Qulaqları batıran sükut
«…Gedənlər qayıtmır, qalanlar da bizim deyil». Qədim türk şərqisinin bu nidaları duyğularımı eyni ağrının içində qovururdu. Elə qəribləşmişdim ki, özümü ələ almağa çətinlik çəkirdim. Məni haqlamış əzabdan qurtulmaq üçün küçəyə çıxdım. Hər şey öz adiliyində idi. Adamlar harasa tələsirdilər, maşınlar belədənbelə şütüyürdülər. Allah, bu, nə sakitlik idi?! Bir kimsənin qəlbimdəki şivəndən xəbəri yox idi. Cəfər Cabbarlı qələminin yadigarı olan misralar ruhumda dolaşırdı:
Ana! Ana!.. O adın qarşısında bir qul tək,
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əli
ilə bəla-bəhrinə yuvarlansam,
Yenə xəyal
edərəm, bəzmü-istirahətdir!
Nə edəcəyimi düşünə bilmirdim. Xəyalım
çox uzaqlara qanadlandı. 1988-ci ilin fevralında namərd
ermənilər «Dağlıq Qarabağ kartı»nı ortaya
ataraq başımıza nə müsibətlər gətirmədilər?.. Qarabağın ilk şəhidləri
- Əli ilə Bəxtiyarın həlak olması, Sumqayıt
faciəsi. Ermənilər tərəfindən
törədilmiş bu iğtişaşda xalam oğlu
Nazim-Canpolad Orucov həlak oldu. Sinəmizə
ilk şəhid dağı basıldı. Və nəhayət,
Qərbi Azərbaycanda başlayan qara tufan!..
O günlər yaddaşımdan ağır daş kimi
asılıb. Üstündən 25 il
keçir, amma elə bilirəm ki, bütün bu baş verənlər
dünən olub. Günlərlə Ali Sovetin, Nəqliyyat
Nazirliyinin, Azərbaycan Mərkəzi Komitəsinin, daha digər
qurumların qarşısına yığışar, biz – Qərbi
Azərbaycandan olan ziyalılar gediş-gəlişi kəsilmiş
yurdumuzda yaşayan biçarələrimizə kömək
istəyirdik. Onları xilas etmək
üçün döymədiyimiz qapı, getmədiyimiz
ünvan qalmadı. Ölkənin o vaxtkı
rəhbərliyi də, onun tabeliyindəki qurumlar da bizə
layqedlik göstərdilər. Bu,
azmış kimi hələ bir dostluq şeypuru da
çaldılar. Nəticədə 1988-ci
ilin payızında cəmi 15 gün ərzində Qərbi Azərbaycanda
yaşayan soydaşlarımız vəhşiliklə öz
ata-baba ocaqlarından qovuldular. Sinəmə
köz kimi sıxılan o günlərin acısı gözlərimdə
bulaq kimi qaynayır. Zəngəzurun
bütün yaşayış məntəqələrində
amansız bir deportasiya başladı. Anamı,
bacımı, qohum-qardaşımı və həmkəndlilərimi
üstüaçıq maşınlara dolduraraq
Naxçıvan tərəfdə Ərikli deyilən yerdə
qarın içinə tökdülər. Şahbuz
camaatının fərasəti sayəsində o binəsiblər
aldıqları zərbədən və şaxtadan qarın
içində donub ölməkdən qurtulsalar da,
ömürləri elə də uzun çəkmədi. Mənim adı Gözəl, özü gözəl
anam aldığı stressdən vətən və torpaq şəhidi
oldu. Dərdlər bir-birinə
bağlanaraq uzanırdı. Bizə kömək
edən, yardım göstərən, erməniyə «dur» deyən,
«dayan» söyləyən tapılmırdı. Qərbi Azərbaycandan didərgin düşən
300 min soydaşımız sanki azlıq edirdi.
