Sevgi sarayının açarı İlahidədir...

 

“Dərk olunmuş” məhəbbət ağılın ürəyə təslim olmasıdır

 

Rafiq Əliyev,

Fəlsəfə elmləri doktoru, professor

aliyevrafig@gmail.com

www.raliyev.az

 

Odur ki, biz bağlı qapılar arxasında olan gözəgörünməz hisslərin qüdrətini, mahiyyətini bilmək məqsədilə özümüz-özümüzə hələ çox suallar verəcək, onları cavablandırmağa çalışacağıq. Fiziki və maddi durumumuza təsir edən bu mücərrəd məfhumun sirlərini öyrənmək üçün axtarışlarımız davam edir...

Hansı daha mühümdür: sevgi, ağıl, yoxsa ürək?!

Sevgi anlayışı elə bir ağır yüklü məfhumdur ki, onun izahını vahid bir istiqamətə yönəltmək çətindir. Necə deyərlər, nə sözlə, nə də ki, sazla onu anlatmaq, anlamaq, varlığına əminlik yaratmaq mümkün deyil. Sudan çıxarılmış balıq kimi zərər vurmadan onu tutub ram etmək imkansızdır.

Hər bir insan sevgini öz təxəyyülü və düşüncəsi çərçivəsində, intellekt səviyyəsinə söykənərək təsvir etməyə çalışır. Min illərdir ki, filosof, alim və psixoloqlar bu ilahi hissi şüurun, ağıl və düşüncənin birgə məhsulu kimi qələmə verməyə, poeziya ustadları isə aşiq olmuş insanın keçirdiyi hiss və həyəcanın dərəcəsi və nəticələrilə əlaqələndirməyə çalışırlar.

Bu gözəgörünməz, amma eyni zamanda da ciddi təsir gücünə sahib hisslə bağlı uzun illər etdiyim mütaliədən və müşahidədən sonra belə qərara gəlmişəm ki, nə alimlərin, nə də ki, söz ustadlarının irəli sürdükləri fikir sevginin tam mənzərəsini əks etdirmək üçün kifayət deyil. Sevgi insanın ruhi vəziyyəti, qəlbinin səsidir. Tanrının bəndəsinə bəxş etdiyi bu ülvi hiss ağlımıza meydan oxuyacaq, düşüncələrimizi duyğularımız qarşısında diz çökdürəcək dərəcədə güclüdür.

Bəzən deyirlər ki, həyatda yalnız “dərk edilmiş” sevgi insanın həm ruhu, həm də cismi üzərində hökmranlığı ələ ala bilər. Əks təqdirdə onun bəslədiyi hisslər natamam, zəif və qüsurlu olar. Amma bir məqamı unutmayaq: “dərk olunmuş” sevgi ağılın ürəyə təslim olmasıdır. Bəzilərinin fikrincə, əslində hissin qələbəsi, yəni ağlın sevgiyə boyun əyməsi heç də ikincinin güclü olması anlamına gəlməməlidir. Bu, sadəcə, ilahi enerjinin mənbəyi olan sevgiyə bəslənilən hörmətdən irəli gələn tabeçilikdir. Biz ağılla deyil, qəlblə sevirik. İnsanın ürəyi onun beynindən xeyli qabaq yaranır, ilahi enerjini alır və təzə-təzə formalaşmaqda olan kövrək məxluqu – canlılar sırasına qoşur. Bu, şübhəsiz ki, ürəklə ağılın sonrakı münasibətlərinə təsirsiz ötüşmür.

Sevginin həyatda necə inanılmaz möcüzələr yaratdığını biz öz gözlərimizlə görürük. Dahi rəssam və heykəltəraşların, şair və yazıçıların ərsəyə gətirdikləri möhtəşəm sənət əsərləri məhz sevginin, kiçicik də olsa, bəhrəsidir. Onlar lazımi məqamlarda düşüncə ilə duyğularını bir araya gətirməsələr, belə möhtəşəm yaradıcılıq nümunələri yarada bilməzlər. Budur, ağılla ürəyin birgə qazandığı qələbə! Budur, sevginin yaratdığı möcüzə! Budur, Tanrının yalnız yaradıcı insanlara bəxş etdiyi mükafat!

