«Sən göz yaşlarını gülləyə
çevir»
Vaqif Yusifli
Müasir ədəbiyyat
Poeziya həyatın, gerçəkliyin, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrin, dünyada baş verən olayların, insanın daxili-mənəvi aləminin inikasıdır və şairlər də sözün həqiqi mənasında poeziya yolunun əbədi yolçularıdır. Əlbəttə, söhbət əsl şairlərdən gedir: dövrün, zamanın ritmini, ahəngini anındaca tuta bilən, ətrafında, çevrəsində baş verən hadisələrə qətiyyən laqeyd olmayan və deyərdik ki, bir şair çılğınlığı ilə səsini zamanın səsinə qoşan şairlər var. Müasir poeziyamızda belə şairlərdən biri də Ramiz Duyğundur.
Bu il fevral ayında Ramiz Duyğunun 75 yaşı tamam oldu. Bu 75 ilin 27 ilini SSRİ Silahlı Qüvvələrində, 16 ilini müstəqil Azərbaycan Ordusunda xidmət etmiş, tibb xidməti polkovnikliyinə qədər yüksəlmiş Ramiz Duyğun (Məlikov) müasir poeziyamızda vətənpərvərlik qolunun aparıcı nümayəndələrindən biridir. O, bu yolda bizim milli şairlərimiz-Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Söhrab Tahirin ənənələrini uğurla davam etdirir.
Ramiz Duyğunun sovet dövründə yazdığı şeirlərdə də baş qəhrəman, baş mövzu, əsas xətt Vətənimizin şanlı tarixi keçmişi, azadlıq uğrunda mübarizələri, başına gələn qovğalar-faciələr idi. Azərbaycançılıq, milli-mənəvi dəyərlərimizin təbliği bu şeirlərin havasıydı, suyuydu. Keçən əsrin səksəninci illərinin sonlarından başlayaraq məmləkətimizdə baş verən ictimai-siyasi olaylar, müstəqillik savaşları, faciələr (20 Yanvar, Xocalı), Qarabağ müharibəsi, torpaq itkisi, şəhidlərimiz, qəhrəmanlarımız. poeziyamızın başlıca mövzularına çevrildi və Ramiz Duyğun da bu prosesdən geri qalmadı. O, Azərbaycan Müdafiə Nazirliyində Mətbuat Xidmətinin rəisi kimi fəaliyyətə başladı. Ancaq ən başlıcası şeirləri, poemaları və publisistik yazıları ilə diqqəti cəlb etdi. İllər keçəcək, Azərbaycanın Xalq şairi Söhrab Tahir «Sevgi, qeyrət və qəzəb poeziyası» məqaləsində yazacaq: «Bir zamanlar sovet imperiyasının, rus şovinizminin qaşqabaqlı kin-küdurətini təzə-təzə püxtələşən şeirlərilə atəşə tutan Ramiz Duyğun bu gün prezidentimizə yazdığı, mən deyərdim poeziyamızda ilk dəfə ən güclü və ən səmimi şeiri səviyyəsində Qarabağın azadlığını, xilasını tərənnüm edir. Bu, eyni zamanda tərənnüm deyil, həm də alovlu çağırışlardır. Bu poetik çağırışlar, fəryad və haraylar oxujunu Qarabağı sanki girov saxlayan, əsir edib onun adı ilə əylənmək istəyən düşmənə qarşı istiqamətləndirir… Ramiz Duyğun poeziyası səngər, qeyrət, döyüş poeziyasıdır».
Bu gün hər bir qeyrətli Azərbaycan vətəndaşının içində Qarabağ dərdi yaşayır. Şeirimizdə də bu dərd illərdir ki, korun-korun tüstülənməkdədir. Şairlər var ki, o dərdi məhz dərd kimi yaşadırlar. Nisgilli, ağlar misralar şeirləri boyu səpələnir. Onlar «Qarabağ haçan alınacaq?» həsrəti ilə Vətəndən Vətənə boylanan, gözləriylə unutmadıqları kəndlərinə yol çəkən soydaşlarımızdır. O kəndlər, oradakı bulaqlar, otlar, yamaclar, dərələr, ağaclar indi xatirə-xatirə yaddaşlarda yaşamaqdadır. O bulaqlar, o otlar, o ağaclar də qaçqın, köçkün dediyimiz insanların yolunu gözləyir. Amma elə şairlər də var ki, müharibə başlanandan bu günə kimi iki möhtəşəm şairmizin-Məmməd Arazın «Ayağa dur, Azərbaycan!» və Qabilin «Ümid sənədir ancaq, Azərbaycan əsgəri!» çağırışlarını poeziyanını əsl məramına çevirməkdədirldər. O şairlərdən biri də Ramiz Duyğundur.
