Azərbaycanın kinosalnaməçisi
Aydın Kazımzadə
Azərbaycan kinosunda elə şəxsiyyətlər olub ki, onların fəaliyyəti ümumən milli kinomuzun inkişafına güclü təsir göstərib. Belə şəxsiyyətlərdən biri də, Azərbaycanın xalq artisti, Respublika Dövlət mükafatı laureatı, kinorejissor, kinooperator və ssenarist Muxtar Baba oğlu Dadaşovdur.
Görkəmli sənətkar Azərbaycan kinematoqrafiyasına uzun illər xidmət etmiş, milli kinomuzun inkişafı naminə əlindən gələn köməkliyi əsirgəməmişdir.
1998-ci ilin may ayında Bakıda keçirilən “Şərq-Qərb” Beynəlxalq kinofestivalı başa çatar-çatmaz acı bir xəbər ölkənin bütün kino işçilərini və kinosevərləri sarsıtdı: Görkəmli kino xadimi Muxtar Dadaşov mayın 7-də vəfat etmişdir.
Muxtar müəllimin yoxluğu reallıq olsa da, bununla nə qohum - əqrəbası, nə də biz kino işçiləri barışmadıq, heç bu gün də onun yoxluğuna inanmırıq.
Təsadüfi deyil ki, istedadlı sənətkarın mənzilindəki iş otağı bu gün də sağlığında olduğu kimi saxlanılır.
Burada çoxlu qovluqlar var. Qovluqların birində saxlanılan fotoşəkillər onun sənədli kino ustası olmasından xəbər verir.
İkinci qovluqdakı fotoşəkillər isə onun bədii kinodakı fəaliyyəti ilə bağlıdır, həm operator, həm də rejissor kimi.
O, sənədli və bədii filmlərini, respublikamızın kinosalnaməsini sevə-sevə, böyük zəhmət bahasına, yuxusuz gecələr hesabına yaratmışdır. Böyük sənətkarın zəngin yaradıcılığı Azərbaycan kinematoqrafiya tarıxinin ən parlaq səhifələrini təşkil edir.
Ümumiyyətlə bu böyük insan çoxşaxəli yaradıcılığa malik bir sənətkar idi. Onu nəinki respublikamızda, həm də keçmiş Sovetlər İttifaqında təcrübəli kinorejissor, kinooperator və ssenarist kimi tanıyır və hörmət edirdilər. Misal üçün, leninqradlı kino xadimi A. Moldavski sənət dostu haqqında demişdir: “Muxtar Dadaşov Azərbaycan kinematoqrafiyasının fəxri və şöhrətidir”.
Muxtar müəllim həmkarları arasında həm aktyor, həm şair, həm də rəssam kimi tanınırdı.
Onun necə rəssam olduğunu çəkdiyi dostluq şarjlarından görmək olar. Həmkarlarına həsr etdiyi bu simaları tanımamaq mümkün deyil.
Muxtar Dadaşov düz 72 il Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət edib. Bunun 65 ili milli kinomuzun payına düşür.
O, ilk dəfə səhnəyə çıxanda cəmi 11 yaşı vardı. Azərbaycan Dövlət Akademik Dram Teatrında uşaq rollarını ifa edirdi. 1928-ci ildə teatrda C. Cabbarlının “Sevil” pyesinin ilk tamaşasında Gündüz rolunda oynamışdır. 1929-cu ildə türk uşaq teatrının aparıcı aktıyoru olmuşdur. Sonradan teatr Gənc Tamaşaçılar Teatrı adlandırılmışdır.
Haşiyə.
40 ildən sonra C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının bədii şurasında yeni çəkiləcək “Sevil” film-operasının ssenarisi müzakirə olunarkən Muxtar müəllim ssenaridən çıxarılmış Gündüz obrazının bərpa olunması üçün çox cəhd göstərdi. Filmə quruluşu Vladimir Qorikker verəcəkdi. O, opera tamaşalarının ekrana çıxarılması üzrə ixtisaslaşmış kinorejissor idi. V. Qorikker Sevilin oğlunu qızla əvəz etməkdə iki səbəb görürdü:
Birincisi, oğlan deyil , qız doğmasına görə Balaş arvadını evdən qovur.
İkincisi, yeni cəmiyyətdə qız anasının taleyini bir daha yaşamayacaq, onu təkrar etməyəcəkdi.