Ermənipərəst qüvvələr 1990-cı ilin
yanvarında azadlıq arzusu ilə çarpışan millətimizin
gözünü qorxutmaq, haqq səsini susdurmaq
üçün xəbərdarlıq etmədən əliyalın
insanların üstünə silahlı ordunun yeridilməsinə
nail oldular. O
qara şənbə gecəsində yaralananlar arasında xalam
nəvəsi Vaqif Tahirov da var idi. Lakin onda
ölümdən sovuşa bilmişdi. Uzun müddət
xəstəxanada müalicə olunduqdan sonra sağalan kimi
iş yerinə qayıtmışdı. Amma
doğma torpaqlarımızın üzləşdiyi fəlakətlər
Vaqifə dinclik vermirdi. Onun bütün
fikri-zikri Qarabağda qalmışdı. Günlərin
birində ata oğlunu cəbhəyə yola saldı. Üç bacının bir qardaşı idi Vaqif.
Politexnik İnstitutunun avtomatika fakültəsini
bitirmişdi. İki il də hərbi
xidmətdə olmuşdu. Sən taleyin
yazısına bax. 1990-cı ilin
yanvarında Bakıda Vaqifə atılan güllə 1992-ci
ilin həmin ayında Qarabağ torpağında –
Daşaltıda sinəsinə tuşlandı. Bu çinar boylu igidimiz də belə şəhid
oldu. Vaqifdən sonra ailənin bütün
tifaqı dağıldı. Valideynləri
də, ciyər-paralarının son gedişinə tab gətirməyərək
qəflətən dünyalarını dəyişdilər.
Vaqif Tahirovun müqəddəs məzarı Şəhidlər
xiyabanında uyuyur…
Beləcə, Qarabağın da, elə bizim də sinəmizə
çalın-çarpaz dağlar çəkilməkdə
davam etdi. Bu dərdlərin, bu ağılagəlməz vəhşiliklərin
içində Xocalı soyqırımının müqayisəsi
tapılmadı. Bu əzgin fikirlərin
qucağında çırpındığım vaxtlarda əlimə
bir kitab keçdi. Şəmsi Vəfadarın «Məni
çoxdan öldürdülər…» alı
şeirlər kitabını tən ortadan açdım.
İlk oxuduğum misra bunlar oldu:
Sən
necə dözürsən
Ay Qız
qalası,
Burda
balaların
Hər yanı qandı.
Sən
necə dözürsən
Ay Ərk
qalası,
Ölən
Xocalıdı,
Azərbaycandı!
Varlığımdan oldum. Sonra isə «Aqil
dünyası» adlı poemasını oxudum. Bu əsər Azərbaycanın ilk Milli Qəhrəmanı
Aqil Quliyevin əziz xatirəsinə həsr olunub.
O Aqil Quliyev ki nəslimizin, pərən-pərən
düşmüş elimizin qeyrətli balası idi. O Aqil Quliyev ki
atası müəllimim olmuşdu, mənə Vətəni
sevməyi, Vətən yolunda hər cür əzaba dözməyi,
sinə gərməyi öyrətmişdi. O Aqil Quliyev ki
mənim Sahib əmimin ciyər-parası
idi. Zəngəzurun Urud kəndində
doğuldu. Ukraynada ali təhsil
aldı. Qarabağda – Xocalıda şəhid
oldu. Nə qədər özümü tox tutub mərd
aparmağa çalışsam da, nə titrəyən səsim,
nə də dolub-boşalan gözlərim sözümə
baxır…
Biz yurd
itirdik, el itirdik… İlahi, bu, çox az
imiş, ucaboylu, qaragözlü igidlərimiz əldən getdi.
Şəhidlik zirvəsindən boylanan Aqil Quliyevin Xocalı
soyqırımında qəhrəmanlıqla həlak olduğu
gündən 21 il keçir. Sinəmizdə köz kimi sıxılan o günlər
ovqatımıza gah qürur gətirdi, gah da bizi çəkilməz
nisgillərə tuş etdi. Adını çəkdiyim
kitabda oxuyuram:
Hər
axşam şəhidlər,
Xiyabanında
–
Anaların
ruhu
Sərgərdan
gəzər,
Qohumlar məzarın
Böyür-başını
–
Analar
şəhidin
Ruhun bəzər.
