Kar qulaq haqq olan sözlərdən qaçır...“

 

Rafail Tağızadə: "...səngərdən itirilmiş torpaqlara pis görmüş uşaq anasına baxan kimi baxıram"

...mənim ölkəm söz deyə bilən adamların çoxluğu ilə tanınır. Fərqi yoxdur hansı sahədə, əsas odur, demək istədiyini ifadə eləmə imkanı verən Azərbaycan ədəbiyyatı var ki, siyasətçisi də, iqtisadçısı da, SÖZƏ söykənə, SÖZƏ güvənə bilir. Bu cür məmləkətdə SÖZ ustadı olmaq isə çox çətin məsələdi.

Sayğı duyduğum bir şairimizlə həmsöhbətəm. Bu yaxınlarda "Gecə xəyalları" adlı 3-cü kitabı işıq üzü görən Rafail Tağızadə ilə. Mən onun özünü öz dilindən oxucuya ifadə eləməyini istədim, Rafail bəy məni təqdimatı ilə susdurdu....

-Rafail Tağızadə kimdir?

-Rəfail Tağızadə, hər şeydən əvvəl bir Azərbaycan vətəndaşıdır. Bir türkdür. Hər birimiz kimi bu ağrılı məmləkətin ağrısını-Qarabağ itkisini içində yaşadan bir vətəndaşdır. Həm də bir məğlub ölkənin utancaq vətəndaşı. Dağları küskün, çaylarının suyu qurudulmuş, torpaqları həsrətdən cadarlamış, gülü solmuş, meyvəsi göy-göy ağacda büzüşmüş, lüt qalan ağacı yayda da hər əsən mehdən üşüyən, çığırı itmiş, yolunu kol-kos basmış, evləri uçulmuş-sökülmüş, hər uşaqlıq şəklinin üstündə bir gözərən giliz yatan viranə yurdun keçmiş sakini. Nə qədər də ağır olsa keçmiş sakini. Yurduna gedə bilməyən, dönə bilməyən dönük bir övlad.

Vaqonun altından asılan beşikdəki məsum, günahsız körpəni görəndə, “yurdunda perik düşənlər səhrada bir oba salıb”- deyəndə ruhu didərgin olan və bütün bunların günahını özündə axtaran...

 

Bu ağrını, ağrıları iki onillikdi özündə gəzdirən, nə özünü, nə ağrını qoymağa yer tapan

 

Güzgüyə baxanda özümüzdən,

dolduracağımız sənəddə

məğlub vətəndaş adından

utanmaqdan xilas et bizi,

M ə m l ə k ə t i m!

 

- deyə için-için zarıyan, məmləkət içində bir didərgin. Sərgərdan...

 

Sərhədlər kəsdi əlimi,

barmaqlarım qan içində.

Bölgə-bölgə can veririk

xəritədə an içində...

 

deyib, səngərdən itirilmiş torpaqlara pis görmüş uşaq anasına baxan kimi baxan. Özündən xəcalət çəkən, əlindəki susan silahın, blindajdakı geyilməmiş parad formasının vaxtacan susacam, mən vaxt geyiləcəmdeyən baxışına dözə bilməyən

 

hər gecə yuxuda gördüyüm yerə,

torpağa bir addım ata bilmirəm.

Səngərin o üzü mənim bilmirəm,

çıxıb qayıdıram, keçə bilmirəm.

Getmək istədiyim yer göz önündə,

gedib o yerlərə çıxa bilmirəm.

Qarşımı atəşkəs, kəsənlər kəsib,

ayağım istəyin yolunu kəsib.

Ölüb neçə kərə girirəm yerə,

əsgərlər səngərdən qazıb çıxarır...

-deyə-deyə, buna yaşamaq deyilərsə, bu günə kimi yaşaya bilmiş, bu günə gəlib çıxmış bir Azərbaycan vətəndaşı.

Hərdən,

Qollarım tale yoludu,

düş yola aparım səni,

bizi ordan bura atan,

dərdlərdən qurtarım səni...