Sıyrıl qılınc kimi yaqut qınından,
Bil ki, göz yaşları kimləri sevir.
Nifrət vulkanları qopsun qanından,
Sən göz yaşlarını gülləyə çevir.
Biz bu gün Vətənin vuran əliyik,
Yalnız irəliyə ağılla, güclə.
Bu gün döyməliyik, düzəltməliyik,
Qələbə gerbini zindan-çəkiclə.
Müqəddəs bir amal hökm edir qəlbə,
Düşmən niyyətini, səfini pozmaq.
Meydanda ölməyin adı-Qələbə,
Meydandan qaçmağın adı-uduzmaq.
Qara gözlərinin qara giləsi-
Qarabağ
yad yurda heç vaxt qarışmaz.
Götür, bu sətirlər döyüş gülləsi,
Ağlama, ağlamaq bizə yaraşmaz.
Bu şeiri Ramiz Duyğun 1989-cu ildə qələmə alıb. O zaman Azərbaycanın başı üstünü qara buludlar almışdı. Məlum himayədarlarının dəstəyi ilə torpaqlarımıza göz dikən və tədricən kəndlərimizi, şəhərlərimizi işğal etməyə hazırlaşan duşmənlə üz-üzəydik. İçimizdə «yaxın qonşu», «böyük qardaş» məhəbbəti silinib gedirdi. Amma qüvvələr qeyri-bərabər idi. Belə bir zamanda Ramiz Duyğun «Torpaq əldən getdi…qalx», «Özünə arxalan, özünə güvən», «Qarabağımdan əl çək» deyirdi. Doxsanıncı illərin əvvəllərindən ta Atəşkəs dövrünə qədər Ramiz Duyğun, yəni müharibənin ən şiddətli çağlarında öz şair-vətənpərvər missiyasını şərəflə yerinə yetirdi, döyüşən gəncləri daha cəsarətli olmağa səslədi, səfərbərlik ruhunda şeirlər yazdı, eyni zamanda, içindəki nisgili də şeirə çevirdi, xüsusilə, Şuşanın-hər qarışından Natəvanın, Üzeyir bəyin, Xan əminin addım səsləri eşidilən bu gözəllik sərgisinin tarmar olmasına dözəmmədi:
Ürəyimdə Şuşa ağlar,
Buludlarla baş-başa ağlar.
Pəhləvan
qayaları para-para,
dəlik-dəlik
Güzgü bulaqları çilik-çilik.
Yalqız,
tək-tənha ağlar,
Zirvədə söykənib Allaha ağlar.
Ümumiyyətlə,
Ramiz Duyğunun şeirlərində Şuşa
ayrıca bir mövzu, ayrıca bir obrazdır. Şuşayla
bağlı şeirlərin hər birində böyük,
qarşısıalınmaz bir məhəbbətin ifadəsini
hiss edirsən.
Babəkimi
oyadın, Qazan xanı oyadın,
Koroğlunu
oyadın-
Şuşa
məni çağırır, Şuşa
səni çağırır.
Kişi öz torpağında yağıya baş əyərmi?
Görmürsənmi, korsanmı? Daşın,
qayan da mərmi?
Hayqır,
Azərbaycanım!
Hayqır, Şuşadan sonra yaşamağa dəyərmi?
Şuşa
məni çağırır, Şuşa
səni çağırır.
Dili,
ağzı «Şuşa, Şuşa» deməkdən
yorulmayan şair «Sənə and içirik, Şuşa
qalası» şeirində nə qədər nikbindirsə,
Şuşaya həsr olunan laylalarda bir o qədər qəmlidir.
İstər Atəşkəsdən öncə,
müharibənin qızğın çağlarında, hər
günü həm qələbə, həm də məğlubiyyətlə
bitən illərdə, istərsə də sonralar-Müdafiə
Nazirliyinin Mətbuat Xidmətinə rəhbərlik etdiyi zaman
onun şeirləri libasını dəyişmədi. Müharibə
psixologiyası bu şeirlərin ovqatını təyin etdi.
