«Ləyaqət düsturu» Dövlət Pedaqoji Universitetində müzakirə olundu

 

«Əsil ədəbiyyat həyatla nəfəs almalıdır. Bu günün insanı özünü ədəbiyyata görərsə bu, bədii əsərə, ümumilikdə kitaba marağı artıra bilər». Bu fikirlər yazıçı Natiq Məmmədlinin «Ləyaqət düsturu» hekayələr kitabının Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində keçirilən müzakirəsində səslənib. Fakültənin dekanı professor Buludxan Xəlilov çıxışında müasir ədəbiyyatın hazırkı səviyyəsinə, yeni yazılan əsərlərin forma və məzmun xüsusiyyətlərinə diqqəti yönəldib.

Müasir oxucu bədii əsərlərdə özünü tapa bilmir, deyən professor qeyd edib ki, kitaba marağı artırmaq üçün konkret nümunələr olmalıdır. Yazıçı gərək oxucunun nəylə nəfəs aldığını düşünsün və müasir insan sürətləri yaratmaqla problemin bədii formada həllinə nail olsun. Professor «Ləyaqət düsturu» kitabında yer alan hekayələrin real həyatla səsləşdiyini və hamının düşündürən məsələlərin bədii boyalarla təsvirinin uğurlu aldığını dedi. N.Məmmədlinin hekayələrindən bir neçə məqam diqqət çəkir. Birincisi, hamının gördüyü, bildiyi, sadə, adi hadisələri təsvir etmək. Elə hadisələr, həqiqətlər ki, hər zaman aktualdır, müasirdir. Müasirliyini heç zaman itirməyən mövzular həm də yeniliyini saxlayır. İkincisi, yığcamlıq, sözə qənaət (deməli, sözə hörmət) mətləbi uzatmamaq… Kitabda təqdim olunan hekayələrdə satirik ovqat çox güclüdür. Mövzu seçimində, təsvir olunan hadisələrdə, yaratdığı xarakterlərdə, adların seçilməsində bu ovqat özünü xüsusilə göstərir. Məsələn, «Ləyaqət düsturu» hekayəsində Cəsarət - bütün hərəkətləri, xarakteri etibarı ilə qorxaqlıq timsalıdır. Ədalət – ədalətsizlik nümunəsi, Qeyrət – başdan-ayağa başqalarını da qeyrətsizliyə sürükləyən bir varlıq. Təsadüfi deyildir ki, Cəsarət müəllimi şərəf və ləyaqətinin təhqir olunmasına görə pul almağa məhz Qeyrət təhrik edir

Professor B.Xəlilov kitabdakı digər əsərləri də təhlil edərək bildirdi ki, orijinallığı ilə seçilən “Bütün maymaqların yükü” hekayəsi də oxucunu düşündürən hekayələrdən biridir. Dünyada hər şeyin ağa-qaraya, müsbətə-mənfiyə bölündüyü kimi insanların da maymaqlara və əclaflara ayrılması həqiqətə uyğun müşahidədir. Amma, sən demə maymağın əclaf olması elə də asan deyilmiş, onun da öz çətinlikləri, əzab və əziyyətləri varmış...

Müzakirələrdə çıxış edən professor Tərlan Novruzov vurğuladı ki, bu hekayələrdə gündəlik həyatımızda rastlaşdığımız həqiqətlər, insan xislətinin dəyişməz naqislikləri, gerçəkliklərlə barışmayan, lakin onu dəyişməyə gücü çatmayan xeyli xarakterlər təsvir olunub. Kitabdakı (18 hekayə verilib) “Kloun”, “Beş atanın ögey oğlu”, “Yaxşı anaların oğulları”, “Balaca məmurun təbriki”, “Dolma”, “Oğru”, “Babamın ordenləri” və sair hekayələr süjet xəttinin dinamikliyi, obrazların rəngarəngliyi ilə bir-birindən fərqlənsə də, hamısının kökündə kimsənin təkzib edə bilmədiyi acı reallıq durur.

