AKP hökuməti meydan və parkları
sevmir
Əhməd
Şəfəq: «Sultan Səlim də, Şah İsmayıl da
bizim üçün eyni dəyərdə tarixi şəxsiyyətlərdir»
Həmsöhbətim
Türkiyənin tanınmış sənət adamı, yazar Əhməd
Şəfəqdir. Onu bizim müğənnilərdən
fərqləndirən, ziyalılarımızla isə eyniləşdirən
çox cəhət var.
- Əhməd bəy, hazırda
Türkiyənin, eləcə də dünyanın gündəmini
məşğul edən ən önəmli məsələlərdən
biri Gəzi parkı hadisələridir. Bir Türkiyə vətəndaşı
olaraq sizin bu hadisələrə münasibətiniz necədir?
- Gəzi
parkı ilə bağlı başlayan etirazlar ilk vaxtlar tamamilə
məsum, təbiəti mühafizə etmək məqsədi
ilə keçirilən bir aksiya idi. Bildiyiniz kimi
İstanbul Böyüksəhər Bələdiyyəsinin
Taksimi piyadalaşdırma layihəsi çərçivəsində
Gəzi parkının sökülməsi də nəzərdə
tutulurdu. Bu da haqlı olaraq bir çox İstanbullunun
etirazına səbəb olmuşdu. Amma, etiraz dalğası
Türkiyə hökumətinin səhv yanaşması ilə
tamamilə fərqli bir məcraya sürükləndi. Aksiya
iştirakçılarını “capulçu”, “marjinal”
adlandıran, onları anlamaq istəməyən hökumət
yanğına körüklə getdi. Sonradan isə doğurdan
da hökumətin dediyi oldu. Etirazlılar sıralarında
terrorçular, anarxistlər görünməyə
başladılar.
- Yəqin
məhz bunlara görə Dövlət Baxçalı
partiyasının üzvlərinə bu aksiyalara
qarışmamaq təlimatı verdi...
- Bəli. Dövlət Baxçalının bu
qərarı çox yerində verilmiş bir qərar oldu. Təsəvvür
edin, indi o meydanda PKK-nın qondarma bayrağı da
dalğalanır. Türk millətçiləri heç vaxt
xainlərlə bir cərgədə addımlamaz. Əlbəttə
ki, Dövlət Baxçalı ora haqlı olaraq
çıxan gənclərə sahib çıxdı amma onu
da bildirdi ki iqtidarı dəyişməyin yolu seçki
qutusudur. Bütün demokratik ölkələrdə olduğu
kimi Türkiyədə bu belə olmalıdır.
-Bəs
siz, meydana çıxmamaqla meydanı boş
buraxmadınızmı? Məsələn bir neçə
gün öncə Gəzi parkında bir qrup insan, Gəzi
parkına Hrant Dinkin adının verilməsi tələbini irəli
sürdülər.
-Onların
belə bir tələb irəli sürməsinin səbəbi
son illər hökumətin fəaliyyətindən
aldıqları cəsarətdir. Əgər Türk millətçiləri
də meydanda olsaydı, mütləq qarşıdurma yaranacaq
bəlkə qan töküləcəkdi. Bilirsiniz demokratik
ölkələrdə iqtidarla yanaşı müxalifətin
də öhdəsinə böyük məsuliyyət
düşür. Mən hakimiyyətə gəlim deyə
cılız düşüncələrin əsiri olub, ölkəni
xaosa sürükləmək lazım deyil. Müxalifət də
eynilə iqtidar kimi ölkədə nizam intizamın
qorunmasından məsuldur. Biz millətçi və eyni zamanda
demokratıq. Ölkədə əmin-amanlıq bizim
üçün hər şeydən öncə gəlir. O ki
qaldı Gəzi parkına Hrant Dinkin adının verilməsinə,
1943-cü ildə tikilib istanbulluların istifadəsinə
verilmiş Gəzi parkının sökülmək istənməsi
nə qədər səhvdirsə, bu tələb də o qədər
səhvdir. Bu sadəcə bəzilərinin fürsətdən
yararlanmaq istəyidir.