Allah sənə insaf versin, Şəmsi Vəfadar. Nə gözəl deyibsən:
«İgid oğulların uca boyları ana qollarının həsrətindədir».
Qəhrəmanlar
haqqında yazmaq, onlara belə əsərlər həsr etmək
çətin də olsa şərəflidir, gələcək
nəslə ərmağan, əbədiyyətə
qovuşmuşlara bir ehtiramdır! Tüfənglə,
qılıncla döyüşə bilməyəndə qələmlə
çarpışmağın özü də bir mübarizədir!
Cəbhədə göstərdiyi igidliyə və qəhrəmanlığa
görə Aqil Quliyev ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adına layiq
görüldü. 1999-cu ildə ümummilli
lider Heydər Əliyev Milli qəhrəmanın layiq
görüldüyü yüksək mükafatı onun
atası Sahib Quliyevə təqdim etmişdi. İndi Sahib
əmim də haqq dünyasına
qovuşub.
1991-ci ilin sentyabrında könüllü olaraq Goranboy cəbhəsinə
gedən igidlərdən biri də Fəxrəddin Nəcəfov
idi. O da
yaxın qohumu Aqil Quliyev kimi Xarkov Ali Yanğınsöndürənlər
Məktəbini bitirmişdi. Sorağı Todandan, Şəfəqdən
gəlirdi. Elə həmin ilin yayı
Qarabağda Canyataq, Gülyataq kəndləri uğrunda gedən
döyüşlərlə ağır yaralandı. Beş yerdən – çiynindən, qollarından,
ayaqlarından həm güllə, həm də qəlpə
yarası almışdı. Bir qədər
müalicə olundu, amma yaraları tam sağalmamış
yenidən döyüşə yollandı. Aqilin ölümü onu bərk
sarsıtmışdı. İntiqam almaq
bütün varlığına hakim kəsilmişdi. Bu
məqsədlə də vuruşdu və həlak oldu… Son sözləri isə «məni mütləq Aqilin
yanında dəfn edərsiniz» olub. Ürəyimizə
yeni dağ, nəslimizə növbəti qürur gətirən
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
fəxri adına layiq görüldü. Oğul dərdi atanı da, ananı da haqq
dünyasına apardı.
Analar olmayan yerdə oğulları bacılar ağlar. Bax, elə Şəmsi Vəfadar
da adını çəkdiyim poemanın sonunda Aqilin
bacısı Rəmziyyənin dilindən bir ağı poetik
ovqat yaradır:
And olsun qəbrinə,
Əziz
qardaşım!
Döyüşün
önündə
Sən
olacaqsan!
Bu azad,
müstəqil
Vətənimizdə
Qələbə
sözüylə
doğulacaqsan!
…Bir hadisəni
heç unuda bilmirəm. Urudlu Tovuz ananın
oğlu şəhid olmuşdu. Elindən,
obasından didərgin düşmüş ailə Bakıda məskunlaşıb.
1992-ci ilin soyuq qış günü idi. Sükutun harayı qulaqları batırırdı.
Kişilərin bir-birinə
sıxılmış dodaqları, düyünlənmiş
qaşları bu gərginliyi daha da artırırdı.
