Səsi batmış İrəvan
Ömrün
dünəninə boylananda nisgil dolu xatirələr dilə gəlir.
Bir vaxtlar qədim Oğuz yurdunda - indi Ermənistan adlanan ərazidə
yaşayan soydaşlarımız yəqin ki, unutmayıblar.
İrəvan radiosunun Azərbaycan redaksiyasında ana dilimizdə
hazırlanan xəbərləri çatdıran diktorlardan biri
də Əli Vəkil idi. Radio dalğalarında bu səs
tez-tez yayılardı: "Mətni oxudular Lətifə
Dalqılıcova və Əli Səfiyev". Təəssüf
ki, indi nə soydaşlarımız İrəvanda
yaşayır, nə də həmin radio fəaliyyət
göstərir. Bu həsrətin yanğısını
söndürmək üçün Əli Vəkil neçə
illərdir ki, Bakıda "Ədəbi İrəvan"
adlı bir toplu nəşr etdirir. İldə bir dəfə
işıq üzü görən bu məcmuədə irəvanlı,
göyçəli, zəngəzurlu, dərələyəzli
yazıçı və şairlərin əsərləri
toplanaraq oxuculara təqdim olunur. Vaxtilə belə bir ədəbi
toplu İrəvanda da çap edilərdi.
"Sona
bulağı" adlı ilk şeirilər kitabı 50 il
bundan əvvəl nəşr edilmiş Əli Vəkilin indiyə
kimi oxuculara 20-yə yaxın kitabı təqdim olunub. Yarım
əsrdən artıqdır ki, könlünü şeirə,
sözə verərək müxtəlif poetik nümunələr
yaradan Əli Vəkil Dədə Ələsgərin vətəni
Göyçə mahalında dünyaya göz açıb. Hələ
uşaqlıq illərindən saza, sözə vurğun kəsilib.
Aldığı havanın ahəngində qoşmanın, gəraylının
dadını duyub. Bəlkə də buna görə həmişə
poeziyaya böyük maraq göstərib. İndi Əli Vəkilin
75 yaşı tamam olur.
Əli
Vəkil həm İrəvanda Pedaqoji İnstitutun
fizika-riyaziyyat (1960), həm də Bakıda Azərbaycan
Dövlət İncəsənət İnstitutunun
teatrşünaslıq fakültələrini (1970)
bitirmişdir. Göyçə mahalında, İrəvanda mədəniyyət
işçisi kimi fəaliyyət göstərən Əli Vəkil
indi Bakıda yaşayır.
Xalq
yazıçısı Elçin şairə
ünvanladığı məktubların birində yazıb:
"Sən qəsbkar işğalına məruz qalmış
o ziyalılarımızdan birisən ki, müqəddəs
mübarizəmizi qələminlə davam etdirirsən. Sənin
poeziyan və jurnalist fəaliyyətin həmişə
xalqımızın təəssübünü çəkən
bir vətəndaşın özünüifadəsi
olmuşdur. Bir çox illər Yazıçılar
İttifaqında səninlə birgə işlədiyimiz
günlərin xoş xatirələri həmişə mənim
yadımdadır".
Yaradıcılığa
lirik şeirlərlə başlayan Əli Vəkil teatr sənəti,
tamaşalar haqqında da maraqla oxunan, yazıların müəllifidir.
Onun yaradıcılığında teatrşünaslıq,
jurnalistlik, şairlik eyni xəttlə inkişaf edib.
Bunların hansında Əli Vəkil birincilik qazanıb demək
çox çətindir. Çünki peşəkar qələm
sahibi kimi nə yazıbsa, onun mükəmməlliyinə can
atıb və bu istəyinə də nail olub. Bir fərq var
ki, son illər Əli Vəkilin
yaradıcılığında vətən mövzusu daha
qabarıq şəkildə diqqət çəkir. Bu da səbəbsiz
deyil. İtirilmiş uşaqlıq yerlərimizin xoş xatirəsi
bürünmüş vətən həsrəti hər kəsin
qəlbində əbədi çağlayan bir mövzudur.
Torpaq nisgili Əli Vəkilin şeirlərində dil
açmaqdadır:
Zəngəzur
mahalı yadlara qaldı,
Göyçə,
Zəngibasar, Vedi xəyaldı,
Tale
sevincimi əlimdən aldı -
Şuşam, Kəlbəcərim, Laçınım gedib.
Bu dərdin ağırlığı şairin ürəyini elə sıxıb ki, qələminin ən dəyərli sözünü, ürəyinin ən kədərli nəğməsini Vətənin ünvanına göndərir. İlhamını, inamını, qol-qanadının gücünü məhz Vətənə bağlayan şairin qəlbindən keçənlər çox təbiidir:
Vətəndən didərgin düşən insanın
Ürəyi heç zaman şad olmaz-olmaz.
Çəkər həsrətini doğma məkanın,
Bal yesə ağzında dad olmaz-olmaz.