-Sizcə, Gəzi parkının
sökülmək istənməsi nə dərəcədə
səhvdir?
-Mən
son iki aydır Bakıya gəlmirdim. Bir neçə
gündür Bakıdayam və ilk diqqətimi çəkən
Heydər Əliyev adına sarayın arxasında
salınmış möhtəşəm park oldu. Bu park
Bakı sakinlərinə hədiyyədir, hansı ki məsələyə
kapitalist kimi yanaşıb buraya göydələnlər də
sala bilərdilər. Deməli burada insan faktoru nəzərə
alınıb. Türkiyədə isə belə deyil. Gəzi
parkı onsuz da bir balaca yerdir. Onu da məhv edib, oradakı
yaşıllığın kökünü kəsib,
hansısa tarixi binanın təqlidini inşa etmək və
yaxud alış-veriş mərkəzi tikmək sırf
kapitalist maraqlara xidmət edir. Bəhanə nədir? Orada
vaxtı ilə yerləşən hərbi kazarmanı bərpa
edəcəyik. Kazarma orada 1806-cı ildə tikilmişdi.
Sonradan yararsız vəziyyətə düşdü və ən
nəhayət sökülərək yerinə indiki Gəzi
parkını saldılar. İndi isə sökmək istəyirlər.
Ümumiyyətlə, AKP meydan və parkları sevmir. AKP
iqtidarı dövründə ən çox
alış-veriş mərkəzi tikilib. Türkiyə
alış-veriş cənnətinə dönüb. Şəhərlər
beton yığınına dönüb. İndi də deyirlər
ki, Gəzi parkının sökülməsini referendum vasitəsi
ilə müəyyən edəcəklər. Başa
düşə bilmirəm millətin istirahət hüququ ilə
referendum arasında nə əlaqə var?
-
Türkiyədə bir neçə gün əvvəl
qüvvəyə minən və spirtli içki
satışını məhdudlaşdıran qanun layihəsinin
cəmiyyətdə heç də birmənalı
qarşılanmadığını, ciddi etirazlara səbəb
olduğunu görürük. Siz necə dəyərləndirirsiniz
bu qanun layihəsinin mahiyyətini və zamanını?
-Öncəliklə
onu söyləyim ki, gənclərimiz arasında spirtli
içkinin istifadəsini azaldacaq hər cür təşəbbüsü
sonuna qədər dəstəkləyirəm. Cəmiyyətdə
gərginlik yaratması baxımından bəlkə zamanı
deyildi amma çox isabətli qərar olduğunu
düşünürəm. Düzü düz, əyrini əyri
demək lazımdır. Mən olduğum hər yerdə
öz fikirlərimi bölüşməyi sevirəm. Və həmişə
də buna hazır olmağa çalışıram.
- Sizin
eyni zamanda televiziyada müəllif aparıcısınız.
Hazırladığınız proqramlar sevilərək izlənir.
Eyni zamanda konsert proqramları. Yorulmursunuzmu
- Bəli.
Hal hazırda Bengütürk kanalında “Ahmet Şafakla
Farkınız olsun” adlı verilişlə həftədə
bir dəfə tamaşaçılarla
görüşürük. Tanınmış alimlərlə,
tarixçilərlə, mütəxəssislərlə bizi
yaxından maraqlandıran ümummilli məsələləri
müzakirə edirik. Əlbəttə mənim konsert
proqramlarım da çox zamanımı alır. Məsələn,
buradan qayıdan kimi Almaniyaya getməyi
planlaşdırıram. Nürnberqdə konsertim var. Ümumiyyətlə,
insan sevdiyi işlə məşğul olduğu zaman yorulmur.
-
Bengütürkdən söz düşmüşkən, bu
kanal bizim üçün də çox doğmadır.
Vaxtı ilə Türkiyədə bütün
telekanalların Azərbaycana və Azərbaycanlılara
ögey münasibət sərgilədiyi zamanlarda
Bengütürk qapılarını taybatay bizim
üzümüzə açmışdı.
- Bəli.
Bengütürk qısa bir zamanda Türk dünyasının səsinə
çevrilməyi bacardı. Nəinki Azərbaycan hətta
Türk dünyasında belə harada qanayan bir yara varsa, hara
bir Türkün dırnağına belə daş dəyirsə
Bengütürk kameralarını ora çevirir.