Muxtar Dadaşov rejissoru inandırmağa çalışırdı ki, C. Cabbarlının əsərlərinə əl gəzdirmək filmin təsir gücünü zəiflədə bilər. Sübut edirdi ki, Sevilin uşağını qız yox, oğlan göstərməkdə dramaturqun məqsədi vardı. Dramaturq pyesdə yeni cəmiyyətdə yeni qadının yarandığını artıq göstərmişdir. İndi növbə kişinindir. Məhz o, dəyişməlidir. Balaş mənən artıq sınmışdır, cəmiyyət üçün yararsız adama çevrilmişdir. Onun ümüdi yalnız oğlu Gündüzədir. Yeni cəmiyyətin gələcəyi Gündüzlə bağlıdır.
Muxtar Dadaşov Gündüz adının mənasını da Qorikkerə başa salır. Gecə-gündüzün işıqlı hissəsi. Yəni bu uşaq atasından fərqli olaraq anası kimi yeni həyatın, işıqlı dünyanın sakinidir. O özü üçün artıq bu yolu seçmiş və bu yolla irəliləməkdədir.
Çox təəssüf ki, M. Dadaşovun gətirdiyi tutarlı dəlillər filmin bəstəkarı, görkəmli sənətkarımız Fikrət Əmirov tərəfindən də müzakirə olunmadı. Beləliklə də, Gündüzün əsərdən çıxarılma əməliyyatı həyata keçirildi...
Muxtar Dadaşovun kinematoqrafiyada yaradıcılıq fəaliyyəti 1931-ci ildən başlanır. Həmin uzaq illəri o özü söhbətlərinin birində belə xatırlayırdı:
“Mənim kinoya məhəbbətim o qədər
güclü idi ki, mən teatrdan çıxıb həyatımı
həmişəlik kino sənətinə bağlamağı
qərara aldım. 18
yaşımda əvvəlcə operator Fyodor Novitskinin
şagirdi, sonra operator Boris Pumpyanskinin assistenti oldum.
“Lökbatan”, “Neft simfoniyası”, “Köçərilər”
filmlərinin çəkilişində iştirak etdim. Dahi
Sergey Eyzenşteynin bir sözü həmişəlik xatirəmə
həkk olunmuşdur: “Elə çək ki, elə bil
axırıncı dəfə çəkirsən”. Sonra “mənim
universitetlərim” Moskvada, “Mejrabpomfilm” studiyasında
keçmişdir.
M.Dadaşovun
çəkdiyi bədii və sənədli filmlərin
siyahısına nəzər salanda belə qənaətə gəlirsən
ki, kino ustası mənalı həyat yaşamış, lakin
çətin, eyni zamanda şərəfli
yaradıcılıq yolu keçmişdir. “Samur-Dəvəçi
kanalı”, “Arazın o tayında”, “Azərbaycan qurur”, “Mingəçevir”,
“Arazın sahillərində”, “Sabir”, “Kür”, “Əbədi
qardaşıq”, “Doğma torpaq, Azərbaycan” və s. sənədli
filmlərində sənətkarın vətəndaşlıq
mövqeyi özünü aydın göstərir.
Kiçik
bir xatirə. 1939-cu ildə Muxtar müəllim rejissor-operator
kimi “Samur-Dəvəçi kanalı” kinooçerkini çəkirdi.
Bir gün o, film üçün Samur çayının
sahilində şairlərdən Səməd Vurğun və Rəsul
Rzanı lentə alarkən, Səməd Vurğun həvəslə
işləyən ləzgi qızını ona göstərib
deyir: “Muxtar xan, şair rejissoru belə
çağırırdı, bu gözəli tez çək.
Vallah, belə bir əmək- sevər gözəli görən,
şair olmaya bilməz.”
Rejissor həmin
axşam “Ləzgi qızı” adlı şer yazır. Bu
şer o vaxt rayon qəzetində və Bakıda “Gənc
işçi” qəzetində çap olunur.Şeirdən bir
parçanı diqqətinizə çatdırıram:
Gözəl
ləzgi qızı sən dinlə məni,
İlhama
gəlmişəm səni görəni.
Çoşğun
Samur çayı, Odlar vətəni,
Dinləsin
tərifin, a ləzgi qızı...
