Üzeyir bəyin
sonuncu tələbəsi
Şəfiqə
Axundova: «Özümçün çox az yaşadım»
"İndi elə bil daha
çox həvəsə gəlmişəm. Son vaxtlar bir neçə mahnı
yazmışam. Vərdiş çox böyük işdir. Mən
yazmağa vərdiş eləmişəm. Yazmasam, yaşaya
bilmərəm". Bu sözlər görkəmli bəstəkar
Şəfiqə Axundovanın yaradıcılıq epiqrafı
idi. 89 yaşına çatsa da yazmaq, insanların qəlbinə
gözəl musiqilər, həzin nəğmələr bəxş
etmək həvəsindən heç nə əskilməmişdi.
Bəstəkar illərin necə gəlib keçdiyindən xəbərsiz
olduğunu, hətta yaşını ona xatırladanda
inanmadığını deyirdi. Çünki gənclik
eşqi, gənclik həvəsi onu heç vaxt tərk etməmişdi.
Yenə də sevgidən, məhəbbətdən yoğrulan
mahnıları dil açıb insanlara rahatlıq gətirirdi.
"Özümçün
çox az yaşadım, bütün ömrümü sənətə,
yaradıcılığa həsr etdim"- deyən sənətkarın
həyat və yaradıcılıq yoluna nəzər
saldıqda bu sözlərin həqiqiliyinə inanmamaq
mümkün deyil.
Bu
maraqlı həyat hekayətini isə illər öncə
redaksiyamızda qonaq olarkən Şəfiqə xanımın
öz dilindən eşitmişəm.
Uşaqlıq
illərimin ən şirin anları
O, qədim tarixə malik Şəkinin mərkəzi
hissəsi sayılan "Gəncəlilər məhəlləsi"ndə
boya-başa çatmışdı. Həmişə
doğulduğu şəhərə gələrkən ətrafı
əhatələyən dağlara baxaraq gözəlliyi seyr edər,
valehedici mənzərədən daha da fərəhlənər,
sanki bu əsrarəngiz mənzərə ilə fəxr edərdi.
Bəstəkar uşaqlıq illərini
xoş təəssüratla xatırlayırdı: “Hər səhər
yuxudan durarkən pəncərənin önünə gələr,
dağları seyr edərdim, gözəlliyə valeh
olmuşdum, vurulmuşdum o dağlara... Dağlarda sanki musiqi sədaları
dolanır, hər bir çiçəyi, ağacı, hətta
yarpağı da həzin ahənglə səsləyir, səhərlər
və ax-şamlar layla çalaraq bütün Şəkini
kövrəkcəsinə oxşayırdı... Sanki evimizin
qarşısındakı dağları dola-nan kövrək
musiqi pəncərəmizdən evimizə daxil olur, məni
dövrəyə alır, əzizləyir, bu gözəlliyə
qoşulmağıma çalışırdı...
Özümdən ixtiyarsız olaraq zümzümə edərək
rəqs etməyimi anam dəfələrlə seyr etmiş,
heyrətamiz Şəki təbiəti mənzərələrinin
mənə gözəl təsir
bağışladığını sezmişdi. Dağın
lap yu-xarı hissəsində, zirvədə Pir
görünürdü. Pirə gedib-gələnləri seyr
etməyi həmişə xoşlayardım.
Küçədə hərəkət edən
faytonların səsi də elə bil ki, at ayaqlarının
tıqqıltısı ilə bərabər bu gözəlliyi
da-ha da artırırdı. Bütün bunlar sanki bir ansambl təşkil
edirdi...”
Sonrakı illərdə də Şəfiqə
xanım hər il yayda ailə üzvləri ilə birlikdə
Şəkiyə - doğma yurda gələr, ora-da istədikləri
qədər qalarmış.
