Tarixi Şah Qacarın teatr tarixi
Şah Qacar
- tarixi şəxsiyyətdir, heç şübhəsiz. İkili
qəhrəmandır - kimlər üçün
mənfi, kimlər üçün isə
müsbət. Lakin, Şah
Qacar hər bir zaman maraqlıdır, xüsusilə də teatr palitrasında... Beləliklə... məşhur
Şah Qacar ilk dəfə Əbdürrəhim bəy Haqverdiyevin qələmindən alınaraq, səhnəyə
gətirilmişdir. Ə.Haqverdiyev
aktyor Hüseyn Ərəblinskinin
xahişi ilə yazdığı “Şah Qacar” faciəsində
Azərbaycan səhnəsinin o zamanki vəziyyətini nəzərə alaraq qadın surəti yaratmamışdı.
“Ağa Məhəmməd şah
Qacar” faciəsinin tamaşaya
hazırlanması 1906-cı ildə rəsmi olaraq
elan olunur.
Tamaşanın bütün
ağırlığı üç nəfərin-H.Ərəblinski,
H.Q.Sarabski və Əbülfət Vəlinin
üzərinə düşür.
Tamaşanın
rejissorluq işini H.Ərəblinski
və Ə.Haqverdiyev özü
görmüşdü. Tərtibat məsələsi
çox çətin olduğu
və dekor tapılmadığı üçün evlərdən xalça-palaz, paltar,
qılınc-qalxan yığmışdılar. Nəhayət,
böyük zəhmət və çətinlikdən
sonra 1907-ci il dekabr ayının 3-də tamaşanı ilk dəfə göstərə bilmişlər.
Tamaşadan əvvəl Ərəblinski böyük
həyacan və qüvvə ilə
çalışırdı. O, həm özü
qrimlənir, həm də digər aktyorları qrimləyir, eyni zamanda səhnəni nizama salmaqla məşğul
olurmuş. Sarabski ilə
Əbülfət Vəli isə aktyorları geyindirirmişlər.
Tamaşaya bütün
biletlər qabaqcadan satılıb, qurtarıbmış.
Truppa heyəti ilk tamaşadan əldə edilən qazancı
tikilən paltarlara və teatr
binasının kirayəsinə sərf etmişdi.
Ikinci tamaşadan isə aktyorlar
hərəsi 15 manat, tamaşanın
hazırlanmasında əsas işi görən
Ərəblinski isə 40 manat pul almışdı. “Ağa
Məhəmməd şah Qacar”
faciəsinin ilk tamaşası
görünməmiş uğurla keçmişdi. İstər bədii tərtibatda,
rejissor işində, istərsə də
aktyor ifasında əhəmiyyətli cəhətlər
çox olmuşdur. Xalça ilə döşənmiş arakəsmələrlə
ayrılmıış otaqlar Şərq üslubuna yaxın olmaqla
bərabər, həm də tamaşanın ümumi
ruhu ilə bağlanırdı.
Tiflisin yandırılması səhnəsi
H.Ərəblinski tərəfindən böyük
məharətlə işlənmişdi. Sanki
səhnə od-alov içərisində
yanırmış, hətta “alovun” təsirindən
tamaşaçılar canlarında elə bil
istilik hiss etmişlər.
Onlar rejissorun dəli olduğunu zənn edib, səhnənin
doğrudan da
yandığına inanmış, salonu tərk
etmək istəmişdilər. Lakin
sonrakı pərdədə rejissorun məharətinə
inanmış, onu sürəkli
alqışlarla təbrik etmişlər. Həmin
səhnə yalnız tarixi həqiqəti
göstərmək xatirinə qurulmayıb,
tamaşaçıda inqilabi hissləri
qüvvətləndirmək, nifrət hisslərini gücləndirmək
məqsədi güdürdü. Iran Azərbaycanında azadlıq hərəkatının
amansız surətdə, facianə şəkildə boğulması
ilə bir vaxta təsadüf
edən “Ağa Məhəmməd şah Qacar”
tamaşasının təsir qüvvəsi güclü
idi. Bu tamaşanın
uğurunun əsas hissəsini qüvvətli
aktyor oyunu təşkil
edirdi. Sözsüz ki, tamaşada zəif və
nöqsanlı aktyor ifası da vardı. Öz sözlərini
bilməyən, mizanları unudan bəzi aktyorlar tamaşanın gedişinə
qarışıqlıq salır, onun bədii
keyfiyyətinə xələl gətirirdilər. Lakin... əsas qəhrəman Qacar
surəti yüksək bədiiliklə təsvir edilmişdi. Hüseyn Ərəblinskinin
ifasında bu obraz çox böyük təsir
qüvvəsinə malik idi.