Heç kim ananı inandıra bilmirdi ki,
tabutdakı həqiqətən də onun oğludur. Tovuz ana
bütün varlığı ilə qiyyə çəkdi:
«Mən mütləq ona baxmalıyam. Sizin
söyləməyinizlə deyil, mənim ürəyim
başqa şeylər deyir. O, mənim oğlum deyildir. Məni çəkmir bu tabut». Ananın
inadkarlığı nəticəsində tabutu
açdılar. Meyit tanınmaz şəklə
salınmışdı. Qadın dəhşətli
bir nalə çəkdi. Elə güman
etdik ki, ana oğlunun ürək parçalayan halından
havalanıb. Ananın həyəcanı
hamıya sirəyat etdi. Ata, qardaş,
qohum-əqraba, qonum-qonşu, meyiti gətirən əsgərlər
belə inanmaq istəmədilər. Ana haray
qoparırdı: «Mənim oğlum deyil. Onun
çiynində, boynunda, qolunda xalı var idi. O xallardan
biri yoxdur bu bədbəxtdə. Mənim
oğlumun bədəni tunc rəngdə idi. Mənim
oğlumun…» Qadın bayıldı. Sonralar bəlli oldu ki, həqiqətən də Tovuz
ananın oğlu Ramin Həbib oğlu Abdullayev Daşaltıda
gedən ağır döyüşlərdə itğkin
düşüb. Onun haqqında başqa məlumat
yoxdur.
Belə bir bədbəxt hadisə də həmkəndlimin
başına gəlib. Ananın oğlu cəbhədə itkin
düşdü. Yenə şəhidlər
xiyabanına getmişdim. Aqilin, Vaqifin, Fəxrəddinin,
cümlə-şəhidlərin qəbirləri üstünə
qərənfillər düzüb bu müqəddəs məkandan
ayrılmaq istərkən qulağıma çox həzin bir səs
gəldi. Kimsə öz balasını
oxşayırdı. Səs gələn tərəfə
boylananda ayaqlarım yerə yapışdı. Titrək addımlarla bayatılayan qadına
yaxınlaşdım. Qəbrinin
üstünə baxdım. Sinədaşına
yazılmışdı: naməlum! Qadının
taqəti sanki tükəndi. Birtəhər
onun qolundan tutmaq istəyəndə dilim-dodağım qurudu.
Bu, Şüşə xala idi. Oğlu Sərxan
Həsənov Şuşa ətrafında
gedən döyüşlərdə itkin
düşmüşdü. Qalx, xala, qalx – dedim. «Hər
gün gəlib bu naməlumları oxşayıb
ağlayıram. Bəlkə elə onlardan
biri mənim öz balamdır». Araya sükut
düşdü… Nə edəcəyimi bilmədim.
Qəfildən səsi kəsilən ana havalanmış kimi
ayağa qalxdı: «Sərxan hey, anan qurban, gəlirəm». Bu gəzəri heykəlin dalınca kirimişcə
baxdım. Addım atmağa heyim
qalmamışdı. Görə nə ağır dərdlər
var, ölümdən də betərdi! Buna necə
dözmək olar?! Günlərin birində
eşitdiyim xəbərdən dəhşətə gəldim.
O bədbəxt qadın elə həmin qəbrin üstündə
də keçinmişdi…
Bilmirəm, bu, hansı hissin təsiridir? Hər dəfə
Şəhidlər xiyabanına ziyarətdən sonra
qulağıma məşhur bir mahnının həzin sədaları
gəlir. Elə bilirəm Zəngəzurun Urud kəndindən
pərvazlanan digər şəhidlərin – Cahangir Kərimovun,
Fariz Gəncəliyevin və Vüqar Sadıqovun nəfəsi
bunu pıçıldayır:
Anama deyin
balası
gələr,
Gözləri gülər.
Dağlara
deyin
çəkməsin ona
dumandan
pərdə,
Dözmərəm
dərdə!..
Sözdən çox səsin ahəngi, həyəcanı
adamın ruhunu uzaqlara qanadlandırır. Bu səsdə
və musiqidə bir vətən sevgisi, bir vətən həsrəti
dil açır. Bütün bunlar isə
hamısı dərin bir sükutun içində baş verir.
Bu sükutun min fəryadı isə qulaqları
batırır. Ehey, əlim çatmaz,
ünüm yetməz olanlar, eşidirsinizmi məni?!
- Vətən
bizi çağırır!..
Flora XƏLİLZADƏ
Kaspi.-2013.-26 fevral.-S.7.