Bengütürkü quranların və idarə edənlərin
hamısı mənim yaxınlarım və
könüldaşlarımdır. Onlarla qürur duyuram...
-
Proqramınızı maraqla izləyənlər arasında mən
də varam. Keçən proqramlarınızın birində
Yusif Halacoglu ilə apardığınız müzakirələr
xüsusilə möhtəşəm idi. Amma sizin proqramı
izlyərkən bəzən qonağın kim olduğunu
unuduram, siz qonaqlarınızı üstələyirsiniz...
-
(Gülür) Məni buna görə ilk tənqid edən siz
deyilsiniz. Hər halda mənim ən pis cəhətim budur.
Bilirsiniz müəyyən məsələləri,
mövzuları işıqlandırmaq üçün alimlər
dəvət edirik. Onlar da bəzən həddindən artıq
təvazökar insanlar olur. Belə olduğu halda isə
yük mənim çiyinlərimə düşür. Və
buna görə də bəzən çox danışmalı
oluram. Ümumiyyətlə, götürdükdə isə
dolğun cavab almaq üçün, dolğun da sual verməyi
bacarmaq lazımdır. Dolğun, məntiqli sual vermək
üçün isə oxumaq, araşdırmaq lazımdır.
Baxmayaraq ki, konsertlərim mənim zamanımı işğal
edir amma yenə də hər proqramıma günlər öncədən
hazırlaşıram.
- Siz əslində
bunu da sübut etdiniz ki, müğənni sadəcə
mahnı oxumaqla kifayətlənməməlidir. Ən
azından kitab da oxumalı, öz üzərində işləməlidir.
Çünki müğənnilər və yaxud sənət
adamları daha geniş kütlələrə xitab edirlər.
-
Çox düzdür. Heç bir sənət adamı öz
xalqının, millətinin taleyinə biganə
qalmamalıdır. Yaxşı müğənni olmaq heç
də yaxşı vətəndaş olmaq demək deyil. Məsələn
mənim fikrimcə, Türkiyədə AKP türklüklə
mübarizə aparır. Konstitusiyadan türk sözünü
çıxarmaq üçün dondan dona girir. Mən buna necə
laqeyd qala bilərəm. Buna görə də mən nəinki
konsertlərimdə, hətta seminar və konfranslarda da
gerçəkləri anlatmağa çalışıram.
- Konfrans demişkən, bu
yaxınlarda Bakıda “Sultan Səlim və Şah
İsmayıl” mövzusunda konfrans keçirildi. Konfrans
iştirakçılarından biri də siz idiniz. Türkiyə
ictimaiyyətində Şah İsmayılla bağlı
mövcud mənfi rəyin dəyişdirilməsi
üçün əməkdaşlıq etməyin zəruriliyi
vurğulandı. Bundan qısa bir müddət sonra isə
İstanbulda tikiləcək 3-cü körpüyə Sultan Səlimin
adının veriləcəyi açıqlandı. Sizin bu məsələyə
münasibətiniz necədir?
-
Çox yanlış qərardır. Sultan Səlim əlbəttə
ki, Türk tarixinin önəmli şəxsiyyətlərindir.
Amma bu qərar məsələn Ələvilərə
qarşı hörmətsizlikdir. Ələvilər İslam
dininə etiqad edən, tarix boyu bir çox zülmə
uğramış Türkiyə vətəndaşlarıdır.
Onları incitməyə kimin haqqı var? Xüsusən də
qonşu Suriyada məzhəb davalarının en yüksək
həddə olduğu bir zamanda. Türkiyədə onsuz da
etnik qarşıdurma yaratmağı bacardılar. İndi isə
sanki millətin qaysaqlanan yarası ilə oynayaraq məzhəb
qarşıdurması yaratmaq istəyirlər. Baxın mən
də sünnüyəm. Amma sünnüliyin zorla yeridilmək
istəməsinin qəti əleyhdarıyam. Sultan Səlim də,
Şah İsmayıl da bizim üçün eyni dəyərdə
tarixi şəxsiyyətlərdir. Hər şeydən önəmlisi
onların hər ikisi də Türk olub. Ziya Göyalp eyni dili
danışan və eyni dinə etiqad edən bütün
insanlar qardaşdır deyirdi. Bax biz bu nöqtədə birləşməliyik.