Gözümüzü qamaşdıran cazibədar rəsm əsərləri, saatlarla tamaşa etməkdən doymadığımız möhtəşəm heykəltəraşlıq nümunələri, ağlımızı başdan çıxaran əsrarəngiz musiqi parçaları sevginin adi sözlərlə yox, incəsənətlə ifadəsi üçün atılan addımdır. Dərinliyə varsaq, görərik ki, əslində bu da müvəqqəti xarakter daşıyır. Ağlın və hissin təcəssümü olan sənət əsərinin ifadə edə bilməyəcəyi çox şeylər var bu həyatda. Bəzən sözlər insanın çəkdiyi iztirabları, qəlbindəki kədəri, gözlərindəki sevinci ifadə etməkdə aciz olur. Belə məqamlarda incəsənət bu məsuliyyətli vəzifəni öz öhdəsinə götürür. Sözün bitdiyi yerdə estafet şairin qələminə, rəssamın fırçasına verilir ki, onlar da öz təxəyyüllərini işə salaraq, ağlın və hissin təcəssümü olan möhtəşəm əsərlər yaradır və bununla da qəlbdəki ən dərin hissləri dilə gətirirlər. Lakin keçirtdiyi hiss və həyəcanı, ağrı və acını, sevinc və kədəri insanlara çatdırmaq özü da hər sənətkara nəsib olmur. Bunu yalnız Bax, Leonardo da Vinçi, Şopen, Bethoven, Bülbül, Səttar Bəhlulzadə, Qara Qarayev, Fuad Əbdürəhmanov kimi incəsənətin sirlərinə bələd olan əsl sənətkarlar bacarırlar. Amma bu da faktdır ki, heç ən mahir ustadların yaratdıqları sənət nümunələri də Tanrının şah əsəri olan təbiət qədər qüsursuz və təbii deyil. Dahilərin qələmindən çıxan ən mükəmməl əsər belə heç zaman adi ağac parçasının, gülün, mərmərin özündə saxladığı ilahi sirri, daxili məlumatlar toplusunu ifadə edə bilməyəcək. Çünki bu, insan iradəsi və gücü xaricindədir. Lakin həmin əsərlərdə ilahinin izinin varlığı məndə şübhə doğurmur. Məhz buna görə alimlər yüz illərdir ki, sənətkarların yaradıcılıq sirlərini onların yaratdıqları əsərlərin köməyilə açmağa çalışırlar. O əsərlər ki, bəzən müəllif onun hazırlanmasına bütün ömrünü, bəzən isə cəmi bir neçə gününü və ya saatını həsr edir. Başqaları isə illərlə bu sənət əsərini öyrənib, tədqiq etməklə məşğul olurlar.

Sevgi həyatdır!.. Bu ikicə kəlmənin ifadə etdiyi dərin mənanı sonadək dərk etmək insana heç də nəsib olmur. Onu yalnız bu ülvi, pak, məsum hissə sahib olanlar, sevginin dadını bilənlər, ağrı-acısını yaşayanlar, az da olsa, başa düşə bilərlər. Bu elə bir çılğın hissdir ki, bir anın içində tufan qopara, sönmüş vulkanları oyada, mümkün olmayanı gerçəkləşdirə, nəhəng dağı yerindən tərpədə bilər. Sadalananları həyata keçirmək üçün aşiqə ilahi güc və bircə an kifayətdir. Bu çılğınlıq heç zaman çevik düşünmək qabiliyyətinə sahib insan üçün doğma ola bilməz. Görünür, sevgi olduqca incə quruluş və tərkibə malik son dərəcə fərdi göstəricidir. Onun gözlənilmədən peyda olması ağlın qəfildən yad qüvvə tərəfindən əsarətə alınması kimi qiymətləndirilə bilər. İlk baxışdan sevgi ağlın, necə deyərlər, yanından ötüb keçmiş güclü bir hissi xatırladır.

Təəssüflə bir faktı qeyd etmək istərdim ki, həyatda qadınla kişi arasında heç zaman “dərk edilmiş” sevgi olmayıb və olmayacaq da. Zənnimcə, bu, Tanrının müqəddəs sirridir. Bu sirri dərk etməyi Uca Yaradan bizə lazım bilməyib. Amma həyatda belə sirləri qəbul etməyən, ömrünün sonunadək ilahi gizlinlərin mənasını açmağa can atan kifayət qədər insanlar var. Onlar daima axtarışdadırlar...

Həqiqi sevgi iman hissi kimi ağlın ciddi nəzarəti altında ola bilmir. Nə sevgi, nə də ki, iman ağlın süzgəcindən keçə bilməz, bu, mümkün deyil. İnsan həyatının mənasını təşkil edən bu iki məfhum – ağıl və sevginin eyni vaxtda birgə mövcudiyyəti gerçəklikdən çox-çox uzaqdır. Onlar daim ziddiyətdə olsalar da, insanı yaşadan əsas ünsürlərdir. Bəlkə də elə bu səbəbdən “dərk edilmiş” sevginin axtarışları bu günə kimi heç bir nəticə vermir. Artıq uzun əsrlərdir ki, təkcə incəsənət və ədəbiyyat xadimləri yox, həm də psixoloqlar bu sual üzərində baş sındırırlar. Amma cəhdlər hələ ki, puça çıxır. Ortada məntiqlə əsaslanmış və tutarlı sübutlarla isbatlanmış cavab yoxdur. Bu məsələdə ürəklə sevənlər də acizdir, ağılla düşünənlər də.

