Mətnin enerjisi yoxdursa, demək, anadan ölü doğulub.

 

Bəsti Əlibəyli: İndiki zaman ədəbiyyata işləmir, Hətta Dostoyevskiyə, Kafkaya da işləmir

Müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin tənqid və publisistik seksiyasının rəhbəri Bəsti Əlibəylidir. Bəsti xanım daha çox məruzələri və yazıları ilə görünür, nadir hallarda müsahibələri gözə dəyir, düşündük ki, onunla görüşüb bir ədəbi söhbət edək.

- Bəsti xanım, xüsusi şəxslər barədə daha çox yazırsız, ədəbi tənqidin müzakirə etdiyi məsələlərdənsə sanki kənarda dayanmağa üstünlük verirsinizz, bu nəylə bağlıdır?

- Ədəbi-tənqidi çalışmalara davam etdiyim 12 ildə, ümumən götürdükdə, son yüzil ədəbiyyatımıza, xüsusi təhlil müstəvisində isə 60-lardan üzübəri haqqı və yeri olan əksər yazarların yaradıcılığına münasibət bildirmiş, hətta bir çoxlarına (İsa Muğanna, Anar, Əkrəm Əylisli, Ramiz Rövşən, Vaqif Bayatlı, Afaq Məsud, Aqil Abbas və s.) ikili planda – həm təhlil, həm üz-üzə söhbətlə geniş diqqət ayırmışam. Və bu sırada hər üç nəsil, üstəlik, ən müxtəlif ədəbi mövqelər təmsil olunub. Vaqif Bəhmənli, Əlisəmid Kür, Salam, Rasim Qaraca, Yaşar, Elçin Hüseynbəyli, Məqsəd Nur və s. İndi hamısını xatırlamaq çətindir, sadəcə, bunu deyə bilərəm ki, hazırda ədəbi təhlillərimi nəşrə hazırlayıram və hətta seçmə üsulla belə, bu yazılar beş-altı yüz səhifəlik bir kitabdır. Amma bu doğrudur ki, hər kəs haqqında yazmamışam və belə bir fikrim də yoxdur. Çünki dənizi analiz etmək üçün onun müxtəlif səmtlərindən bir neçə ovuc götürmək yetərlidir.

Siz söylədiyiniz kimi, xüsusi şəxslərə həsr olunan bir neçə monoqrafiyam da var. Məsələn, Anarın bədii yaradıcılığı, dramaturji və kino fəaliyyəti barədə kitab yazmışam və o, buna layiq şəxsiyyətdir. Rəhmətlik Akif Səmədə də kiçik bir monoqrafiya həsr etmişəm. Bunun bir tərəfində bizim böyük irfani dostluğumuz dayansa da, Akif o kitabı istedadıyla haqq etmişdir və 80-ci illər nəsli içində onun xüsusi yerini kimsə inkar edə bilməz.

Əsas budur ki, ədəbiyyata heç vaxt ticari maraqlardan baxmamışam. Vicdanı olan hər kəs mənim əlimin də, cibimin də çox təmiz olduğunu gözəl bilir və bu mənə yetər.

Ədəbi tənqidin müzakirə etdiyi məsələlərə gəlincə, mən AYB tənqid bölümünün kuratoruyam, birlik səviyyəsində bir neçə dəfə məruzə qoymuşam ortaya, televiziya kanallarında, radioda, kitab təqdimatlarında, mətbu sorğularda gərəkən münasibəti bildirmişəm.

İndi bu görünmürsə, mən neyləyim? Özünüreklam lazımdır? Dostum, bu iş mənlik deyil.

– Əsəd Cahangir poema yazıb, Nizaməddin Şəmsizadə və siz də şeirlər yazırsız. Amma tənqidçilərdə, inciməsəniz, belə deyərdim ki, şeir alınmır. Sizcə, bu, nəylə bağlıdır? Ümumən, şairliyə iddialısızmı?

