“Xocalıların
qışqırtısı hələ də
qulağımdadır” həyat hekayəsi
Fevralın 25-dn
26-na keçən gecə 28 yaxın qohumunu itirən Tofiq Həsənov
o dəhşətli günü hönkürtü ilə
xatırlayır
Tofiq
1992-ci ilin fevralın 25-dn 26-na keçən gecə ata
anası ilə yanaşı 28 yaxın qohumunu itirib.
Xocalıda ən çox qohumunu itirən ikinci ailənin
üzvüdür. Ata-anası gözünün
qarşısında erməni gülləsinə tuş gələn
Tofiq bizə həm uşaqlığının ilişib
qaldığı Xocalı, həm də əsrin faciəsini
yaşayan Xocalı barədə danışdı.
Müsahibimiz Xocalını tərk etmək məcburiyyətində
qalarkən 14 yaşı olub. Qeyd edək ki, Tofiq Həsənov
1977-ci il oktyabrın 15-də Xocalının Ballıca kəndində
anadan olub. Həmsöhbətimizlə danışmaq o qədər
də asan olmadı. Çünki ona yaddaşının bir
küncündə duran və həmişə onu yaralayan dəhşətli
günləri yenidən xatırlatmalı olduq. Hərçənd
o günləri bir dəqiqə belə
unutmadığını deyir. Müsahibimizin söhbət əsnasında
bir neçə dəfə hönkürtü ilə
ağlamasını isə biz ömrümüz boyu
unutmayacağıq...
-
1988-in sentyabrın 15-də ermənilərin təzyiqi
altında Xocalının Ballıca kəndindən Xocalı
şəhərinə köçkün düşdük. Burada
fin evlərdə yaşamağa başladıq. Amma ermənilər
fin evləri də bizə çox gördülər. 3 il
yarımdan sonra Xocalıdan çıxmaq məcburiyyətində
qaldıq.
-
Xocalını tərk etmək qərarı necə verildi?
-
Faciədən əvvəl Xocalı 6 ay blokadada qaldı. O
müddət ərzində gecə-gündüz
atışmalar olurdu və bu, hər kəsə adi gəlirdi.
Dörd tərəfdən rusun 366-cı polku ilə ermənilər
hücumlar təşkil edirdilər. Həmin müdhiş gecə
isə qeyri-adi idi, çölə çıxan vahimələnirdi.
Ermənilər elə fişəng atırdılar ki, elə
bil gündüz idi. Havanı fişənglərlə
işıqlandırıb icra hakimiyyətinin binasını,
klubu vurdular. Camaat gördü ki, Xocalı yanır, tamamilə
məhv olur, kömək də gəlmir, hamı bir yerə
yığışdı, Xocalının o zamankı yerli icra
nümayəndəsi, indiki deputatı Elman Məmmədov,
Milli Qəhrəman, rəhmətlik Əlif Hacıyev də
orada idi. 25-dən 26-a keçən gecə saat 12-yə 15 dəqiqə
işləmiş hamılıqla oranı tərk etmək qərarına
gəlindi. O vaxt qardaşlarımdan biri Laçında
döyüşürdü, bacılarımı isə əvvəlcədən
Ağdama yollamışdıq. Atam, anam, mən və 2
qardaşım isə Xocalıda idik. Biz də camaata
qoşulduq. Ağdama getmək üçün Qarqar
çayını keçməli idik. Bu çay həmişə
bol sulu olurdu. Həmin gün isə hava şaxtalı idi.
Çox çətinliklə Qarqarı keçib dağ yolu
gəlməyə başladıq. Təsəvvür edin,
bütün kənd üzüyuxarı dağa
çıxırdı və bir nəfər dağdan
sürüşəndə arxadakıları da özü ilə
bərabər yenidən dağın dibinə, Qarqar
çayına aparırdı. Şaxtalı hava olmasına
baxmayaraq, insanlar əyinlərindəki kurtkalarını, pencəklərini
çıxarıb atırdılar ki, hərəkət etmələri
üçün ağırlıq etməsin. Əmimgilin
qonşusu hətta oğlunu kolun dibinə qoydu ki, “apara bilmirəm”.
Əmim qonşunun üstünə nə qədər
qışqırsa da, xeyri olmadı, kişinin gücü
bitmişdi. Uşağı Ağdama qədər əmim
qucağında gətirdi. Orda baş verənləri fikirləşəndə
bütün bədənim əsir.
- Atışma vaxtını necə
xatırlayırsan?