Zənnimcə, nəticə əldə etməsək də, həyat yolumuz ağılla ürəyin, intellektlə emosiyaların kəsişməsindən keçdiyi üçün bu iki qüvvənin axtarışını davam etdirməyə dəyər. Elə isə gəlin, ağlın məhsulu olan dostluqla sevgini müqayisə edək.

Sevgi aşiq olduğun insanın təkcə hisslərinə deyil, həm də fiziki varlığına sahib olmağı qarşıya məqsəd qoyur. Ağlın seçimi olan dostluqda isə vəziyyət tamam başqa cürdür. Dostluq mütləq qarşılıq tələb edir. Çünki insan qarşılıqlı cavab ala bilmədiyi şəxslə dostluq edə bilməz. Bu, mümkün deyil. Amma sevgi qarşı tərəfdən cavab gəlmədiyi halda da mövcud ola bilər. Həyatda birinin sevib, digərinin sevmədiyi o qədər cütlüklər var ki... Bəzən qarşı tərəfə eyni hissləri bəsləyə bilməyənlər ailənin, birgə yaşayışın vacibliyini ağılla dərk edərək, bu boşluğu qayğı və nəvazişlə doldurmağa çalışırlar. Lakin dostluq ağlın məhsulu olduğu üçün təmənnalıdır. Bu münasibətlər sisteminin öz ciddi qayda-qanunları var. Əməl etməyən oyundan kənarda qalır. Sevgi isə heç bir sərhəd tanımır, bütün qaydalara meydan oxuyur. Onu digər hisslərdən fərqləndirən, güclü edən də məhz budur.

İlk baxışdan mürəkkəb görünsə də, sonradan düşünəndə çətin heç nə olmadığını anlayırsan. Dediklərimizin hamısı həyatda qarşılaşdığımız, gündə bir neçə dəfə şahidi olduğumuz hadisələrdir. Lakin həyat ümumi və fərdi xarakterli neqativlərlə dolu olduğundan insan bu vacib məsələyə vaxt ayırmağa macal tapmır.

Ağılla ürəyin bir-birini inkar etməsinə gəlincə, bu, kifayət qədər ciddi məsələdir. Bu ziddiyyətin nə dərəcədə kəskin olması isə intellektin inkişaf səviyyəsindən asılıdır. Yalnız yüksək intellekt sayəsində bu iki ziddiyyətli anlayış arasında qismən də olsa, balans yaratmaq olar.

Sevgi bizim dünyaya göz açdığımız andan qəlbimizdə olur. O ülvi hiss son nəfəsədək bizi tərk etmir. Bu, həm ilahiyə, həm də anaya olan sevgidir ki, onların ölməzliyi əvvəlcədən müəyyənləşdirilmiş bir İlahi-insan razılığıdır. Dostluq isə sonradan qazanılandır. O, bəzən bizi məyus edə də bilir. O, insan qəlbini quş kimi çırpındıran, bir baxışla bədəni titrədən, ürəyimizdə heç zaman silinməyən dərin izlər buraxan sevgi hissi ilə müqayisəedilməzdir. Sevginin qarşısında diz çökdürə bilməyəcəyi insan yoxdur. Ən güclülər belə onun qarşısında acizdirlər. Bəlkə də elə buna görə Tanrı bizim bu sehrli hissi sonadək dərk etməyimizə imkan vermir. Bizi əsirinə çevirəcək, ağlımızı başımızdan alacaq qədər güclü olan sevgini sirli, məxfi qalada, bu qalanın açarlarını isə özündə saxlayır. Belə olmasaydı, Tanrının bəndəyə bəxş etdiyi nə ağılın, nə də ki, şüurun faydası olmazdı!

Odur ki, tarix boyu bizim əcdadlarımız bu hissin mənasının dərinliyinə varmadan seviblər. Bu “ənənə”ni biz bu gün də davam etdirir və sonrakı nəsillərə ötürmək niyyətindəyik. Allahın bizə bəxş etdiyi bu ali hissdən vaz keçmək səhv, özü də ki, ciddi səhv olardı. Tanrının yaratdığı nə varsa, hamısını sevək. Biz bu dünyanı hisslərimizlə birgə tərk edirik. Lakin sevdiklərimiz, qayğı göstərdiklərimiz bizdən sonra da yaşaya bilərlər. Görkəmli alimlər və din xadimləri də inanırlar ki, qəlbimizin sevgi və dostluq hissi ilə dolu olması yerin və ümumiyyətlə kainatın energetikasına müsbət təsir edir.

O isə heç vaxt heç kəsə borclu qalmır.

 

Kaspi.-2013.-31 iyul.-s.6.