–Bəli, Əsəd Cahangirin “O adam” və “Namaz” adlı iki poeması var. “Namaz”a görə Əsəd 2007-ci ildə beynəlxalq Mövlana Cəlaləddin Rumi mükafatı da alıb. Tənqidçi-ədəbiyyatşünas alimlərdən Nizaməddin Şəmsizadənin, Cavanşir Yusiflinin şeirlərini də oxumuşam. Çox normal, poetik düşüncə sistemi, ölçü-biçisi yerində olan şeirlərdi və hər üç tənqidçinin bədii yaradıcılığının şəxsən mənə görə bir özəlliyi də “Elmsiz şeir əsassız divar olur, əsassız divar qayətdə bietibar olur” (Füzuli) konsepsiyasını doğrultmasındadır.

Sənsə tənqidçilərdə şeir alınmadığını deyirsən. Sayğım var düşüncənə, Amma gəl başqa bir dövrün tənqidçisinə – ötən əsrin 30-cu illərində Azərbaycan sərbəst şeirinin ilk qaranquşlarından olan Mikayıl Rəfilinin yaradıcılığına baxaq. Səncə, Mikayıl Rəfilidə də şeir alınmırdımı? Düşünürəm ki, yox, deməyəcəksən. Mikayıl Rəfili şair idi, amma eyni zamanda, ədəbiyyatşünas-tənqidçiydi və Azərbaycan sərbəst şeir nəzəriyyəsinin gəlişməsi də bilavasitə onun xidmətidir. Amma gedişatda tənqidçi Mikayıl Rəfili şair Mikayıl Rəfilini uddu. Məsələ bu.du Yəni, tənqidçidə şeir alınmır- –tezisiylə baxsaq, onda gərək Borxesi də şair saymayaq. Halbuki, Borxesdə hər şey - tənqidçilik də, şairlik və nasirlik də unikal səviyyədə alınıb.

Məncə, bu müstəvidə məsələ yaradıcı düşüncədə bir tərəfin o biri tərəfi ağır basması şəklində qoyulsa daha düzgün yanaşma olardı.

Şəxsən mənə gəlincə, şeir məndə sadəcə, bir hobbi deyil. Şeir mənimçün bir yaşamdır. Amma o yaşama nadir hallarda dönürəm, çünki həqiqi şeirin nə olduğunu bilir və özümə də o müqayisədə baxdığımdan “min ildə bir” yazıram. Ən azından, 50 şeirimə iddialıyam və o şeirlərin şeir olmasını “Avropa Şurasında” da sübut edə bilərəm.

– Adamlara heyranlığınızı çox aydın bəyan edirsiz yazılarınızda, sizcə, bu ədəbi tənqidə nə dərəcədə xas xüsusiyyətdir?

– Adamlara heyranlıq yox, ədəbiyyata sevgi deyərdim mən buna. Tənqidçinin missiyası yazıçını söymək, danlayıb aşağılamaq və onu öz “eqo”suyla əzmək deyil. Tənqidçinin missiyası yazıçıyla, ədəbiyyatla yardımlaşmaq və magistral seçimlərdə tərəfdaş olmaqdır. Nifrətlə, yuxarıdan aşağı baxmaqla bu işi görmək olmaz. Mən yazılarımda bu məsuliyyətdən çıxış edirəm. Təbii, sevdiyim xeyli yazarlar da var, amma bu heyranlıq səviyyəsində deyil. Heyranlıq Nəsimiyə, Füzuliyə, Mirzə Cəlilə, Sabirə, yəni, zaman problemini həll etmiş dühalara ola bilər.

– Mən sadədil adamı

Məscid də, kəlisa da aldatdı.

Göydə mələklər, yerdə

Məhəmməd, Məsiha aldatdı.

Haqqın bir üzü var derlər, amma

Haqqın bir üzünü

Cənabi-Haqq da gizlədi, aldatdı.