Tanınmış
sənətkar müxtəlif illərdə görkəmli
adamların - ulu öndərimiz Heydər Əliyevin, dünya
şöhrətli bəstəkarlarımızdan Üzeyir
Hacıbəyov, Qara Qarayev və Fikrət Əmirovun, dahi
Bülbülün, məşhur pambıq ustaları Bəsti
Bağırova və Şamama Həsənovanın, görkəmli
şair Səməd Vurğunun, vaxtilə adına mahnı
qoşulmuş neftçi Qurbanın, planetimizin ən qocaman
sakinlərindən biri Mahmud Eyvazovun, Sovet İttifaqı Qəhrəmanı
İsrafil Məmmədovun və bir çoxlarının
kinoportretlərini yaratmışdır.
Rejissorun
1950-ci ildə çəkdiyi “Sovet Azərbaycanı” filmində
isə biz Azərbaycanın məşhur neftçilərindən
Gülbala Əliyevi, Ağa Neymətullanı, Mixail
Kaveroçkini, pambıqçı Manya Kərimovanı, məşhur
inşaatçı-energetik Sarvan Salmanı görür,
respublikamızın iqtisadi-mədəni quruculuğu, zəngin
tarixi keçmişi ilə tanış oluruq.
Bu film
1951-ci ildə Kannda (Fransa) keçirilən IV Beynəlxalq
kinofestivalda nümayiş etdirilmiş və kinolentə
“elmi-kütləvi və pedoqoji filmlərə görə”
münsiflər heyətinin xüsusi mükafatı
verilmişdir.
Rejissorun
“Səadət yolu ilə” sənədli filmi Ümumittifaq Kənd
Təsərrüfatı sərgisinin qızıl
medalını, “Nəriman Nərimanov” sənədli filmi isə
1967-ci ildə Tbilisidə keçirilən Zaqafqaziya və
Ukrayna respublikaları kinofilmlərinin zona festivalında
tarixi-inqilabi mövzunun ən yaxşı təcəssümünə
görə priz almışdır.
“Nəriman
Nərimanov” sənədli filminə baxanlar görkəmli
dövlət xadimi, yazıçı və həkim N.Nərimanovun
Genuya konfransındakı iştirakını yəqin ki,
xatırlayırlar. Həmin kinoxronikanı rejissor M.Dadaşov
Moskva arxivlərinin birindən tapıb ilk dəfə öz
filmində göstərmişdir. Filmdə Çiçerinin
Leninə verdiyi Nərimanov haqqında xasiyyətnaməni və
Nərimanovun Moskvada dəfnini əks etdirən kinokadrlar
rejissorun gərgin yaradıcılıq
axtarışlarının məhsuludur.
Daha bir
tapıntı. Biz filmdə Suxanovlar soyadlı ata və
oğulla tanış oluruq. Filmdə məlum olur ki, Suxanovlar
uzaq Yakutiyadan Moskvaya, Qızıl meydana Nəriman Nərimanovun
qəbrini ziyarət etməyə gəliblər. Ata Nərimanovu
20-ci illərdən şəxsən yaxından
tanıyırdı. Sonralar ata Nərimanovun şərəfinə
oğlunun adını Nəriman qoymuşdur.Ata deyir ki,
oğlumun adının Nəriman olmasını ailəmiz
üçün böyük şərəf hesab edirik. Həm
də mən şadam ki, oğlum o gözəl insanın
adını həyatda şərəflə
daşıyır.
İstər
“Nəriman Nərimanov”, istərsə də digər filmlərində
rejissor Muxtar Dadaşov kino aləmində özünü tədqiqatçı
alim, kinopublisist, daim axtarışda olan sənədli kino
ustası kimi tanıtmışdır.
“Əbədi
qardaşıq” tammetrajlı sənədli filmində də
belə nadir kadrlar çoxdur.Bu filmdə cəbhə
dostları-azərbaycanlı Məmmədovla ukraynalı
qadın Xovanskayanın 20 ildən sonra Lvovda, sonra isə Füzuli
rayonunun Horadiz kəndində görüşlərini əks
etdirən kadrlara həyəcansız baxmaq olmur.Filmdə bu təsirli
səhnələr bitgin bir hekayə təsiri
bağışlayır.
Daha bir
maraqlı film - “Arazın o tayında”. Bu sənədli filmdə
M.Dadaşov S.Bədəlovla birgə operator kimi
çalışmış, burada II Dünya müharibəsi
illərində İran Azərbaycanındakı mövcud vəziyyət,
40-cı illərin ikinci yarısından sonra baş verən
siyasi hadisələr, o uzaq illərin tarixə
çevrilmiş anları öz əksini
tapmışdır.Filmdə İran Azərbaycanının həyatı
olduğu kimi göstərilmiş, heç nə süzgəcdən
keçirilməmişdir.
