Sevilmək bəxtəvərlikdir... (kiçik esse)

 

Rövşən Yerfi

 

 

Sevmək və sevilməkdən, səni əhatə edənlərə gərəkli olmaqdan gözəl nə var dünyada ? İnsan elə bunun üçün yaranmayıbmı? Həyatda ondan ayrı şirin hiss, duyğu varmı?..

Dahi Nizami demişkən kainat eşq, sevgi, məhəbbət üstündə qurulub:

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya nədir dəyərin?

Sevgi olan yerdə feminizmə, gender bərabərliyinə, qadın hüquqlarının qorunması söhbətlərinə ehtiyac yoxdur. Bu məsələlər ancaq qadın sevgi duymayanda yada düşür, aktuallaşır.

Kişilərə eqoist, etibarsız, qadınlara bəla, əcinnə deyənlər, yaşadıqları mühitdən, həyatdan daim giley - güzar edənlər sevə və sevilə bilməyənlərdir...

Qadınları siqaret çəkən görəndə onların dodaqlarının halına acıyıram. O dodaqlar sevgisizlikdən, hər gün yetərincə öpülmədiyindən, qısqanılmadığından, “heyiflərini” siqaretdən çıxırlar...

Həqiqətən xoşbəxt o insanlardır ki, sevilirlər və sevirlər. Səni əks cinsdən bir insan sevə bilər, dostların, tanışların sevə bilərlər, nəhayət bir el, oba sevə bilər...

Ən çox da el tərəfindən sevilənlərə həsəd aparıram – toplaya bildikləri ən böyük “daşınmaz əmlaka” - sevgiyə görə... Anlamadan o sevgini sonradan itirənlərə həmişə yazığım gəlib.

Sevilirsənsə demək həyatdasan, varsan, mövcudsan, yaşamağa dəyər.. Sən yararlı insansan, boş yerə yaşamırsan, sıradan biri deyilsən..

İnsanın həyatda ən böyük qazancı sevilməyidir. Bu qazanc heç vaxt müsadirə olunmayan, mənimsənilə bilinməyən vardır, gücdür. O var çox olanda, səni ömrün bitəndən sonra da yaşadır – ürəklərdə, xatirələrdə...

Ey, dünyanın faniliyin anlamaq istəməyənlər, var-dövlət yığmaqdansa sevilməyə, özünüzə sevgi artırmağa çalışın...

Əgər sevilməmək bədbəxtlikdirsə, illər uzunu əldə etdiyiniz sevgini itirmək əsl faciədir. Qədrini, dəyərini bilin sizə olan bütün sevgilərin. Dünyadan ən çox sizə qalan sevilmək olacaq. Son nəfəsinizədək sizi əhatə edənlər tərəfindən sevilməyə çalışın, insanlar,.. Sevilmək bəxtəvərlikdir.

Bəxtəvər olasınız…

 

Kaspi.-2013.-8-10 iyun.-S.24.