Bu şeirinizi necə təhlil edərdiniz, amma yad mətn kimi? Məncə, aşırı küfr hiss olunur.

- Mən, sadəcə, bu şeiri deyil, ümumən, şeir olsun, ya tənqid, publisistika, - bütün yazılarımı öncə yad mətn kimi oxuyub iincələdikdən sonra auditoriya üzünə çıxarıram. Bu belə.

İndi küfr məsələsinə gələk; ötən ilin elə bu vaxtları Türkiyənin Elazıq şəhərində keçirilən 20-ci Uluslararası Xəzər şeir axşamlarına dəvət olunmuşdum. 3 gün davam edən o törənin açılışında mən Allaha xitabən yazdığım “Sən” adlı şerimi, final gecəsində isə sizin küfr saydığınız həmin bu “Sadədil”i oxudum. Və bu küfrlü şeir minlərlə insanın qatıldığı möhtəşəm şeir bayramında Allahla, inam və imanla dolu birinci şeirdən az alqış qazanmadı.

            Alqış qazanmaq hələ yaxşı olmaq deyil ki, Bəsti xanım.

            Yəni , bugünkü müsəlman dünyasında hər anlamda Allaha və Kitaba bizdən çox yaxın olan, üstəlik, dinçilərin hakimiyyət başında olduğu Türkiyədə bu şeiri küfr kimi yox, sadəcə, bir şeir kimi qarşıladılar. Şeiri oxuyub tribunadan endikdən sonra mənim səfər yoldaşlarımdan biri – qorxmursanmı belə mömin-xurafatçı izdiham içində bu cür şeir oxuyursan, deyə, yarızarafat-yarıgerçək tövrlə əndişəsini bildirdi Amma bir türk insanı belə mənim “gül üzümə püf” də eləmədi. Demək istədiyim budu ki, əziz dost, şeirə siyasi, dini, ideoloji manifestasiya kimi yox, sadəcə, bir şeir kimi baxmaq lazımdı. Çünki, içdən gələn səmimi şeir ruhun, ovqatın dəyişkən şəkilləridi və mənim “küfrlü” şerim də o şəkillənmələrdən biridi.

Unutmadan deyim ki, indiyəcən bircə şeir kitabım çıxıb və mən “Salam Sənin min bir adından biri” adlı həmin kitabın ön səhifəsinə allahlı “Sən”i, arxa qapağa isə allahsız “Sadədili”i qoymuşam.

Əslində, mənə görə, Sadədil əsla allahsız, imansız deyil.

Doğuldum-aldandım,

Yaşadım-aldandım,

Sevdim-aldandım,

Öldüm-aldandım.

Nə xoşbəxtəm Allahım.

Mən aldadan olmadım,

Mən sadəcə, aldandım

 

deyən bu zərərdi də xilqət dünyanın hər dürlü pislikləri içində qəlbini, ruhunu qorumuş, nəfsini udmuş və içindəki şeytanı öldürmüş adamdır. Bədəncə ibadət etməsə də, bu adamın könlü bir allah evidir, yaşamı mərifət əhlinin yaşamıdır. İstər yad, istər doğma mətn kimi mən bu şeiri belə görürəm. Amma sən də öz görümündə haqlısan, Fərid. Çünki canlı, hərəkətli mətn oxucusunun sayı qədər çoxqatlı, assosiativ olmalı və hər oxucuya onun öz baxış tərzinə uyğun yorum imkanları verməlidir. Qısası, ilk bədii mətn birinci, beşinci, yüzüncü mətnlərin yaranması üçün bir enerji mənbəyi olmalıdır və mətnin enerjisi yoxdursa, demək, anadan ölü doğulub.

- Bəsti xanım, sizcə, ədəbiyyatda bu gün hansısa tendensiyanın və ya kitabın tez alışıb, tez sönməsi nəylə əlaqədardır?

