Kino sənayesinin düzgün qurulması ən ümdə məsələdir

 

Aktual söhbət

İki ilə yaxındır ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına yeni direktor – 44 yaşlı Müşfiq Hətəmov rəhbərlik edir. O, 1992-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistitutunun (indiki ADMİU) dramkino aktyoru fakultəsini bitirmiş, 1992-2012-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda (indiki Bakı Humanitar kolleci) gənc nəslə rejissoraktyor sənəti fənnini tədris etmişdir.

M.Hətəmov onlarla konsert və televiziya proqramlarının, reklam kompaniyalarının rəhbəri, 12 videofilmin, 10-dan artıq tammetrajlı bədii filmin prodüseri, bir neçə televiziya filminin və bir çox televiziya layihələrinin müəllifi olmuşdur.

2002-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-2011-ci illərdə kinematoqrafiya şöbəsinin müdir müavini vəzifələrində çalışmışdır. 2011-ci ilin dekabr ayından C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında direktor vəzifəsində çalışır.

Bu günlərdə əməkdaşımız M.Hətəmovla görüşmüş və kinostudiyada görülən işlərlə bağlı ona bir neçə sualla müraciət etmişdir.

- Müşfiq müəllim, kino sənayemizin sabahını necə görürüsünüz?

- Azərbaycan müstəqillik əldə edəndən sonra xüsusilə keçid dövründə təkcə bizim respublikada yox, keçmiş Sovetlər Birliyinin kino sənayesində böyük problemlər meydana çıxdı, yeni tələblər irəli sürüldü. Tənəzzülə uğramaqda olan müasir kino sənayesinin tələblərinə cavab vermək, onu bu vəziyyətdən çıxarmaq üçün çox böyük işlər görülməsi qarşımızda təxirəsalınmaz bir vəzifə olaraq qoyuldu.

Bu gün biz 20 ildən artıqdır ki, müstəqilik. İnkişaf edən müstəqil dövlətimizdə, cəmiyyətimizdə kinonun strateji bir sahə olduğu hamıya bəllidir. Bunu və kinonun həm də kommersiya sahəsi olduğunu nəzərə alaraq biz artıq kino sənayesinin düzgün qurulmasına və Azərbaycan kinosunun dünya arenasına çıxmasına çalışmalıyıq.

- Buna necə nail olmalıyıq?

- Birincisi, Azərbaycan yerləşdiyi məkana görə gözəl bir pavilyona bənzəyir: dənizi, dağı, dərəsi, səhrası, şəlalələri var. Bundan düzgün istifadə etmək yollarını tapmalıyıq.

İkincisi, Azərbaycan xalqının mədəniyyəti baxımından çox zəngin mənəviyyatı, babalarımızdan yadigar qalan maddi və mənəvi sərvətləri var. Biz bunu kinonun dilinə çevirməli və dünya üçün bunu maraqlı etməliyik.

Üçüncüsü, Azərbaycan kino sənayesinin kadr məsələsini, onların hazırlanmasını həll etməliyik.

Dördüncüsü, biz dünya kino şirkətlərini ölkəmizə mütləq gətirməliyik.

- Bütün bunları necə həyata keçirməliyik?

- Məhz bu suallara cavab verməyə çalışanda bir sıra məsələlərin həlli yolları bizə aydın olur. İlk növbədə kino sənayesinin düzgün qurulmasından çox şey asılıdır. Yəni yerli və xarici kino mütəxəssisləri Azərbaycana gəlib təyyarədən düşəndə o, bütün standartlara cavab verən xidmətlərin təşkil edilməsindən arxayın olmalıdır. Bununla bağlı biz qanunu bazanı artıq hazırlamışıq.

Azərbaycanda xaricilərin film çəkməsi üçün onlarda maraq yaratmaqda iki məqsəd var. Birincisi, vəsaitin cəlb edilməsi. İkincisi, kino işçiləri üçün bütün lazımi şəraitin yaradılması. Bununla bərabər yerli kadrlardan da 40-50 faiz istifadə olunması. Belə bir addımı İran kinosu 30-40 il bundan əvvəl atmışdı. Nəticəsi də göz qabağındadır. Bu gün onlar xarici kino mütəxəssislərinin köməyinə ehtiyac duymurlar.