T.Novruzov qeyd etdi ki, kitabda cəmləşmiş hekayələr hər biri ayrı-ayrı süjet xətti üzərində qurulmuşdur. “Ləyaqət düsturu” hekayəsində öz ləyaqətini qiymətləndirə bilməyən məmur düşdüyü vəziyyətdən çıxmaq üçün çabalar göstərəkən üzləşdiyi vəziyyət onu çıxılmaza aparır. Və ya “Dolma” hekayəsindəki ənənəvi mübahisə predmeti gənc yazarın qələmi ilə yeni formada diqqətə çatdırılır. “Vaxtı keçmiş sitatlar” hekayəsi özünün arzularını savadsızlığı və səbatsızlığı ilə qovluqlarda “dəfn etmiş bir ziyalının” üzləşdiyi nəsnədir. “Mənim birinci yalanım” həyata həqiqətlərinin bədii inikasıdır desək yəqin ki, yanılmarıq. Cəmiyyətdəki naqisliklər haqqında söhbət “Korun gördüyü gələcək” hekayəsində də davam edir. Burada bir oğru hər addımbaşı Allahı yada salanda kor ona deyir ki, “Sən nə çox “inşallah” deyirsən, onsuz da oğrusan, Allah nəyinə lazımdır?” Oğrunun cavabı da yetərincə orijinal və günümüzlə səsləşən tərzdədir: “Allah elə mənə lazımdır də! Sənin kimisi onun qədrini hardan bilər? Heç görmüsən ki, məğrur adam, düz adam nə vaxtsa şükür etsin?”

“Kloun” hekayəsində isə yazar maraqlı bir üsuldan istifadə edərək insan ləyaqətini alçaltmağa öyrəşən bir görməmişi öz nəvəsinin diliylə məhv edir. Bu görməmiş klounu kişi hesab etmir, ona yuxarıdan aşağı baxır. Axırda da onun nəvəsi kloundan soruşur ki, “sən kişisən?” Aldığı cavabdan sonra uşaq deyir ki, “mən də kloun olmaq istəyirəm”. Bununla, əslində, həmin uşaq atasının tərbiyəsizliklərinə klounun verə bilmədiyi cavabı bir şapalaq kimi onun sifətinə çırpmış olur.

Müzakirələrə qatılan Azərbaycan Yazıçılar Birliyinin təmsilçisi, şair Dayandur Sevgin bildirdi ki, Xalq yazıçısı Anar kitaba yazdığı ön sözdə haqlı olaraq vurğulayır ki, “Natiqin hekayələrini oxudum, bəri başdan qeyd edim ki, peşman deyiləm...” Bu yığcam münasibət özlüyündə oxucu diqqətini cavan bir müəllifin yaradıcılığının üzərinə çəkmək üçün çox mötəbər, ciddi bir tutalqa verir.

Son dərəcə dəqiq və doğru bir şərhdir ki, bir çox mühüm cəhətlərlə bərabər Azərbaycan insanının ədalət axtarışı Natiq Məmmədlinin sözügedən kitabında təqdim olunan hekayələrin əsas qayəsini təşkil edir. Bu hekayələrdə ilk baxışda sadə, diqqəti cəlb etməyən hadisələrin bədii formada ifadəsi oxucuya yalnız bir ideyanın –“ mütləq dəyişmək, mütləq dəyişilmək yanğısının aşılanmasına hesablanıb”.

D.Sevgin “Dolma” hekayəsi haqqında danışaraq bildirdi ki, bu əsərdə torpaqlarmızda özlərinə yurd-yuva qurub, bizim qonaqpərvərliyimizdən istifadə edib evimizin sahibinə çevrilən, indi isə musiqimizə, eləcədə mətbəximizə yiyələnmək istəyən, çörəyi dizi üstə olan ermənilərin hərisliyini, xəbisliyini dəqiqliklə açılır.