Azərbaycanı
iki yerə parçalayan Araz çayının fonunda
eşidilən diktorun kədərli səsi Arazın o
tayında olmuş həqiqətlərdən xəbər
verir. Eyni zamanda tamaşaçını həyəcanlandırır,
düşündürür. “Arazın o tayında”
xalqımızın qəhrəmanlığını,
mübariz əzmini əks etdirən tarixi sənəddir.
İkinci
dünya müharibəsi başlanan ilk gündən kinooperator
M.Dadaşov kinoaparatla neft mədənlərinə, zavod və
fabriklərə gedir, gecəni gündüzə qataraq işləyən
əmək adamlarını, Bakının ətrafında
düşmən tanklarının hücumunun
qarşısını almaq üçün müdafiə
istehkamlarının qurulmasını, cəbhəni neft və
başqa məhsullarla təmin edən şəhərin havadan
və dənizdən qərəmancasına müdafiə
olunmasını lentə alır və bu xronikal lentlər
montaj olunub ekranlarda operativ nümayiş etdirilirdi.
1942 - ci
ilin sentyabrında hitlerçilər Bakını tutmağa
hazırlaşırdılar. Hitler deyirdi: Mən Bakını
tutmalıyam. Bakı neft deməkdir. Neft müharibənin
damarlarında axan qandır. Amma faşistlərin arzusu ürəklərində
qaldı, Bakı nefti Hitler faşizmi üzərində öz
müqəddəs və həlledici rolunu oynadı.
M.Dadaşov
1943 - cü ildə Bakı döyüşür sənədli
filmini çəkmişdir. Onun müharibə günlərində
lentə aldığı bu və digər hadisələr, o
cümlədən böyük Üzeyiri, gözəl
şairimiz Səməd Vurğunu, kimyaçı alim Y.Məmmədəliyevi,
tanınmış neftçilərdən Gülbala Əliyevi,
Ağa Nemətullanı, Rüstəm Rüstəmovu və
başqalarını əks etdirən kadrlar da filmə daxil
edilmişdir.
Faşizim
üzərində qələbənin 40 illiyi münasibətilə
istedadlı sənətkar muharibə illərində çəkdiyi
epizod və kadrlardan ustalıqla istifadə edərək, istər
tarixi, istərsə də sənət baxımından
çox qiymətli Bakı - 42 sənədli filmini yaratdı.
On ildən sonra ictimai baxış zamanı muharibə
veteranları filmin bütün dövrləri
üçün əhəmiyyətli olduğunu qeyd etdilər
və ekran əsərinə yüksək qiymət verdilər.
Filmin başlanğıcında böyük rus şairi
V.Mayakovskinin Bakı nefti haqqında yazdığı şerdən
bir parçanın və görkəmli sərkərdə
K.Jukovun “Sovet qırıcı təyyarələri, sovet
tankları faşist Almaniyasının səmasına və
torpağına Bakı benzininin vasitəsilə hücuma
keçdilər” sözlərinin səsləndirilməsi
filmin təsir qüvvəsini qat - qat
artırmışdır.
1943 - cu
ildə faşist işğalçıları Mineralnı
Vodı şəhərindən qovulub çıxarılanda,
döyüşçülərimizin ardınca hitlerçilərin
vəhşi cinayətlərini təhqiq edən sovet
komissiyasının üzvləri də şəhərə
daxil oldular. Komissiyaya tanınmış rus
yazıçısı A.Tolstoy rəhbərlik edirdi. Azərbaycanlı
kinooperator Muxtar Dadaşov və operator köməkçisi
İsmayıl Əfəndiyev komissiyanın sərəncamına
göndərilmişdilər.
Geri
çəkilən almanların partlatdıqları binalar hələ
də alovlanır, düşmən təyyarələrinin
bombardmanları davam edirdi. Ancaq kinooperatorun kamerası öz
işində idi. Kurort şəhərində
işğalçıların vəhşiliyinə dəlalət
edən faktlar lentə alınırdı. Komissiya da artıq
işə başlamışdı.
Göz
önündə xarabalıqlar, insan əzabının xaosu,
ölümün pəncəsindən möcüzə nəticəsində
qurtarmış adamların dərdi, hitlerçi cəlladların
törətdikləri digər cinayətlər
canlanırdı.