İndi də, artıq yetmiş beş
yaşına gəlib çatan-istefada olan Azərbaycan
ordusunun bu yüksək rütbəli zabiti, polkovnik Ramiz
Duyğunu görəndə yadıma düşən ilk iki kəlmə
«Döyüş» və «Müharibə» olur. Atəşkəs
elan olunub, amma müharibə bitməyib və içində
qisas, intiqam hissi ilə alovlanan vətənpərvərlərdən
biri kimi görürəm onu. Amma o, vəzifədə
olanda da şair idi, məmur deyildi. Lev Tolstoyun «Anna
Karenina» romanındakı Karenin kimi (belə adamlar bizim məmləkətdə
də az deyil) quru, daş qəlbli, yalnız karyerasını
fikirləşən bir məmur olsaydı, «Müharibə
veteranı dilənirdi..», «Polkovnik papağı satıram»,
«Metroda Xocalıdan bir gəlin dilənirdi», «Qeyrətdən
danışma» şeirlərini yazmazdı.
«Vətənimdə
didərgin..nə yurdum var, nə yuvam,
İstəyirəm yarımın qanını qanla yuyam.
Elə
hey yalvarıram, Allaha çatmır duam..»
Bu dünyanın
çayları hüsnündə tellənirdi,
MetrodaXocalıdan bir gəlin dilənirdi.
Kədəri
hıçqırırdı daranmamış telində,
Bir qom dilənçi payı tutmuşdu sağ əlində.
Bir gəlin
dilənirdi Azərbaycan dilində,
Bir ana
baxıb ona…Vətəntək yellənirdi-
MetrodaXocalıdan bir gəlin dilənirdi.
Azərbaycan dilində bir gəlin dilənirdi.
Bu
şeir 1992-ci ildə yazılıb.. Deyərdim ki, ümumən Ramiz Duyğun ovqat və
vaxt şairidir. Yəni
yaşadığı günlərin, ayların, illərin
ictimi-siyasi, mənəvi ovqatını tuta bilir. Amma onu da unutmayaq ki, müəyyən bir
dövrün mənzərəsini, baş verən hadisələri
protokol qaydası ilə şeirə çevirənlər də
olub və bu şeiriyyətsiz nəzm parçalarının
ömrü uzun olmayıb. Amma Ramiz
Duyğunun şeirləri müharibə illərinin
psixologiyasını və ovqatını həqiqət
işığında əks etdirdiyi üçün
yaşayacaq şeirlərdir. Həm də
və ən başlıcası, bu şeirlər
poeziyamızın lirik-publisistik qolunu təmsil edir.
İllər keçəcək, sülh yoluylamı, ya
müharibə yoluyla torpaqlarımız işğaldan azad
olunandan sonra dönüb 1988-ci ildən üzü bu yana
baxacayıq, şeirimizin o illərdəki mənzərəsini
seyr edəcəyik..Və heç şübhəsiz,
Ramiz Duyğunun poetik duyğu ilə yazdığı qəzəb
və nisgil dolu şeirləri də bir mənbə, qaynaq
rolunu oynayacaq. Görəcəyik ki, R.Duyğun Füzuli
uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak
olan gizir Etibar İsmayılovu («Etibar nağılı»)..ağır yaralanmış çavuş
Cümşüd Əliyevi («Doğra məni, kəs məni)
necə vəsf edirmiş. Vətənə xəyanət
edən bir xaini necə lənətləyirmiş («Bu torpaq səni
götürməz»), bir yaralı əsgərin dadına necə
çatırmış («Yaralı əsgər»). Görəcəyik ki, inam və nikbinlik bu şeirlərin
ruhuna hopub. «Dilbər xanım göz yaşları
içində soruşdu: «Görəsən, Şuşaya gedəcəyimiz
günü görəcəyik?» Şair
cavab verir ki:
Bu Vətənin
hər elində səngər-səngər dursaq əgər,
Bu yurdun hər qarşında bir istehkam qursaq əgər.
Çəkicləri
bir nəfərtək bir zindana vursaq əgər-
Biz o
günü görəcəyik,
Biz Şuşaya tank üstündə qalib kimi girəcəyik.
İşdir
əgər,
biz o
günü görəmməsək,
Qarabağa
girəmməsək,
nə
az, nə çox,
Yaşamağa
haqqımız yox!
Qılınc-qalxan
qurşamalı-
Yer
altında yaşamalı…
Bu
yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin «Natəvan»
klubunda Ramiz Duyğunun «Tarixin lənəti» və «Kəllələrin
fəryadı» poemalarının (bunlar onun yeni kitabında cəm
olub, Azərbaycan, ingilis və rus dillərində oxuculara təqdim
olunur) təqdimat mərasimi oldu. Və deyim ki, hər
iki poema haqqında gözəl sözlər deyildi və
haqlı təriflər səsləndi. Lirik-publisistik
səpgidə yazılmış «Tarixin lənəti» («Birlik
dastanı») poemasında Zaman daha geniş dairəni əhatə
edir. Şair təxminən iki əsrdən
artıq bir müddətdə Azərbaycanın başına
gələn fəlakətlərdən söz açır.