-
Dağı aşandan sonra səhər 7-yə işləmiş
Əsgəran yolunda “Ferma” deyilən yerə çatdıq.
Orada BTR zirehli maşını, yanında bir əsgər,
içində də bir əsgər vardı. Kütlə
sağdan-soldan keçsə də, heç kimə heç nə
etmədilər. Elman müəllim dedi ki, silahlılar
qabağa keçsinlər. Qardaşlarımda silah var idi deyə
onlar qabağa keçdilər. Mən ata-anamla qaldım. Sonra
biz Qaraqayaya – yaxınlarımızı itirəcəyimiz yerə
çatdıq. Hava tamamilə
işıqlaşmışdı. Qaraqayaya çatan kimi bizi hər
tərəfdən atəşə tutdular.
Qarmaqarışıqlıq düşdü, camaat hara gedəcəyini
bilmirdi, hara üz tuturdularsa, gülləyə tuş gəlirdilər.
Bəziləri özünü çayın içinə
atır, bəziləri ermənilərə tərəf
qaçırdı. Anam yolda ayağından yüngül
yaralanmışdı. Atışma düşəndə xəndək
kimi yerdə ata-anamı gözlərimin qarşısında
vurdular. Onlar ağır yaralandılar. Atamın da, anamın
da mənə son sözü bu oldu ki, “qaç”. Onlara
yardım edə bilmədim...
- Deməli,
ata-anan həmin gün sağ qalıb.
- Bəlkə
də gecəyə kimi sağ qalıblar. Gecə ermənilər
yenidən gəlib yaralıları öldürüblər,
meyitlərin üstündəki pul, zinət əşyalarını
da götürüblər.
- Atanla anan “qaç” deyəndən
sonra nə etdin?
-
Başqa əlacım yox idi, axına qoşulub üzü
çaya tərəf qaçdım. Gəlib
Şelliyə çıxdıq, oradan da Ağdamın xəstəxanasına.
Hamının ayağı donmuşdu. Qışqırıq səsindən qulaqlarım
batmışdı. Qardaşlarımı saat 9-a işləmiş Ağdamda gördüm. Özümdə deyildim. Ayaqlarım
kimi beynim də donmuşdu, heç nə fikirləşə
bilmirdim, yaşadıqlarım mənə acı yuxu kimi gəlirdi.
Həmin gün xocalıların hamısı
Ağdama gələ bilməmişdi. Bir
qismi axşam gəldi, hətta 4 gün meşədə
qalanlar da oldu. Sonra qohum-əqrəba
Ağdama gəlib yığışdı. Həmin gecə bütün Ağdam bizim
yanımızda idi, bizi öz evlərində yerləşdirməyə
aparırdılar. Bilirdilər ki, qalmağa
evimiz-eşiyimiz, torpağımız yoxdur artıq... Valideynlərimizin, qohumlarımızın meyitini
Xocalıdan gətirib Ağdamda dəfn edəndən sonra
atamın Oğuzdan olan İlham adlı dostu bizi Oğuza
apardı. Oğuzda bizi erməni evlərindən
birinə yerləşdirdilər. 8 ay orada
qaldıq, sonra indiki Göygölün Hacıkənd kəndinə
köçdük. 21 yaşımda
Hacıkənddə əmim qızı ilə ailə həyatı
qurub Bakıya gəldik. Əvvəlcə
Texniki Universitetin, 2000-ci ildən isə Bakı Dövlət
Universitetinin yataqxanasında qaldıq.
- Xocalıdan çıxanda neçənci
sinifdə oxuyurdunuz?
- 8-ci
sinifdə oxuyurdum. Əlaçı idim. Xocalıda həm də idmanla məşğul
olurdum. Xocalıdan çıxandan sonra 3 il
Naftalanda bacımgildə qalıb 11-ci sinfi bitirdim. Məktəbi
əla qiymətlərlə bitirsəm də, imkanımız
olmadığından Bakıya gəlib ali
məktəbə imtahan verə bilmədim.
- Övladlarınızın
böyüyəndə hansı peşənin sahibi
olmasını istərdiniz?
- İki oğlum, bir qızım var. Bircə mənim
çəkdiklərimi çəkməsinlər. Nə yolla
olursa-olsun, zülm çəksəm belə, böyük
oğlumu oxutacağam. Balaca oğlumun isə
idmançı olmasını arzulayıram. İstərdim ki, onun rəqibi erməni olsun, o da həmişə
erməninin üzərində qələbə
çalsın. Bir də
övladlarımın Xocalıda böyüməsini istərdim.