Birini, o birindən üstün tutarsaq, birinə qəhrəman,
o birinə mənfi nəzərlərlə baxarsaq öz
tariximizə qarşı hörmətsizlik etmiş olarıq.
Biz bununla düşməni sevindirmiş olarıq.
-
Türkiyə ermənilərini sevindirmiş olarıq…
-
Doğrusunu söyləyim Türkiyədə ermənilər
yüzillərdir ki yaşayırlar. Məncə Türkiyə
ermənilərini digər dünya ermənilərindən fərqləndirmək
lazımdır. Necə ki vaxtı ilə Qarabağda ermənilərlə
Azərbaycanlılar mehriban qonşuluq şəraitində
yaşayırdılar, biz də Türkiyədə elə
yaşamışıq bir zamanlar. Uşaqkən mənim erməni
dostlarım var idi. Amma nə zaman ki, xarici təsirlərə
məruz qaldılar, başqalarının maşası oldular
ondan sonra vəziyyət dəyişdi. Mənim onlara
yazığım gəlir əslində. Bu insanların beyni zəhərlənib.
Mən ilk romanım olan “Kan mevsimi 1915” də
bacardığım qədər ermənilərlə
aramızda yaranan ixtilafa, onların xəyanətinin səbəblərinə
və onun nəticələrinə işıq tutmağa
çalışmışam. Və gəldiyim nəticə
budur əgər kənardan müdaxilə olmasa qurdla quzu
yanaşı otlayar.
- Fevral
ayında Türkiyə ermənilərindən müsahibələr
götürdüm. Türkiyə ermənilərinin irəlidə
gələnlərindən Etyen Mahçupyan, Xocalı faciəsinin
soyqırım olduğunu etiraf etdi...
- Amma belə
bir məsələ var. Son zamanlar ermənilər yeni taktikaya əl
atıblar. Xocalı qətliamını soyqırım olaraq qəbul
edirik amma siz də 1915-ci il hadisələrini soyqırım
olaraq qəbul edin. Yəni bir növü dəyiş-düyüş
etmək istəyirlər. Biz bu tələyə düşmərik.
1915-ci ildə çox kədərli hadisələr olub. Xeyli
erməni yerindən yurdundan didərgin edilib. Amma bu hadisələri
Xocalı faciəsi ilə müqayisə etmək olarmı? Əsla.
1915 də sürgün oldu amma 1916 da isə onların
çoxu geri döndü. Baxın görək 20 ildir
Qarabağa bir nəfər geri dönə bilibmi? Yox. Deməli
ermənilər günahı özlərində
axtarmalıdırlar.
- Amma ermənilər
günahı türklərdə görürlər. Onların
fikrinə görə başlarına gələn bütün
fəlakətlərin səbəbi Türk millətçiliyidir.
Mahçupyan da dil-boğaza qoymadan Türk millətçiliyinin
nə qədər zərərli bir məfhum olduğunu izah
etməyə çalışırdı. Mən ona -madam millətçilik
bu qədər zərərli şeydir, bəs siz niyə erməni
millətçiliyi ilə məşğulsunuz- deyə bir
sual verdim. Cavabdan yayındı...
-
Başqaları millətçiliklə məşğul olanda
demokratik haqq olur bizim millətçilyimiz isə
çoxlarının gözünə ox kimi batır. Bizim ən
böyük səhvimiz tariximizi qələmə
almamağımızdır. Daha çox bu günü
yaşamışıq və gələcəyi xəyal
etmişik. Keçmişi isə unutmuşuq. Sırf
düşmənlərə inad milli bütünlük və
bərabərliyimizin pozulmasına imkan verməməliyik, ortaq
tariximizi yazmalıylq. Ortaq Türk tarixini yazmalıyıq.