- Bilavasitə, eranın ritmiylə.. Bu eranın ritmi elədir ki, hətta ən yeni texnologiyaların ömrü belə 2-3 il çəkir, durmadan yeni nəsil versiyaları yarandığından, ən azından, dizayn baxımından köhnəlib dövriyyədən çıxır. Ədəbiyyat texnologiya deyil, ürək sənətidir və onu texnologiyayla, vizual effektlərlə uzaqlara aparmaq çətindir. Önəmli olan ürəyin patoloji cəhətdən düzgün çalışmasıdır və əminəm ki, beyin texnoloji kəşflərdən bıqıb yorulanda yenə ürəyə özləm duyulacaq. Necə ki, çaqdaş Avropa təkrar hind filmlərinə qayıdır. Bir sözlə, ədəbiyyat bacarıqsız deyil, sadəcə, İndiki zaman ədəbiyyata işləmir, Hətta Dostoyevskiyə, Kafkaya da işləmir.

- Bugünkü nəsr əsərlərinin səviyyəsindən razısızmı?

- Son onillikdə xeyli maraqlı əsərlər yaranıb və bu sırada, ön yeri hekayələr tutur. Orta nəsil yazarlarından Aslan Quliyevin, Elçin Hüseynbəylinin, Fəxri Uğurlunun, mərhum Zakir Sadatlının, Etimad Başkeçidin elə hekayələri var ki, əsas etalonlara cavab verir. Romana daha güclü axın olsa da, bu janrda uğurlar buludlu səmada közərən adda-budda ulduzlar kimidi. Çünki roman təfəkkürü zəifdi. Bu vəziyyətdə hər kəsdən dünyəvi əsərlər, “Qətl günü” kimi hadisələr gözləmək absurddur. Nəsrimizin bu günü gələcək ədəbi hadisələr üçün, sanıram ki, münbit bir platsdarm ola bilər.

- Qadın ədəbiyyatı və kişi ədəbiyyat – bu cür bölgülərii qəbul edirsinizmi?

- Bu cür azərbaycansayağı cinsləşdirməyə müxtəlif səviyyələrdə cavab vermişəm, yenə bu fikirdəyəm ki, təfəkkürün cinsi, erkəyi-dişisi olmur, sadəcə, istedad baxımından dişlisi-dişsizi, güclüsü-zəifi olur. Səncə, çağdaş rus ədəbiyyatından Tatyana Tolstayanın, Türkiyə ədəbiyyatından Elif Şəfəqin, bir az öncəki dönəmlərə getsək, Atatürkün silahdaşı Xalidə Ədib Edivarın yaradıcılığını sırf bioloji yapılarına görə qadın xanasına yerləşdirmək düzgündürmü? Azərbaycanın Cümhuriyyət şairi, yeddi il katorqada yatmış Ümgülsüm Sadıqzadənin istiqlal himnlərini “qadın” ədəbiyyatı saymaq nə dərəcədə ədəbdəndir? Təəssüf ki, bizim “şünaslarımız” bəzən ədəbiyyata sırf ədəbi meyarlar səviyyəsindən deyil, mentalitet səviyyəsindən baxaraq belə bayağı “sindromlar” uydururlar. Qısası, bu ədəbi mənşəyi olmayan bir yanaşmadır.

– Bizdə nəyə görə tənqidin önə çəkdiyi yazar yoxdu?

– Maraqlı əsərə tənqid heç vaxt diqqətsiz qalmayıb. Bax, gəl, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını götürək, bu əsərə sən, mən qarışıq, münasibət bildirməyən, müxtəlif formatlarda təhlilə çəkməyən kimsə qaldımı? Önə çəkmək, bir az “ulduz düzəltmək” məsələsinə bənzəyir, məncə, əsər özü ulduz olmalıdır, tənqidsə, sadəcə, o ulduzu göstərə bilər.

 

Fərid Hüseyn

 

Kaspi.-2013.-8-10 iyun.-S.15.