Nöqtədən-nöqtəyə həyat devizimdir 

 

 Əməkdar rəssam Ülviyyə Həmzəyeva: “Rəssam heç bir dil bilməsə belə, əsərləri onun əvəzinə hər bir dildə danışmağa qadirdir

 

Müsahibim Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi, Universitetin dissertantı, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyevadır. O, 2011-ci ildə keçirilmiş Naxçıvan Rəssamlar Birliyinin III konfransında Birliyin sədri seçilib. Çəkdiyi əsərlər beynəlxalq müsabiqələrdə iştirak edib və uğur qazanıb. Əməkdar rəssam Ülviyyə Həmzəyeva yaradıcılığı ilə bağlı düşüncələrini “Kaspi”yə bölüşdü.

 

Nöqtədən-nöqtəyə

 

- Mümkünsə, yaradıcılığınız haqda oxucularımıza məlumat verərdiniz.

- Yaradıcılığımda əsasən, həyat fəlsəfəsini əks etdirməyə çalışıram. Azərbaycanın və digər xalqların mifologiyasına, nağıllarına daha çox müraciət edirəm. Rəssam fantaziyasının həddi-hüdudu yoxdur. Fantaziyalarım isə tükənməzdir. Yaradıcı insan öz düşüncələrini yerində istifadə etməyi bacarmalıdır. Uşaq yaşlarımda olarkən çevrəmdəki insanlar mənə “balaca fantaziyaçı” deyirdilər. Çünki heç bir normal uşaq öz otağını şüşə qaba, özünü isə böcəyə bənzətməyib. Bəlkə də istedad mənə irsən, valideyinlərimin nənəsindən keçib. Atam rəssamdır, ana nənəsi isə xalça toxuyan imiş. Əsər üzərində işləməyə başlayanda işin mərkəzindən başlayıram və bu əsər harada bitirsə, son nöqtəni məhz orada qoyuram. Nöqtədən-nöqtəyə mənim həyat devizimdir. Bunu da onunla əsaslandırıram ki, bu söz özümü heç vaxt unutmağa qoymur. İnsan bu gün var, sabah yox. Bütün canlılar bir nöqtədən yaranır və o nöqtəyə də qayıdır.

- İş prosesində sizin üçün vacib olan nədir? Yəni rəsm çəkən zaman nəyə daha çox diqqət yetirirsiniz?

- Hər bir maraqlı, kədərli, məzəli hadisədən ilham ala bilirəm. Yarpağın küləkdə titrəyişi, hörümçək torunun işıqda parıltısı, suyun üzərinə düşən yağış damlalarının dairəvi formada ətrafa yayılması mənim diqqətimi çəkir. Əsərlərimdə yaratdığım qəhrəmanlar həyatdan götürülmüş personajlardır. Boşluğu sevmirəm, onu simvollarla, naxışlarla doldurmağa çalışıram. Əsərlərimə rənglər, naxışlar vasitəsilə gözəllik qatıram. Fikrimcə, rəssam heç bir dil bilməsə belə, əsərləri onun əvəzinə hər bir dildə danışmağa qadirdir, çünki incəsənət dili beynəlxalq dildir. Rəsm çəkərkən onun eskizini öncədən düşünmürəm. Kətana ya kağıza öz duyğularımı, hisslərimi, həyəcanımı birbaşa köçürürəm. Əgər əvvəlcədən yaratdığım əsəri xəyalımda təsəvvür edirəmsə, onu kağıza köçürə bilmirəm. Çünki fırçanı əlimə aldıqda, o mənə yol göstərir. İş prosesində sakit, duyğu dolu həyəcanlı oluram. Əsərlərim üzərində 2-ci dəfə heç zaman işləmirəm. Başqa əsərlərə baxıb bənzərini, ya da ondan təsirlənib, yeni bir əsər yaratmıram. Yalnız Allahın bizə bəxş etdiklərini öz əsərlərimdə istədiyim kimi istifadə etməyə çalışıram. Çəkdiyim rəsmlərin uğurlu olduğuna inanıram.