Gördüyü
dəhşətli mənzərədən gözləri
yaşarsa da, boğazı qurusa da M.Dadaşov bu ağır,
faciəli epizodu çəkməli idi. Bu, onun vəzifə
borcu idi. A.Tolstoy ona yaxınlaşdı, ata kimi qucaqladı və
dedi:
-
Ağlama, oğlum, özünü ələ al, çək.
Bu sənədlər komissiyaya, tarixə, gələcək nəsillərimizə
lazım olacaq. Adamlar sizə minnətdarlıq edəcəklər.
Cinayətkarları isə biz mütləq tapacaq və xalq
qarşısında mühakimə edəcəyik.
Bu, belədə
oldu. Sonralar Nürenberq prosesində həmin xronikadan kadrlar da
nümayiş etdirildi. Bu kino materiallarından
yaradılmış “Onlar qisasdan qaça biməyəcəklər”
sənədli filmi öz xalqının cəlladlarının
işinə baxan Stavropol məhkəməsində göstərildi.
Bundan
başqa bu xronikadan Bakı kinostudiyasında “Ordenli Azərbaycan”
kinojurnalında və “Almanların Şimali Qafqazda vəhşilikləri”
xüsusi buraxılışında istifadə olundu.
Kinonun
özünəməxsus sirləri var.O cəmiyyətdə
baş verən hadisələri, gözlə görünməyən
cərəyanları, mövcud ab-havanı çox incəliklə
duyub lentə alır.Bəzi kino lentlərdə əks etdirilən
hadisələr gözlənilməz formalarda, tamamilə yeni
rakurslarda canlanır.Əgər kinonun sirlərini bir yana qoysaq
deməliyik ki, hər bir kinematoqrafçının, o cümlədən
M.Dadaşovun sovet dövründə çəkdiyi, sosializmin
təntənəsini tərənnüm edən kino lentləri
vardır.Lakin kim nə deyir-desin, bunu danmaq olmaz ki, belə
filmlər öz dövrünün tarixi
reallığını özündə əks etdirir.Belə
filmlər bizim tariximizin bir parçasıdır, bizim dünənimiz,
yaşadığımız dövrdür.Ona görə də
bu qəbildən olan filmlər bizim üçün qiymətli
kino sənədləridir, müəyyən bir zaman kəsiyi
üçün tarixin canlı səhifələri, kinosalnaməsidir.
Gələcək
nəsillər məhz bizim yaşadığımız sovet
dövrünü öyrənərkən belə filmlərdən
kinoxronika kimi istifadə edəcək və dövrlə
bağlı fikir söyləmək imkanı əldə edəcək,
gərəkli filmlər yaradacaqlar.
M.Dadaşovun
bədii filmlərindən danışarkən qeyd etmək
lazımdır ki, o, operator kimi “Kəndlilər” (D.Feldmanla birgə),
”Rəqs edən bağalar”, ”Vətən oğlu”, “Sualtı
qayıq “T-9”, “Arşın mal alan” (1945, Ə.Atakişiyevlə
birgə) və s.filmlər, rejissor kimi kəskin sujetli iki bədii
film - “Qanun naminə” və “Bakıda küləklər əsir”
kinolentlərini çəkmişdir.
“Kəndlilər”
tarixi-inqilabi filmi Azərbaycanda gedən inqilabi hərəkatdan,
XI Qırmızı ordunun fəal iştirakı ilə
bolşeviklərin hakimiyyəti öz əllərinə
keçirmələrindən bəhs edir.Mövzu sovet dönəmi
ilə bağlı olsa da, sənət baxımından film
öz əhəmiyyətini itirməmişdir. Əksinə ən
yaxşı filmlər sırasında Azərbaycan kino tarixində
əhəmiyyətli yer tutur.Əlbəttə, filmin uğurlu
alınmasında operatorlardan biri olan Muxtar Dadaşovun da zəhmətini
qeyd etmək lazımdır.
“Arşın
mal alan” a gəldikdə isə burada tanınmış sənətkarlarımızdan;
rejissor və aktyor Rza Təhmasibin, aktrisa Leyla Bədirbəylinin
Muxtar Dadaşov barəsində fikirlərini bilmək pis
olmazdı.
R. Təhmasib:
“Muxtar Dadaşovla mənim qəribə yaradıcılıq və
dostluq taleyimiz vardır. Bu, 1928 - ci ildə böyük C.
Cabbarlının “Sevil” əsərindən başlanıb. Mən
orada yaramaz, meşşan ata-Balaş rolunu, balaca Muxtar isə mənim
oğlum Gündüzün rolunu oynayırdıq. . .
