Elçinin əsərləri gözəldir, ancaq...

 

“Çox rollar olub ki, həsrətini çəkmişəm, artıq yaşım da keçib deyə oynaya bilməmişəm”

 

Bu həftə müsahibim ömrünün 46 ilini C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına həsr edən aktyor Vidadi Əliyevdir. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirəndən bu teatrda çalışan aktyor 23 ildir ki doğma teatrı ilə birlikdə qaçqınlıq həyatı yaşayır.

V.Əliyev 1988-2000-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrınnın direktoru və bədii rəhbəri olub. 1978-ci ildə Azərbaycanın Əməkdar Artisti fəxri adına, 2007-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl medalına, bu il milli teatrımızın 140 illik yubileyi ilə əlaqədar “Tərəqqi” medalına layiq görülüb.

 

Ermənilər istədiklərinə nail oldular

 

- Vidadi müəllim, sizi milli teatrımızın yubileyi və “Tərəqqi” medalına layiq görülməyiniz münasibəti ilə təbrik edirik.

- Təbrik üçün təşəkkürlərimi bildirirəm. Bu medal prezidentimizin bizə göstərdiyi qayğının bir nümunəsidir ki, Azərbaycan peşəkar teatrının 140 illiyinə həsr olunmuş gecədə layiqli aktyorlarımız, neçə illərdir sənətdəki fəaliyyətlərinin qarşılığı olaraq öz adlarına qovuşdular. Dövlət tərəfindən belə qayğı yaradıcı insanlar üçün stimul rolunu oynayır, amma həm də böyük məsuliyyətdir.

- Yaradıcılığınızın tən yarısını İrəvanda keçirmisiniz. Orada nələri qoyub gəlmisiniz?

- İrəvan Teatrı orada yaşayan azərbaycanlıların yeganə mədəniyyət ocağı idi. Xalq oranı çox sevirdi. Oradakı soydaşlarımızın mətbuat baxımından yeganə ümid yeri azərbaycan dilində çıxan “Sovet Ermənistanı” qəzeti idi ki, ədəbiyyatımız həmin qəzetdə dərc olunurdu. Bir də İrəvan Teatrı. Hansı məkanda bir xalq yaşayırsa orada onun mədəniyyəti təmsil olmalıdır. Başqa bir xalqın içində yaşayaraq öz mədəniyyətinin əksini görməyəndə istər-istəməz insanlarda bir küskünlük yaranır. Bu baxımdan İrəvan Dövlət Azərbaycan Teatrının o bölgədə yaranması çox vacib idi. İrəvanda ta qədimdən Azərbaycan teatrı olub. Fransız səyyahı Jan Lade 1655-ci ildə İrəvan xanlığında qonaq olanda görüb ki, İrəvan xanlığında insanlar saz çalır, oynayır. Sevən-sevilən, döyüşçü obrazları yaradan aktyorlar onun diqqətini cəlb edib. Jan Lade qeydlərinin birində yazıb ki, “onların hazırladıqları bir səhnəyə baxdım və soruşdum ki, bu göstərdiklərinizin adı nədir. Orada yaşayan insanlar mənə heç də teatr sözünə ozşamayan ad dedilər. Təəccüblüsü də o idi ki, bu Avropadakı operanın eynisi idi. Halbuki Avropa mədəniyyətindən kənar düşmüş bu xalq teatr sözünün mənasını bilmir.”

Bizim teatr tarixi 1873-cü ildən götürülür, əslində teatr tariximiz daha qədimdir. Deməyim odur ki, İrəvanda azərbaycanlılar hər zaman yaşayıb, amma əhalimiz orada erməni dilini az bilirdi. Bu da ermənilərə sərf edirdi. Kənddə imkansız klublarda, tövlələrdə belə tamaşalar oynayırdıq. O zaman adi mədəniyyət sarayımız, teatrımızın binası belə yox idi, şəhərin kənarında kirayə mədəniyyət evində fəaliyyət göstərirdik. Bu vəziyyətdə işləyirdik. Orada nəyimi qoyub gəldiyimi soruşursunuzsa İrəvanda tariximiz qalıb. Özüm İrəvandan olmasam da bütün gəncliyim ora ilə bağlıdır. Yaradıcılığım orada pərvazlanıb. Ermənilər bizim heç bir uğurumuza sevinmirdilər. Tamaşalarımız çox uğurlu alınırdı. İstəyirdilər ki, planı doldura bilməyək və tamaşaçılarımız az olsun ki, teatrı bağlasınlar. O zaman fikirləri var idi ki, İrəvanda Azərbaycan Teatrı ilə yanaşı Bakının mərkəzində də ikinci bir erməni teatrı yaradılsın. Bakıdakı teatr biliciləri dedilər ki, ermənilərin hamısı rusca danışır. Ondan sonra həmin məsələ dayandırıldı. Ermənilərin bu arzusu ürəyində qaldı. Taleh sonra elə gətirdi ki, onlar istədiklərinə nail oldular. Axır ki, azərbaycanlı əhalini də, teatrı da oradan didərgin saldılar.