Tiflis şəhərində mühazirə oxumağa gedən mütəxəssislər arasında ingilis, fransız, alman və ruslarla yanaşı, Azərbaycan, erməni və gürcü nümayəndələri də var. Nahar zamanı azərbaycanlı erməni Rubik və gürcü Vado ilə bir masa arxasında əyləşir. Hekayənin adından göründüyü kimi dolma yeyəsi olurlar. Hər yerdə özlərinin saxta reklamlarını işə salan erməni bu dəfə “mənə erməni dolması gətir” deməsi Azərbaycan nümayəndəsinin narazılığına səbəb olur. Təbii ki, bizim milli xörəyimizin ermənilərin öz adlarına çıxması ona ağır gəlir. Mübahisənin artıq diqqət çəkdiyini görən Rusiya nümayəndəsi: azərbaycanlıya “sən erməni dolması ye, Rubik də Azərbaycan dolması yesin” deyir. Məncə əlavə şərhə ehtiyac yoxdur. Xatırladım ki, “Dolma” hekayəsi ikinci “Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibi olub”

“Beş atanın ögey oğlu” isə bir ayrı mərəkədi. Belə ki, beş ata oğlan uşaqlarına sənət öyrənmələri üçün qonşu qəbiləyə göndərirlər. Vədə tamam olur. Atalar oğlanlarını geri almaq üçün gedirlər. Sən demə, atalar öz oğullarını yalnız öyrəndikləri sənətə görə tanıyırmışlar. Hər uşaq öz atasının sənətini əxz etməliymiş. Bu dəfə məsələ başqa cür olur. Bir oğlan uşağı bir yox bir neçə müxtəlif sənət öyrənir. Hər ata o uşaqda öz oğlunu görür. Çox sənət öyrənmək atalara küfr kimi gəlir, həmin uşağı öldürüb canlarını qurtarmaq istəyirlər. müdrik qoca məsləhət görür ki, səhərəcən səbr edin. Atalar razılaşırlar. Səhər qalxıb o balaca oğlanı tapa bilmirlər. Məlum olur ki, çıxıb gedib. Atalar bəladan qurtulduqlarına sevinirlər. Müdrik qoca baş verənləri pünhanınca Quruçaya pıçıldayır: “O, Qəbrdə yenidən doğulacaq, hər şeyi anlayıb başa düşəndən sonra öz evinə, ruhunun beşiyi olan qəbiləsinə qayıdacaq. Mütləq qayıdacaq. Amma Şərqli qəbiləsi bunu bilməsə yaxşıdır...”

Tədbirdə çıxış edən tələbələr Ceyhunə Rzalı, Aygün İsayeva, Könül Quluzadə, Aynurə Fərzəliyeva, İradə Səmədova və başqaları kitab barədə fikirlərini bildirməklə yanaşı, müəllifə müxtəlif suallar ünvanladılar.

N.Məmmədli maraqla keçən müzakirənin təşkil etdiyi üçün Dövlət Pedaqoji Universitetinin, habelə Azərbaycan dili və ədəbiyyat fakültəsinin rəhbərliyinə təşəkkürünü bildirdi. Tələbələrin suallarını cavablandıran müəllif belə görüşün məhz bu fakültədə keçirilməsinin heç də təsadüfü olmadığını bildirdi. Burada məqsəd gələcəyin müəllimləri olacaq şəxslərdə ədəbiyyata marağı daha da gücləndirmək və müasir yazıçıların əsərlərinin təbliğ etməkdir. Çıxışda müasir oxucunun marağına səbəb olacaq, onu oxumağa və düşünməyə sövq edəcək əsərlərin yazılmasının lazımlı olduğu vurğulandı. Yazıçı gələcək yaradıcılıq planları barədə məlumat verdi.

 

Rufik İSMAYILOV

 

Kaspi.-2013.-8-10 iyun.-S.17.