"Uşaqlıq illərimin ən
şirin anları 50-ci illərlə bağlıdır"-
deyə xatırlayırdı: Şəkidə bibimgildə
qonaq idik. Saat 15-də Şəki radiosunun dalğalarından həzin
bir musiqi sükutu pozdu. Oxuyan Şövkət xanım idi. Mən
çox diqqətlə bu gözəl, şirin, həzin
mahnını dinləyə-dinləyə pəncərədən
dağlar qoynun-da öz gözəlliyi, naz-qəmzəsi ilə
məni valeh edən Şəkini heyranlıqla seyr edirdim. Sanki
Şəki bu mahnını, musiqini hər gün gözləyir,
bu həzin melodiyadan həzz alırdı. Bu mahnını dinlədikcə
kövrək bir hissin məni narahat edə-edə
böyüdüyünü, belə gözəl musiqinin və
sözlərin kim tərəfindən
yazıldığı-nı tez bir zamanda öyrənmək
arzusunun nə vaxt aydınlaşacağını tələb
etdiyini duyurdum”.
Balaca Şəfiqədəki musiqiyə həvəs
atası Qulamın heç xoşuna gəlmirdi. O, hər vəchlə
uşağı musiqi-dən, incəsənətdən
uzaqlaşdırmağa çalışırdı:
- Atama "bolşevik Qulam" deyirdilər.
O, 1917-ci ildən 1920-ci ilə qədərki müddət ərzində
Şəki qə-zasının birinci katibi vəzifəsində
işləmişdi. Atam çox ciddi adam idi,
danışıb-gülməyi, zarafat etmə-yi qəti
xoşlamazdı. Doğrudur, atamda musiqiyə həvəs var
idi, lakin ailə üzvlərimizin musiqi ilə məş-ğul
olmasını sevmirdi. Evimizdəki pianinonu atam qıfıl
vasitəsilə bağlı saxlayırdı ki, mən musiqi
ilə məşğul olmayım. Hətta bir dəfə
Konservatoriyaya gizli şəkildə getməyimdən xəbər
tutaraq, məni qarlı-çovğunlu havada evə
buraxmadı və qonşuda gecələməli oldum. Anam
Züleyxa musiqini həd-dindən artıq xoşlayırdı
və mən musiqi ilə məşğul olanda olduqca
sevinirdi. O özü də qarmonda çox yaxşı
çalırdı. Artıq 13 yaşımdan pianoda bir
sıra mahnıları yaxşı ifa edirdim. Musiqiyə olan həvəsim
getdikcə artırdı, heç kəs buna mane ola bilməzdi.
Anamdan soruşduqda “qızın Şəfiqə nə ilə
məşğuldur” - o cavab verərdi ki, əlləri ilə
çalır, ayaqları ilə də oynayır...
Atam qorxurdu ki, əgər mən musiqiyə,
incəsənətə meyl göstərsəm, gələcəkdə
dolanışığım pis olar, maddi çətinliyim
artar. Bunu dönə-dönə atam bizə - uşaqlara
xatırladırdı. Çox qəribədir, illər keçdi,
doğrudan da maddi çətinlik ucbatından ailəmin sosial
vəziyyəti ağırlaşdı. Anam da mənim gələcək
taleyimdən sanki qorxurdu: “ Allah ona pianinoda
dınqıldatmağı veripdi ki, çörək
qazansın. Mən ana kimi demək istəyirəm ki, Şəfiqə
havayı yerə papağı günə yandırır”.
Üzeyir
bəyin qayğısı
Şəfiqə Axundovanın ailəsi
1924-cü ildən Bakıya köçür. Balaca Şəfiqə
Bakıda əvvəlcə 6 saylı məktəbdə təhsil
alır, sonralar isə 173 saylı orta ümumtəhsil məktəbini
bitirir. Musiqiyə həddindən artıq aludə
olduğundan, texniki fənlərə onun marağı
çox az idi.
1940-cı il idi. Mirzə İbrahimov Mədəniyyət
Nazirliyi İncəsənət İşləri İdarəsinin
rəisi idi. O, Şəfiqə-nin istedadlı bir qız
olması barədə Üzeyir bəyə zəng vuraraq məlumat
verir:
- Üzeyir, yanıma qaragöz bir qız gəlib.
Özü də musiqi bəstələyir.
- Göndər yanıma.
Bu hadisəni Şəfiqə xanım belə
xatırlayırdı:
"Yaxşı yadımdadır,
Üzeyir bəyin adını eşidən kimi mən
bacım Zümrüdlə birlikdə həmin gün onun
yanına getdik. Mən utana-utana pianino arxasına keçərək,
ilk dəfə nota köçürdüyüm aşıq
Mirzə Bayramovun sözlərinə bəstələdiyim
"Bala" mahnısını dahi bəstəkar
üçün həm çaldım, həm də oxu-dum.