Oradan xoş xatirə qalmasa belə, yenə o
torpaq mənim üçün əzizdir. Ata
yurdu başqa bir şeydir.
- Uşaqlarınıza
ananız-atanız, Xocalıda baş verənlər barəsində
danışırsınız?
-
Danışmamışam. Açığı
danışa bilmirəm. İçimdə
belə bir düşüncə var ki, uşaqlara babası, nənəsi
haqqında danışam. Amma danışa
bilmirəm, çətinlik çəkirəm. Hərdən nənə-babalarını evimizin
divarındakı şəkilini, Xocalıda
öldürüldükləri yerdəki şəkillərini
göstərirəm, amma danışa bilmirəm. Heç onlar da soruşmurlar. Yəqin
nə çəkdiyimi bilirlər.
- Siz ata-ananızı itirəndə
böyük qardaşınız sizə atalıq edib. Amma ata-ananın yerini heç kəs verə bilməz.
14-15 yaşlı bir yeniyetmə ata-anaya
ehtiyacı olanda nə edib?
- Məni
5 il böyük qardaşım Hüseyn
saxlayıb. Təbii ki, ata-anaya çox
ehtiyacım olub. Amma mən oğlan
uşağı olduğumdan başım çöldə-bayırda
işə qarışıb. Ən
çox Xocalı alınanda 13 yaşı olan kiçik
bacımın valideynlərimizə ehtiyacı olub
(hönkürtü ilə ağlayır). Sonra
ailə qurdu, amma 3 uşağı ilə ailə
başçısını itirdi. Atamın,
anamın qəbirləri də Ağdamda qalıb. əlimiz çatan yerdə olsaydı, heç
olmasa, arada gedib ürəyimizi boşaldardıq.
- Bu qədər
faciə yaşayandan sonra iş üçün üz
tutduğunuz Rusiyada, deyəsən, erməniylə də bir
yerdə işləməli olmusunuz...
-
2004-cü ildə iki aylığına usta kimi Rusiyaya işləməyə
getmişdim. Getdiyimiz yerdə Xankəndində
yaşamış Albert adlı bir erməni vardı. Məndən
soruşanda ki, haralısan, dedim Xocalıdanam, “oy” edib
qaçıb getdi. Məni ora aparan həmyerlim
Sərxandan soruşdum ki, bu niyə belə etdi? Sərxan
dedi ki, o, ermənidir. Az
qala dəli oldum. Xocalıdan çıxandan sonra 12 il idi erməni görməyən adam erməni
ilə bir yerdə işləyirdi. O da orada pul qazanıb
çörək yeyir, mən də. Sərxan dedi ki, qətiyyən
ağlından keçirmə ki, ona nəsə edəsən.
Dedim, narahat olma. Amma heç
cürə özümə gələ bilmirdim. Yenidən Xocalı faciəsi gözümün
önündə canlanır, qulağıma
haray-qışqırıq səsləri gəlirdi.
Albertlə qarşı-qarşıya gələndə,
soruşdum ki, “Albert məndən qorxmursan?”.
Dedi ki, “bizim nə günahımız var, sən də fəhləsən,
mən də”. Dedim, “sən bilirsən ata-anamı Xocalıda
itirmişəm, nəsil-köküm hamısı Xocalıda
qırılıb, məndən qorxmursan?” Dedi, “burada səndən
qorxmuram”. Dedim, “səni öldürəcəyəm, tikintidə
kubiki yuxarıdan başına atacağam, öləcəksən.
Kim biləcək ki, səni mən
öldürmüşəm”. Ondan sonra
Albert işdən çıxdı ki, Tofiq məni
öldürəcək. Həqiqətən
də fikrimdə var idi ki, onu öldürəm. Onu
görməyə belə tab gətirə bilmirdim. Amma şükürlər olsun ki, bunu etməyə
Allah imkan vermədi. Yoxsa bəlkə hələ
də Rusiyada həbsxanada idim.
- Xocalıdan olan köçkünlər
Xocalı soyqırımı ərəfəsində
televiziyalarda verilən kadrlara baxa bilmədiklərini deyirlər.
Siz necə, həmin vaxt neynirsiniz?