- Vidadi müəllim, o zamandan sizinlə çiyin çiyinə çalışan sənətkarlardan kimlər hazırda İrəvan Teatrında çalışır?

- İrəvan Teatrında çalışan əksər aktyorlar paytaxta gəldi. Bunlara Səmayə İsmayılova, Əli Quliyev, Ramiz Meşədi Həsənli, Telli Məmmədova, Tamilla Abdullayeva, həyat yoldaşım Elmira İsmayılova bizimlə gəldi. O zaman gəncləri İncəsənət Universitetinə oxumağa göndərmişdik, universiteti bitirəndən sonra isə bizdə işləməyə başladılar.

 

Kollektivi mitinqdən yığmışam

 

- Kimlər var idi, o gənclərin siyahısında?

Çox gənc var idi. Məsələn Əjdər Zeynalov. Amma bizimlə gələn bir çox aktyorlar bu sənətdə qalmadılar. Aktyorların məvacibi az olduğundan onlar imtina etdilər. Buna hər adam tab gətirə bilmir, çünki, o məvaciblə ailə saxlamaq mümkün deyil. Buraya gələndən sonra kinostudiyada işləyirdim. Polad Bülbüloğlundan xahiş etdim ki, Sarabski adına mədəniyyət evində xalq teatrı kimi fəaliyyət göstərməyimizə icazə versin ki, İrəvan Teatrının adı batmasın. Axı, Ermənistan torpağından Bakıya gələn, tüstüsü çıxan yeganə mədəniyyət ocağı bu teatr idi. Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev bu işlə yaxından maraqlandı, onunla bərabər Həsənağa Turabov əlindən gələni etdi ki, biz yenidən fəaliyyətə başlayaq. Akademik Milli Dram Teatrının nəzdində teatr studiyası kimi fəaliyyət göstərdik. 5 il dövlət tərəfindən 1 qəpik belə almadan işlədik. Məni də o studiyaya direktor təyin etdilər. Daha sonra bizi Xırdalan mədəniyyət evinə yerləşdirmək istəyirdilər. Dedim oradakı mədəniyyət evi hər nə qədər gözəl olsa da heç kim Xırdalana tamaşaya baxmağa getməz. Dedilər sənin şəhərdən xəbərin yoxdur, tamaşaçı buraya da gələcək. Ehtimalım özünü doğrultdu, tamaşaçı Xırdalana gəlmədi. Orada 5 il öz hazırladığımız tamaşaları oynadıq. Öz hesabımıza geyim, dekorasiya hazırladıq.

- Bəs, həmin ərəfələrdə gənc aktyorları haradan yığırdınız?

- Oradakı aktyorların əksəriyyəti ilə əlaqəmiz itmişdi. Ona görə kollektivi mitinqdən yığmalı oldum. O teatrda “Əkizlər”, “Mənim qaynanam” tamaşasını göstərdik. Dekorasiya hazırlamağa 1 metr taxtamız belə yox idi. Paltarları da özümüz tikirdik. 5 ildən sonra ulu öndərimiz Heydər Əliyevə real vəziyyəti yazdım. Çünki əmək haqqı verə bilmirdim, yeni tamaşalar üçün maliyyə lazım idi. 1994-cü ildə qərar verildi ki, İrəvan Teatrı doğma torpağına qayıdana qədər Azərbaycanın digər teatrlarına göstərilən güzəşt İrəvan Teatrına şamil edilsin.

- Ömrünüzü bu sənətə həsr etmisiniz. Geriyə baxanda seçiminizdən peşman olmursunuz ki?

- Seçimim üçün peşman deyiləm. Bu peşəni seçəndə biz bilirdik ki, nə qədər məvacib alacayıq. Amma indiki gəncləri heç cürə başa düşə bilmirəm. Ola bilər ki, şansları üzünə gülər, maliyyəsi böyük olan filmdə çəkilərlər, xeyli pul qazanarlar buna ümid etmək də olmaz. Rol elə bir şeydir çox gözəl də alına bilər, əksinə də.

 

Bəxtim gətirmədi

 

- Ürəyinizdə qalan rol varmı?

- Elə bir aktyor olmaz ki, desin ki, arzuladığım bütün rolları oynamışam. Hər zaman qəhrəman rollarında oynamışam. Çox rollar olub ki, həsrətini çəkmişəm, artıq yaşım da keçib deyə oynaya bilməmişəm. Hamleti, Oqtayı oynamaq istəmişəm. Oqtay obrazına olan marağım haradasa gerçəkləşmək üzrə idi. Belə ki, o əsər xahişimlə hazırlanmağa başlanıldı, ancaq məşqlər başlayanda məni əsgər apardılar. Bəxtim gətirmədi.