Çox həyəcanlı idim...
Üzeyir bəy sevinc dolu nəzərlərlə
dedi:
- Sağ ol, qızım. Doğrudan da səndə
istedad qığılcımları var. Elə etməlisən
ki, o qığılcımlar sönməsin, alovlansın. Odu,
atəşi Azərbaycan qızının işıqlı
barmaqlarından süzülən nəğmələri
öz hərarətilə gələ-cək nəsillərə
çatdırsın. Öz üzərində yorulmadan işləməli,
çalışmalısan.
Elə həmin illər Üzeyir Hacıbəyov
Konservatoriya nəzdində hazırlıq kursları
açmışdı. Musiqiyə aludə olanlar, istedada malik
şəxslər bu kurslarda iştirak edə bilərdilər.
O vaxtdan etibarən əvvəl tar şöbə-sində,
sonra isə Üzeyir bəyin konservatoriyada
açdığı hazırlıq kursunda oxumağa
başladım. Mən Üzeyir bəyin sinfində
kompozisiyanı və Azərbaycan xalq musiqisinin əsaslarını
öyrənirdim. Yadım-dadır, müharibə illəri
idi. Bir gün dərsdə müəllimim rəngimin
solğun olduğunu görüb soruşdu: "Bəl-kə
acsan?", "Yox" - deyə utanıb üzümü o
yana çevirdim. O, özü üçün gətirdiyi
yağ-çörəyi çıxarıb mənə verdi
və üstəlik, çay da gətizdirdi.
Müharibə illərində Üzeyir
müəllim öz qonorarından mənimlə Ağabacı
Rzayevaya maddi yardım göstərirdi. Biz uzun illər
Üzeyir müəllimin sayəsində yaxşı təqaüdlə
təmin olunduq”.
1943-cü ilin martında gənc Şəfiqə
çörək talonunu itirir və bundan xəbər tutan
Üzeyir bəy təcili ola-raq Opera və Balet
Teatrının direktoruna zəng çalaraq onun bu işə
qəbul edilməsini xahiş edir, buna görə də Şəfiqə
xanım neçə il teatrda suflyor vəzifəsində
çalışır: “Yadımdadır, 1944-cü ildə
Zaqafqaziya musiqi ongünlüyünə getməli idik. Bizim
geyimimiz müəllimimizi düşündürürdü.
Bir gün Ağa-bacı ilə onun kabinetinə getdik. Əynimizi
görən kimi göstəriş verdi ki, bizi palto ilə təmin
etsinlər. Bundan əlavə, kostyum tikmək
üçün də atelyeyə göstəriş verildi və
hətta tapşırıldı ki, o kostyumun fasonunu
Şövkət Məmmədova seçsin. Elə də oldu.
Üzeyir müəllim çox mehriban, səmimi,
qayğıkeş, böyük ürəkli bir insan idi. O,
olmasaydı mən də bəstəkar olmazdım”.
Müharibə illərində gənc
Şəfiqənin ürəyi ancaq əsgərləri qələbəyə
ruhlandıran mahnı və marşlar yaz-maq eşqi ilə
çırpınırdı. Gənc Şəfiqə də
"Röya", "Zəfər marşı", "Nə
gözəl", "Yaşatdın elləri",
"Lay-lay" və s. mahnıları ilə sanki
düşmənə qarşı vuruşa başladı.
Bülbül, Şövkət Məmmədova, Zəhra Rə-himova
kimi sənətkarlar onun mahnılarının ən gözəl
ifaçıları idilər. 1944-cü ildə qəbul edilən
"Zəfər marşı" tez-tez efirdə səslənməklə
hərbi hissələrdə də mütəmadi olaraq əsgərlər
tərəfindən sevilərək ifa edilirdi. Müharibə
illərində yaradılan və xalqı qələbəyə
ruhlandıran bir çox əsərlər 1944-cü ildə
Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının
musiqi ongünlüyündə musiqi xadimləri tərəfindən
yüksək qiymətləndirilib.