Bir çox tarixçilərin, o
cümlədən Qarabağ tarixçiləri
Mirzə Camal, Mirzə Adıgözəlov
və rus tarixçisi
Dubrovinin yazdıqlarına görə, Ağa Məhəmməd şah
boyca balaca,
cılız bir adam imiş. Uzaqdan 14-15
yaşlı uşağa
oxşayırmış. Sifəti tüksüz və
qarışıq, eyni zamanda
qorxunc və dəhşətli imiş, beli bükülmüş qoca
qarını xatırladırmış. Nazik,
lakin vahiməli səsi varmış. Amma iti baxışı hər
kəsi çaşdırar və qorxuya
salarmış. Özü demişkən,
gözləri qızaran zaman vəhşiliyinin
həddi-hüdudu olmazmış. Bir
dəfə şəxsən özü
əmri ilə çıxardılmış 7 min
göz saymışdı. Aktor
H.Ərəblinski obrazın daxili ideyasını
ağlı ilə duyub, onu
düzgün bədii şəkildə əks
etdirməklə kifayətlənməmiş,
tamaşaçını hərəkətlərinin doğruluğuna, ehtirasının qüvvəsinə
inandırmışdı.
O, öz qrimi ilə tarixi Qacarın arıq, nazik,
cansız, üzüntü ifadə edən
simasını yarada bilmişdi,
paltar və əlbəsələri də
tarixi Qacarın zahiri
surətini düzgün yaratmaq
məqsədi ilə seçilmişdi. Bunlar zahiri görüntü
idi. Bəs Ərəblinski Qacarı necə
yaradırdı? İstər o dövrün mətbuatı, istərsə də
xatirələr bu suala
müsbət cavab verir.
Deyirlər ki, Ərəblinski Qacar rolunda səhnəyə
gələrkən camaat dəhşətə
gəlirdi. Bu dəhşət hər
şeydən əvvəl Qacarın-Ərəblinskinin
zülmkarlığından, vəhşiliyindən, həm səhnə
arxasında, həm də səhnədə etdiyi
zülmlərdən doğurdu.
Qacarın-H.Ərəblinskinin kinli, əsəbi,
qəzəbli hərəkətləri hələ sakit dayanıb fikrə getdiyi
ilk anlardan özünü büruzə verirdi.
Qardaşı Cəfərqulu xanla mehriban söhbətində belə bir əsəbilik var idi. Bu əsəbilik onun fiziki şikəstliyi ilə bağlı olsa da, çox
faciəvi və dəhşətli görünürdü.
Hadisələr inkişaf etdikcə, Ərəblinski
Qacarın müstəbidliyini artırırdı.
Atasının qatili Kərim xanın
sümükləri bükülmüş
torbaya əlini sürtür,
sanki böyük
həzz duyurmuş kimi
dərindən nəfəs alır, dodaqlarına acı bir təbəssüm qonur,
qaşlarını oynadırdı. “Mən dünya
ləzzətindən məhrumam. Göydə uçan
quşlara, yerdə gəzən heyvanlara, torpaq altında məskən
tutan qarışqaya müyəssər olan ləzzət mən tək padşaha
müyəssər deyil. Amma
hər sübh ki,
yerimdən duranda ayaqlarımı Kərim
xanın sümüklərinə basıram, ürəyimin
yaraları yadımdan çıxır. Nadirin də sümükləri,
inşallah, gələr” sözlərini
elə həyacanla, ehtirasla deyərmiş
ki, nəinki iştirakçılar, hətta
tamaşaçılar da qorxuya
düşər, bədənlərində soyuq
tər axdığını hiss edərmişlər.
Ərəblinski getdikcə öz hərəkətlərinin
surətini artırır, sanki sifəti
də qorxunc şəklə düşürdü. O, Ağa
Məhəmməd şah Qacarın despotizmini incə ştrixlərlə, məharətli
aktyor texnikası ilə ifa
edirdi. Ərəblinskinin Qacarı, hər
şeydən əvvəl, canlı bir insan idi. Fiziki
cəhətdən şikəst edilmiş
və bunun acığından dünyadan intiqam almağa cəhd edən Qacar-Ərəblinski
həm də ağıllı, bacarıqlı döyüşçü,
gözəl diplomat, tədbirli və cəsarətli
bir sərkərdə idi.
O, məharətli bir diplomat
kimi Əli xan Əfşarın
qoşun dəstəsini öz
tərəfinə çəkir. “Sevimli”
qardaşı Cəfərqulu xanın ölümünə fitva verən, sonra da “öz belimi
sındırdım”-deyə göz
yaşı axıdan Qacarın-Ərəblinskinin taxtı ölüm, qan üzərində
qurulmuşdur.
Deyilənlərə
görə, ölüm səhnəsini Ərəblinski xüsusi
məharətlə oynayırmış. Xalq
artisti M.A.Əliyev xatirlərində
yazırdı ki, “H.Ərəblinski Ağa Məhəmməd şah
Qacar rolunda elə tərz-hərəkət,
mimika göstərirdi ki,
tamaşaçını valeh edirdi.