Müştərək işlərin görülməsi baxımından biz ilk dəfə olaraq türk kinematoqrafçıları ilə birgə “Mahmud və Məryəm” filmini çəkdik. Film Avropa ölkələrində, Yaponiya və Amerikada artıq nümayiş etdirilib. Bu hadisənin özü göstərdi ki, bizə maraq nə qədər artıb.

Xariclə əlaqə məsləsi də gündəlikdə durur. Milli kino mütəxəssislərinin hazırlanmasında əsasən biz xarici təhsil müəssisələri ilə əlaqələrimizi qururuq. Yəni xaricilərin ən məşhur mütəxəssislərinin gəlib Bakıda dərs keçməsi, yaxud bizim nümayəndələrin xaricə getmələri. Gənclərin xaricdə təhsillərini davam etdirməsi günün vacib məsələlərindəndir.

Ola bilər ki, hansısa bir rejissorumuz güclüdür, yəni yüksək peşəkardır, istedadlıdır. Əgər onun ətrafında müasir texnika, kino avadanlığı bu günün tələblərinə cavab vermirsə, rejissorun ətrafında onun səviyyəsində kino mütəxəssisləri yoxdursa, biz dünya kinosu ilə rəqabətə girə bilmərik.

Bu gün xarici şirkətlərlə bizim kinostudiyanın əsaslı şəkildə layihələndirilməsi prosesi gedir. Bu məslədə əsas rolu Fransa şirkəti oynayır. Ancaq bütün standartlara cavab verə biləcək kino sənayesini qurmaq bizim iştirakımızla olacaq. Fransızların verdikləri layihələrə 5-6 xarici şirkətdən və yerli mütəxəssislərdən də ekspert rəyləri almışıq.

Əgər biz kinostudiyanın işini düzgün qursaq, sonrakı məsələlər də öz qaydasına düşəcəkdir. Misal üçün, xaricilərlə belə şərtlər irəli sürmüşük ki, hansı xarici şirkətdən texniki təchizat alırıqsa, bizim kadrlarımızı da iki il əvvəlcədən o şirkət hazırlamalıdır. Bu gün Azərbaycan kinosunda texniki sahədə mühəndislər, işıqçılar, səs rejissorları yox dərəcəsindədir. Bu gün bizim gənc ssenaristlərimiz, gənc rejissorlarımız istənilən maariflənməni, lazımi informasiyanı ala bilmirlər. Dövlət tərəfindən hər cür dəstək var. Ancaq işlək mexanizm yoxdur. Ona görə də kino sənayesinin düzgün qurulması deyəndə texniki təchizatla yanaşı yaradıcı insanların formalaşmasını, yetişmə prosesinin hazırlanmasını da nəzərdə tuturuq. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində vaxtaşırı “Bu meydan, bu ekran” layihəsini həyata keçiririk. Bu ondan ötrü lazımdır ki, istedadlı gəncləri yetişdirək, qısametrajlı filmlərlə onları sınaqdan keçirək və fərqlənənlər tammetrajlı filmlər çəkə bilsinlər.

Bu günə kimi ölkəmizdə özəl kino sahələri pərakəndə şəkildə fəaliyyət göstərirdi. Ona görə də burada əsasən İran və Gürcüstanın texniki kino avadanlığı bazasında istifadə edilirdi. Biz ölkəmizdə prodüserlər gildiyasını təsis etdik və respublikamızda olan 18 şirkəti bu gildiyada birləşdirdik. Artıq onların özlərinin böyük texniki potensialları yaranmışdır. Ancaq bunlardan düzgün istifadə etmək lazımdır. Yəni birində yaxşı mütəxəssis var, digərində isə yaxşı texnika. Biz bunları birləşdirdik və ilk dəfə olaraq birlikdə “Ədəbi ssenari müsabiqəsi” elan etdik.