Türk dövlətləri tarixi deyə yox. Çünki
türk dövlətləri tarixi dediyimiz zaman
parçalanırıq, kiçilirik. Ortaq qəhrəmanlarımızı
tanımalıyıq...
- Azərbaycanda Nuru Paşaya heykəl
ucaltmaq təklifləri var. Hətta Milli Məclisdə belə
dəflərlə müzakirə olunub. Sizcə ortaq tariximiz
baxımından bu necə addımdır?
- Bir
Anadolu türkü olaraq Nuru paşaya abidə
ucaldılması məni məmnun edər amma mən Nuru
Paşanın xilaskar deyə təqdim edilməsinin əleyhinəyəm.
Bu Azərbaycan xalqının kiçiltmək deməkdir. Azərbaycan
türkləri kifayət qədər şanlı tarixə, zəngin
keçmişə malikdir. Kimsə kənardan qardaş
köməyinə yetə bilərdi amma Azərbaycanın
xilaskarı elə Azərbaycanlılardır. Nuru Paşa Azərbaycanda
qırğın törədən erməni qüvvələrini
darmadağın edib. Sonunda nə olub? Nəticə etibarı
ilə Azərbaycan yenə düşmən
qarşısında tək qalıb. Tarixi şərait Nuru
Paşanı geri çəkilməyə məcbur edib. Azərbaycanda
Nuru Paşaya abidə ucaldılmasını təklif edənlər,
Türkiyədə Çanaqqala döyüşlərində
şəhid olan Azərbaycanlıların şərəfinə
abidə ucaldılmasını niyə təklif etmirlər?
- Əhməd bəy neçə
kitabınız işıq üzü görüb və
Bakıda əldə etmək mümkündürmü
kitablarınızı?
- Birinci
kitabım “Kan mevsimi 1915” yuxarıda da bəhs etdiyim kimi erməni
olayları və o dövrün siyasi-ictimai mühitindən bəhs
edir. İkinci kitabım isə «Kurt 2015» adlanır. Burada da
2015-ci ildə ABŞ-ın erməni soyqırımını
rəsmən tanıması və bundan sonra baş verə biləcək
hadisələr təsvir edilib... Üçüncü
kitabımda isə bir sənət insanının yaşam tərzini
əla almışam. Sənətçinin öz köklərindən
necə qidalanması gərəkdiyini, öz millətinə
ulusuna faydalı olmasının əhəmiyyətini
anlatmışam.
-Sanki bir
az öz avtoportretinizi yaratmısınız.
-Əlbəttə
ki hər əsərim mənim parçamdır. Amma mən əsərlərimdə
sadəcə Türk millətçiliyini təbliğ etmirəm,
daha çox bəşəri dəyərlərə söykənirəm.
Mənim yolum Əli Bəy Hüseynzadə və Ziya
Göyalpın yoludur... Amma çox təəssüf ki,
Bakıdakı nəşriyyat evləri mənim kitablarıma
soyuq yanaşırlar.
-Bəs sənət aləmində
kimlərdən təsirlənmisiniz, kimləri
özünüzə örnək almısınız?
- İki
böyük sənətçi olub ki, mən onlara qibtə
etmişəm və sevə-sevə dinləmişəm.
Bunların biri Cem Karaca digəri isə Barış Mancodur.
İkisi ilə də çox gözəl münasibətim və
dostluğum olub. Cem Karacanın atası da Azərbaycanlıdır.
Hətta «Qarabağda talan var» deyə müdhiş bir bəstəsi
var onun...
-Azərbaycanda necə
qarşılanırsınız? Özünüzü qürbətdə
hiss etmirsinizmi ki?
-Azərbaycan mənim ikinci vətənimdir. Bölgə-bölgə, qarış-qarış gəzmişəm Azərbaycanı. Türkiyədəki dostlarım mənə zarafatla Azərbaycanlı deyirlər. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev məni «Tərəqqi» medalı ilə təltif edib. Mən bunu çox yüksək qiymətləndirirəm. Amma mənim üçün bundan da böyük mükafat Azərbaycan xalqının qəlbində qazandığım sevgidir...
Bəhruz HƏSƏNLİ
Kaspi.-2013.-19 iyun.-S.12.