Hüseyn İranın vəhşi, cəllad hökmdarı Ağa Məhəmməd şah
Qacarı yaratdıqda üz-gözündə kin,
qəzəb, qəddar, zalım bir hökmdar kimi əlində
qılınc səhnədə dolaşır və tamaşaçılarda
hökmdarlara, zalımlara qarşı böyük bir qəzəb,
kin doğura bilirdi”. Xalq artisti Sidqi Ruhulla isə Ərəblinskinin Qacarını
belə təsvir edirdi: “Ərəblinski Ağa Məhəmməd şah
Qacar rolunu çox ustalıqla və məharətlə
oynayırdı. Ağa Məhəmməd
şah Qacar rolunu onun ən gözəl
rollarından biri hesab
etmək olar. O, Ağa Məhəmməd şah
Qacar rolunda birinci şəkildə səhnəyə
çıxarkən şəhadət barmağı kitabın
arasında, fikirli bir halda ağır addımlarla pillələrdən
düşür, baxışı, ədaları
tamaşaçılara dərhal anladırdı ki, bu pillələrdən
düşən adamın fikrində böyük
bir arzu var. Onun xəyalından
padşahlıq keçir”. 1908-ci il yanvar ayının 7-də
“Ağa Məhəmməd şah
Qacar” ikinci dəfə
tamaşaçılara göstərilir. Həmin
gündən 1920-ci ilədək “Ağa Məhəmməd
şah Qacar”ın Bakıda göstərilən
bütün tamaşalarında Qacar rolundan başqa qalan rollarda, demək olar ki, eyni aktyorlar
iştirak etmişlər. 1910-cu ilin may ayında “Ağa Məhəmməd şah
Qacar” yenə Tiflisdə
oynanılır. Deyilənlərə əsaslansaq,
həmin vaxtda imperatorun
Qafqaz canişini Vorontsov-Daşkovun rus
höküməti qarşısında xidmətlərinin 50 illik yubileyi keçirilirmiş. Bu
münasibətlə Tiflisə hər tərəfdən
çoxlu nümayəndə gəlibmiş. Ərəblinski
Azərbaycan teatr sənətini başqa xalqlara göstərmək,
milli dramaturgiyamızı nümayiş
etdirmək üçün bu təntənədən istifadə edir, teatr binasını
icarəyə götürüb öz benefisinə “Ağa
Məhəmməd şah Qacar”ı tamaşaya qoyur. Tamaşadan əvvəl Ərəblinski eşidir ki, əsərin əsas
surətlərindən biri olan
II İraklinin qız nəvələrindən
biri Tiflisdəndir. H.Ərəblinski həmin
qarının yanına gedib faciənin məzmununu
ona danışır. Qadın ona tamaşaya bir bilet göndərilməsini
xahiş edir. Tamaşa
Tiflisdə o qədər böyük
maraq oyatmışdı ki,
biletlər əsər oynanılan günü
saat 1-dək satılıb
qurtarmışdı. Deyirlər ki, sənətini
tükənməz məhəbbətlə sevən H.Ərəblinski
həmin gecə Qacar rolunu
qəribə bir həvəs və həyəcanla
oynamış, tamaşaçılar tərəfindən
arasıkəsilməyən gurultulu
alqışlarla qarşılanmışdır.
Şübhəsiz
ki, “Ağa Məhəmməd
şah Qacar” faciəsinin
istər Bakıda, istərsə də başqa
şəhərlərdə göstərilən
tamaşalarının bəzisi zəif olmuş,
aktyor ifası, rejissor
işi cəhətdən nöqsanlara
yol verilmişdi. “Ağa Məhəmməd şah
Qacar” tamaşasının ən ümdə
xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, Azərbaycan
teatrında aktyor qüvvələrinin
inkişafına, yaradıcılıq cəhətdən tərəqqisinə
yardım göstərirdi. Bu əsər
hər bir Azərbaycan aktyoru
üçün sınaq məktəbi idi. Hələ Ərəblinskinin
sağlığında Ağa Məhəmməd
şah rolunu öz ustadı ilə birlikdə oynayan Sidqi Ruhulla
gözəl bir təcrübə məktəbi
keçmiş, sonralar
“Vaqif” dramında Qacar
rolunu ustalıqla yaratmışdı.
Görkəmli faciə ustası A.M.Şərifzadə də Ağa Məhəmməd şah
Qacar rolunda öz
bacarığını sınamış, bu
rolda böyük uğur əldə etmişdir.
Şərifzadə Ağa Məhəmməd
şahın daxili aləmini real cizgilərlə, bitkin
bir şəkildə yaratmışdı.
Şərifzadənin Qacarı “tarixi
gerçəkliklə yüksək bədiilik prinsiplərinin
üzvi vəhdətini təşkil edirdi”. O, böyük
ustalıqla Ağa Məhəmməd şah Qacarın mürəkkəb əhvali-ruhiyyəsini,
qaniçənliyini, despotizmini gözəl
və təsirli bir şəkildə
açıb göstərir, tipə qarşı nifrət, qəzəb,
kin təlqin edirdi. Lakin... Teatr tariximizdə Şah Qacar rolunun tarixi bununla bitmir... Biz də bu mövzunun davamını sistemləşdirərək,
tarixi teatr
boyalarını sizin təxəyyülünüzdə
canlandırmağa çalışacağıq...
Davamı
var...
Aygün
Süleymanova
teatrşünas
Kaspi.-
2013.- 27-29 iyul.- S.12.