Kamal Abdullanın düzəltdiyi “Şah
İsmayıl”
Qəhrəmanlar
mühakimə olunmur deyə bir fikir var. Ancaq bu gün ən
çox əl atılan (atdırılan) üsullardan biri qəhrəmanı
nəinki mühakimə, hətta birbaşa ittiham etməklə
“qəhrəman” olma istəyi, üsuludur. Gəlmişdən
– keçmişdən heç bir misal gətirmədən
birbaşa mətləbə keçirəm. Akademik Milli Dram
Teatrında Kamal Abdullanın “Hamı səni sevənlər
burdadı” pyesi əsasında hazırlanmış “Şah və
Şair” tamaşasının premyerası oldu. Siyasi mühitdə,
KİV – də son dövrlər Şah İsmayılla bağlı
olan bu qədər müzakirələrdən, iftiralardan,
“muhakimə”lərdən (əcəba səbəb nədi
görəsən ey dili – qafil ?..) sonra bu tamaşada da nələrinsə
mütləq baş verəcəyinə əmin idim. Tamaşa
konkret olaraq tarixi hadisələrdən və bunların fonunda
tarixi şəxsiyyətlərdən bəhs etdiyinə
görə bu tamaşaçılara ikiqat maraqlı idi. Əsər
- tamaşa birbaşa Şah İsmayılın
yaşadığı XVI əsri və xüsusilə 1514 –
cü ildə baş verən “Çaldıran
döyüşü” hadisələrini “əks etdirir”. Ancaq
tarixi faktlarda kifayət qədər təhriflərin edilməsi
tamam başqa təəssürat yaradır. Ən pisi də o
idi ki, bu tamaşada ən peşəkar və sevilən
aktyorlar rol almışdı və onlar da peşələrinin
gərəyi olaraq rollarını kifayət qədər
ustalıqla canlandırırdılar.
Biriləri
durub deyə bilər ki, bəs bu hansısa müəllifin təxəyyülünün
məhsuludu, ona görə ona belə xoşdu, o da belə
yazıb. Ancaq bu işlər xoşla, naxoşla olmur, əfəndilər.
Axı bizə o ixtiyarı heç kim verməyib ki, durub istədiyimiz
tarixi şəxsiyyətin həyatına istədiyimiz kimi
barmaq edək. Adama deyərlər nə isə uydurmaq, təxəyyülünün
məhsulunu insanlara satmaq, nümayiş etdirmək istəyirsənsə
buyur uydur və yaz. Ancaq artıq böyük tarixin
özünün yazdıqlarından nə isə «yaz»maq
yolverilməzdir. Tamaşada Şah İsmayıl sanki etdiyi bir
tarixi “suç”u etiraf edirmiş kimi təsir bağışlayırdı.
Tamaşada təqdim olunan Şah İsmayıl olduqca
çılğın və ədabaz bir şah idi. Hətta
Osmanlı ilə müharibəni belə sanki o
başlayırmış kimi təqdim olunurdu. Məsələn
guya Şah İsmayıl Sultan Səlimə onu təhqir etmək
üçün bir qadın yaylığı göndərir
və bundan da olduqca məmnundur (?). Digər tərəfdən
o həm də bir büt kimi təqdim olunur. Çünki
silahdaşları, ona ən yaxın olan vəzir – vəkili, hətta
onun tərbiyəçisi olan Hüseyn bəy Lələ də
iki dəqiqədən bir ona “qurban olduğum”, “sadağa
olduğum” filan deyirlər, ikiqat olurlar və
İsmayılın da heç tükü də tərpənmir.