-deyib, gözləri yollarda olanlara yalançı təsəlli verən adam...

Dönüb evlərinin yarısı yanmış, boş qalmış sərhəd kəndlərinə baxıb

 

girişi şlaqbaumlu,

çıxışı səngər xətli,

sərhəd kəndləri.

rahatlığınız var,

sakitliyiniz

bu tənhalıqda.

Qorxudan

inəyin,

qoyunun,

quzun

ürəkdolusu mələyə bilmir,

narın əməlli qızarmır,

qoz da

gecələr qabıqdan düşmür ki,

səsi eşidilər,

tutular atəşə...

-söyləyib, yenə uzaqda, çox uzaqda qalan yox olmuş kəndinə, kəndlərə boylanan, hər gecə xatirələrini soyan, xəyallarının qanadında həsəd apardığı quşlara qoşulub sərhədi aşan, bəzən geri qayıtmayan, qayıtmaq istəməyən, qayıtdığına hefsilənən.

Sonra

Qarabağ,

gedib yenə gələcəyik,

yurd uğrunda son savaşda,

biz ölümə güləcəyik!

-deyən birisi.

- Rafail müəllim, bizə deməyə söz qalmadı...

Amma müsahibəmizi davam elətdirək. Necə bilirsiz, şairmi böyükdür, şeirmi? ya da şeirmi şairi, şairmi şeiri daşıyır?

-Məncə şeir şairdən böyükdür. Çünki şairi böyüdən, şairi şair edən elə onun şeiridir. Şairin nəyi varsa şeirindədir. Şair özünü şeirinə köçürür. Özünü orda təsdiqləyir. Şairi şair edən, onu daşıyan onun şeirləridir. Şeir yazılana kimi şair şeiri daşıyır, şeir qurtarandan sonra şeir şairi daşıyır.

Şeir şairi hara qədər daşıyacaq, bu şeirin gücündən asılıdır. Bu da elə əslində şairin gücüdür.

Şairi böyüdən kiçildən yenə şeirdi. Onun əsəridir. Şair bir şeiri ilə tanına bilər, oxucu yaddaşında qala bilər. Burda kəmiyyət yox, keyfiyyət daha çox pol oynayır. Hətta ən məşhur şairlərin bütün şeirləri uğurlu, sevilən deyil. Şairin bircə şeiri əksəriyyətin yaddaşında qalıbsa, sevilibsə o xoşbəxt şairdi.

-Mənəviyyatı dərin olan adamların bu dünyada yaşamağı çətindi. Sizə görə bu, necədir?

-Maddiyyatın mənəviyyatı üstələdiyi zamanda yaşamaq doğrudan da mənəviyyat adamları üçün çox çətindi. Heç kəsdən heç nədən umacaqları olmayan bu insanlar mənəviyyatın hər şeydən ucada dayandığını, heç nəyin ona kölgə sala bilməyəcəyini bilirlər.

Amma mənəviyyatın arxa plana çəkilməyindən, dəyərlərin, klassik münasibətlərın get-gedə əriməsindən narahatdılar.

Yaxşı ki, mənəvi dayaq olan, biri-birini anlayan dostlar var. Yoxsa yaşamaq çox çətindir. Ən ağır zamanda da insanı saflaşdıran, təmizləyən, keçmişini unutmayan mənəvi dəyərləri, onların sütunlarını qoruyub saxlamaq vacibdir. Bu hər birimizin borcudur.

-Sözün ucuzlaşdığı, gözün görməkdən qorxduğu bir zamanda sözə tapınmağın çətinliyini necə izah edərsiz? ya əksinə. Tək çarə SÖZdümü?