Qaçaq
Nəbinin Həcəri kimi
Şəfiqə Axundova opera janrında qələmini
sınayan Şərqin ilk qadın bəstəkarı kimi
tanınırdı. Xalq yazıçısı Süleyman Rəhimovun
"Gəlin qayası" povesti əsasında
İ.Coşqunun eyni adlı radio pyesinə musiqi yazan Şəfiqə
xanım böyük şöhrət qazandığı həmin
günləri belə yada saldı:
- 1962-ci ildə Süleyman Rəhimov povesti
radioya təqdim etdi. Sonra da zəng edib arzusunu bildirdi ki,
tamaşanın musiqisini mən yazım. Tamaşa hazır
oldu. Mən o vaxta qədər çox tamaşalara musiqi
yazmışdım. Süleyman Rəhimov bir gün zəng
edib evimizə gəldi. Dedi: "Qız, mən belə qərara
gəlmişəm ki, sən povestə opera yazasan". Dedim:
"Bacarmaram, bu çox ağır işdir. İndiyə qədər
heç bir qadın bəstəkar belə iş görməyib".
Süleyman müəllim dedi ki, "Həcərə qədər
heç bir qadın at belinə minib əri ilə bərabər
döyüşə getməyib. Necə oldu? Həcər
döyüşə bilmədi? Döyüşdü. Sən
də yaza bilərsən. Daha orda nə qalıb? Radio
tamaşasında əsas musiqini yazmısan. Ürəkli ol,
işə başla".
Doğrudan da radio tamaşasının
musiqisi uğurlu alınmışdı. Hətta həmin
tamaşaya yazdığım bir mahnı sonralar dillər əzbəri
oldu. Mən ürəklə opera üzərində işləməyə
başladım. Lakin əzab-əziyyətim çox oldu.
Operanı yazarkən düz 7 ay "ev dustağı"
oldum. Yazıb qurtarandan sonra çox maneçiliklər
tö-rətdilər. Çünki o vaxt muğamat
üstündə əsər yazan bəstəkarları tənqid
atəşinə tuturdular.
Operamın premyerasından sonra Süleyman
Rəhimov "Sən Qaçaq Nəbinin Həcəri kimi
atı minib bü-tün bədxahları
qılıncladın" deyib, əlimi sıxdı”.
Ş.Axundovanı
daha çox sevdirən onun ürəklərə süzülən
mahnıları idi. “Bəlkə də saçlarımın
sayı qə-dər mahnı yazmışam” deyirdi bəstəkar.
Elə bir Azərbaycan müğənnisi yoxdur ki, Şəfiqə
Axundova yaradıcılığına müraciət etməsin,
onun mahnılarını oxumasın. Bəstəkarın “Nədən
oldu” mahnısı ən məşhur türk müğənnilərinin
də dilinin əzbəri idi. Mahnı
yaradıcılığından söz düşəndə
Şəfiqə xanım deyirdi: "Mənim
üçün mahnı el-obadan qalan xatirələrdir, əsl
insaniliyi yaşadandır. Mahnı hamının
zövqünü oxşamalıdır. Əgər mahnı
insani ləyaqətlərin xeyrinə olan ruhda bəstələnmirsə,
belə bir nəğməni yaratmağın nə mənası
var? Zəhmətimin bəhrəsinin, ürəklərə
yol tapmasının şahidi olanda isə quş kimi
qanadlanıb uçmaq istəyirəm”.
Şəfiqə
xanım sevərək yazdığı və Flora Kərimovanın
ustalıqla ifa etdiyi “Həyat, sən nə şirinsən”
mahnısından danışmağı daha çox
xoşlayırdı: “Eynilə yenə deyirəm, həyat, sən
nə şirinsən! Ona görə ki, yaşa dolmuşam. Kim
bilir nə olacaq? Adam bu gün var, sabah yox. Ona görə də
deyirəm: “Həyat, sən nə şirinsən”.
Şəfiqə
Axundova şirinliyinə vurulduğu bu dünyada da qəlbini
qoyub getdi... Lap mahnısında dediyi kimi...
Təranə Məhərrəmova
Kaspi.-
2013.- 30 iyul.- S.7.