- Çəkdiyiniz rəsmlərlə insanlara hansı ismarıcları göndərirsiniz?

- Çəkdiyim rəsm əsərlərində insanlara sevgi, mənəviyyat, sülh, yaddaş aşılamağa çalışıram. Allahın yaratdıqlarını sevməyə çağıraraq “ondan böyük yaradan yoxdur” deyə hayqırıram. Fikrimcə, rəssamın əsərlərində hər zaman kodlaşdırılmış bir məlumat olmalıdır.

- Əsərlərinizdə millilik, tarixilik ön plandadır. Məhəbbət mövzuları diqqətinizi cəlb etmirmi?

- Eskizlərimdə şanlı, lakin çətinliklərlə dolu tariximizə hər zaman hörmət edib, onları olduğu kimi əks etdirməyə çalışıram. Düşünürəm ki, məhz bunun özü vətənə, vətəndaşa, tarixi keçmişimizə, qədimliyimizə və bu günümüzə olan böyük, tükənməz məhəbbətdir. Amma “Qaraca qızın arzuları”, “Artıq böyüdüm”, “Sevgililər”, “Ayrılıq”, “Sevgi”, “Yarım”, “Yuxum”, “Su pərisi” və s. kimi əsərlərim iki aşiqin məhəbbətinə həsr olunmuş əsərlərdir.

Sənətkar hər bir dövr üçün qənimətdir

- Naxçıvanda bu sənətə maraq hansı səviyyədədir?

- Naxçıvan Muxtar Respublikasında bu gün sənətə, sənətkara böyük diqqət və qayğı var. Naxçıvanda Azərbaycanın ilk realist rəssamı, professional dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin muzeyi, rəssamlar emalatxanası, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət fakültəsi, Naxçıvan Müəllimlər İnstitutunun Təsviri İncəsənət Müəllimliyi ixtisası, Naxçıvan Dövlət Rəsm Qalereyası, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq mərkəzi gələcəkdə rəssamların yetişməsi və rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şəraitin yüksək səviyyədə olduğunun sübutudur.

- Sizcə, bu gün Azərbaycanda rəssamlar öz əsərlərindən gəlir əldə edə bilirmi?

- Azərbaycan rəssamları öz əsərlərindən gəlir əldə edə bilir. Lakin rəssamlar arasında belə bir deyim də var ki, “Rəssam maddiyyatın qulu oldusa, əsərləri əsər hesab olunmur”. Hər dövr rəssamların maddi çətinliklərlə dolu həyatları olub, lakin bu dövrdə rəssam maddi çətinliklə yanaşı, həm də mənəvi çətinlikdən əziyyət çəkir. Rəssamları başa düşmək, qiymətləndirmək lazımdır. Çünki sənətkar hər bir dövr üçün qənimətdir.

- Əsərlərinizi mədəniyyət bazarında sata bilirsinizmi?

- Yaratdığım sənət əsərlərini satmıram. Rəssam kommersant olmamalıdır. İşlərim satılıb, amma mən satmamışam. İşlərim bir çox fərdi kolleksiyalarda, muzeylərdə və başqa mədəniyyət ocaqlarında saxlanılır.

- Hazırda Naxçıvanda gənc rəssamlar üçün hansı şəraitlər yaradılıb?

- Azərbaycanda incəsənət güclü inkişaf edir və gənclərin də bu inkişafda rolu çoxdur. Naxçıvanda gənclərə yaradıcılıqlarını davam etdirmələri üçün hər bir şərait yaradılır. Onlara fərdi yaradıcılıqlarını davam etdirsinlər deyə təqaüdlər verilir, emalatxanalarla təmin olunurlar. Keçmiş dövrdə Azərbaycan Rəssamlar İttifaqına çox çətinliklə daxil olun gənclər bu gün layiqincə qiymətləndirilərək rəssam adına layiq görülürlər.

- Əksər müsabiqələrdə böyük uğur əldə etmisiniz. Ümumiyyətlə, müsabiqələr rəssam üçün hansı əhəmiyyəti daşıyır?

