar, ssenaristlər cəlb
olunmalıdır. Filmlər var ki, çəkilir
heç efirdə də göstərilmir. Amma «Cavid
ömrü» 7 il bundan əvvəl çəkilib,
görün bu illər ərzində nə qədər
göstərilib. Ancaq o filmlə bərabər
çəkilən hansı film bu qədər nümayiş
etdirilib? Deməli, buna ehtiyac var. Əgər
ehtiyac varsa, bu ehtiyacı ödəmək lazımdır.
Mənə elə gəlir ki, maarifçilik
istiqamətində çəkilən filmlər həm bədii,
həm də sənət tərəfdən bu ehtiyacı
ödəməlidir.
- Sonuncu salımı yenə
“Sabah”la bağlı ünvanlamaq istəyirəm. Tamaşaçı
«Sabah»ın təqdimatında yaxın vaxtlarda nəyə baxa
biləcək?
- Hələ
ki, böyük ekran üçün reallığa doğru
gedən bir şey düşünmürəm. Amma ideyalar var,
sadəcə onlar haqqında danışmaq bir az tezdir. Biz
«Sabah»ın nəzdində İrəvan xanlığı ilə
bağlı serial tipli çəkilişlər nəzərdə
tutmuşuq. Bu, bir qədər «Fatehlərin divanı»
estetikasında olacaq. Bu, İrəvan xanlığı
haqqında olacaq. Bütün zamanlarda dövrlər olub ki,
dünyanı bölüşdürüblər. İrəvan
xanlığının çökməsi dövrü
dünyanın növbəti bölüşdürülməsi
idi. Düşünürəm ki, bu, bizim
tamaşaçılarımız üçün də
maraqlı olar. Artıq biz bu istiqamətdə işləyirik.
Hələlik real istehsalat qrafiki yoxdur. Bilmirik bizə nə
vaxt pavilyon veriləcək və ya vəsait ayrılacaq. Ona
görə nə vaxt efirə çıxacağımız
barədə danışmaq bir qədər tezdir. Rəhbərlik
bu işi məqbul hesab etsə ola bilsin ki, bu il onun
istehsalına başlayaq.
Təranə Məhərrəmova
Kaspi.-2013.-19 fevral.-S.9.