- Mən
və ailəm də həmin vaxt televizoru
yandırmırıq. Heç Bakıdakı
Xocalı abidəsinə belə gedə bilmirəm. Ümumiyyətlə, fevral ayı gələndə
düzəngahdakı xocalıların
qışqırtısı qulağımdan getmir, yenidən həmin
hadisələri yaşayıram. Tək ata-anam deyil,
gözümün qarşısında öldürülən
gənclər, günahsız körpələr yadımdan
çıxmır, lent kimi beynimdən gəlib keçir. Adi vaxtlar belə yuxuda həmin gecəni görürəm,
qan-tər içində ayılıram. Bir
dəfə də yuxuda gördüm ki, oğlum faciə
zamanı yanımdadır. Ayıldım,
baxdım ki, oğlum yerindədir, mən də yuxuda o qədər
ağlamışdım, üz-gözüm su içində
idi.
- Ata-ananı necə
xatırlayırsan?
-
Onları da tez-tez yuxuda görürəm. Atam çox sərt
adam idi, amma anamı daha çox xatırlayıram.
Ən çox anama məndən böyük
qardaşım Şahin bağlıydı. Şahin çörək sexində işləyirdi
və anam xoşladığı üçün hər
gün ona isti çörək gətirirdi (gülümsəyir
– L.M.). Hamımız anamıza nənə,
atamıza baba deyərdik. Təkcə
Şahin qardaşım anama həmişə ana deyərdi.
- Tofiq, nə işlə məşğulsan?
Ailəni necə dolandırırsan?
- İki aydır, işsizəm. Bakıya gələndən fəhləlik
etmişəm, ev təmiri-tikintisi ilə məşğul
olmuşam, sonradan usta kimi çalışmışam. Gah işsiz olmuşam, gah işləmişəm.
Elə bir faciəni yaşamışam ki, bu
günümə şükür edirəm. Baxmayaraq ki, 5 nəfər bir otaqda
yaşayırıq. Mətbəximiz də,
dəhlizimiz də, qonaq otağımız da, yataq
otağımız da birdir. Şükür
edirəm ki, 3 övladım sağ-salamatdır. Bircə onların gələcəyi
üçün narahatam. Daimi bir iş istəyirəm
ki, 1 tikə çörək qazanıb ailəmi
dolandırım.
- Deyəsən,
şəhid ailəsi statusunun verdiyi imtiyazlardan da istifadə
etməmisiniz...
- Bəli,
Yasamal rayon İcra Hakimiyyətində (YRİH) məcburi
köçkünlərin nümayəndəliyi var. Orada
şəhid ailəsi kimi qeydiyyata düşməmişik. Sözün açığı, ata-anamın qan
pulu olduğu üçün bu günə kimi bundan istifadə
etmək istəməmişəm. YRİH-nə
şəhid ailələri üçün pul, yardımlar gəlir,
mən bunların heç birindən yararlanmamışam.
Amma fikirləşirəm ki, qeydiyyata
düşməsəm, sabahısı gün heç kimə
sübut edə bilməyəcəyəm ki, şəhid ailəsiyəm.
Buna görə də, şəhid ailəsi kimi
YRİH-də qeydiyyatdan keçmək istəyirəm. Sözügedən icra hakimiyyətinə getdim.
Oradan Nigar adlı xanım mənə dedi ki,
yaşadığın yerdən arayış gətir. Mən də 15 ilə yaxındır
yaşadığım yataqxanadan arayış apardım.
Nigar xanım bu dəfə dedi ki, “sənədlərin düz
deyil, əvvəl yaşadığın
yerdən arayış gətir. Dedim, “ermənilərlə
müqavilə bağlayıb, gedib sənə arayış gətirə
bilmərəm axı. Mənim heç yerdə
qeydiyyatım olmayıb, qaçqın kimi ilk olaraq
qeydiyyatım Bakı Dövlət Universitetinin hazırda
yaşadığım yataqxanasında olub. Nigar xanım onu da qəbul etmir. Hətta
mənə söz göndərdi ki, qeydiyyatdan keçmək
üçün ona “hörmət” etməliyəm. Yasamal rayon İcra Hakimiyyətinin məcburi
köçkünlərin nümayəndəliyində mənə
qarşı bu hörmətsizliyi başa düşə bilmirəm.
Bu münasibəti görəndən sonra
özümə yer tapa bilmirəm, boğuluram. Xocalı bütün dünyada tanınmağa
başlayır, amma bu faciənin qurbanını öz ölkəsində
sayan yoxdur, bax, bu mənə təsir edir. Buna
görə ölkə prezidenti cənab İlham Əliyevə
müraciət yazmışam. Ümidim
ancaq onadır.
Lalə Musaqızı
Kaspi.-2013.-26 fevral.-S.9.