Hətta sanki Şah İsmayıl bunlardan ləzzət
alır. Ancaq tarix isə bunun tam olaraq əksidir. Necə ola
bilərdi ki, Şah İsmayıla bütün fəaliyyəti
boyu Lələlik (dayə, böyük, tərbiyəçi)
edən Hüseyn bəy tamaşa boyu bir dəfə də
olsun ona fərli – başlı nə hansısa strateji
gediş, nə hansısa bir məsləhət vermir, ancaq elə
gedib – gəlib “qurban olduğum”, “sadağa olduğum” filan
deyir? Məgər onun illər boyu fəaliyyəti məhz
bundanmı ibarət olmuşdu? Sonra məsələn guya
Hüseyn bəy Şah İsmayılın oxşarı olan
Xızırı tapıb gətirərkən o kənddə
bir qoyun otaran imiş. İlkin mərhələdə bu
personajın davranışlarından da hiss olunur. O çox
müti bir adamdır. Ancaq sonra Şah İsmayıl Hüseyn
bəydən soruşanda ki, bu nə bacarır, guya orada
Hüseyn bəy deyir ki, şahım, bu yaxşı şeir
yazır. Şah İsmayıl da Xızıra sual verir ki, bəs
bütün şairlərin təxəllüsü var, sənin
təxəllüsün nədir? Xızır da cavab verir ki, Xətai
(?)… Şah da guya ona məsləhət görür ki, hə,
elə onda işində ol, yaz... Halbuki tarixdən Şah
İsmayılın hansı hadisədən sonra özünə
“Xətai” təxəllüsünü götürdüyü
məlumdur. Bəs əcəba niyə məhz bu məqamın
üzərinə kölgə salınmağa
çalışılır?.. (Kərbəla faciəsindən
850 il sonra, hicri 914-cü (miladi 1508) ildə Şah
İsmayıl Xətai İraqı fəth etdi. (Fərman Kərimzadənin
“Xudafərin körpüsü” romanında bu hadisənin
1510-cu ildə baş verdiyi bildirilir. Orada İsmayılın
özbək Şeybani xanla Mərv döyüşünə
gedərkən Hürrün qəbrini qaçaq Murada
açdırdığı və məlum deyilənlərdən
sonra tövbə etdiyi bildirilir.) Onun əmri ilə
İraqdakı müqəddəs ziyarətgahları təmir
edib, üzərində yaraşıqlı məscidlər tikməyə
başladılar. Bu zaman bəzi adamlar Hürrün fəzilətlərini
inkar edib, guya onun tövbəsinin qəbul
olmadığını bildirdilər. Hürr ibn Yezid Riyahi
İmam Hüseynə qarşı göndərilmiş min nəfərlik
dəstənin sərkərdəsi idi. O, əvvəlcə
İmam Hüseynə zidd mövqe tutmuş, onu mühasirəyə
alaraq, Yezidin göndərdiyi qoşunun gəlişinə kimi
saxlamışdı. Lakin aşura günündə Hürr
peşman olub tövbə etdi, İmam Hüseynin tərəfinə
keçərək vuruşdu və şəhid oldu. Rəvayətə
görə, İmam Hüseyn ölümcül
yaralanmış Hürrün başına öz əlləri
ilə dəsmal sarımışdı.
Şah İsmayıl bu söz-söhbətə son qoymaq üçün Hürrün qəbrini açmağı əmr etdi. Bu zaman cəngavər Hürrün cəsədi başdan ayağa kimi təzə, bitişməmiş yaralarla örtülü halda aşkara çıxdı. Şah İsmayıl bu hadisədən sonra Hürrün qəbri üzərində də böyük məscidin tikilməsi üçün göstəriş verdi.
Şah
İsmayıl Xətainin qəzəllərinin birindəki bu
beyt də həmin hadisənin düzgünlüyünü
sübut edir:
Şah
Xətai seyrə çıxdı, açdı Hürrün
qəbrini,
Barilaha, əfv qıl ki, tövbəkaram
doğrusu.
Kərbəla şəhidlərindən başqa birinin - Həbib ibn Məzahirin də qəbri XVIII əsrdə Nadir şah tərəfindən açılmış və cəsədin salamat qalması aşkara çıxmışdı. Qəbir açılan zaman elə güclü külək əsir ki, Nadir şah qorxudan huşunu itirir. Özünə gələndən sonra Nadir şah əmr verir ki, Həbibin məzarı üzərində böyük məscid tikilsin. )
Axı
iş orasıdır ki, heç kimin də Kamal müəllimə
sual vermək ixtiyarı yoxdu axı necə oldu ki, bu qoyun
otaran, müti bir adam bu qədər gözəl poeziya
nümunələri yaradır, üstəgəl artıq bu
“qoyun otaran”ın özünəməxsus təxəllüsü
də var, ancaq bu niyə o vaxtacan heç məşhur
olmayıb, şair kimi tanınmayıb və elə qoyun otaran
olub. Yəni Kamal Abdullanın əsərdə də
qabartdığı budur ki, guya Şah İsmayıl şeir
filan yazmayıb. Guya o ancaq sərkərdə olub,
döyüşlər aparıb və döyüşən
adam da şeir yaza bilməz (?) Nəticədə Kamal
Abdullanın yazdığına görə Çaldıran
döyüşündə Şah İsmayıl ölür və
ondan sonra məlum olur ki, sən demə İsmayılın
adına yazılan nə qədər şeir varsa guya
hamısının müəllifi onun oxşarı olan
Xızır imiş. Döyüşə başlamazdan əvvəl
guya tez – tez “O” ( yəni İmamzaman – 12 – ci İmam və bəlkə
də Allah ) mənimlədir deyən Şah İsmayıl,
döyüşü uduzandan sonra “O”na gileylənir ki, bəs sən
bu dəfə niyə məni tək qoydun. Guya
Çaldıran döyüşü baş verən gün
Şah İsmayıl uduzduğunu görür və
Xızıra deyir ki, artıq Şah sənsən, otur dövləti
idarə et, mən də gedim meydana girim görüm Sultan Səlimi
tapa bilirəmmi ondan qisas alım. Və elə oradaca
ölür (?). Sonda monitordan da guya “O”nun səsi gəlir: “Ey
İsmayıl, sən ki öz üfüqünə
qovuşmuşdun, daha bu döyüş nəyinə lazım
idi və.s” Yəni qısaca desək guya “O” da
İsmayılın bu döyüşə girməsinə
razı deyilmiş və burada yeganə günahkar guya Sultan Səlimə
arvad yaylığı göndərib döyüşə “səbəbkar”
olan İsmayıldır. Bəli əfəndilər, bax bu məhz
Kamal Abdullanın cızdığı “Şah
İsmayıl”dır.