Özəl kino sahəsinin inkişafı üçün prodüser kinosunu milli kinematoqrafiyaya gətirməliyik. Neçə illərdir filmlər çəkilir, bir-iki dəfə ictimai baxış olur, sonra da qoyulur Film Fondun bazasına. Bu filmlərə nə yerlərdə, nə də xaricdə baxan olmur. Ancaq özəl kino sahəsi inkişaf etdikcə prodüserlərin də rolu artacaq. Bu o deməkdir ki, prodüser kinoya vəsait qoyan adamdır. Əgər o, ssenarini özü seçirsə, deməli, öz zəhmətinin qayğısına da qalacaq. Filmin istehsalı ilə bağlı daha güclü və peşəkar mütəxəssislərlə məsləhətləşəcək, bu işə ürəklə yanaşacaq. Beləliklə də, dövlət kinoya maliyyə ayırmaqla yanaşı, özəl kino sahəsi də inkişaf edəcək və iş adamlarında kinonun gəlirli bir sahə olduğuna inam artacaqdır.

 

Bu gün kino sənayesinin yenidən qurulması, prodüser kinosunun inkişaf etdirilməsi ilə yanaşı ssenari yazmaq metodunun özündə belə problemlər var. Çox vaxt filmlərə ssenari yazmış tanınmış bir kinodramaturqun ədəbi ssenariləri dünya prokatında rol oynaya bilmir. Çünki artıq bu sahədə estetika dəyişmişdir.

Bu gün biz animasiya filmlərinin inkişafına xüsusi diqqət yetiririk. Bununla əlaqədar gənslərin qarşısında yaşıl işıq yandırmışıq, onları bu işə cəlb edirik.

Daha bir vacib məsələ kino istehsalı normativlərinin hazırlanmasıdır. Yəni əvvəllər belə bir versiya var idi ki, prodüser və ya studiya direktoru deyirdi ki, mən filmin çəkilmədinə bu qədər pul verirəm. Bu da onunla nəticələnirdi ki, yaradıcılıq prosesində anlaşılmazlıq baş verirdi: ya filmin istehsalı başa çatandan sonra vəsait artıq qalırdı, ya da istehsal başa çatmamış, çəkiliş qrupu vəsaitsiz qalırdı. Hazırda bu proses dayandırılmışdır. Bunun əvəzinə bu gün rejissor ssenarisinin yazılması vaxtından çəkilişə hazırlıq dövrünün ortalarına kimi kiçik bir vəsait tələb olunur. Hazırlıq dövründə filmə nə qədər vəsait tələb edilməsi mütəxəssislər tərəfindən hesablanır və dəqiq büdcə müəyyənləşdirilir. Beləliklə də, gələcəkdə filmin yarımçıq qalması baxımından dövlət kinsotudiyasında film direktorunun və ya prodüserin riski aradan götürülmüş olur.

İkinci tərəfdən filmin istehsalı dövründə film direktoru və ya prodüser vəsaitin xərclənməsində artıq birbaşa iştirak etmir.

Kinostudiyada müxtəlif xidmət sahələri var: istehsalat şöbəsi, texniki şöbə və s. Sifarişlər bu şöbələrə verilir. Sonra maliyyə meneceri haqq-hesab aparır. Beləliklə də, düzgün sənədləşdirmə prosesi gedir. Bu, dövlət strukturunda olan elementar bir prosesdir. Belə iş üsulu gələcəkdə nöqsanlı halların qabağını alır.

Rejissorla filmin direktoru bəzən birləşib çəkilişin vaxtını bir ay, yaxud iki ay uzadır. Bu gün artıq o mexanizm yoxdur. Ona görə ki, bu məsələ ilə bağlı nə rejissorda, nə də film direktorunda çəkilişi uzatmağa maraq qalmır. Çəkiliş prosesi vaxtında qurtarır, özü də itgisiz. Nəticədə yaradıcı qrup yaxşı mükafat alır. Beləliklə də, üç aylıq çəkiliş ay yarıma başa çatır.