-Şairin tapınacaq yeri sözdür. Ayrı nəyi var ki?! Başlanğıcı sonu söz olan şairin coşan, kükrəyən, içinə qapılacaq yeridi-SÖZ. Dərddən, yalqızlıqdan, tənhalıqdan sığındığı yerdi-SÖZ... şairin özünü ifadəsidi. Şair özünü orda tapır. Orda özünü təsdiq edir. Orda əriyib yox olur. Dərdi, ağrısı, sevinci-insanlarla təmasıdı-SÖZ.

-Yeni çıxan kitabınız başqa əsərləriniz barədə bir neçə kəlmə...

-Bu yaxınlardaGecə xəyallarıkitabım çapdan çıxdı. Bu mənim oxucularla üçüncü poetik görüşümdü. Bundan əvvəlQapıQarabağ rüzgarlarıadlı kitabım işıq üzü görüb.

Onu da deyim ki, mən 80-ci illərdə yazmağa başlasam da təxminən 20 il ədəbiyyatdan uzaq düşdüm. Hətta hərbi xidmətdə olanda da yazmadım. Adətən elə yerlərdə yazmayan da yazmağa başlayır. Rilkenin bir fikri demək olar ki, mənim təzədən yazmağa başlamağıma əsas verdi. Rilke deyir ki, əgər sən doğrudan da şair olmaq istəyirsənsə doğrudan da yazıçısansa, bir müddət yazma, gör, həqiqətənmi yazmaya bilmirsən? Görsən ki, yazmaya bilmirsən, qayıt yaz.

mən təzədən yazmağa başladım.

Qapıadlı ilk şeirlər kitabım 2004-cü ildə çıxdı.

Sonra 2009-cu ildə çap olunanQarabağ rüzgarlarıkitabımda ancaq Qarabağ şeirləri, Rəsul Rza mükafatına layiq görülmüş (2006) “Qarabaq qazisi haqqında balladaÇadır şəhərciyipoemaları da daxil edilmişdi.

Gecə xəyallarıkitabında isə son dövrlər yazdığım şeirlər Şopenin ürəyipoeması var.

Bundan başqa Səlim Babullaoğlu ilə birlikdəQəfil görüş”, çağdaş polyak poeziyası antologiyası kitabı 2010-cu ildə nəşr olunub.

Bu il çağdaş polyak şairlərindən ibarət geniş həcmli bir tərcümə kitabını çap etdirmək fikrindəyəm. Artıq yekunlaşmaq üzrədir. Bu kitaba 17 çağdaş polyak şairlərindən tərcümələr daxil ediləcək.

Gələcəkdə publisistik yazılarımı da kitab şəklində çap etdirmək fikrindəyəm.

-Oxuculara şair sözü

-Oxuculara ürəklərinə yatan, könüllərini oxşayan şeirlər arzulayıram. Bir kitabdan uzaq düşməmələrini. Kitabla ünsiyyətin yerini ləzzətini heç vermir.

Eyni zamanda sevdikləri şairlərlə təmasda, tez-tez bir yerdə olmalarını diləyirəm.

oxucu üçün, şair üçün bundan gözəl heç yoxdur.

Oxucuların nəsibləri zövqlərinə uyğun gözəl şeirlər olsun. Bu da mənim şeir payım...

Nigarançılıq

Taleyin boz fəsli dəyişmir hələ,

bu ömür baharla sevişmir hələ,

gecədə ay da yox, gündüz belə,

gün keçir, ay ötür, könül nigaran.

Günahlar atılır zamanın üstə,

ömürlər əriyir gümanın üstə,

yaxşılar savaşır yamanın üstə,

gün keçir, ay ötür, könül nigaran.

Əllərdən qaçanlar gözlərdən qaçır,

kar qulaq haqq olan sözlərdən qaçır,

yorulan yollar da izlərdən qaçır,

gün keçir, ay ötür, könül nigaran.

Tabladıq dərdlərə dözənə qədər,

xərcləndik günləri üzənə qədər,

yaşadıq, bu ömrü çözənə qədər,

gün keçir, ay ötür, könül nigaran...

 

Nigar İsfəndiyarqızı

 

Kaspi.-2013.-8-10 iyun.-S.22.