- Bir çox filmlərdə rol almısınız. Canlandırdığınız obrazlardan ən çox hansı obrazı özünüzə yaxın hiss edirsiniz?

- “Bayquş gələndə”(1973-müəllif) filmində Kamil, bir də “Küçələrə su səpmişəm” filmində Əli kişi obrazlarımdakı cəsur xarakterini sevirəm. Sonuncu dəfə “Sirr” serialına çəkilmişəm. İndi Azərbaycan film kinostudiyasında “Polkovnikin xəzinəsi” adlı bədii filmin ssenarisi üzərində iş gedir. Orada Əsədulla obrazını canlandıracam. Avqustun 20-də çəkilişlər başlayacaq. Mövzusu qocalar evində yaşayan qocaların həyatı ilə bağlıdır. Film Bilgəhdəki qocalarla bərabər qocalar evində çəkiləcək

- İndi çəkilən filmlər barədə fikirləriniz mənə maraqlıdır...

- Gözəl filmlərimiz çoxdur. Ancaq bəlamız odur ki, ədəbi material yoxdur. Ssenarini oxuyanda görürəm ki, bu film hara qədər gedə bilər. Ədəbi material olsa, ümumiyyətlə ssenari hadisələrlə dolu olsa tamaşaçılar üçün də film maraqlı olardı. Seriallarımız dialoq üzərində qurulub. Hər şey ədəbi materiallardan başlayır o da ki, qane edici deyil. Necə ki, tamaşalarımız elədir. Mövzu aktyoru yaxşı oynamağa məcbur etməlidir.

- Yəni demək istəyirsiniz ki, bu gün teatra qoyulası sanballı əsərlərimiz yoxdur?

- Var, amma azdır. Elçinin əsərləri gözəldir, ancaq başqa səpkidə də əsərlər yazmaq lazıdır. 27 teatrda eyni rəngdə tamaşa qoymaq olmaz axı. Tarixi mövzularımız da var.

 

Əməyimizi göstərə bilmirik

 

- Vidadi müəllim, bu gün dövlətin “Qaçqın teatrlar”-ına qayğısı hansı səviyyədədir?

- Dövlətin özünün qayğıları çoxdur. Bilirsinizmi, 27 teatrı saxlamaq və bunlarla yanaşı Qaçqın teatrlarına xüsusi qayğı göstərmək bir az çətin məslədir. Qaçqın teatrları üçün dövlət az əmək sərf etməyib. Başqa teatrlara nə güzəşt göstərilirsə Fizuli, Şuşa, Ağdam və İrəvan Teatrına da eyni qayğını göstərirlər. Problemimiz isə bina problemidir. Bizə neft şirkətinin binasını veriblər. Bina çox əlverişsiz şəraitdədir. Biz orada tamaşalarımızı nümayiş etdirə bilmirik. Ötən ay Musiqili Komediya teatrı təmirdən yeni çıxdı. Yəqin indi Opera və Balet Teatrı təmir olunacaq. Daha sonra isə İrəvan Teatrı təmir olunar. Dövlət qurumlarını da qınamaq olmur, əvvəl şəhərin içi sonra çölü təmir olunmalıdır. İndi bizim işlədiyimiz yerin təmir olunması da bizə elə də əl verməyəcək, tamaşaçının o məkana gəlməsinə ümidim yoxdur. Çünki həmin mədəniyyət evi teatr binası üçün əlverişli yer deyil.

- İrəvan Teatrında 4-5 tamaşa hazırlanıb, daxili baxışdan sonra bağlanılıb. Bu tamaşaları kim üçün hazırlayırsınız?

- Fəlakətimiz odur da. Hazırladığımız bir çox tamaşalarımızın 1 dəfədən artıq oynaya bilməmişik, çünki yerimiz yoxdur. Misal üçün Molyerin “Məcburən doktor”, uşaqlar üçün “Balaca və Karlson” əsərini hazırlamışıq. Biz əlimizdən gələni edirik. Hazırladığımız tamaşaları isə məcburiyyət qarşında qalıb rayonlarda oynayırıq. Ora da tamaşa öz gücünü itirir. Çünki tamaşanı böyük teatr üçün hazırlayırıq, ancaq bölgəyə getdikdə isə görürük ki, zal kiçikdir, işıq sistemlər yox səviyyədədir, pərdələr heç bağlanmır və başqa problemlərlə üzləşirik. Əməyimizi göstərə bilmirik ki, qiymətini də tam ala bilək. Özünü bu sənətə həsr edəsən, əziyyət çəkəsən, ancaq bunu göstərə bilməyəsən. Bu ağır şeydir.

 

Xəyalə Rəis,

Teatrşünas

 

Kaspi.- 2013.- 27-29 iyul.- S.10.