XIX və XX əsrlərdə Azərbaycan
torpaqlarının hissə-hissə əldən getməsini
ürək ağrısı ilə təsvir edir. Burada
günahkarlar da məlumdur: həm torpağımıza göz
dikən xarici dövlətlər, həm yurd-yuva
anlayışından məhrum olub bizim məmləkətdə
yuva quran-dövlət quran ermənilər, həm də
içimizdəki «sapı özümüzdən olan baltalar».
Vahid Azərbaycanı
ikiyə
böldü yağı.
Xirtdəyimə
dirəndi
onun
kirli ayağı.
Bir
ayağı quzeydə,
Bir ayağı güneydə.
Ağladı
yer də, göy də
Qan
tökdü tar da, ney də.
Tarixim ləkələndi…
Azərbaycan təkləndi.
Azərbaycanıim təkdi.
Onun bir
parasını,
İran
dişinə çəkdi,
O biri
yarısını,
İvan dişinə çəkdi.
«Tarixin lənəti» poeması oxucuları iki əsrdən
artıq Azərbaycan tarixində baş verən hadisələrə
(onların bir qismi təkrar olunub) ibrət dərsi kimit
yanaşmağa səsləyir. Eyni zamanda, təkcə
olub-keçmişlərə münasibəti deyil, həm də
günümüzün reallıqlarına da biganə
qalmamağı tövsiyə edir. Bunun
üçün də içimizi təmizləməli,
saflaşmalı və durulaşmalıyıq. «Rüşvət xərçəngi»ndən xilas
olmalıyıq, laqeydliyi, karlığı canımızdan
qoparıb atmalıyıq, «qohumbazlıq» adlanan qələtdən
təmizlənməliyik, «tayfabazlıq» adlanan nifrətdən
uzaq dolanmalıyıq. «Mayası «Millət» olan,
Ziyası «Vətən» olan – Bir «gen» yaratmalıyıq». Hər
iki poemada erməni vəhşiliyinə və vandalizminə dərin
bir nifrət duyulur:
Günahsız
körpələrə
od, zəhər
içirildi.
Azərbaycanlı
olan
güllədən keçirildi,
qılıncdan keçirildi.
Qələm-kağıza
sığmır,
erməni
cəlladlığı,
Daşnak fahişəliyi.
Faşizmdən
çox ötə,
Erməni vəhşiliyi.
Qanımız
damla-damla,
erməni
kaşısında.
Yandırıldı
Qarabağ
Avropanın,
dünyanın
Gözləri qarşısında.
Bu məlum qəziyyələr xatırlanandan sonra müəllif
tarixin ibrət dərslərindən nəticə
çıxarmağı tövsiyyə edir. Yeganə əlac
isə BİRLİKdir. «Tufanda
sarsılmayan, Savaşda qısılmayan, Sınmayan,
basılmayan BİRLİK. Birlik tələbimizdi,
Birlik QƏLƏBƏMİZDİ. Qarabağda
ÜÇRƏNGLİ BAYRAĞIMIZdı Birlik!».
Ramiz
Duyğunun «Kəllələrin fəryadı» poeması isə
1918-ci ilin aprel-may ayı ərzində erməni generalı Amazaspın
rəhbərlik etdiyi 2 cəza dəstəsi»nin
Quba qəzasında törətdiyi vəhşiliklərdən
söz açır. Həmin vandalizm nəticəsində
36782 nəfər dinc sakinlərimiz qətlə
yetirilmişdir. Bu faciəni şair ürək
ağrısı ilə təsvir edir və oxucuları ibrət
almağa səsləyir:
Qudyalçayın
sahilində,
açıq səma altında
açıq kəllə muzeyi,
açıq sümük muzeyi.
Kədər,
qüssə,
qəzəb, nifrət
onun bircə
bəzəyi.
Bu muzeydə
ağ kəllələr,
sümük qollar, ayaqlar-
Azərbaycan
torpağına
sancılmış
ağ
bayraqlar
açıq səma altında
gecə-gündüz qan ağlar…
Ey
insanlar, ey insanlıq,
Qoca tarix, qoca dünya.
Ayıq
olun!
Sayıq
olun!
Kəllələrin,
sümüklərin
Layiq olun,
Layiq olun…
Ramiz
Duyğuna-75 yaşlı bu vətənpərvər şairə
yaradıcılıq uğurları diləyirik və Allah
qoysa, onunla birgə növbəti ad gününü həsrətimizin
paytaxtı Şuşada keçirərik!
Kaspi.-2013.-1-3 iyun.-S.15.