Fasilədə
millət vəkili, tarixçi Sabir Rüstəmxanlı ilə
də söhbətləşdim. Sual verirəm ki, bir
tarixçi kimi müəllifin bu “yanaşma”sını necə
qarşılayırsınız? Deyir “olmaz belə. Tarixdə
şah və eyni zamanda da şair olan çoxlu sayda
hökmdarlar olub. Ancaq onların heç birinin bu ikili
bacarığı sual altına alınmayıb. Yeganə
Şah İsmayıldır ki, bu əsərdə - tamaşada
eyni zamanda şah və şair olmanın mümkünsüzlüyü
qabardılır. Üstəlik başqa məqamlar da var. Mən
düşünürəm ki, bu tərz yanaşma
tamaşaçılar və böyük auditoriya tərəfindən
yaxşı qarşılanmayacaq”.
Fasilə
zamanı çoxlu sayda insanın bu məsələyə,
Şah İsmayılın belə kiçildilməsinə
olan etirazları barədə dialoqlarına qulaq müsafiri
oldum.
Bu mənim
ən sevdiyim aktyorların rol aldığı, ancaq mənim
sonda alqışlamadığım ilk tamaşa idi. Mənim
ürəyimdə alqışladığım isə sadəcə
bir şey idi – aktyorların mükəmməl oyunu. Ancaq yenə
də deyirəm təəssüf ki, bu oyun məhz bu missiyaya
xidmət etdi.
Foyedə gənc aktyor və rejissorlarla da bir
xeyli müzakirə etdik. Fikirlər fərqli idi. Bir
çoxları ancaq “Dədə Qorqud” missiyasını yerinə
yetirərək obrazların həmahəngliyindən
danışmaqla, ay nə bilim “qəşəng
tamaşadır”, obrazı yaratdılar filan deməklə
çullarını sudan çıxarırdılar. Çoxlu sualları olanlar
da var idi, məni çox “emosional” olmaqda “qınayan”lar da. Bir
yaxın dostumuz da deyir ki, sən nəyinə gərək
filan şey nə deməkdir, sən buna rejissor kimi yanaş (mənim
ikinci, yəni hazırda təhsil aldığım sahəm sənətim
rejissorluqdur). Deyirəm əzizim, canim – gözüm
yaxşı bax rejissor kimi ayrı, məlum idi ki, o tamaşada
aktyor oyunlarına qətiyyən söz ola bilməzdi.
İfalar olduqca canlı və mükəmməl idi. Ancaq bəs
mənim vətəndaş mövqeyim, bəs şəxsi
yanaşmam? Əgər teatr, onun ruhu cəmiyyətə sirayət
etmirsə, teatr elə ancaq teatrın içində olub elə
oradaca da ölürsə o teatr deyil, ya da teatrdırsa o teatr mənə
lazım deyil. Axı belə deyildi. Bu tamaşa boyu, fasilədə
və tamaşa bitəndən sonra hər kəs artıq
buradan öz payını götürüb gedirdi. Allah
eşqinə bəlkə bütün eqonuzu, sadəlövhlüyünüzü,
mükəmməl teatr bilgilərinizi, “humanist” – tolerant
duyğularınızı hələlik bir kənara qoyub diqqətlə
düşünəsiniz. Sizcə, bəzi tarixi şəxsiyyətlərə
olunan bu qədər basqılar, mühakimələr sadəcə
“ədəbiyyat”, “təxəyyülün realizəsi”,
“teatr”, xətrinə ola bilərmi? Niyə başqası yox
Şah İsmayıl, niyə məhz hansısa əqidəni əsas
tutaraq öz məmləkətinin insanını bir bayraq
altında birləşdirən bir şəxsiyyət? Bəlkə
hadisələr, mahiyyət daha böyükdür. Bəlkə
bizim görməyə çətinlik çəkdiyimiz
başqa məqamlar var…
Sonda bu böyük mütəfəkkirin
sözlərini qeyd etməyə ehtiyac duydum.
Əgər
bu qədər həngamədən sonra biriləri qalxıb
yenə mənə bütün bu olanların “sadəcə”
bir şey olduqlarını demək fikrinə düşərlərsə
onlara məsləhət görürəm ki, “sadəcə”
yanaşması haqqında məşhur rus deyimini (prosto muxa
.....) xatırlasınlar... Yoxdu əfəndilər... bu həyatda
elə - belə olan, (və ya olunan) heç nə yoxdu…
Kamal Yaşar
Kaspi.-2013.-1-3 iyun.-S.18.