Qarabağ şikəstəsi

 

Qulu Ağsəs

Balamın canına,

atamın goruna,

işğal gününə...

- gör nəyə and içirəm:

səni çox sevdiyimdən

şeir yazmadım şəninə.

Elə bilərsən

bayrağın qara rəngi olduğundan

utanıb yazmadım,

azadlığın boynunda üzəngi olduğundan

utanıb yazmadım.

Yoox!

Dedim, birdən şeirim

peşəkar ovçunun

öz adaxlısını gülləylə vurub

qaçırmağına bənzəyər,

memarın

qurduğu qalanı

sevincdən öz başına

uçurmağına bənzəyər.

Ona görə heç yazmadım şəninə.

Gör nəyə and içirəm:

balamın canına,

atamın goruna,

işğal gününə...

 

Kaspi.-2013.-1-3 iyun.-S.24.