Ən təsirli
görüşümüz 1944-1945 illərdə olmuşdur.O
illərdə mən M.Dadaşovla bərabər “Arşın
mal alan” filmini çəkdik. Çox ağır şəraitdə
işləyirdik. Filmin bütün
ağrısı-acısını və sevincini, nailiyyətlərini
studiyanın bütün kollektivi ilə birgə
bölüşmüşük... Nəhayət son illərdə
M. Dadaşov məni özünün iki filmində - “Qanun
naminə” (Qaloş) və “Bakıda küləklər əsir”
(Şahmar bəy) filmlərində çəkmişdir.
L. Bədirbəyli:
”Muxtarla ilk işim “Arşın mal alan” filmində olub. Filmin
çəkilişi zamanı Rza Təhmasib tez-tez
soruşardı: ”Nəyə görə istəyirsən ki, sənin
planlarını, xüsusilə iri planlarını Muxtar
Dadaşov çəksin? ”
Bir dəfə
mən bu sirri açmalı oldum. Dedim ki, düzdür, Əlisəttar
təcrübəli kino operatordur, ancaq onun əsas fikri
yarpaqların kölgə salmasında, mənim səhnəmdə
ceyranın necə durmasında olur. Muxtar isə çəkiliş
zamanı aktyorun daxili aləminə nüfuz edir,onun diqqəti
daim aktyorda olur. Əlbəttə, mənim bu sözlərimə
R. Təhmasib güldü, çünki fikrim onun xoşuna gəlmişdi.
...Çəkildiyim
filmlər içərisində Muxtarın lentə
aldığı ən iri planlar mənim ən çox
xoşuma gələn portretlərdir. Ona görə də mən
M. Dadaşovun sənətinə minnətdaram”.
1965 - ci
ildə “Arşın mal alan” operettası yenidən
ekranlaşdırılarkən, filmin ssenarisini yazmaq və
quruluş vermək rejissorlardan T.Tağızadə və
M.Dadaşova tapşırılmışdı.Onlar ssenarini
birgə yazsalar da, müəyyən səbəblərə
görə Muxtar müəllim filmə quruluş verməkdən
imtina etdi.
“Qanun
naminə” bədii kino sahəsində M.Dadaşovun quruluş
verdiyi ilk böyük rejissor işidir. Bu filmi o
yazıçı S.Rəhimovun məşhur “Mehman” povestinin
motivləri əsasında ekranlaşdırmışdır. Film
ekrana çıxandan az sonra geniş tamaşaçı
kütləsinin rəğbətini qazandı. Həm də
kino mütəxəssizlərinin diqqətini cəlb etdi.
Tanınmış
rus kino tənqidçisi M.Belyavski “Qanun naminə” filmi ilə
bağlı Moskvada çıxan “Sputnik kinozritelya”
jurnalında yazmışdır: ”Kino sənəti ötən
günləri canlandırmaq iqtidarındadır. Lakin bu film
yaxın keçmişin hadisələrini nəql etməklə,
belə bir fikir irəli sürür ki, bütün qüvvə
və zəkalarını böyük ideyalar uğrunda
mübarizəyə sərf etməyə hazır olan Mehman
kimi adamlar bu gün də, sabah da, həmişə bizə
lazımdır”.
Bu filmin
ilk baxışı Kazan şəhərində keçiriləndə
rejissor M.Dadaşov da həmin tədbirdə iştirak edirdi.
Filmin nümayişi başa çatandan sonra
tamaşaçılardan heç kəs yerindən
qalxmadı. Sanki zal donub qalmışdı. Bu vaxt qoca bir tatar
qadını qəzəblə sükutu pozdu: “Tez olun, cavab
verin, Mehmanı kim öldürüb? ”
Gənc
komsomolçular isə ayağa qalxıb bir dəqiqəlik
sükut elan etdilər. Həmin dəqiqələrdə
rejissorun ürəyi köksünə sığmırdı.
O, xoşbəxt idi. Sevincdən gözləri dolmuşdu, qəhər
onu boğurdu. Ancaq tatar qadınına cavab vermək lazım
idi. Axı, Mehmanı o, “öldürmüşdü”. Muxtar
müəllim özünü ələ alıb dedi: “Əziz
tamaşaçılar mən Mehmanı cismani cəhətdən
öldürmüşəm. Siz bu salondakı gənclərə
baxsanız görərsiniz ki, o, siz gənclərin simasında
mənən yaşayır, Mehmanlar yaşayır və
yaşayacaqdır”.
sonralar
Mehmanın “ölümü” ilə barışmayan
Süleyman Rəhimov da onu bağrına basacaq və deyəcək:
“Sağ ol, qardaş, sən Mehmanımızın
ömrünü bəlkə min il uzatdın”.