Müəllifin hərbi vətənpərvərlik mövzusunda yazdığı şeir və poemalar, həqiqətən, son dərəcə mükəmməl nümunələrdir. Şairin ilhamından qopan şeirlərdə poetik axtarışların uğurlu ifadəsi özünü göstərir. Xalqımızın zorla cəlb edildiyi müharibə, torpaqlarımızın 20 faizinin erməni tapdağında olması, yurd yerlərimizin itirilməsi, başımıza gələn faciələr, soyqırımlar Əli Vəkilin poeziyasında ürəkağrısı ilə, həyəcanla dilə gəlməkdədir. Bu şeirlərin hər misrasında Vətən uğrunda can verməyə hazır olan igidlərin döyüş ruhu dolaşmaqdadır. Ən böyük dərd Vətəndə Vətənsiz olmaqdır. Əli Vəkil bir insan kimi özünü xoşbəxt sayır ki, Vətənimizin paytaxtında yaşayıb-yaradır. Şair kimi isə nisgillidir. Doğulduğu, boya-başa çatdığı doğma yurdu yağı əlində çırpınmaqdadır. Bu cür ovqatlı şair özünü nə sağlam, nə də xəstə hiss edir. Şeirlərinin birində göstərir ki, bu ziddiyyətli ovqatın təsirindən özümdən baş aça bilmirəm. Bakı mənim arzularımın şəhəridir. Bəs, içimdəki İrəvan həsrəti niyə mənə dinclik vermir?! Baş götürüb hara gedəsən? Bu yerdə adamın cızdağını çıxardan bir dərdin qara dilləri gör nə söyləyir?! "Beşiyin asılan yer hardadır? Sənə layla çalan ananın qəbrini ziyarət edə bilirsənmi?" Bax bu suallara cavab tapa bilməyəndə Əli Vəkil ürək ağrılarını misra-misra kitablara naxışlayıb: "Qarabağsız kor sayıram özümü". Təbəssümlü çöhrəsinə tez-tez çökən qara buludun sözə çevrilib ağlamağı var:
Kimsə daha gülər görməz üzümü,
Yamanca bükülüb belim Şuşasız.
Çox ağır etirafdır, amma hamımızın halı belədir.
Şairin xəyallarında iz salan Qubadlı, Zəngilan, Kəlbəcər, Ağdam, Gəbrayıl doğmaca İrəvanı kimi qəlbini odlamaqdadır. Azərbaycanın bu dilbər guşələri erməni tapdağı altında inildədikcə Üzeyirin, Natəvanın, Bülbülün ruhu müəllifə rahatlıq vermir. Bir övlad kimi özünü onların yanında günahkar sayır. Bu üzüntülü dərdin uzanması onu qəhərləndirir. Bu yuxa duyğuların içində isə bir təsəlli taparaq fikirləşir ki, biz mütləq işğal altında olan torpaqlarımızı azad edəcəyik. Heç ola bilməz ki, mərd namərdə məğlub olsun.
Ömrünün 75-ci baharını tamamlayan yurd sevgili şairin Allahdan yeganə diləyi və dünyadan bircə təmənnası var:
Əli Vəkil, Haqqa söykən, Haqqa sən,
Qəlbi düzsən, Allahla sən, Haqla sə
O günü qarşıla təmtəraqla sən
Azad olsun, dinsin sazı torpağın.
Özünü eli və Vətəni qarşısında borclu sayan, bu səbəbdən də gecə-gündüz qələmini ovxarlı saxlayan, yazıb-yaradan, böyük Müşfiqin təbirincə desək, gündə bir yeni nəğmə qoşan Əli Vəkil Vətən həsrətində nalə çəkənlərin qəddinin əyilməməsi üçün "Ağlama, elim" adlı məşhur şeirini yazdı:
Torpaqdan şəhid cücərir,
Xalq səngərə sinə gərir,
Vətən yenə qurban verir,
Ağlama,
elim, ağlama!
Yadlar gərək
bizim göz yaşımızı görməyə. Düşmən
məğrurluğumuz, qürurumuz
qarşısında, Vətən
igidlərinin qorxmazlığı,
şücaəti önündə
diz çökəcəkdir,
məhv ediləcəkdir.
Tarix bizim necə mərd xalq olduğumuza bələddir. Qəm üstə deyil, "döyüşə atlan,
igid əsgər" əmrinə hazır olan igidlərimiz tezliklə bizi arzumuza qovuşduracaq. Bu nikbin duyğularla şairin hələlik son
kitabı olan "Qoşmalar"dan ayrılarkən
içimizdə bir yüngüllük hiss etdik.
Nə yaxşı ki, insan ən
ağır kədərin
içində belə
gülməyi bacarır.
Nə yaxşı ki, insan ümidini
itirmir.
…Yenə də yadıma bəxtəvər
günlərim – uşaqlıq
çağlarım düşdü.
Hər dəfə «Danışır İrəvan
radiosu. Azərbaycan dilində verilişlərimizə
başlayırıq» sözlərini
eşidəndə elə
sevinərdik ki... Sanki
qarğa qarıltısını
bir qumru, bülbül avazı batırardı. Əli Vəkilin, Lətifə xanımın doğma səsində Qərbi Azərbaycanda baş verən yenilkilərdən
xəbərdar olardıq.
Günlərin birində
isə Əli müəllim çaşaraq,
ya bilmirəm nədənsə «Danışır
İrəvan» əvəzinə
«Danışır Bakı»
dedi. O an qəribə
bir sükut yarandı. Uzun sürən pauzadan sonra heç nə olmayıbmış
kimi xəbərlər
davam etdi. İndi Əli Vəkili görəndə,
ya da telefonla
danışanda istər-istəməz
o günləri xatırlayıram.
O səsin ahəngində
doğulduğum yurdun
min bir mənzərəsi,
xoş və ağır günlər gözlərimin önündə
canlanır. Daha İrəvan radiosu Azərbaycan dilində veriliş hazırlamır.
Pərgarı pozulmuş
bu qədim türk şəhərinin
doğma dilimizdəki
səsi də batdı...
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Kaspi.-2013.- 8-10 iyun.-S.16.