Hal-hazırda bizim əsas işimiz faktik işlək mexanizmə malik bir sistemin qurulmasıdır ki, xarici mütəxəssisləri bura cəlb edə bilək. Digər məsələ bizim az sayda olan mütəxəssislərimizin sertifikat ala bilməmələridir. Çünki ölkəmizə gələn xarici şirkət və yaxud mütəxəssis bizim kadrlarımızın potensialı haqqında əvvəlcədən məlumat almaq istəyir. Məlumat isə yoxdur. Ona görə də biz öz mütəxəssislərimizi sertifikatlaşdırıb onlar barədə dünya aparıcı şirkətlərinin kataloquna saldırmalıyıq.

Biz Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyevin diqqət və qayğısından və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin yaratdığı dəstəkdən yararlanaraq bu sistemi tədricən qururuq. Bu, birinci mərhələdir. İkinci mərhələ istehsalatı düzgün qurmaqdır. Bu sahədə də artıq eksperimentlərimizi aparırıq. Üçüncü mərhələ, 2014-cü il üçün çalışacağıq ki, müştərək filmlərin çəkilməsinə daha çox diqqət verək. Biz qoyduğumuz xərclərdən gəlir götürməliyik.

Azərbaycanın ərazisi çox böyük deyil, əhalisi də. Biz çalışmalıyıq ki, çəkdiyimiz filmlərlə xarici ölkələrin, Türkiyənin, İranın, Avropa ölkələrinin prokatına girə bilək. Ona görə də ilk dövrlərdə müştərək filmlərin çəkilməsi bizə çox lazımdır.

Bu gün kinoprokatın yenidən təşkili məsləsini qaldırmışıq. Tezliklə respublikanın 48 rayonunda 150-yə yaxın zalda videoproyektorlar quraşdıracağıq. Halbuki bu gün cəmi 10-15 kino zalı fəaliyyət göstərir. Tezliklə 150 zalda eyni gündə film nümayiş etdiriləcəkdir. Bu, Azərbaycanda müstəqillik dövründə mədəniyyət sahəsində ən böyük hadisə olacaqdır.

 

Hazırda Avropa Şurasında kinonun inkişaf fondu fəaliyyət göstərir. Üzv olmaq üçün biz də ora ərizə ilə müraciət etmişik. Ssenarilərin hazırlanmasında, prokata çıxmaqda, müştərək işlərin görülməsində çox böyük rolu olan bir təşkilatdır, fonddur. Gürcüstan və Rusiya bu fondun üzvüdür. Filmin istehsalında, keyfiyyətinin yaxşılaşmasında təşkilat əvəzsiz rol oynayır.

Fransanın Kann Beynəlxalq kinofestivalında bizim pavilyonumuz açıldı. Bu sahədə görüləsi işlərimiz hələ çoxdur.

Prodüserlər gildiyasının seçdiyi ssenarilərə əsasən 8 gənc kinorejissoru “Azərbaycanfilm” kinostudiyasına dəvət etmişik. Onlara çəkmək üçün qısametrajlı filmlər vermişik. Özəl sahələr, prodakşnlar həmin filmlərin maliyyələşdirilməsində iştirak edirlər. Gənclərin yaratdıqları filmlərdən kinoalmanax şəklində istifadə olunacaqdır. Gənc rejissorlardan hansının işi yüksək səviyyədə olsa növbəti dəfə ona tammetrajlı film veriləcəkdir. Hətta xaricdə yaşayıb, təcrübəsi olan gənclərimizi də bu məsələlərlə bağlı ölkəmizə dəvət edəcəyik. Demək istəyirəm ki, biz işimizi bu şəkildə qururuq və gördüyümüz işlərin səmərəli olacağına əminik.

- Müsahibə üçün sağ olun!

 

Aydın Kazımzadə

 

Kaspi.-2013.-8-10 iyun.-S.21.