- 2-ci kursda təhsil alarkən Bakıda “Mənim Dövlətimdə Sülh olarsa” müsabiqəsi keçirilmişdi. Bu müsabiqədə 1-ci yerə layiq görüldüm. 2-ci və 3-cü yerlərə heç kəs layiq görülmədi. Bu müsabiqə yalnız gənclər arasında deyil, həm də professional rəssamlar arasında keçirilirdi. Bundan əlavə, əsərlərim Bolqarıstanda və Kanadada 1-ci yerlərə layiq görülüb. Bolqarıstanda çoxlu erməni yaşayır, eləcə də Kanadaya ermənilərin kiçik vətəni deyirlər. Orda “Naxçıvan-Bəşəriyyətin Beşiyi”, “Muğam” adlı əsərlərlə 1-ci yerə layiq görüldüm. Bu qalibiyyət mənim üçün çox önəmli idi və yaddaşımda xoş xatirələrlə qaldı. İndi də maraqlı müsabiqələr olarsa qatılıb, əsərlərimi nümayiş etdirərəm.

- Bəs, müsabiqələrə necə dəvət alırsınız?

- Müsabiqələrə daha çox internet vasitəsilə dəvət alıram. Əgər mənim də şərtlərim o müsabiqənin qanunlarına uyğundursa, o zaman həmin müsabiqədə iştirak edirəm.

Rəssamlarımız çəkinirlər

- Naxçıvanda soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin layihə müəllifisiniz. Bu ideya sizdə necə yarandı?

- 2001-ci ildə rəsm müsabiqəsi keçirildi. Qalib əsərlə Naxçıvan Dövlət Universitetinin “Gənclik” parkında Azərbaycanlıların soyqırımını anan bir abidə ucaldılacaqdı. Müsabiqədə ən çox bəyənilən və birincilik qazanan mənim layihəm oldu. İndi isə bu abidə Şahbuz rayonunun mərkəzində ucaldılıb.

- Rəssamların gəlir mənbəyi bu gün haradandır? Sizcə rəssamlar bu gün necə dolanır?

- Rəssamlarımız yalnız yaratdığı əsərlərdən gəlir əldə edirlər. Rəssamlıq sənətdir, satılan işdə ruh, can, fikir olmalıdır - bunların hamısı birlikdə vəhdət təşkil edir. Rəssamlıq asan sənət deyil. Bizim işlərimiz gərək o qədər dəyərli olsun ki, gündə bir əsər çəkib, onu satışa qoymayaq. Hər şeydən öncə rəssam onun yaratdığı əsərlər tanınmalıdır. Bizdə rəssam kimi tanınmayan, amma özünü rəssam adlandıran, əsərləri köçürtməklə məşğul olanlar da az deyil. Onların əsərləri mədəniyyət bazarında satılır, ancaq əsl rəssamın əsərlərinə baxan yoxdur. Bu gün incəsənətinələyəehtiyacı var. O da düşür bizim sənətşünaslarımızın üzərinə. Onlara bu gün çox ehtiyac var. Bu gün arenada yalnız bir hörmətli sənətşünasımız var - Ziyadxan Əliyev. Ziyadxan müəllim neçə yerə parçalansın?

- Şəxsi saytınızın olmasının işinizə kimi faydaları var? Sizcə, belə saytların yaranması rəssamlar üçün önəmlidirmi?

- İndi elə bir dövrdür ki, rəssamlar bu dövrlə ayaqlaşmağı öyrənməlidirlər. Saytımın mənə çox köməyi olur. Mən əsərlərimi, fəaliyyətimi nümayiş etdirmək üçün saytımdan istifadə edirəm. Saytın çevrəsi genişdir. Amma təəssüflər olsun ki, bəzi rəssamlarımız özünü tanıtmaqdan əsərlərini nümayiş etdirməkdən çəkinirlər. Özüm üçün lazım olanda ya rəssamları hər hansı bir festivala, sərgiyə dəvət etmək üçün, onların saytlarını öyrənib, həmin rəssamların əsərlərinə baxıram.

 

 

Xəyalə Rəis

 

Kaspi.-2013.-20 fevral.-S.13.