Məşhur
müğənni Flora Kərimova “Qanun naminə” filmində
prokuror Mehmanın həyat yoldaşı Züleyxa rolunda
çıxış edir. Əslində Flora xanım
Balış rolunda oynamalı idi. Həmin vaxt müğənni
“Leyli və Məcnun” operasında iştirak edirdi.
Tamaşanın o vaxtkı rejissoru Soltan Dadaşovun tövsiyəsi
ilə Muxtar müəllim Flora xanımı Züleyxa roluna
sınaq çəkilişlərinə dəvət edir.
Sınaq çəkilişlərindən sonra F.Kərimova
heç bir cavab almayaraq operada işini davam etdirir. Günlərin
birində rejissor H.Seyidbəyli ilə görüş F.Kərimovanın
nigarançılığına son qoyur. Rejissor ona “Səni təsdiq
elədik Züleyxa roluna” deyəndə Flora xanım təəccüblə
“Niyə belə etdiniz ?” sualını verir. Məlum olur ki, bədii
şura sınaq çəkilişlərinə baxarkən F.Kərimovanı
məhz Züleyxa rolunda bəyənmişdi.
F.Kərimovanın
xatirələrindən: “Züleyxa mənim kinoda ilk
böyük işimdir. Züleyxa mənim üçün əziz
obrazdır. Axı, ilk addım, həyəcanlı
başlanğıc həmişə unudulmaz olur. Qəhrəmanın
daxili aləmini, mənəviyyatını nə dərəcədə
canlandırdığımı deyə bilmərəm. Lakin
tamaşaçılardan aldığım məktublara, qəzetlərdə
ki, resenziyalara əsasən hiss edirəm ki, Züleyxanı
ekrana gətirə bilmişəm.
Filmə
çəkilərkən böyük sənətkarımız
Nəsibə Zeynalova mənə əsl dayaq oldu. O
özünü elə aparırdı ki, mən ondan
asılı olduğumu hiss etmirdim. Nəsibə xanım nəhəng
sənəti ilə məni basqılamırdı. Əksinə
məni özünə bərabər sayırdı. Və o
sırada da analıq qayğıkeşliyi var idi . . . ”
Filmdəki
sonuncu kadr bir neçə dubl çəkilib. Finalda F.Kərimova
göz yaşlarını nümayiş etdirməli idi. Amma
üçüncü dubla çatanda bunu edə bilmir.
Çünki gücü artıq tükənmişdi. Rejissor
isə hər dublda ondan ağlamağı tələb edirdi nə
qədər qəribə də olsa bu yaxınlarda ailəsində
baş vermiş faciə onun köməyinə gəlir.
Flora
xanım deyir: “Mən Züleyxanın yerinə ağladım.
Hər dublda ağlamaqla səbrim tükənirdi. Muxtar müəllim
dedi ki, qızım, hələ bir dubl qalıb.
Sonra nəsl
- nəcabətimi yadıma saldım.
Gördüm
rəhmətə gedənlərdən elə bir adam
qalmayıb. Hamısı üçün ağlamışam.
Birdən yadıma dayım düşdü. Bu yaxınlarda
rehmətə getmişdir. Deməli, ağlamağa yer var idi.
Ağla ki, alayasan. Bu dəfə ağlamağı rəhmətlik
dayımın ruhuna həsr etdim.
Çəkilişdə
bir şeydən bərk qorxmuşdum. Epizodların birində
Züleyxanın yaşadığı otağı
şüşəsini vurub sındırırlar. Sınıq
şüşənin arasından Qaloşlu adamın sifəti,
xüsusilə vahiməli gözləri görünür. Bilə
- bilə ki, bu aktyordur, Rza Təhmasibdir, onun zəhmli nəzərlərindən
canıma üşütmə düşdü.
Muxtar
Dadaşov kimi sənətkarın filmin çəkilmək,
görkəmli tərəf - möqabillərlə birgə
çalışmaq mənim üçün əsl məktəb
oldu.”
Böyük
Vətən müharibəsi illərində minlərlə
sovet adamı kimi azərbaycanlı oğlan və qizlar da cəbhəyə
getmiş, arxada qalanlar isə qələbə
üçün əllərindən gələni əsirgəməmişlər.
“Bakıda
küləklər əsir” filmində də
tamaşaçılar həmin uzaq və yaxın illəri bir
daha xatırlayırlar. 1942 - ci ilin yayında Hitler ordusunun
Qafqaza hücumu başlandı. Onların əsas məqsədi
Bakı neftini və Azərbaycan paytaxtını ələ
keçirmək idi. Bakı nefti faşist kəşfiyyatının,
onun fəaliyyətinin diqqət mərkəzində dururdu.
Bu vaxt
Hitler kəşfiyyatı zəngin neft yataqları yerləşən
Abşeron rayonuna təyyarə vasitəsilə iri desant dəstəsi
göndərmək fikrində idi. Onlar mədənləri və
neftayırma zavodlarını məhv etmək deyil.
Bakını bütünlüklə ələ keçirmək
istəyirdilər. Onlarla mübarizədə sovet vətənpərvərləri
və alman antifaşistləri filmin qəhrəmanı azərbaycanlı
əkskəşfiyyatçı Azada yaxından köməklik
göstərirdilər. O, düşmən içərisinə
yol tapıb dövlət əhəmiyyətli məcul vəzifəni
yerinə yetirir.
Ekranda
sovet və faşist kəşfiyyatçılarının
mübarizəsi iki sistemin siyasi mübarizəsi fonunda təsvir
edilmişdir.
“Bakıda
küləklər əsir” filmi rejissor M.Dadaşovun “Qanun naminə”
kino əsərindən sonra bədii kinematoqrafiyada ikinci
işidir.
Bu filmin dəyəri
gərgin süjetlə bağlı deyil. Filmdə
qaldırılan ümumi düşmənə qarşı bir
yumruq kimi birləşmək ideyası xalqımız
üçün çox vacibdir. İkinci tərəfdən,
“Bakıda küləklər əsir” filmində Bakı, cəbhəni
benzinlə təmin edən neft şəhəri obraz kimi
canlanır. Məhz bu baxımdan “Bakıda küləklər əsir”
filminin dəyəri və əhəmiyyəti
böyükdür.
Filmdə
rollardan birini ifa edən aktirisa Xalidə Quliyeva “Unudulmaz, əziz
rol” məqaləsində yazır: “. . . Rejissor Muxtar
Dadaşovla birgə “Bakıda küləklər əsir” filmi
üzərində böyük məmnuniyyətlə işlədik.
Mənim qəhrəmanım Solmaz muharibədə həlak
olan minlərlə qızlardan biridir. Bu rol həyatımın
bir parçasına çevirilmişdir. Elə hallar olurdu ki,
mən çəkiliş zamanı özümü aktrisa kimi
hiss etmirdim, çünki filmin qəhrəmanının həyatını
yaşayırdım. Solmazın xaraketri mənə qələbəyə
möhkəm inamı, yüksək vətənpərvərlik
hissinə ilması ilə yaxındır.
Film
ekranlara çıxandan sonra yaşlı adamlarla çox
söhbət etmişəm. Onlar deyirdilər ki, ekran qəhrəmanlarının
şəxsində öz həmyerlilərini
görürdülər. Həm də xarakterlərin və
hadisələrin inandırıcı olmasını hiss edirdilər.
Bütün
bunları eşitmək necədə xoş idi.
Mənim
Solmazın öz həyatını nəyə görə
qurban verdiyini yaxşı bilirdi. Vətəni faşist
zülmündən qorumaq - mənim qəhrəmanımın
həyatında başlıca amil bundan ibarət idi. Əgər
həmin adamlar, onların hünəri olmasaydı, yəqin
ki, bizim bu günkü günümüz başqa cürə
qurulardı .
Mən
xoşbəxtəm ki, filmdə iştirakımla o unudulmaz illərdə
yaşamış adamların fikir və hislərini ifadə
etməli olmuşam.
Hazırda
müstəqil vətənimiz müharibə şəraitində
yaşayır. Belə bir vaxtda “Bakıda küləklər əsir”
hərbi-vətənpərvərlik filminin əhəmiyyəti
böyükdür, mövzusu bu gün də aktualdır. ”
Böyük sənətkarımız Muxtar
Dadaşovun bu gün aramızda olmamasına inanmaq çətindir.
Ancaq onun vaxtilə dediyi sözlər sənətsevərlərə,
onu tanıyanlara təsəlli ola bilər: “Əsl sənət
fədailəri ölmürlər”.
Kaspi.-2013.-1-3 iyun.-S.22-23.